Unudulmaz
uşaq hekayələrinin müəllifi
Qori
Müəllimlər seminariyasının dəliqanlı tələbəsi
Keçən
əsrin əvvəllərində Azərbaycan xalqının
mədəni inkişafında müstəsna rolu olan şəxslərdən
biri də görkəmli yazıçı, nasir, maarif xadimi
Süleyman Sani Axundovdur. O, C.Məmmədquluzadə,
N.Nərimanov, Ü.Hacıbəyov, M.Maqomayev, F.B.Köçərli,
Ə.Səbri, S.Vəlibəyov, S.M.Qənizadə və bir
çox başqa görkəmli ziyalılarımızın məzun
olduqları Qori müəllimlər seminariyasının yetirmələrindən
idi.
Ədəbiyyatda
eyni soyadı daşıdığı Mirzə Fətəli
Axundovdan fərqlənmək üçün ərəbcə
“ikinci” mənasını daşıyan Sani sözünü
özünə ləqəb götürmüşdü.
Süleyman
Rzaqulu bəy oğlu Axundov (Süleyman Sani Axundov) 3 oktyabr
1875-ci ildə Şuşa şəhərində anadan
olmuşdur. Uşaq yaşlarında
atasını itirdiyi üçün dayısı Səfərəli
bəy Vəlibəyovun himayəsində böyüyən
Süleyman Sani Axundov 1885-1894-cü illərdə Qori müəllimlər
seminariyasında təhsil aldıqdan sonra III dərəcəli
rus-tatar məktəbinə müəllim təyin
edilmişdir. O, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə
məşğul olmuş, yazıçı, jurnalist kimi
tanınmışdır.
Axundov 1906-cı ildə
Bakıda çağrılmış Azərbaycan müəllimlərinin
I qurultayında iştirak etmişdir. 1920-1921-ci illərdə
Qarabağ vilayətinin maarif şöbəsinin müdiri,
1922-1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində
çalışan S.S.Axundov 1922-ci ildə Azərbaycan Ədib
və Şairlər İttifaqının
ilk sədri seçilmişdir. Ədəbi və pedaqoji fəaliyyətinə
görə 1932-ci ildə ona “Əmək qəhrəmanı”
adı verilmişdir.
Hələ
1884-cü ildə S.Axundovun dayısı, görkəmli
ziyalı Səfərəlibəy Vəlibəyov
bacısı oğlunu Zaqafqaziya müəllimlər
seminariyasında oxumaq üçün direktorun adına
aşağıdakı məzmunda ərizə ilə
müraciət etmişdir: “Mənim 9 yaşlı
bacıoğlum Süleymanbəy Axundovu Sizə etibar olunan
seminariyanın tatar ibtidai məktəbinə qəbul etməyinizi
zati-alilərinizdən acizanə surətdə xahiş edirəm.
28 may 1884-cü il S.Vəlibəyov. Qori”.
S.S.Axundov
burada səkkiz il təhsil almışdır. Seminariyanın
sonuncu sinfində oxuyarkən S.S.Axundov bir gün özünə
qəsd edərək, intihara cəhd edir. Bunun səbəbi onunla
bağlı olur ki, o, növbətçi olan müddətdə
pansionata keyfiyyətsiz çörək gətirilir və
növbətçi bu barədə seminariyanın inspektoru
Aleksey Osipoviç Çernyayevskini məlumatlandırır.
Bundan
sonra müdiriyyət göndərilmiş keyfiyyətsiz
çörəkləri geri qaytarmağı və nağd
pulla yenidən çörək alınıb, seminariyanın
şagirdlərinə paylanılması S.Axundova
tapşırılır. S.Axundov da öz növbəsində
xəzinədən götürdüyü pula seminariyanın
yaxınlığında yerləşən sexdən
çörək alıb, pansionata gətirir.
Səhəri
gün sexin yanından keçən inspektor çörəyin
qiyməti ilə maraqlanır. Sexdə işləyən usta
şagirdi çörəyin pudunun qiyməti 1 manat
olduğunu deyir.
Pansionata
gələn inspektor S.Axundovdan çörəyi neçəyə
aldığını soruşur. Puduna 1 manat 20 qəpik ödədiyini
eşidən inspektor əsəbiləşir, onu
yalançılıqda, fırıldaqçılıqda,
tamahkarlıqda təqsirləndirir.
Çernyayevskinin bilmədən yol verdiyi
səhv...
A.O.Çernyayevski
S.Axundovun etdiyi hərəkəti S.Vəlibəyova
danışır. Vəlibəyov
isə buna inanmır və araşdırma nəticəsində
məlum olur ki, A.O.Çernyayevski soruşan zaman, orada olan usta
şagirdi inspektora səhvən çörəyin qiymətini
1 manat deyibmiş.
Bu
haqsız, ağır ittihama dözə bilməyən, həqiqəti
sübut etməyə aciz olan S.Axundov axşam, həyəcanlı
şəkildə növbətçi gündəliyini və
hesabat qeydlərini gətirib inspektorun stolunun üstünə
atır və otağı tərk edir.
Seminariya
şagirdinin bu kobudluğu A.O.Çernyayevskiyə ağır
təsir edir və nəticədə S.Axundovdan qisas almaq
üçün onun məsələsini Zaqafqaziya müəllimlər
seminariyasının pedaqoji sovetliyinə qoyulmasını tələb
edir.
Pedaqoji
sovetdə çıxış edən müəllimlər
S.Axundovun təlim-tərbiyə qiymətinin 4-ə endirilməsini
təklif edir. Lakin pedaqoji sovet daha sərt mövqe tutaraq, S.Axundovun
təlim-tərbiyə qiymətini 3-ə endirməyə qərar
verir.
Bu isə
S.Axundova çox pis təsir edir, özünə qəsd etmək
qərarına gəlir və bunun üçün
tapança alır. S.Axundov özünə qəsd etməzdən əvvəl
dostlarına, dayısına və bu işə onu təhrik edən
A.O.Çernyayevskiyə məktub yazmağı da unutmur.
Dayısına
yazdığı məktubdan: “Bağışla, məni
yalnız həyatımda olan dərddən başqa Sizə
heç nə gətirməmişəm. Mən
başqa cür edə bilməzdim. Qəmlənməyin,
kədəri özünüzə yaxın buraxmayın.
İttiham etməyiniz bacıoğlunuzu. O,
bu biabırçılığa dözə bilməzdi. Yazmaq istəmirəm. Göz
yaşlarım ixtiyarsız üzümə tökülür.
Əlvida! Anamdan muğayat olun. Sizin bacıoğlunuz Süleyman Axundov. 22 yanvar
1893-cü il”.
Gələcəyin böyük
yazıçısı
S.S.Axundovun
A.O.Çernyayevskiyə yazdığı məktubdan:
“Möhtərəm Aleksey Osipoviç!
Mən tatar
şöbəsində yaşadığım səkkiz il müddətində heç kəsə pislik
etməmişəm. Heç bir yoldaşı
incitməmişəm, onlardan heç biri məndən
narazı olmayıb. Mən onlara qardaş
kimi yanaşmışam. Mən o qədər
inanıram ki, onlardan heç kəs Axundov haqqında pis fikir
söyləməz və məni nə vaxtsa
fırıldaqçılıq etdiyim haqqında danışmaz.
Yoldaşlarım haqqında onların mənə qarşı
olan münasibətlərini dedim. Ancaq siz... Siz nəinki
məndə bu hərəkəti tapmadınız, hansı ki,
mən doğrudan da həmin şəxslərdənəm.
Əksinə, belə qənaətə gəldiniz
ki, ağılsız, yüngülxasiyyət, həm də
axmağam.
Buna
görə də, əsəbiləşdim və inandım
ki, siz nə vaxtsa məni tanıyacaqsınız. Lakin nahaq. Mən təmizqəlbli vəhşi asiyalıyam ki,
öz mənliyim sizin tərəfinizdən ləkələnib.
Öz ağarmış saçlarınızdan utanın!
Siz mənə
qarşı nələr etdiniz?
Əlvida! Hərdən şagirdlərinizi yada salın.
22 yanvar
1893-cü il (Axundov)". Güllə
açılandan bir qədər sonra seminariyanı səs-küy
bürüdü. Xoşbəxtlikdən, güllə
S.S.Axundovun sol tərəfindən keçib getmişdi və
gələcəyin böyük yazıçısı beləcə
ölümün bir addımlığından qayıda
bilmişdi...
Süleyman
Sani Axundovun ilk yaradıcılıq əsəri “Tamahkar”
komediyasıdır. O, bu əsərini
Mirzə Fətəli Axundovun “Hacı Qara” əsərinin təsiri
ilə 1899-cu ildə yazmışdır. 1907-cı
ildə qələmə aldığı “Dibdat bəy”,
“Türk birliyi” adlı komediyaları ilə Azərbaycan teatr
səhnəsinə siyasi-ictimai mövzu gətirmişdir.
“Laçın yuvası”, “Qaranlıqdan işığa”,
“Şahsənəm və Gülpəri”, “Səadət zəhmətdədir”,
“Molla Nəsrəddin Bakıda”, “Eşq və intiqam” və
başqa pyeslərin müəllifidir.
Süleyman
Sani Axundov eyni zamanda XX əsr Azərbaycan uşaq ədəbiyyatının
formalaşmasında və inkişafında da böyük xidmətlər
göstərmişdir. “Qorxulu
nağıllar” (1912-1914) başlığı altında
yazdığı “Əhməd və Məleykə”, “Abbas və
Zeynab”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” bu qəbildən
olan əsərlərdəndir. Görkəmli
yazıçı həm də nasir kimi tanınmış, Azərbaycan
ədəbiyyatına çoxlu hekayələr bəxş
etmişdir.
Süleyman
Sani Axundov 29 mart 1939-cu ildə Bakıda vəfat etmişdir
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir .
Azadlıq.- 2013.- 12
may.- S.14.