Səfəvi
taxt-tacının acı taleli vəliəhdi
Şah I Təhmasibin fərasətli
oğlu
Səfəvi dövlətinin tarixində
adı xüsusi xatırlanan şəxslər sırasında
I Təhmasibin oğlu Heydər Mirzə də var. Şah I Təhmasib
oğulları arasında məhz Heydər Mirzəni çox
erkən inzibati işlərin idarə olunmasına cəlb
etmişdi. 1571-ci ildə 18 yaşı olanda onu bütün
işləri idarə edən şah müavini
adlandırırdılar.
İsgəndər
bəy Münşinin yazdığına görə, o,
şahın rəğbətini ona görə
qazanmışdı ki, hər işdə atasının
razılığı ilə hərəkət edirdi. Yaşca
qardaşları Məhəmməd Mirzə və
İsmayıl Mirzədən kiçik olmasına baxmayaraq, belə
özəlliklə seçilməsi tezliklə onda
böyük iddiaların yaranmasına əsas vermişdi.
Şöhrətpərəstlik
hisslərinin əsiri olan Heydər Mirzə artıq
özünü taxt-tacın ən iddialı varisi kimi görməyə
başlamışdı.
Venetsiya səfiri
Heydər Mirzəni alçaqboylu, lakin çox
yaraşıqlı bir şəxs kimi təqdim edirdi.
Yazılı mənbələrdən görünür ki, o,
bacarıqlı natiq, yaraşıqlı bir şəxs və
mahir at çapan idi. O, müharibə haqqında söhbətləri
dinləməyi xoşlasa da, özünü çox zərif
hesab edir və belə işlər üçün yararlı
saymırdı. Bununla belə, dövlət işlərində
onun təsir və rolu xeyli güclü idi. Artıq öz
qardaş və bacıları ona nifrət edir, həsəd
aparırdılar. Saray adamları isə Heydər Mirzəyə
xüsusi hörmətlə yanaşırdılar.
I Təhmasibin
ölümündən sonra 9 oğlu qalmışdı. Bunlar
İsa bəy Mosullu Türkmanın qızı
Sontanımın dünyaya gətirdiyi Məhəmməd Mirzə
və İsmayıl Mirzə, Şamxalın bacısından və
çərkəz kənizlərindən olan Süleyman Mirzə,
Mahmud Mirzə və Əhməd Mirzə, gürcü kənizlərindən
doğulmuş Heydər Mirzə, İmamqulu Mirzə, Mustafa
Mirzə və Əli Mirzə idi.
1576-cı
il mayın əvvəlində I Şah Təhmasib çox
ağır xəstələndi. Gecəyarısı şah
başına yığılan hər kəsin
dağılıb getməsini əmr etdi. Şahzadə Heydər
istisna edilməklə hamı evinə
dağılışdı. İsgəndər bəy
Münşi yazır ki, Heydər Mirzənin şahın
yanında qalması haqqında iki rəvayət vardı. Bəziləri
deyir ki, o, şahın əmri ilə qalmışdı. I Təhmasibin
ölümünün ertəsi günü ortaya
çıxarılan və şahın vəsiyyətnaməsi
kimi təqdim olunan kağıza görə, o, şahzadə
Heydəri öz xələfi təyin etmişdi. Lakin salnaməçilər
göstərirlər ki, vəsiyyətnamə saxta idi və
onu şahzadənin özü tərtib etmişdi.
Başqa
bir qrup salnaməçilər də iddia edirlər ki, Heydərin
anası öz oğlunun saraydan kənarda düşmənlərdən
ziyan görə biləcəyindən ehtiyat edərək onu
qalmaq üçün dilə tutmuşdu. O, oğluna
demişdi: “Atanın halı getdikcə pisləşir.
Çox güman ki, o, bu gecə həyatla vidalaşacaq. Sən
atanın varisisən, padşahın taxt-tacını qoyub hara
getmək istəyirsən? Sən dövlətxanada qalmalısan
və həmin dəhşətli hadisə baş verən
kimi, atanın tacını başına qoyub
Çehelsütundakı xoşbəxtlik sarayında Əlahəzrət
xalçası üzərində əyləşərsən”.
Anası
Heydəri inandırmışdı ki, qiyam baş verəcəyi
halda, sarayda xəzinəyə və cəbbəxanaya sərbəst
daxil ola bildiyi üçün qızıl hərisi olan
yüzbaşıları, qorçiləri və mühafizə
dəstəsini ələ almaqla taxt-tacın təhlükəsizliyini
təmin etmiş olacaq. Beləliklə, anasının dəlillərini
dinləyən şahzadə sarayda qaldı. Şübhəsiz,
bu versiya daha inandırıcı görünür.
Saxta vəsiyyətnamə...
1576-cı
il mayın 14-də səhər şah vəfat etdi. V.Hins I
Şah Təhmasibin ölümqabağı
davranışını “ziddiyyətli və ikibaşlı”
adlandırır. O yazır: “Şah bir tərəfdən
şahzadə İsmayılın Qəhqəhədəki
şəxsi mühafizəsinin qayğısına
qalırdı. Digər tərəfdən də onun öz səfiri
Toxmaq xan Ustaclıya vermiş olduğu şahzadə Heydərin
maneəsiz taxta varis olması haqqında, qayğı göstərməyi
tələb edən məktubu ortaya çıxdı”.
Bu qeyd
olunan sonuncu məlumatı farsdilli mənbələr təsdiq
etmir. Daha çox ehtimal olunan budur ki, I Təhmasib
özünün tezliklə öləcəyinə
inanmadığından, heç bir vəsiyyətnamə tərtib
etməmişdi. Bununla da, şah qeyri-iradi, ölümündən
dərhal sonra qiyamın baş verməsinə şərait
yaratmışdı.
Deməli,
sarayda qalmış Heydər Mirzə arzu etdiyi məqsədə
çatdığına əmin idi. O, səhər, hətta
atasının tacını başına qoymuş,
qılıncını belinə bağlamışdı. Lakin
hər şey onun istəyinin əksinə oldu.
Beləliklə,
Heydər Mirzə öz tərəfdarlarının köməyindən
məhrum oldu və düşmənlərinin əlində əsirə
çevrildi. Digər tərəfdən də, o, İsmayılın
tərəfdarı olan bacısı, onu aldatmağa nail
olmuş ağıllı, lakin hiyləgər Pərixan
xanımı zərərsizləşdirə bilmədi.
Tarixi mənbələrdə
yazılır ki, I Şah Təhmasibin ölüm xəbəri
tezliklə paytaxta yayıldı. Mayın 14-də səhər
şahzadə Əhmədlə birlikdə Əmiraslan xan Əfşar,
həmçinin Məhəmməd Mirzə Hüseynqulu Xəlifə
Rumlunun evinə gəldilər. İsmayılın
ardıcılları bura yığıldılar. Şeyxavənd,
ustaclı tayfaları, gürcülər və Heydərin digər
tərəfdarları - Məsum xan Səfəvi, Həmzə
Sultan Talış, Seyid bəy Kəmunə, Əlixan bəy
(gürcü), Allahqulu xan Aycək oğlu Ustaclı Hüseyn
bəy yüzbaşının evinə toplaşdılar.
Şahzadə Mustafa və Bəhram Mirzənin oğlu İbrahim
Kirzə buraya gəldilər. Heydər Sultan Çabuk
Türkman, Qulu bəy Əfşar, Məhəmmədqulu
Zülqədər möhrdar, Mirzə Əli Sultan Qacar və
Heydərin tərəfdarları öz evlərində oturub
hadisələrin sonrakı gedişini gözləyirdilər.
Onlar saraya daxil olub şahzadə Heydəri taxta
çıxarmaq, mane olanları isə məhv etmək barədə
düşünürdülər. Onlar belə hesab edirdilər
ki, İsmayıl onların tərəfdarı Xəlifə Ənsar
Qaradağlının etibarlı mühafizəsi
altındadır və Heydər taxta çıxdıqdan sonra
yeni şahın göstərişi ilə birgə hərəkət
edərlər. Bəziləri isə ehtiyat edirdi ki, saraya
hücum edildiyi halda, şahzadənin tərəfdarları ona
kömək etməyə gəlib çatanadək qorçilər
şahzadəni qətlə yetirə bilərlər. Onlar
tez-tez öz qərarlarını dəyişirdilər. Nəhayət,
bu fikrə gəldilər ki, həmin gecə sarayın
mühafizəsi ustaclı tayfasından olan qorçilərə
keçəcək, ona görə də axşama qədər
gözləmək lazımdır. Allahqulu Aycək oğlu
saraya getməməyi, qəflətən Hüseynqulu Xəlifənin
evinə soxulmağı və İsmayılın bütün
tərəfdarları ora toplaşanadək onu öldürməyi,
dəstəsini isə dağıtmağı təklif etdi. O
inandırırdı ki, bu xəbər saraya çatan kimi
saray mühafizəçilərinin canına qorxu düşəcək
və onlar qapıların mühafizəsindən əl
çəkərək, bizim tərəfimizə keçəcəklər.
Vəliəhdin acı sonu
Bununla belə,
Heydərin tərəfdarları ehtiyat edirdilər. Bir ehtimala
görə, qarşı tərəf hərəmxananın
bağına soxulub şahzadəni öldürmək istəyirdi.
Hüseyn bəy qapıları sındırıb saraya daxil
ola bildi. Bu vaxt şahzadə Heydər hərəmxanada idi. O,
binada vurnuxur, çıxış yolu axtarırdı. Lakin
bütün qapılar möhkəm bağlanmışdı.
Heydərin ardıcılları şah yeməkxanasına
soxulub, sarayda otaqdan - otağa keçərək “Şah Heydər”
deyə çağırırdılar. O biri tərəfdən
də Hüseynqulu Xəlifə Rumlu öz adamları və
Şamxalla birlikdə hərəmxananın bağının
qapısını açdı. Bütün künc-bucaq ələk-vələk
edildi. Heydəri axtarmağa başladılar. Düşmənlərin
yaxınlaşdığını görən Heydər
qızılbaşların şahın hərəmxanasına
girməyə cəsarət etməyəcəkləri
ümidi ilə yenidən qadınların otaqlarına soxulub
anasının yanında əyləşdi. Lakin onun
bütün ümidləri puça çıxdı.
Qızılbaşlar hərəmxanaya soxulub şahzadənin
onlara verilməsini tələb etdilər. Şahzadə hərəmxananın
qulluqçuları və qadınlarına qarışdı.
O, qadın paltarı geyinərək hərəmxananı tərk
etdi. Hərəmxana eşikağalarından biri Əli bəy
Şamlı başqa bir binaya yollanarkən şahzadəni
tanıdı və ucadan qışqırdı: “Sizin
axtardığınız bax budur!”. Cəmşid bəy
Çərkəz və Vəlixan bəy yüzbaşı
Rumlu şahzadənin üzərinə atıldılar və
onu kənara çəkdilər. Heydər Mirzənin
başı Hüseynqulu Xəlifə və Şamxalın
işarəsi ilə elə oradaca kəsildi.
Bundan sonra
öldürülən Heydər Mirzənin yerinə I Təhmasibin
ikinci oğlu Şah II İsmayıl taxta çıxdı.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 6 may.- S.14.