Dahiləri əbədiləşdirən sənətkar

 

Sənətkar ananın yolu ilə...

 

Azərbaycan heykəltəraşlıq sənətində xüsusi imzası olan şəxslər sırasında görkəmli sənətkarımız Tokay Məmmədovun da adı var. Onun yaratdığı gözəl sənət əsərlərinə paytaxtın görkəmli yerlərində ucaldılmış dahi şairimiz Nəsiminin və böyük bəstəkarımız Üzeyir Hacıbəyovun heykəllərini nümunə göstərə bilərik.

 

Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyulun 18-də Bakıda anadan olmuşdur. Ziyalı bir ailədə dünyaya göz açan Tokayın atası Həbib Məmmədov texniki elmlər doktoru, anası Zivər xanım isə Azərbaycanın ilk qadın heykəltəraşı olub. O elə ilk təhsilini də anasından alıb. Kiçik yaşlarından anası Zivər xanımla bərabər emalatxanaya gələn balaca Tokay rəngli plastilindən müxtəlif fiqurlar düzəldərdi.

Onun xüsusi qabiliyyəti olduğunu Zivər xanımın sənət həmkarı Pyotr Sabsay hər kəsdən tez anlamışdı. P.Sabsay sonralar öz xatirələrində yazırdı: “Tokay uşaqlıqdan heykəltəraşlıq sənəti ilə maraqlanırdı, bu uşağın gələcəkdə gözəl sənətkar olacağına şübhəm belə qalmamışdı. Artıq onun yaradıcılığı bizə məlum idi”.

Beləliklə, balaca istedadın gedəcəyi yol artıq məlum idi. 1942-ci ildə yeddinci sinfi bitirdikdən sonra Tokay Bakı Rəssamlıq Məktəbinə imtahan verdi. Bu dövrdə Bakı Rəssamlıq Məktəbinin nəzdində heykəltəraşlıq şöbəsi yenicə təşkil edilmişdi. Bu şöbədə həmin dövrün məşhur sənətkarları - P.Sabsay, F.Əbdürrəhmanov, C.Qaryağdı fəaliyyət göstərirdilər. Beləliklə, gənc Tokay bilavasitə ilk milli heykəltəraşımız F.Əbdürrəhmanovdan dərs almağa başlayır. F.Əbdürrəhmanov Leninqrad Rəssamlıq Akademiyasını bitirmişdi və öz şagirdlərini dünya klassik incəsənətinin ən mütərəqqi ənənələri ilə tanış edirdi.

Tokay Məmmədov 1945-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirir. O, təhsilini davam etdirmək üçün Leninqrad şəhərinə gedir və İ.E.Repin adına Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinə qəbul olur. Həmin illərdə o, görkəmli rus sənətkarları V.Senayski, A.Matveyev və M.Kerezindən dərs alır, heykəltəraşlıq sahəsinin incəliklərinə yiyələnir.

Akademiyada təhsil aldığı zaman gənc sənətkar yaratdığı büstlərlə bir çox sərgilərdə iştirak edir və yüksək qiymətə layiq görülür.

Gənc heykəltəraş 1947-ci ildə Azərbaycanın xalçaçı rəssamı Lətif Kərimovun portret büstünü hazırlayır. Lətif Kərimovu uşaq vaxtlarından tanıyan heykəltəraş müstəqil şəkildə ilk dəfə görkəmli alimin portretini yaradır. Mütəxəssislər bu əsəri gənc heykəltəraşın ilk uğuru kimi qiymətləndirirlər.

Yavaş-yavaş məşhurlaşan Tokay Məmmədov 1948-ci ildə Moskvada təşkil edilmiş sərgidə rus şərqşünaslığının banisi, görkəmli Azərbaycan alimi Mirzə Kazım bəyin portretini nümayiş etdirir.

 

Tarixi tarixləşdirmək...

 

“Vikipedia”nın sənətkar haqqındakı məlumatına görə, 1951-ci ildə akademiyada təhsilini başa vuran Tokay Məmmədovun yaratdığı diplom işi “26 Bakı Komissarları”na həsr olunur. Leninqradda gənc heykəltəraşın diplom işinin müdafiəsində dərs deyən müəllimlərindən başqa, Azərbaycan sənətşünası Mürsəl Nəcəfov da iştirak edir. Dörd fiqurdan ibarət kompozisiyada Bakı bolşevik kommunasının rəhbərləri təsvir olunmuşdu. Kompozisiya sovet dövrü ideologiyasının tələblərinə cavab verirdi. Sənətkarlıq baxımından kompozisiya düzgün yaradılmışdı. Bu cür də olmalı idi.

Ali təhsilini başa vuran Tokay Məmmədov Leninqradda heykəltəraş kimi işə başlayır və Leninqrad Rəssamlar İttifaqına üzv qəbul edilir. O, Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başlayır.

T.Məmmədov bir çox şairlərin, alimlərin, sadə əmək adamlarının, dövlət xadimlərinin və öz sənət dostlarının büst portretlərini ustalıqla yaradıb. O, 1953-cü ildə ilk dəfə ağacdan Azərbaycanın klassik şairi Nizami Gəncəvinin təsvirini yonub. Heykəltəraşın yaratdığı “Nizami Gəncəvi” portreti 1955-ci ildə Varşavada Gənclərin Beynəlxalq Ümumdünya sərgisində uğurla nümayiş etdirilib. İndi əsər şairin adını daşıyan Ədəbiyyat Muzeyində qorunub saxlanaraq nümayiş olunur.

Ümumiyyətlə, Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə Tokay Məmmədov istifadə edib. Ağacın növlərini və onların keyfiyyətlərini dəqiqliklə öyrənən gənc sənətkar bu material əsasında bir çox insan simalarını canlandırıb. İstedadlı sənətkar müxtəlif illərdə ağac materialdan bir çox şairlərin, dövlət xadimlərinin və sadə əmək adamlarının portretlərini yaradır. Bunlara nümunə olaraq onun “Səməd Vurğun”, “Xalq rəssamı Qəzənfər Xalıqov”, dövlət xadimi, həkim və yazıçı “Nəriman Nərimanov”, uzunömürlü azərbaycanlı “Şirəli Müslümov” və başqa portretlərini qeyd etmək olar.

Ustad sənətkarın yaratdığı portretlər qalereyasında həmçinin mərmər, tunc, gips materiallardan yüzlərlə portret mövcuddur ki, bu cür materiallarda sənətkar birinci növbədə xarici görünüşlə yanaşı, daxili psixoloji keyfiyyətləri də göstərməyə müvəffəq olub. Bu qəbilədən onun Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyov, Xalq rəssamı Rüstəm Mustafayev, qadın rəssamımız Vəcihə Səmədova, polyak bəstəkarı F.Şopen və Avstriya bəstəkarı V.A.Motsart kimi dahilərin büst portretlərini qeyd etmək olar.

 

Sənətlə əbədi qalan iz...

 

Heykəltəraşın monumental heykəl yaradıcılığı sahəsində də bir sıra uğurlu işləri var. 1960-cı ildə Konservatoriya binasının qarşısında onun yaratdığı Üzeyir Hacıbəyov heykəlini ucaltdılar.

Bununla belə, T.Məmmədov dövrünün sənətkarı olaraq, sovet siyasi xadimlərindən Məşədi Əzizbəyovun monumental heykəlini yaradıb və o abidə 1976-cı ildə Bakı şəhərində ucaldılıb. Bu abidəyə görə 1978-ci ildə heykəltəraşa SSRİ Dövlət mükafatı təqdim edilib.

Sənətkarın ən gözəl işlərindən biri də böyük sufi şairi İmadəddin Nəsiminin Bakıda ucaldılan abidəsidir.

Heykəltəraşın xüsusi diqqət yetirdiyi sahələrdən biri də qabartma texnikasıdır. O, ilk yaradıcılıq illərindən başlayaraq, heykəltəraşlığın qabartma sahəsində bir çox əsərlər yaratmışdır. Qabartma texnikası ilə yaradılan belə işlərin ən uğurlusu Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portretidir. Mərmərdən yaradılan bu qabartmada qəhrəman bir əlində qumbara tutmuş vəziyyətdə təsvir edilib. Çox təsirli olan bu əsər heykəltəraşın gənclik illərində yaratdığı və ona uğur qazandıran işləri sırasında durur. Əsər bir çox beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilərək yüksək qiymətə layiq görülüb.

Sənətkar bir neçə qəbirüstü abidənin də müəllifidir. O, 1956-cı ildə Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mir Möhsün Nəvvabın qəbirüstü abidəsini hazırlayıb. Bundan başqa, Azərbaycanın ilk professional vokal sənətinin banisi Bülbülün qəbirüstü abidəsinin də müəllifi odur.

Xalq qəhrəmanı Koroğlunun obrazı üzərində T.Məmmədov on ildən çox işləyib və sonda abidə üçün yekun modeli yaradıb.

Tokay Məmmədov yaratdığı qiymətli sənətkarlıq işlərinə görə 1978-ci ildə SSRİ Dövlət Mükafatı, 1982-ci ildə isə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. O, həmçinin “Şərəf nişanı”, “Xalqlar dostluğu”, “Şöhrət” ordenləri ilə təltif edilib. O, eyni zamanda Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublikanın Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, professor, SSRİ Dövlət Mükafatı laureatı olub. Qocaman sənətkar bu gün də öz peşəsinin incəliklərini davamçılarına öyrədir və yaradıcılıq yoluna davam edir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 7 may.- S.14.