Şuşanın
ilk “gözəl Leylisi”...
Bədəlbəylilərin böyük
missiyalı yetirməsi
Azərbaycan mədəniyyət tarixində
bir çox nəsillərlə bərabər Bədəlbəylilər
nəslinin də xüsusi xidmətləri olub. Bu nəsil
şəcərəsinin tanınmış nümayəndələri
sırasında ilk olaraq dövrünün maarifpərvər
ziyalılarından sayılan Bədəl bəy Bədəlbəylini
misal gətirə bilərik.
Qori
Seminariyasını bitirərək Şuşada müəllimlik
edən Bədəl bəy XX əsrin əvvəllərindən
Bakıda 35 il fasiləsiz rus-müsəlman məktəbində
müdir işləyib. Peşəkar musiqimizin yaradıcısı
Üzeyir Hacıbəyovun xalası oğlu Bədəl bəy
özünü bir çox tamaşalarda aktyor kimi də
sınamışdır. O, “Leyli və Məcnun” operasında
Məcnun, İbn Salam obrazlarını böyük məharətlə
ifa etmişdir. Bədəl bəy teatrda həvəskar kimi
çalışsa da, bu sənət yolunu sonra nəslin parlaq
simalarından biri Əhməd Bədəlbəyli davam
etdirmişdir.
Azərbaycanın
məşhur opera müğənnilərindən olan Əhməd
Bədəlbəyli teatr sənətimizdə dərin iz
buraxan şəxslərdəndir. Əhməd Bəşir
oğlu Bədəlbəyli (Ağdamski) 5 yanvar 1884-cü ildə
Şuşada ziyalı ailəsində anadan olub. Kiçik Əhməd
hələ kiçik yaşlarından teatra çox
böyük maraq göstərirdi. O, teatr həvəskarları
dərnəyinin, xalq mərasim tamaşalarının fəalları
sırasında öz istedadını səylə
nümayiş etdirirdi. O, 1910-cu ildə “Nicat” Xeyriyyə Cəmiyyətinin
teatr truppasında səhnə fəaliyyətinə
başlamışdır. Teatrda
çalışdığı illərdə o, Hüseynqulu
Sarabski, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev,
H.Hacıbababəyov və sair sənət fədailəri ilə
dostluq, əməkdaşlıq edirdi. Bu dövrdə Üzeyir
Hacıbəyov teatr səhnəsində qadın
aktrisaların olmadığı üçün
çalışırdı ki, öz opera və musiqili
komediyalarında qadın rolları az olsun və ya heç
olmasın. Bu vəziyyətdən çıxış yolu
deyildi. Şərq aləminin ilk operası olan “Leyli və Məcnun”u
səhnəyə qoyanda başlıca məsələ Leyli
rolunun ifaçısını tapmaq idi.
Dahi bəstəkarımız
Üzeyir bəyin anası Şirin xanımla Əhməd Bədəlbəylinin
anası Əzizə xanım doğma bacı idilər. Buna
görə də, Üzeyir bəy xalası oğluna üz
tutur. O zaman Əhmədin ən böyük arzusu müəllim
olmaq idi, lakin teatra olan məhəbbət onu səhnəyə
gətirib çıxarır. Həmin dövrdə Əhməd
tələbə idi, tələbələrin teatrda
oynamaları bir yana, axşam tamaşalarına baxması
üçün belə xüsusi icazə olmalıydı. Belə
bir icazə alınır və Əhməd bəy Leylini
oynamağa başlayır. Tanınmasın deyə,
adını “Miri” yazdırır. Sonralar isə səhnə təxəllüsü
olaraq özünə Ağdamski familiyasını
götürür.
“Kaspi” qəzetinin 1915-ci il 116 sayında
yazılmışdı:
“Bu gecə Leyli rolunda çıxan Ağdamski öz istedadının ən yüksək mərhələsində
idi. Artistin səsi əla idi. Tamaşaçılar onu arası
kəsilmədən alqışlayırdılar”.
Qadın rollarının mahir ifaçısı...
Dövrünün hadisəsinə çevrilən və səhnədən düşməyən
“Leyli və Məcnun” operasında baş rolların ifaçılarının ifasını
1916-cı il 22 dekabr tarixli “Kaspi” qəzeti öz səhifələrində
belə təqdim edirdi: “Leyli rolunda ölüm səhnəsini xüsusi ilhamla oynayan Ağdamski Sarabskiyə çox gözəl tərəf-müqabil idi”.
Əhməd Ağdamskinin çıxışı Üzeyir
Hacıbəyovun xoşuna
gəlir və sonralar o, bəstəkarın
əsərlərində baş
rolların ifaçısına
çevrilir. Beləliklə o, inqilabdan əvvəlki
Azərbaycan opera və
musiqili komediya teatrı səhnələrində
ilk dəfə qadın
rollarının ifaçısı
kimi tanınmışdır.
O, qadın rollarını
elə artistlik məharətlə ifa edirdi ki, hətta
tamaşadan sonra qadın kimi ona çiçək göndərənlər də
az olmurdu.
Onun oynadığı qadın
rollarının hamısı
xarakter etibarilə bir-birindən fərqlənirdi.
Bu obrazların hər birini tamam ayrı səpkidə oynayırdı.
Aktyorun xüsusi məharəti onda idi ki,
səhnədə tək
oyun tərzi yox, səsi də dəyişilirdi.
Beləliklə, o, düz
12 il səhnəyə
qadın qiyafəsində,
qadın geyimində çıxdı. Üzeyir
Hacıbəyovun "Leyli
və Məcnun" operasında Leyli, “Əsli və Kərəm”də Əsli,
“O olmasın, bu olsun”da Gülnaz, “Arşın mal alan”da Gülçöhrə, “Ər
və arvad”da Minnət, “Rüstəm və Söhrab”da Təhminə, “Şah Abbas və Xurşudbanu”da
kəndli qızı.
Bu rollar da
opera tarixinə unudulmaz
obrazlar olaraq düşmüşdür.
“Vikipedia”dakı ensiklopedik məlumatda sənətkar
haqqında başqa bir maraqlı fakt ortaya çıxır. Bəzən aktyor təklif
olunan rollardan imtina edirdi. Onun yüksək keyfiyyətlərindən
biri də oynaya bilməyəcəyi
roldan bacarıqla imtina etməsi idi. Üzeyir bəy istəyirdi
“Şeyx Sənan”da Xumarı Əhməd oynasın. Lakin opera sırf muğam operası olmadığı
üçün oxumaqda
çətinlik çəkəcəyini
əvvəlcədən hiss edən Ağdamski Xumardan imtina etdi.
Ə.Ağdamski 20-ci illərin əvvəllərində, artıq
oxumadığı vaxtlarda
belə bekar dayanmırdı. O zamanlar Əhməd bəy orkestrdə tar çalırdı.
Sonralar Leyli rolunun daha bir
kişi ifaçısı yarandı
-Hüseynağa Hacıbababəyov
idi.
Xatirələrdə yaşayan “Əhməd əmi”
Sonralar 1934-cü ildən başlayaraq ömrünün
sonuna, yəni 1954-cü il aprel ayının 1-nə kimi Əhməd Ağdamski pedaqoji fəaliyyətlə məşğul
oldu. O, Ağdaş rayonunun musiqi məktəbində
tardan dərs verirdi. Ağdaşa gəldiyi
gündən rayon ziyalıları
arasında hörmət
qazanaraq və el məclislərində yaxından
iştirak edirdi. Rayona gəldiyi gündən Ə.Ağdamski
kaman ustası, gözəl musiqiçi Habil Əliyevgilin evində kirayənişin
qalmışdır. Uşaqlıq
çağlarından Habil Əliyev onu “Əhməd əmi” deyə çağırmış, indi
də xatirələrində
“Əhməd əmi” kimi qalıb. Sirr deyil ki, Habil Əliyevin musiqiyə gəlişində, müşayiətçi kimi
yetişməsində də
Əhməd müəllimin
faydalı məsləhətləri
və tövsiyələri
çox böyük rol oynamışdır. Onun fədakar əməyinin bəhrəsi
olaraq hökumətimiz
tərəfindən 1943-cü
ildə Azərbaycan Respublikasının əməkdar
incəsənət xadimi
fəxri adına
layiq görülmüşdür.
Araşdırmaçıların yazdığına görə, əsas mənbələrdə Ə.Adamskinin
həyat və yaradıcılığını, pedaqoji fəaliyyətini əks etdirən materiallar demək olar ki, yox
səviyyəsində olub. Gözəl sənətkar haqqında
əsas məlumatları
görkəmli ifaçımız
Habil Əliyev verib.
Əhməd Ağdamskinin övladları da atasına öz nəsillərinin adına layiq şəxslər kimi yetişmiş və gözəl nailiyyətlərə
nail olmuşlar. Azərbaycan
Respublikasının Əməkdar
Geoloqu Məmməd Ağdamski bir çox elmi uğurlara imza atmış alim olaraq beş
ixtiranın, on səmərələşdirici
təklifin, iyirmidən
çox elmi məqalənin müəllifidir.
Telman Ağdamski Fiziki kimya ixtisası
üzrə tanınmış
alimdir. Hazırda Analitik və
fiziki kimya kafedrasının professorudur.
İxtisasca şərqşünas olan Kamilə Ağdamskaya isə pedaqoji fəaliyyətlə
məşğul olmuş,
bir çox mükafatlara layiq görülmüşdür.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 9 may.- S.14.