Səfəvilərin 3-cü şahı II İsmayıl
On doqquz illik həbsdən sonra şah
taxtına...
Səfəvilər tarixindən məlum
olduğu kimi, I Şah Təhmasibin ölümündən
sonra müəmmalı şəkildə ortaya çıxan vəsiyyətnamə
ilə onun yerinə keçən oğlu Heydər Mirzə
bir gün sonra qətlə yetirildi. Beləliklə, onun yerinə
Şah Təhmasibin ikinci oğlu Şah II İsmayıl taxta gətirildi.
Səfəvi
sülaləsinin üçüncü nümayəndəsi
olan İsmayıl Mirzə 1537-ci ildə anadan olmuşdur. Onun
anası Mosulə tayfasından olan türkmən
qadındır.
İsmayıl
1548-ci ilə qədər atasının yanında
qalmış və Şirvana hakim təyin olunduqdan sonra ora
getmişdir. İkinci İsmayıl orada döyüş
qaydaları ilə yaxından tanış olmuş, atası ilə
birlikdə bir neçə döyüşdə iştirak
etmişdir.
1553-cü ildə
İsmayıl Ərzurumda İsgəndər paşa ilə Səfəvi
ordusu arasında gedən döyüşdə
qızılbaşlara sərkərdəlik etmiş və onun
rəhbərlik etdiyi qoşun Osmalı türklərini məğlubiyyətə
uğratmışdır. Bu qələbə İsmayıla
böyük şöhrət qazandırmışdır.
İsmayıl
Mirzə bir yerdə qərar tutmayan şəxs idi. Bunun
üçün də zahirdə hökmranlıq etmək
üçün Təhmasib onu Herata, oranın əmiri Məhəmməd
xanın yanına göndərmişdi. O vaxtadək orada Sultan
Məhəmməd, şahın qardaşı Məhəmməd
Mirzə hökmranlıq edirdi. Lakin İsmayıl Mirzə
Heratda Məhəmmədlə yola getmədiyi
üçün atası Təhmasib şah yenidən onu Qəzvinə
çağırmışdı. Sonradan İsmayılla bu səfərdə
olan qızılbaşların bəziləri Təhmasib
şahın göstərişi ilə
öldürülmüş və ya həbs olunmuşdu.
İsmayılın özü də Qəhqəhə
qalasında həbs olunaraq, on doqquz il yarım orada
saxlanılmışdır.
Uzun müddətli
həbs dövrü İsmayılın həyatına
böyük təsir göstərir. O, bütün bu illəri
səltənətdən uzaq qalmaqla yanaşı, tiryək qəbul
etməyə də adət edir.
Təhmasib
şahın 53 il 6 aylıq hökmranlığından və
onun vəfatından sonra paytaxtda ictimai-siyasi vəziyyət son
dərəcə gərginləşmiş, alimlər, əmirlər
və ümumiyyətlə adi camaat qorxu və təşvişə
düşmüşdü. Bütün bunların səbəbi
isə Təhmasibin yerinə kimin təyin olunacağı ilə
əlaqəli idi. Təhmasib vəfat etdiyi zaman mühüm
dövlət vəzifələrini tutan paytaxtdakı Ustəclu
tayfasından olan qızılbaşlar Heydər Mirzəni, əfşarilər
isə İsmayıl Mirzəni dəstəkləyirdilər. Təhmasib
şah dünyasını dəyişməklə onların
arasında ciddi qarşıdurma meydana gəlmiş və Səfəvi
səltənətinin üzvləri də iki hissəyə
ayrılıb onlardan birini dəstəkləməyə
başlamışdılar. İsmayılın havadarları isə
onun Qəhqəhə qalasından azad olunması
üçün fəaliyyətə başlamış və
buna nail olmuşdular.
İki illik qanlı taxt-tac...
İsmayıl
zindandan çıxdıqdan sonra qoşun yaradaraq əvvəl
Ərdəbilə, oradan isə Qəzvinə hərəkət
edir. Qəzvində isə iki dəstə arasında
yaranmış siyasi qarşıdurma tədricən hərbi hərəkata
çevrilir.
İlk
baxışdan hər şeyin Heydərin səltənəti
üçün hazır olduğu nəzərə
çarpsa da, o, buna nail olmur. Belə ki, İsmayılın tərəfdarları
səltənət sarayına daxil olub onu qətlə yetirir və
vəziyyəti ələ alırlar. Beləliklə,
İsmayılın səltənəti üçün
lazımi şərait yaranır. İsmayılın səltənəti
ələ keçirməsinə, daha dəqiq desək,
havadarlarının mübarizəyə sövq olunmalarına
səbəb olan amillərdən biri də Təhmasibin
qızı Pərixanımın İsmayıl Mirzəni dəstəkləməsi
olmuşdur. Bu hadisələr baş verdiyi zaman Təhmasib
şahın cənazəsi hələ dəfn
olunmamışdı və baş verən
qarşıdurmalarda cəsədin kənarında
dayanmış Seyid Hüseyn Kərəki belə, ox yarası
almışdı. Atılan oxlar təkcə ona deyil, Təhmasib
şahın cənazəsinə də
sancılmışdı. Artıq Heydər Mirzə
öldürülmüş və paytaxt İsmayıl Mirzənin
gəlişini gözləyirdi.
II
İsmayıl adı ilə tanınan şahzadə İsmayılın
taxta çıxması mərasimi hicri 984-cü il cumada əl-əvvəlin
27-də (1576-cı il avqustun 22-də) keçirildi. Sarayın
Çehelsütun salonunda bu münasibətlə təntənəli
qəbul düzəldilmişdi. Burada bütün əmirlər,
şahzadələr və dövlət əyanları
iştirak edirdilər.
İsmayıl
taxta çıxdıqdan sonra ilk əvvəl öz hakimiyyətini
möhkəmləndirməyi qərara aldı. Bu məqsədlə
o, sülalədən taxt-taca namizəd ola biləcək şəxslərin
zərərsizləşdirilməsini zəruri hesab etdi. Uzun
illər dustaqda tənha saxlanması İsmayılı ifrat dərəcədə
hər şeydən şübhələnən və qəddar
adam etmişdi. O, şahzadə Mustafanın 14 may hadisələrində
Heydərlə birgə olmasını, Heydərin
ölümündən sonra isə şahzadə
Süleymanın öz bacısı Pərixan xanım və
çərkəzlərin başçısı Şamxal tərəfindən
taxta namizəd irəli sürüldüyünü unuda
bilmirdi. İsmayıl ilk növbədə göstərilən
şahzadələri məhv etməyi qərara aldı. Mustafa
Pirə Məhəmməd xanın evində boğulub
öldürüldü, şahzadə Süleyman isə
şahın əmrilə dayısı Şamxalın əli
ilə öldürüldü. Bu qətllər 1576-cı il
noyabrın 1-nə keçən gecə (şabanın 7-də)
baş verdi.
İsmayıl
paytaxtda olan şahzadələrə divan tutmağı öz
adamlarına tapşırdı. Məhəmməd Hüseyn Mirzə,
şahzadə Mahmud və onun bir yaşlı oğlu Məhəmməd
Bəkir, şahzadələr İmamqulu və Əhməd, həmçinin
İbrahim Mirzə öldürüldülər. Sonra II
İsmayıl əmisi, bibisi, dayısı, xalası
oğlanları və onların əyalətlərdəki
kişi nəslini qırmağa başladı. Sisitanda onun əmri
ilə Bəhram Mirzənin oğlu Badi əz-zaman Mirzə,
öz oğlu Bəhramla birlikdə qətlə yetirildi. Gəncədə
yaşayan Sultan Mirzə isə kor edildi. Beləliklə, qətllər
müvəqqəti olaraq dayandırıldı. Yalnız onun
qardaşı Məhəmməd Mirzənin (bir anadan
olmuşdular) oğlanları toxunulmaz qaldılar: Sultan Həsən
Mirzə, Həmzə Mirzə, Abbas Mirzə, Abutalıb Mirzə
və Təhmasib Mirzə.
II Şah
İsmayıl 1578-ci ildə Ramazan ayının 13-ü Qəzvinin
küçələrini gəzdikdən sonra bir qədər
narkotik maddə qəbul edib yatağına girmiş və bir
daha yataqdan ayağa qalxmamışdı. II Şah İsmayılın
ölümü ilə bir çoxlarında belə bir fikir
yaranmışdı ki, bu işdə Səfəvi sülaləsinin
və ya qızılbaşlarla müxalif olan şəxslərin
əli olmuşdu.
Atasının siyasəti əleyhinə
islahatlar...
Xalqın vəziyyəti
I Şah Təhmasibin hakimiyyətinin son illərində
xüsusilə ağırlaşmışdı. Yazılı
salnamələrə əsasən, son 8 il ərzində
quldurların əli ilə 10 min nəfərdən artıq
adam öldürülmüşdü. Yollar təhlükəli
idi, tacir anbarlarına hücumlar adi hal almışdı.
İsmayıl kəndlilərin və şəhərlilərin
partlayışına yol verməmək üçün
xalqın vergilər haqqında və inzibati işçilərinə
dair şikayətlərinə baxmaq işini dayısı
oğlu İbrahim Mirzəyə həvalə etdi. Məhəmmədi
xan Toxmaq Ustaclı, Mirzə Əli Qacar və vəzir Mirzə
Şükrulla onunla birgə ədalət divanında iclas etməli
idilər. Onların “ən ali divanının”
möhürü ilə imzalanan sənədlər qüvvədə
olan qanun hüquqlarına malik idi. İsmayılın hakimiyyətinin
bir-iki ayı ərzində bütün mülki və dövlət
işləri ədalət divanında həll edilirdi.
II
İsmayılın dövründə saray vəzifələrinin
və vilayət hakimlərinin heyətində bəzi dəyişikliklər
həyata keçirildi. Təbiidir ki, bu vəzifələrə
əvvəlki kimi azərbaycanlı qızılbaş əyanlarının
nümayəndələri təyin edilirdi. Farsların (taciklərin)
rolu yalnız mülki işlərlə məhdudlaşırdı.
Osmanlılara
kin-küdurət bəslənməsinə baxmayaraq, ikinci
Şah İsmayıl dövlətlərarası sülh və
əmin-amanlığın bərqərar olmasına tərəfdar
idi. O, müxtəlif səbəblər üzündən Təhmasibin
sünni məzhəbinə qarşı həyata
keçirdiyi siyasətdə müəyyən dəyişikliklər
aparmaq fikrinə düşür. Tarixçilərdən bəzilərinin
yazdıqlarına görə, tərbiyəçisi hələ
uşaq ikən bu istiqamətdə onun üzərində bir
çox işlər görmüş və onun əqidəsinə
böyük təsir göstərə bilmişdi. Bəlkə
də buna görədir ki, Qəzvinə qayıdarkən
Soltaniyyə binasını görməyə gedir.
Onun belə
bir əhval-ruhiyyədə olmasına böyük təsir
göstərən şəxslərdən biri də Qəzvində
yaşayan və zahirdə özünü şiə kimi qələmə
verən, əslində isə sünni məzhəbini
yaymağa can atan Mir Məxdum Şərifi olmuşdu. Mirzə
Məxdum İsmayıl ilə o qədər yaxınlaşa
bilir ki, şah onu özünün ən yaxın
müşavirlərindən biri seçir və sünni məzhəbindən
olanlara maliyyə yardımı paylanılmasını məhz
ona həvalə edir.
II Şah
İsmayıl bu istiqamətdə bir sıra işlər
görür, hətta dövriyyədə olan pulların
üzərindən imamların adlarını götürməyə
belə nail olur. O, belə bir addımı atsa da, Seyid
Hüseyn kimi alimlərin ciddi müqaviməti ilə
qarşılaşır. Göstərilən təzyiqlərdən
sonra şah özünün yazdığı bu misraların
pulların üzərinə vurulmasına razı olur: “Ze məşriq
ta məğrib gər imamət, əli və ali u mara təmamət”.
Yəni Şərqdən Qərbədək imam olsa da, “əli
və ali əli bizə kifayət edər”.
Bir sözlə,
müvəqqəti olsa da, İkinci Şah İsmayıl
göstərilən təzyiqlərdən sonra həyata
keçirdiyi siyasəti dayandırmalı olur. Lakin gözlənilməz
ölüm nəzərdə tutulan siyasətin həyata
keçməsinə birdəfəlik son qoyur.
Tarixçilərin
bəziləri İkinci Şah İsmayılın həyata
keçirdiyi siyasəti təhlil edərkən
yazmışdılar ki, o, belə bir addımı 20 il Qəhqəhə
qalasında dustaq olmasına səbəb olan ata və
babasının siyasətinə müxalif olaraq
atmışdı.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 5 may.- S.14.