Jurnalistikadan yazıçılıq yoluna doğru...
Mətbuatın mərkəz nöqtəsində
Azərbaycan ədəbiyyatının
inkişafında mühüm xidmətlər göstərmiş
görkəmli şəxslərdən biri də
yazıçı-jurnalist Əfqan Əsgərovdur. O,
ömrünün yarım əsrdən çoxunu mətbuata,
ədəbiyyata həsr etmiş, həm nəsr, həm də
dramaturgiya sahəsində maraqlı əsərlər
yaratmışdır.
Əfqan Əsgərov
ötən əsrin 50-ci illərində ədəbiyyata gəlmiş,
həmin vaxtdan da mətbuatda yorulmadan fəaliyyət göstərmişdir.
Əfqan
Hacıağa oğlu Əsgərov 23 sentyabr 1929-cu ildə
Şirvanın Qarabağlılar kəndində anadan olub.
Çox zəngin və maraqlı həyat yolu olan Əfqan Əsgərov
ağır müharibə illərində orta təhsil almaq
imkanından məhrum olmuş, lakin cəmi üç sinif oxusa
da ona 8-ci sinfi bitirmək haqqında şəhadətnamə
verilmiş və o bir qohumunun məsləhəti ilə tibb
texnikumuna daxil olaraq feldşer ixtisasına yiyələnmişdir.
Uşaqlıqdan şeir yazmağa böyük həvəsi
olan Əfqan Əsgərov Bakı Dövlət Universitetinin
filologiya fakültəsinə daxil olub, lakin rektor Abdulla
Qarayevin köməyi ilə jurnalistika şöbəsində
oxuyub.
1953-cü ildə
universiteti bitirəndən mətbuatda çalışan Ə.Əsgərov
jurnalist kimi ilk dəfə “Azərbaycan gəncləri” qəzetində
fəaliyyətə başlayıb. Qəzetin səhifələrində
bir-birinin ardınca maraqlı publisistik yazıları,
oçerkləri, felyeton və hekayələri, hətta
“Poçtalyon” kino-ssenarisi çap edilən Əfqan çox
gənc yaşlarından oxucuların məhəbbətini
qazana bilib. Əfqan Əsgərov eyni zamanda bu qəzetdə
elan olunan gənclik mövzusunda səhnə əsəri
müsabiqəsində iştirak edərək
üçüncü mükafata layiq görülüb. Bundan
sonra o, daha bir səhnə əsəri yazıb.
Yaradıcılığa hekayələrlə başlayan Əfqan
bu ilk səhnə əsərləri ilə şöhrət
qazanıb və bir-birinin ardınca yazıçının
“Gecikmisən” (1961), “Gözəllik sorağında” (1962), “Sən
belə deyilsən” (1963), “Sarı əlcək” (1965) və
başqa hekayə topluları nəşr edilib.
Bir müddətdən
sonra isə Moskvada ali ssenarist kursunda oxuyan Əfqan iki ildən
sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında redaktor kimi fəaliyyətini davam etdirib.
Kinostudiyanın
problemləri ilə bağlı “Kommunist” qəzetində məqalə
ilə çıxış edən Əfqan Əsgərovun
bu yazısı həmin vaxt Azərbaycan KP MK-nın
şöbə müdiri Şıxəli Qurbanovun da
iştirak etdiyi müşavirədə müzakirə olunub və
Əfqana “Kommunist” qəzetində işləməyi məsləhət
görüb. Beləliklə, Əfqan Əsgərov həmin qəzetdə
ədəbiyyat şöbəsinin müdiri vəzifəsinə
təyin edilib. 1989-cu ildə “Sovet kəndi” qəzetinin
redaktoru olub. 1991-ci ildə Ali Sovetin orqanı olan “Həyat” qəzetinin
baş redaktoru işləyib.
Əfqan Əsgərov
istedadlı yazıçı və dramaturq kimi də məşhur
olub. Onun qələmindən çıxan “Gülyanaq”,
“Katib”, “Həsrət də bir vüsaldır”, “Qartal əfsanəsi”
romanları, “Dədə Bəhmən” trilogiyası, “Qozbel”,
“Məhəbbət ətirli qərənfilim”, “Dünya
gözəlliyindir”, “O, daş deyildir” və başqa povestləri
ədəbi nəsrimizin inkişafında mühüm əhəmiyyət
kəsb edən əsərlərdən sayılır.
Maraqlı səhnə əsərləri
Dramaturgiya sahəsində
də qələmini sınayan Əfqanın “Sarı əlcək”,
“O mənim oğlumdur”, “Dağ seli”, “Gülməyən adam”
adlı pyesləri respublikamızın müxtəlif
teatrlarında tamaşaya qoyulub. Tamaşaçılar tərəfindən
xüsusi rəğbətlə qarşılanan “Qız
atası” komediyası Əfqanın ən yaxşı pyeslərindən
sayılır. “Qız atası” komediyası həm də
teatrlarda ən çox oynanılan tamaşalardan biri olub.
70-ci illərin
başlanğıcında oxucuların qəlbinə geniş
şəkildə yol tapmış Əfqan milli həyatın
daha qlobal problemlərini əks etdirən romanları ilə nəsrimizi
zənginləşdirdi. Əslində o, XX əsr Azərbaycan
kəndində baş verən ciddi siyasi və sosial dəyişiklikləri
nəsrə gətirdi. Bu məsələlər
yazıçının “Dədə Bəhmən”
trilogiyasında öz əksini tapmışdır. Trilogiya
“Gülyanaq” romanı ilə başlayır. “Gülyanaq” 70-ci
illərin ən təsirli, cəmiyyət həyatındakı
ziddiyyət və iztirabların geniş lövhəsini
özündə əks etdirən romandır.
Professor Azad Nəbiyev:
“Əfqanın yaradıcılığında tarixi romanlar
xüsusi yer tutur. Tarixi roman yazmağın məsuliyyətini
yaxşı başa düşən yazıçı Azərbaycan
tarixində analitik araşdırılmalar
aparmışdır. Bu mənada ”Bəy İnal",
“Şahlar şahı”, “Cənnətməkan”
romanlarını xüsusi qeyd etmək lazımdır. Əfqan
Azərbaycan ərazisindəki hökmdarlıq
dövrünü, həmin dövrdə azərbaycanlıların
adət-ənənəsinin, həyat və məişətinin
bu günümüz üçün son dərəcə əhəmiyyətli
və maraqlı olan xüsusiyyətlərini öyrənmiş,
bir neçə ilin axtarışından sonra trilogiyanın
ilk romanı olan “Bəy İnal”ı yazmışdır. Əsər
xalqımızın qədim dövr tarixini, dövlətçilik
ənənəsini öyrənmək baxımından
maraqlı olduğu kimi, Azərbaycan xalqının tarixi
taleyini, müxtəlif qonşu ölkələr əhatəsində
keşməkeşli taleyini öyrənmək baxımından
da bir o qədər əhəmiyyətlidir.
Yazıçı haqqında tənqidçi
fikirləri...
Əfqanın
tarixi romanlarının başqa bir cəhətini də qeyd
etmək vacibdir. Məlumdur ki, sovetlər dönəmində
yaranan bütün bədii ədəbiyyatda şahlara,
padşahlara və sultanlara münasibət birmənalı
olmamışdı. Əksər nümunələrdə onlar
zalım, qaniçən, ədalətsiz insanlar kimi təqdim
edilmişdi. Təbii ki, bu da tarixi həqiqətlərin təhrifi
idi. Xalqımızın tarixi taleyində ədalətli,
ağıllı, mərhəmətli, xalqın yüksəliş
və tərəqqisi uğrunda çalışan
hökmdarlar da az olmamışdır. Onların bir çoxu
yaxşı tərbiyə görmüş, ölkəni ədalətlə
idarə etmişdir. Yazıçı bütün bu dəyərlərə
söykənərək trilogiyasında ədalətli
hökmdarların bədii obrazını yaratmaq
üçün bir sıra mühüm tarixi qaynaqlara istinad
etmişdir. “Bəy İnal”a olduğu kimi, Xosrov Ənuşirəvan
şaha həsr etdiyi “Şahlar şahı” romanı da tarixi həqiqətlərə
söykənir. “Şahlar şahı”
yazıçının yaradıcılığında
özünə xüsusi yer tutan tarixi-əfsanəvi
romandır. Əfqan burada tarixi roman janrının yeni
hüdudlarını müəyyənləşdirməklə
yanaşı, ona eyni zamanda bu mövzuda indiyədək
yazılmış əsərlərdən fərqli olaraq
tamamilə yeni məzmun gətirmiş, hökmdar-xalq
qarşılıqlı əlaqəsi zəminində ədalətli
hökmdarın yeni tipini yaratmışdır. Tarixdə
bütün sonrakı nəsli Söhrab kimi “türkzadə”
adlandırılan Şahlar şahı Xosrov Ənuşirəvan
adil, xalqın sevimli övladı, xalqa arxalanan, onun köməyi
ilə şahlıq taxtını qoruyub saxlayan hökmdar kimi
oxucuya təqdim edilmişdir. Trilogiyanın Şah Abbasa həsr
edilmiş və yaxın macalda işıq üzü görəcək
üçüncü kitabında da cənnətməkan
Şah Abbasın mənəvi və əxlaqi
saflığı, kamil və güclü hökmdar şəxsiyyəti
maraqlı üslubda işlənmişdir".
Əfqan Əsgərov
müharibə mövzusunu da nəsrə gətirən
yazıçılardan olub. 60-cı illərin sonunda
yazıçı bu mövzunu partizan hərəkatı
kontekstində qələmə alıb... Alman faşistlərinə
qarşı işğal zonasında - Pskov
yaxınlığında həmyerlimiz göyçaylı İsmayıl
Əliyevin qəhrəmanlığını geniş bədii
epizodlarda qələmə alıb və əsər çap
ediləndən sonra geniş marağa səbəb olub. Qəhrəmanın
valideynlərinin Müdafiə Nazirliyinə müraciəti nəticəsində
İsmayıl Əliyevin sənədləri tapılaraq, təltif
edildiyi orden və medallar Azərbaycana göndərilib. Bu
romanda yazıçının Azərbaycan xalqının qəhrəmanlıq
tarixini əks etdirən əfsanə və rəvayətlərdən
də məharətlə bəhrələndiyini qeyd etmək
vacibdir.
Onun “Qız
atası”, “Tamah dişi”, “Cənnət alması” və
başqa səhnə əsərləri yüksək
tamaşaçı zövqünə cavab ən yaxşı ədəbi
nümunələrdir. Onun qələmə aldığı səhnə
əsərlərində bunu görmək olur.
Əfqan Əsgərov
respublikamızın qocaman jurnalistlərindəndir və hələ
ondan öyrənməli çox şeylər var...
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 17 may.- S.14.