“Seyyidin canı gərəkdir sənə
qurban, Qasir...”
Seyid Əzim Şirvaninin yaxın dostu...
XIX əsr Azərbaycan poeziyasının
görkəmli nümayəndələrindən biri də Mirzə
İsmayıl Qasirdir. Qasir həm klassik, həm də
şifahi xalq şeiri üslubunda şeirlər
yazmışdır. Mirzə İsmayıl Səlim oğlu
Axundov 1805-ci ildə Şamaxı qəzasının (indiki
Ağdaş rayonunun) Ləki kəndində ruhani ailəsində
anadan olmuşdur. Qasirin babası Molla Mülkümxan
1750-60-cı illərdə Araz çayı kənarından Ləki
kəndinə köçmüş və həmişəlik
burada qalmışdır.
Qasirin
atası Molla Səlim Sabirabad, Saatlı rayonları ərazisində
1812-ci ilədək məktəbdarlıq etmişdir. İlk təhsilini
də Ləkidə mədrəsədə yiyələnən
Mirzə İsmayıl Qasir 12-13 yaşlarında Cənubi Azərbaycanın
Əhər qəsəbəsində yaşayan bacısıgilə
getmiş və təhsilini davam etdirmişdir. 4 il burada
oxuduqdan sonra Təbrizə getmiş ərəb və fars dillərini,
ədəbiyyat və fəlsəfəni mənimsəmişdir.
Onun ədəbi fəaliyyətə başlaması da bu
dövrə təsadüf edir. Qasir həm rus dilini, həm də
rus ədəbiyyatını öyrənməyə maraq
göstərmişdir. 1840-cı ildə Qaradonlu (indiki
İmişli rayonu) Sərhəd İdarəsində tərcüməçi
vəzifəsinə təyin olunmuşdur.
50-ci illərdə
o dövrün qabaqcıl ziyalılarından olan, maarifpərvər
Mirzə Sadıq bəy Mehmandarov Şuşadan Lənkərana
gedərkən (o, Lənkəran qəzasına məhkəmə
katibi təyin edilmişdi) Qaradonlu gömrükxanasında
Qasirlə görüşür, onu Lənkərana dəvət
edir. Qasir Sadıq bəy Mehmandarovun dəvətini qəbul
etmiş və məktəbdarlıq etmək üçün
oraya köçmüşdür. O, Mirzə Sadıq bəyin
mülkündə “Üsuli-cədid” məktəbi açaraq
bütün ömrünü xalqın maariflənməsinə
sərf etmişdir.
“azerilobbi.com”
saytında şair haqqında verilmiş ensiklopedik məqalədə
deyilir ki, Qasir müəllimliklə yanaşı bədii
yaradıcılığını da davam etdirmişdir. 19-cu əsrin
40-50-ci illərində Azərbaycanda yaradılan ədəbi məclislərdən
birini də Mirzə İsmayıl Qasir Lənkəran şəhərində
qurmuşdu. Həmin məclisin adı “Fövcül-füsəha”
adlanırdı. “Fövcül-füsəha”nın mənası
“gözəl danışanlar dəstəsi” deməkdir.
“Fövcül-füsəha” məclisinin əsas üzvləri
Lənkəranlı Molla Ələkbər Aciz, Mirzə İsa
Xəyali, Hüseynqulu Şuriş və başqaları
olmuşlar. Bu məclisdə Mirzə İsmayıl Qasirin
başçılığı ilə klassiklərin əsərləri
mütaliə olunur, şeirlərinə nəzirə
yazır, ədəbi-fəlsəfi mübahisələr
aparırdılar.
Mənbələrdən
məlum olur ki, Qasir eyni zamanda Azərbaycan, fars, cığatay
və talış dillərində əsərlər
yazmışdır. O, müasirlərindən S.Ə.Şirvani,
Məhəmmədəli Məcruhi Muğani, Məhəmməd
Təği Sidqi, Əbdülxalıq Cənnəti və digərləri
ilə yazışmışdır. Onu Azərbaycanda
mövcud olan bütün ədəbi məclislərin
üzvləri tanıyır və hörmət edirdilər.
O, Seyid Əzim
Şirvaninin müasiri və yaxın dostu olub. Şirvani ona
öz rəğbətini aşağıdakı misralarda belə
ifadə etmişdir:
Sən mənim
köhnə rəfiqimsən əya, Ismail,
Seyyidin
canı gərəkdir sənə qurban, Qasir.
“Füzuli, Hafizi-Şirazi, ya ki Qasir ola...”
Məşhur
ədəbiyyatşünas Firudin bəy Köçərli
vaxtilə Qasirlə görüşmüş və
yazacağı əsərində onun haqqında məlumat vermək
məqsədilə şeirlərindən nümunələr
almışdır. Lakin hansısa səbəblərə
görə Qasirin şeirləri və bioqrafiyası
Köçərlinin nəşr olunmuş ədəbiyyat
tarixinə dair əsərlərinə düşməmişdir.
Sovet hakimiyyəti
illərində isə Salman Mümtaz “El şairləri” (1927)
kitabında şairin yeddi şeirini dərc etdirmişdir. Daha
sonralar onun bioqrafiyası və
yaradıcılığından bəhs edən bir sıra məqalələr
nəşr olunmuşdur.
Qasirin söz
sənətinə hakim bir şair olmasını nəinki
“Fövcul-füsəha” üzvləri, hətta
dövrünün “Məliküş-şüərası”
adlanan Seyid Əzim Şirvani də onun şeirlərini
“Gülüstanda xoş ətirli gülə”, “Cənnət
bağında xoş avazlı bülbülə” bənzədirdi.
Müəllim-şair həyata nikbin əhvali-ruhiyyə, açıq
gözlə baxdığı kimi, şagirdlərini də bu
ruhda tərbiyə edir, onları hər cür dini uydurmalardan,
xürafatdan uzaqlaşdırmağa
çalışırdı.
Qasir realist
şair idi və öz şeirlərində
dövrünün ictimai hadisələrini qələmə alırdı.
Qasirin “Məhəmmədəli bəy Məcruhi Muğaniyə”,
“Hüseyn yüzbaşıya” yazdığı on bir
hecalı şeirləri, “Balaxanım” rədifli qoşması
göstərir ki, o, şifahi xalq poeziyasına dərindən
bələd olmuşdur. O, müasirlərindən Məmməd
bəy Aşiq, Mücrim Kərim Vardani, Kazım ağa Salik, Əndəlib
Qaracadaği, Qasım bəy Zakir kimi şifahi xalq şeiri ənənələrinə
daim sadiq qalmışdır.
Mirzə
İsmayıl Qasir həm farsca, həm də Azərbaycan
dilində qəzəllər də qələmə
almışdır. O, bu qəzəllərdə A.Bakıxanov,
Q.Zakir, Seyid Əzim Füzuli, Hafiz ənənələrini
davam etdirmişdir. Eyni zamanda qəzəllərində Hafiz,
Füzuli və başqa klassiklərin adlarını hörmətlə
çəkmişdir.
Əgər zəmanədə
min mahrux dilbər ola,
O kimdi
hüsndə, ey məh, sənə bərabər ola?
Tutubdu
zülfi-siyahın tək aləmi zülmət,
Götür
niqabi üzündən, cahan münəvvər ola.
Ölüncə
səyləyəcəkdir camalının vəsfin,
Füzuli,
Hafizi-Şirazi, ya ki Qasir ola.
Zəmanədən şikayət...
Qasirin bəzi
qəzəllərində, dövrdən, zəmanədən
acı-acı şikayət və giley-güzar ifadə
olunmuşdur:
Cahan
mülkünü qismət eylədim zahidlə, ey yaran,
Ona məscid,
mənə meyxanələr küncü rəsəd
düşdü.
Piyalə
gözlüdən əl çəkdi, Qasir, heyf, səd əfsus,
Nəyi pəylən
dəyişdi gör, bu işdə nabələd
düşdü.
Qasir öz
lirik şeirlərini də sadə, rəvan dildə
yazmış, şair şərq poeziyasına xas olan bütün
vasitələrdən istifadə etmişdir.
Hər gələn
şair olubdur baxınız ey həzarat!
Anlamaz qafiyanə,
səc’i rədifi bilməz,
Ki, nədür
şe’rü qəzəldə hərəkatü sükənat.
Şair lirik
şeirlərilə yanaşı, satirik əsərlər də
yazmışdır. Onun “Pul”, “Qara pul”, “Əskinas”, “Ya rəb,
nə şurdur ki, tutubdur cahanı pul”, “Yaran, tutub afaqı
hamı qəm bahalıqdan”, “Ərə verdi”, “Sən öləsən”
kimi tənqidi-satirik şeirləri buna sübutdur.
Qasir
dövrünün açıq fikirli şairi olmuş,
qadın hüquqsuzluğuna etirazını da öz şeirlərində
ifadə etmişdir. “Ərə verdi” satirasında bunun
şahidi oluruq.
Hacı filani
öz qızını şövhərə verdi,
Yəni ki,
bizim türki dilicə ərə verdi.
Yaxşı-yamanın
eyləməyib heç təfəhhüs,
Əlhəqq
o biçarəni simu-zarə verdi.
Öz nökərinə
versə idi gər bu ayağdan,
Heç kimsə
deməzdi ki, qızı nökərə verdi.
Mirzə
İsmayıl Qasirin yaradıcılığından bizə gəlib
catan əsərləri 1988-ci ildə kitab şəklində
“Yazıçı” nəşriyyatı tərəfindən nəşr
olunmuşdur. Ağdaş Tarix-Diyarşünaslıq Muzeyində
Mirzə İsmayıl Qasirə xüsusi bölmə
ayrılmışdır.
Özündən
sonra zəngin bədii yaradıcılıq irsi qoymuş Mirzə
İsmayıl Qasir Lənkəranın Sütəmurdov kəndində
90 yaşında vəfat etmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 8 may.- S.14.