Repressiya qurbanları sırasında 33-cü
Azərbaycanın maarif komissarı
Ağır repressiya illərində
qaranlıq zindanlara atılmış, uzaq Sibir tayqalarına
sürgün edilmiş və vəhşicəsinə güllələnmiş
yüz minlərlə günahsız insanımızın,
ziyalılarımızın, elm xadimlərimizin, sənət
adamlarımızın, dövlət xadimlərimizin faciəli
taleyi bu gün də xatirələrdə yaşamaqdadır.
Bu ağır taleyi yaşamış görkəmli şəxsiyyətlərdən
biri də Azərbaycanın maarif komissarı Məmməd
Cuvarlinski olub.
Məmməd
bəy İsmayıl bəy oğlu Cuvarlinski 1902-ci ildə Cəbrayıl
qəzasının Cuvarlı kəndində anadan olmuşdu. İbtidai
təhsilini Qarğabazar kənd məktəbində
almışdı. Bir müddət kəndlərində təsərrüfatla
məşğul olmuşdu. Sonradan Bakı şəhərinə
köçən Məmməd Cuvarlinski müxtəlif yerlərdə
fəhlə işləmişdi. O, sovetləşmə illərində
14 il partiya işində çalışmış, II dərəcəli
sovet partiya məktəbini, ÜIK(b)P MK yanında partiya
işçiləri üçün kursu, qiyabi olaraq Pedoqoji texnikumunu
bitirmişdi.
Məmməd
Cuvarlinski Azərbaycan SSR-nin maarif komissarı, eyni zamanda AZK(b)P
Nuxa (Şəki) Komitəsinin birinci katibi vəzifəsində
çalışmışdı. AZK(b)P MK-nin üzvü idi.
M.Bağırov 1937-ci ildə Azərbaycan SSR Sovetlər
qurultayında partiya qrupundan çıxış edərək
Azərbaycan SSR Konstitusiyasında düzəlişlər edən
Cuvarlinskini millətçi adlandırmışdı.
Martın 17-də MK-nin bürosu, 19-da isə plenumu Mir Cəfər
Bağırovun təklifi ilə Məmməd Cuvarlinskini
MK-nın bürosundan, 29-da isə partiya işindən xaric
edilmişdir. M.Cuvarlinski Moskvaya şikayət üçün
gedərkən M.Bağırov onu həbs etdirmişdir. Gənc
ziyalını 13 oktyabr 1937-ci ildə, 35 yaşında saxta
ittihamlar əsasında güllələmişlər.
1955-ci il
iyunun 17-də SSRİ Ali Məhkəməsi Hərbi
Kollegiyasına Məmməd İsmayıl oğlu Cuvarlinskinin
işi üzrə verilən hökmün dəyişdirilməsi
barədə qərar təqdim edilmişdir. Qərarda deyilirdi
ki, M.Cuvarlinskinin həbsi tamamilə əsassız olmuş,
onun haqqında qaldırılan iş uydurma materiallardan düzəldilmişdir.
Həmin il avqustun 3-də kollegiya 1937-ci il oktyabrın 12-də
verilmiş hökmü ləğv etmiş və cinayət tərkibi
olmadığı üçün iş xətm olunmuşdu.
Məmməd
Cuvarlinskinin keçdiyi həyat yolu enişli-yoxuşlu
olmuşdur. O, xalqı üçün əlindən gələni
etməyi xoşbəxtlik sayan işıqlı bir şəxsiyyət
idi. Cuvarlinski çox gənc yaşlarından bir sıra məsul
vəzifələrdə çalışmışdır. 35
yaşında “qırmızı terror” qurbanı olana qədər
Məmməd Cuvarlinski raykom katibi, nazir müavini, nazir vəzifələrində
çalışmışdır. Cuvarlinski yalana,
riyakarlığa qarşı barışmaz bir insan idi. Mircəfər
Bağırovu tənqid etməyi ona baha başa gəlmişdi.
Həmin dövrdə belə bir hərəkət
böyük cəsarət tələb edirdi.
Böyük maarifçi alim
Məmməd
Cuvarlinski ali məktəb müəllimi kimi də fəaliyyət
göstərmişdir. 1932-1934-cü illərdə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun Sosialist təsərrüfatı
nəzəriyyəsi kafedrasına rəhbərlik etmiş,
sosialist təsərrüfatı və partiya quruculuğu məsələlərindən
dərs demiş və 1933-cü ildə dosent elmi adını
almışdır.
Məmməd
Cuvarlinski Azərbaycanda maarifin inkişafı üçün
mühüm işlər görmüşdür. Hələ
xalq maarifi komissarının müavini olanda Gəncədə
Kənd Təsərrüfatı İnstitutunun
yaradılmasına Cuvarlinski böyük kömək göstərmişdir.
1934-1935-ci illərdə
Məmməd Cuvarlinski Azərbaycan xalq maarifi komissarı vəzifəsində
çalışmışdır. Bu illər Azərbaycanda təhsilin
yeni inkişaf mərhələsinə qədəm qoyduğu,
bu sahənin bir çox problemlərinin nisbətən öz həllini
tapdığı illər idi. Ümumtəhsil məktəbləri
şəbəkəsinin yaradılması, yüksək səviyyəli
pedaqoji kadrların hazırlanması üçün
Cuvarlinski əlindən gələni edirdi. Bu dövrdə o,
eyni zamanda pedaqoji institutda da çalışırdı və
orada kafedra müdiri idi.
Təbii ki,
bu dövrdə işləmək çox çətin idi.
Repressiya dalğası, ifşaedici yığıncaqlar,
pantürkist, panislamist, əksinqilabçı damğaları
hər addımda hər kəsi izləyirdi. Millətinə
bağlı nə qədər ziyalı - pedaqoq,
işıqlı təfəkkür sahibləri ölüm
maşınının qarşısına yuvarlanırdı.
Cuvarlinskinin
çoxşaxəli fəaliyyətindən danışarkən
onun mətbuatla əlaqələri və əməkdaşlığı
da xüsusi vurğulanmalıdır. O, bir müddət hətta
“Partiya işçisi” jurnalının redaktoru vəzifəsində
də çalışmışdır.
Məmməd
Cuvarlinski tez-tez dövri mətbuatda çıxış
edirdi. O, eyni zamanda məktəb və maarif haqqında bir
kitabça və 20-yə qədər məqalənin müəllifi
idi. Cuvarlinskini dövrünün ziyalı, mütərəqqi
şəxsiyyətləri ilə sıx dostluq telləri
bağlayırdı. O, musiqi sənətinin inkişafı ilə
maraqlanar, bu sahənin problemlərinə yardım edərdi. Bəstəkar
Müslüm Maqomayev məktublarının birində ona
bildirirdi ki, yeni opera üzərində işləyir.
Cuvarlinski bunun cavabında sevindiyini və ona uğurlar
arzuladığını yazırdı.
Məmməd
Cuvarlinski Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib
bəy Yusifbəyli ilə yaxın qohum idi. O, Nəsib bəyin
böyük qardaşı Həmid bəyə arxa olub onu həbsdən
qoruyanda heç bilmirdi ki, bir gün onun özü də yalan
iddialarla günahlandırılıb “xalq düşməni”
elan ediləcək.
Mircəfər Bağırovun qara
siyahısında
Həmid bəyin
bacısı nəvəsi Rafat Cuvarlinski yazırdı ki,
“otuzuncu illərdə Kommunist Partiyasının
sıralarında yüksək vəzifələrdə işləyən
qohumu Məmməd Cuvarlinski o zaman Həmid bəyin dadına
çatır. M.Cuvarlinskiyə görə bir müddət ona
dəymirlər. 1932-ci ilin sentyabrında Kirovabad (Gəncə)
İndustrial (Sənaye) Politexnikumuna işə düzəlir və
bununla bərabər Gəncədə 15 nömrəli məktəbdə
dərs deyir. Həmid bəyin dayısı oğlu Eyyub
Xanbudaqov 1937-ci il oktyabr ayının 12-dən 13-nə
keçən gecə dahi şairimiz Əhməd Cavadla bir
gündə güllələnir. Həmin gün onlarla birlikdə
atamın əmisi, keçmiş xalq maarif komissarı Məmməd
Cuvarlinski şəxsən Mircəfər Bağırovun əli
ilə qətlə yetirilir”.
Başqalarını
dövrün bəlalarından qoruyan Cuvarlinski özü bu fəlakətlə
üz-üzə qalmışdır.
Ziya
Bünyadovun “Qırmızı terror” kitabında SSRİ XDİK
DTİ-nin dördüncü şöbəsinin rəisi
Volkovun SSRİ daxili işlər komissarının müavini
M.P.Frinovskiyə göndərdiyi məktubun məzmunu göstərilir.
Həmin məktubda deyilir: “Bu il iyunun 24-də Azərbaycan
K(b)P MK-nın katibi yoldaş Bağırov SSRİ XDİK-ə
xəbər vermişdir ki, Bakıda antisovet-trotskiçi təşkilatın
fəal üzvü kimi ifşa olunmuş Cuvarlinski istintaq
orqanları tərəfindən axtarılır. Əldə
olunan məlumata görə, hazırda Cuvarlinski Moskvada bu
ünvanda: Stoleşnikov döngəsi, ev 9, mənzil 20-də
yaşayır. Cuvarlinskinin həbsinə icazə verilməsini
xahiş edirik”.
İyunun 25-də
Frinovski məktuba “Həbs edilsin” dərkənarını
qoyur. İyulun 8-də Cuvarlinski xüsusi mühafizə ilə
Bakıya gətirilir və təkadamlıq ayrıca kamerada
yerləşdirilir.
1945-ci ildə
arxiv sənədləri saxlanılan yerdə yanğın
baş verir, lakin təsadüfən Cuvarlinskinin göy mürəkkəblə
qələmə aldığı və əsl həqiqəti
gələcək nəsillərə çatdıracaq məktubu
qoruyub saxlayır. Həmin məktubda oxuyuruq: “1936-cı ilin
dekabrında Azərbaycan K(b)P MK-nın plenumunda respublika rəhbərliyinin
yarıtmaz işini, nöqsanlarını tənqid
etmişdim. Bu çıxışım Bağırovun qəti
narazılığına və etirazına səbəb
olmuşdu. Elə həmin vaxtdan mən açıqca təqibə
məruz qaldım.
1937-ci il
martın 14-də mən Sovetlər qurultayının partiya
qrupunda çıxış edərək Azərbaycan SSR
Konstitusiyası layihəsinə bəzi düzəlişlər
etdim. O zaman Bağırov əleyhimə qalxaraq məni
qatı millətçilikdə günahlandırdı. 1937-ci
il martın 19-da Azərbaycan K(b)P MK-nın plenumu
Bağırovun təklifi ilə məni MK-nın
bürosundan, martın 20-də partiya işindən xaric etdi...
Mən Az.K(b)P MK rəhbərliyindəki çirkinliklərin
qurbanıyam".
Cuvarlinskini
heç bir günahı olmadan, heç bir cinayət işlətmədən,
yalnız haqq söz dediyinə görə məhv etdilər.
1937-ci il oktyabrın 13-də ölüm hökmü yerinə
yetirildi.
Məmməd
Cuvarlinski 12493 nömrəli istintaq işi üzrə güllələnmiş
yüzlərlə Azərbaycan ziyalısı içərisində
33-cü idi...
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 10 may.- S.14.