Sabir ruhlu yazıçı Qantəmir
Bakıya İstanbul havası gətirən
gənc
“Bizim əsas məqsədimiz Azərbaycanın
müstəqilliyinin qorunmasıdır. Bu müstəqillik asan
alınmayıb, tökülən şəhid qanları
hesabına başa gəlib. Biz onların axıtdıqları
qanların hədər getməsinə yol verməməli,
müstəqilliyimizin qorunub saxlanılması
üçün hər birimiz şirin canımızdan
keçməyi bacarmalıyıq. Zira millətimizin gələcəyinə
və müstəqilliyimizin hifz olunmasına yol ancaq bundan
keçir”. Bu sözləri görkəmli Azərbaycan
yazıçısı, 37-ci illər repressiyalarının
qurbanı Qantəmir müstəqil AXC hökumətinin
qurulması zamanı məqalələrinin birində
yazmışdı.
Tarix onun
haqlı olduğunu bütün gerçəkliyi ilə
göstərdi. Amma tarixi zorla öz xeyrinə dəyişənlər
də bir çox vətənpərvərlər kimi ondan da
qisaslarını aldılar...
Azərbaycanın
görkəmli maarif xadimi, pedaqoq və yazıçı Qafur
Sədrəddin oğlu Əfəndiyev (Qantəmir) 1888-ci ildə
Göyçay mahalının Potu kəndində anadan olub.
Qafurun atası Sədrəddin Əfəndi mədrəsə
müəllimi və dövrünün tanınmış
ziyalılarından biri idi. Onun hətta Sədi Salis təxəllüsü
ilə şeirlər yazdığı da məlumdur.
Açıq düşüncəli Sədrəddin kişi
oğlunun istedadlı bir uşaq olduğunu
anlamışdı və ona yaxşı təhsil vermək
arzusunda idi. Beləliklə, Qafur ilk təhsilini məhz
atasının müəllim işlədiyi mədrəsədə
aldı. O, uşaqlıq illərindən klassik şairləri,
xüsusilə də Şərq ədəbiyyatını
müntəzəm mütaliə edər, sənətə, elmə
xüsusi maraq göstərərdi. Buna görə də Qafur
1905-ci ildə Göyçaya gələrək o dövrün
açıq dünyagörüşlü, tanınmış
ziyalılarından olan İbrahim Həqqinin yeni tipli məktəbində
oxumağa başladı...
Gənc
Qafurun istedadlı və çox zəkalı bir tələbə
olduğu kimsənin nəzərindən yayınmırdı.
Onun böyük arzuları vardı və bu arzularının
arxasınca 1911-ci ildə təhsilini davam etdirmək
üçün Türkiyəyə getdi. O, burada İstanbul
Universitetinin tarix-filologiya fakültəsinə daxil oldu.
Heç şübhəsiz ki, Türkiyə mühiti onun həyatında
mühüm bir mərhələ açdı. Gənc Qafur
burada təhsili ilə bərabər, həm də
yaradıcılıqla məşğul olur, kiçik hekayələr
yazırdı. Araşdırmaçıların fikrinə
görə, o, “Qantəmir” imzasını da Türkiyə
mühitində yaşayarkən götürüb. Birmənalı
olaraq qəbul edilir ki, Hüseyn Caviddən sonra Azərbaycan ədəbiyyatına
İstanbul havası gətirənlərdən biri də məhz
Qantəmir olub. Gənclik illərində yazdığı
bir-iki şeir istisna olmaqla, bu yazıçı Azərbaycan ədəbiyyatında
əsasən satirik hekayələr müəllifi kimi
tanınıb.
“Bu məmləkətdə kim qalacaq?”
Q.Əfəndiyev
1914-cü ildə İstanbul Darülfununun tarix-ədəbiyyat
fakültəsini bitirdiyi zaman orada qalıb çalışa
bilərdi. Çünki artıq oranın yaradıcı
mühitində tanınmağa başlamış və
özünə çoxlu dostlar tapmışdı. Amma Birinci
Dünya müharibəsi dövründə Osmanlı dövlətinin
də hazırlığa başlaması nəticəsində
o, vətənə döndü. Daha sonralar isə ölkədən
kənara çıxmaq fikrindən tam olaraq daşındı.
Hətta sovet hakimiyyəti Azərbaycanın müstəqilliyinə
son qoyduqdan sonra da o, öz vətənində qalamağa
üstünlük verdi. Yazıçı bu illər
yazdığı məqalələrinin birində deyirdi:
“Hamı bu ölkəni tərk etməyə cəhd göstərir.
Belə getsə, bu məmləkətdə kim qalacaq? Bu məmləkət
bizə babalarımızdan yadigar qalıb. Onu qoruyub saxlamaq və
gələcək nəsillərə çatdırmaq və
bu yolda mübarizələr aparmaq müqəddəs vəzifələrimizdən
biri olmalıdır”.
Qafur Əfəndiyev
İstanbul təhsilindən sonra 1929-cu ildə Azərbaycan
Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini
bitirmişdir. Qantəmir 1915-ci ildə Göyçayda yeni
açılan “İqbal” məktəbində
çalışmağa başlamışdır. 1916-cı
ildə “Nəşri-maarif” cəmiyyətinin Qubada
açdığı məktəbə müdir vəzifəsinə
dəvət olunmuşdur. O, müəllim işlədiyi dövrdə
Abbas Səhhətlə, Mirzə Ələkbər Sabirlə
tanış olmuş və bu şəxslər onun bir qələm
sahibi kimi inkişafında öz rolunu oynamışdı.
Ümumiyyətlə, Qantəmir uzun illər
yazılarını Sabirin şeirləri ruhunda yazıb. Elə
onun hekayələrində də məhz Sabir ruhunun təsiri
aydın duyulur. Sabir öz şeirlərində millətinin
maariflənməsini, oyanmasını və cəhalətdən
çıxmasını necə istəyirdisə, Qantəmir
də hekayələrində bu prinsiplərə sadiq idi.
Repressiya, sürgün həyatı və
son...
Görkəmli
maarifçi bir müddət də Qubada çalışaraq,
bu bölgədə yeni tipli məktəblərin təşkilində
əlindən gələni edib. O bəzən müəllim, bəzən
də məktəb direktoru kimi gənc nəslin yetişməsində
öz sözünü deyib. Qantəmir eyni zamanda xalqın
savadlanması, gözünün açılması
üçün böyük zəhmət çəkib.
Bioqrafiyasından məlum olur ki, o, ömrünün sonuna kimi
də orta və ali məktəblərdə müxtəlif fənlərdən
dərs deyib. Bakı Ali Pedaqoji İnstitutu nəzdində fəaliyyət
göstərən “Şaiq” məktəbinə rəhbərlik
edib.
Daha sonralar
aldığı yüksək təhsillə kifayətlənməyən
Qantəmir 1924-cü ildə müəllimlikdən
ayrılmadan Azərbaycan Dövlət Universitetinin tibb
fakültəsinə daxil olub.
Çalışdığı bölgələrdə
müəllim, yazıçı olan Qantəmir insanlara
diş həkimi kimi də xidmət göstərib.
Qantəmir Azərbaycanın
müstəqilliyini könüldən alqışlayan ziyalılardan
biri idi. Onun sovet hakimiyyəti qurulduqdan sonra hədəfə
götürülməsinin səbəbləri
sırasında, şübhəsiz, bu amil də vardı.
20-ci illərin
ikinci yarısında Qantəmir yazdığı satirik ruhlu
hekayələrdən ibarət “Ağıl dəryası” və
“Şarlatanlar” adlı kitablarını dərc etdirmişdi.
Bu hekayələrdə mövcud rejimə qarşı olan
etiraz və üsyankarlıq xüsusi xidmət
orqanlarının diqqətini cəlb etmişdi. Onun hər
addımını nəzarətə
götürmüşdülər və hara gedirdisə izləyirdilər.
O, bu illərdə
xalq maarifi sahəsində işləmiş, Göyçayda
müəllim hazırlamaq üçün qısamüddətli
pedaqoji kurslar təşkil etmişdir. Sonralar Bakıda Ali
Pedaqoji İnstitutun nəzdində təşkil edilmiş
Abdulla Şaiq adına ikinci dərəcəli nümunə məktəbində
direktor vəzifəsində
çalışmışdır. Amma yazdığı hekayələrə
görə o, daim nəzarətdə idi. Beləliklə,
1939-cu ildə onu diş həkimi kimi
çalışdığı Ağsu rayonunda həbs
etmiş, Orta Asiyaya sürgünə göndərmişlər.
O, repressiya əzabları
nəticəsində 1944-cü ildə 56 yaşında
dünyasını dəyişmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir .
Azadlıq.- 2013.- 13 may.- S.14.