Səfəvilər
dövlətinin 2-ci şahı I Təhmasib
On yaşında taxt-taca sahib çıxan
şahzadə
Tarixdən məlum olduğu kimi, ilk müstəqil Azərbaycan
dövlətinin qurucusu
Şah İsmayıl Xətainin vəfatından
sonra Səfəvi dövlətinin taxt-tacına
onun oğlu I Təhmasib sahib çıxıb. O, taxta çıxanda cəmi 10 yaşı vardı. I Təhmasib
3 mart 1514-cü ildə İsfahanda
doğulub. Çaldıran döyüşündən sonra
Xorasana göndərilən
Təhmasib bir müddət Səbzivar və Heratda qalaraq şiələrin və səfəvilərin
tanınmış alim
və şeyxlərindən
xüsusi təhsil görüb.
Şah İsmayılın hakimiyyət dövrü Səfəvi dövlətini təsis olunduğu dövr, Təhmasib şahın uzun müddətli hakimiyyət dövrünü
isə də
(1524-1576) bu dövlətin
möhkəmlənmə dövrü
hesab etmək olar.
I Təhmasib hakimiyyətdə
olduğu ilk onillikdə
ölkə ərazisindəki
ictimai-siyasi vəziyyətə
tam nəzarət etməyə
nail olmuş, səltənətinin
son illərini tam əmin-amanlıqda
başa vurmuşdur. Hakimiyyətinin son on doqquz ilini
Qəzvində keçirən
I Təhmasib oradan kənara çıxmamışdır.
I Təhmasib 1521-ci ildə Sultaniyyəyə atası
Şah İsmayılın yanına qayıtmış, atasının
ölümündən sonra
isə 1524-cü ildə
10 yaşında taxta çıxmışdı.
Hakimiyyətinin ilk illərində Təhmasib şahla Osmanlı dövlət arasında heç bir qarşıdurma baş vermir. Bunun isə ən
başlıca səbəbi
Osmanlı dövlətinin
Avropada müharibələr
aparması olur. 1532-ci ildə onların
arasında ilk qarşıdurma
yaranır. Bu, o vaxt idi ki,
Azərbaycan hakimi səltənəti ələ
keçirmək məqsədilə
Osmanlı hakimi Sultan Süleymana pənah aparmış və əlli minlik qoşunla geri qayıtmışdı. Lakin o bundan
da heç bir nəticə əldə edə bilmir.
Bu tarix haqqında geniş bilgi verən “Vikipedia” yazır ki, 1533-cü ildə Təhmasib şah Xorasana yola düşür və bundan istifadə edən bəzi qızılbaş
üsyançılar 1534-cı ildə Sultan Süleymanı
Azərbaycana qoşun
yürütməyə sövq
edirlər. Bu səbəbdən
də Təhmasib şah istiqamətini dəyişib Təbrizə
doğru hərəkət
etməyə başlayır.
Lakin bütün bunlara baxmayaraq qızılbaşlar
qorxu və hürkü içində
idilər. Çünki onlar Çaldıranda baş verənləri hələ də xatırlayır və Süleymanın hər an onlara tərəf böyük ordu ilə gələ biləcəyini çox gözəl bilirdilər.
Belə də olur, lakin
bu dəfə təbiət Səfəvi
şahının köməyinə
gəlir. Belə ki,
səngimək bilməyən
qar Sultaniyyəyə qədər irəliləmiş
Osmanlı qoşunu üçün böyük
çətinlik yaradır.
Külli
miqdarda canlı qüvvə və minik heyvanları itirən osmanlılar məcburiyyət qarşısında
Azərbaycanın işğalından
vaz keçib Bağdada doğru hərəkət edirlər.
Osmanlı ilə savaşlar...
1548-ci ildə
Sultan I Süleyman 3-cü dəfə Azərbaycana hücum
etdi və Təbrizi aldı, lakin sultan yenə də Azərbaycanda
möhkəmlənə bilmədi və ölkəni tərk
etdi. 1550-ci ildə Şah I Təhmasib sultana elçi göndərərək
sülh təklif etdi lakin, sultan qəbul etmədi və belə
olduqda şah 1552-ci ildə Van, Qars, Vostan və Ədilçəvazı
ələ keçirdi. Şahzadə İsmayıl Ərzurum
yaxınlığında İsgəndər paşanı məğlub
etdi və Ərzurumu tutdu. Sultan I Süleyman 1554-cü ildə
sonuncu dəfə Azərbaycana hücum etdi, lakin uğur əldə
edə bilmədi. Əhalinin müqaviməti,
Qızılbaşların ardıcıl qələbələri
sultana Azərbaycanı ələ keçirməyə imkan
vermədi və 1555-ci ildə Amasyada Osmanlı Azərbaycan
sülh müqaviləsi bağlandı. Şah Təhmasib
daxili, xüsusilə də sərhədyanı ərazilərdə
baş qaldıran üsyanları yatırmağa, daxili
sabitliyi bərqərar etməyə və bütün səylərini
İranın birliyinin qorunub saxlanılmasına yönəldirdi.
Bu səbəbdən də hakimiyyətinin ikinci onilliyində
Şirvan, Astara və Kürdüstan ərazilərinə
qoşun yürüdüb yenidən sabitliyi bərqərar
edir.
Gilan hakimi Əhməd
xan Gilani Şah Təhmasibə qarşı etinasızlıq
etmiş və onun hakimiyyətinə tabe olmaqdan imtina
etmişdi. Bu səbəbdən də Səfəvi ordusu
1566-cı ildə Məsum bəy Səfəvinin rəhbərliyi
altında Gilana böyük bir qoşun yürüdür. Əhməd
xan Gilani əvvəl müqavimət göstərmək istəyir.
Lakin Səfəvilər hücuma keçdikdən sonra Lahicana
qaçır və bir müddət orada qaldıqdan sonra
yaxalanıb Şah Təhmasibin yanına gətirilir. Beləliklə,
otuz iki il Gilana hökmranlıq edən Əhməd xan Şah
Təhmasib tərəfindən yaxalanıb Xərsək
qalasında həbs olunur.
Şah Təhmasib
öz xatirələrində İranla Osmanlı dövləti
arasında gedən döyüşləri iki müsəlman və
qardaş qrup arasındakı qanlı döyüş
adlandırmış və müsəlman ümmətinə
bunu rəva görməmişdir. Hətta atasının
osmanlılarla apardığı mübarizələri ətrafındakıların
onu bu işə sövq etmələri ilə əlaqələndirmiş
və onları qətiyyətlə məhkum etmişdir.
O, öz
xatirələrində yazır:
“Mən
onun (Osmanlı sultanını nəzərdə tutur)
cavabında yazdım: ”Axı iki müsəlman qoşununun
biri-birinin qanını tökməyə və onları təhlükə
ilə qarşı-qarşıya qoymağa necə fitva verə
bilərəm". Atam atanızla müharibə etdiyi zaman ətrafındakı
bütün əmir və əsgərlər məst
olmuşlar. Onlar axşamdan səhərədək şərab
içmiş və müharibə əhval-ruhiyyəsində
olmuşlar. O gündən bəri Çaldıran
döyüşü barədə söz düşdükdə
atamı aldadıb müharibəyə təhrik etdiyi
üçün Dərmiş xana lənət oxuyuram".
Beləliklə,
Təhmasib şahla Sultan Süleyman arasındakı münasibətlər
yaxşılaşıb tərəflərarası
yazışmalar başlanır. Münasibətlər o qədər
yaxşılığa doğru gedir ki, 1556-cı ildə İstanbulda
Süleymaniyyə məscidi inşa olunduqdan sonra Təhmasib
şah Sultan Süleymana göndərdiyi məktubda məscid
üçün istənilən qədər xalça
göndərə biləcəyini bildirir. Məlum olduğu
kimi, Təhmasib şahın özü də rəssamlıqda
xüsusi bacarığa malik olmuş və o dövrün bir
çox məşhur rəssamlarından dərs
almışdır. Sonrakı illər Təhmasib şah tərəfindən
İstanbula bir neçə heyət göndərilir və
onlar Osmanlı Sultanın taxta çıxması münasibətilə
bahalı hədiyyələr təqdim edirlər.
Böyük tarixi şəxsiyyət
Təhmasib
şahın həyatına nəzər saldıqda onun digər
Səfəvi şahlarla müqayisədə həm şəxsi
əhval-ruhiyyə, həm də ictimai baxımdan dinə daha
çox əhəmiyyət verdiyinin şahidi oluruq. Belə
ki, iyirmi yaşında olarkən tövbə edir və
ömrünün sonunadək tövbəsinə əməl
edir. Təlif etdiyi “Təzkirə” adlı kitabında da
bütün günahlardan, xüsusilə də şərabxorluqdan
uzaqlaşdığına dair ətraflı izahatlar verir.
Təhmasib
şahın özünün hakimiyyət dövründə
gördüyü tədbirlərdən biri də bir çox
imamzadələrin üzərində gözəl məqbərələr
tikməsi və beləliklə, əhali ilə ziyarətgahlar
arasında sıx əlaqə yaratması olmuşdur. Bu vaxtadək
sünni sufi olan iranlıların bir çoxu yalnız öz
sufi şeyxlərinin ziyarətinə gedirdi. Lakin bundan belə
imamzadələrin kütləvi ziyarəti başlanır.
İndinin özündə də əgər İran ərazisindəki
imamzadələrin üzərindəki kətibələrə
nəzər salarıqsa, orada Təhmasib şahın
adını görə bilərik. Əlbəttə, sufi
şeyxlərinin də bəzilərinin ehtiramı gözlənilirdi.
Belə ki, daha çox əhəmiyyət kəsb edən
Şeyx Səfiyəddin Ərdəbilinin qəbri sufilər tərəfindən
ziyarət olunurdu. Biz həmən dövrün tarixi abidələrinə
nəzər saldıqda Şeyx Səfiyəddin Ərdəbilinin
qəbri üzərində də gözəl məqbərənin
ucaldığının şahidi oluruq.
İmamzadələrlə
yanaşı, həmən dövrdə üzərində Təhmasib
şahın adı həkk olunmuş bir çox gözəl
məscidlər də tikilir.
İlahi İsfahani
özünün “Xuldbərrin” adlı kitabında Təhmasib
şahın gördüyü işlər haqqında ümumi
məlumat verərək yazır: “Hər cür tərifə
layiq olan padşah Qəzvində olduğu müddətdə
(şah on doqquz il Qəzvində olmuş və bu müddət
ərzində oranı tərk etməmişdir) daim əhalinin
nizam-intizamına, dinin inkişafına, habelə Peyğəmbər
ağası Həzrəti Məhəmməd (s) və pak ailəsinin
sünnətinin yaşadılmasına xüsusi diqqət
yetirmişdir. Alim və seyidlərin məqamını uca
tutur və elmin tərəqqisinə, habelə Məşhəd,
Təbriz, Səbzivar, Qum və Ərdəbil seyidlərinə
ayrıca pay ayırırdı. Bütün bunlarla
yanaşı, adları çəkilən şəhərlərdə
qırx oğlan və qırx yetim qız
uşağını yemək və geyimlə hər tərəfli
təmin edir və onların təlim-tərbiyəsi ilə məşğul
olmağa tərbiyəçilərin ayrılmasına dair
göstəriş verir. Belə ki, onlar həddi-büluğ
yaşına çatdıqdan sonra ailə qurmalarına
köməklik olunmalı və yerlərinə növbəti
qırx oğlan və qırx yetim qız uşağı təmin
olunmalı idi. Ölkənin digər məhrum məntəqələrində
də, xüsusilə şiələrin yaşadıqları ərazilərdə
maliyyələrin alınmasında güzəşt olunur və
onların mövcud şəraiti nəzərə
alınırdı”.
Şah I Təhmasib
1576-cı ildə Qəzvində vəfat etmiş və onun
yerinə Şah Təhmasibin yerinə oğlu Heydər Mirzə
taxta çıxmışdı. Lakin bir gün sonra Heydər
Mirzə öldürülmüş və onun yerinə ikinci
oğlu Şah II İsmayıl taxta gətirilmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 4 may.- S.14.