Unutmadığımız
qəhrəman obrazlarının müəllifi
80-ci illərin nostaljisini yaşadanlardan
biri
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələri sırasında 80-ci
illərin məşhur imzalarından biri yazıçı,
publisist Əlfi Qasımov da yer alır. Əlfi Səhlik
oğlu Qasımov 5 yanvar 1927-ci ildə Ağdam rayonunun
Poladlı kəndində anadan olmuşdur. Yeddiillik təhsilini
kənddə alan, Ağdam pedaqoji texnikumunda təhsilini davam
etdirən Əlfi Qasımov Ağcabədi rayonunun Xocavənd
və Boyad kəndlərində müəllimlik etmişdir.
Ə.Qasımov
1944-46-cı illərdə Ağdamdakı 2 illik müəllimlər
institutunda, 1946-51-ci illərdə isə Azərbaycan Dövlət
Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsində
təhsilini davam etdirmişdir.
Müxtəlif
illərdə Əlfi Qasımov “Azərbaycan müəllimi” qəzetində
şöbə müdiri və redaktor müavini, “Ədəbiyyat
və incəsənət” qəzetində isə məsul katib
vəzifələrində çalışmışdır.
1966-cı ildən
isə Ə.Qasımov Azərbaycan SSR Nazirlər Sovetinin
Dövlət mətbuat komitəsində nəşriyyat idarəsinin
rəisi olmuşdur.
Ədəbi
yaradıcılığa ilk dəfə 1945-ci ildə
Ağdamda müəllimlər institutunda oxuyarkən
başlayan Əlfi Qasımovun roman və povestləri 60-80-ci
illərin ən çox oxunan, müzakirə edilən və
bəyənilən əsərlərindən olmuşdur.
Onun “Xalq
arzusu” adlı ilk şeiri Ağdamda çıxan “Lenin yolu” qəzetində
çap olunmuş, universitetdə oxuduğu illərdə isə
Ə.Qasımovun şeirləri respublikanın müxtəlif
qəzet və jurnallarında dərc edilmişdir.
Ə.Qasımovun
ilk kitabı 1954-cü ildə çıxmışdır. Bu
“Ərimizin ətəklərində” adlı ilk oçerklər
kitabıdır. Bundan sonra da yazıçının bir
neçə oçerklər kitabı çap olunmuşdur. Ə.Qasımov
eyni zamanda “Məni qınamadın” adlı povest və hekayələr
kitabının, “Qızburunda tək məzar” adlı sənədli
povestin də müəllifidir.
Əlfi
Qasımovun bir çox kitabları - “Könülsevər”,
“Qağayı fəryadı”, “İnsan qaranquş deyil”, “Toy
gecəsi” və başqaları eyni zamanda rus,
qırğız, tacik, türkmən dillərində
işıq üzü görmüşdü.
Rəhilə xanımın xatirələrindən...
Əlfi
Qasımovun ömür-gün yoldaşı Rəhilə
xanımın xatirələrindən: “Əlfi
yaxşılıq etmək üçün dünyaya gəlmişdi.
Dostunu, tanışını, qonşusunu canından artıq
istəyərdi. Qələm məhsullarına laqeyd, biganə
olmazdı. Yaratdığı obrazların ovqatı,
amalları ilə yaşayardı. Onun ”Adilənin taleyi"
povesti ötən əsrin 60-70-ci illərində populyarlıq
qazanmışdı. Görkəmli yazıçı,
unudulmaz pedaqoq Mir Cəlal Paşayev həmin əsəri
dövrün “Leyli və Məcnun”u
adlandırmışdı... Onunla ilk
tanışlığım tələbəlik illərində
oldu. O zaman mən də universitetdə - filologiya fakültəsində
oxuyurdum. Taleyimiz bizi qovuşdurdu. Ondan eşitdiyim xoş,
şirin, səmimi sözləri hələ də
unutmamışam. Bəzən özüm-özümə
düşünürəm: “İnsan nə qədər
xoş niyyətli, məramlı olar?” Sualıma cavabı Əlfidən
qalan xatirələrdə tapıram...".
Əlfi
Qasımov müxtəlif mövzularda maraqlı hekayələr,
“Məni qınamayın”, “Qızburunda tək məzar”, “Adilənin
taleyi”, “Könül sevən”, “Toy gecəsi” kimi roman və
povestlərini 40 yaşlarında nəşr etdirmişdir və
həmin dövrün tanınmış
yazıçılarından, jurnalistlərindən biri idi.
60-70-ci illərdə
Azərbaycan ədəbiyyatında sənədli bədii janrın
da inkişafında Əlfi Qasımovun xüsusi xidmətləri
vardır. Yazıçı təsvir etdiyi obrazları
gündəlik həyatdan və onu əhatə edən
insanların arasından seçir, öz istedadı ilə onu
daha da zənginləşdirirdi.
Əlfi
Qasımov eyni zamanda sənədli nəsrin uğurlu
yaradıcılarından biri kimi də tanınırdı.
Onun əsərlərində yazıçılıqla
jurnalistlik bir arada öz təbii ifadəsini tapırdı.
Görkəmli
yazıçı Hüseyn Abbaszadə də Əlfi
Qasımov yaradıcılığının bu istiqamətini
təqdir edərək yazırdı ki, Əlfi sənədli
nəsr sahəsində ədəbiyyatımızda dərin
izlər qoyub getmişdir və “ondan sonra bizdə sənədli
nəsr, demək olar ki, yox dərəcəsindədir”.
Akademik Bəkir
Nəbiyev yazırdı: “Belə bir fakta da diqqəti cəlb
etməyi vacib sayıram ki, Əlfi Qasımovun 15 nəfər
igid, qeyrətli Azərbaycan qızının Şimali Qafqazdan
Berlinə qədər davam etmiş müzəffər
döyüş yolunu əks etdirən ”Vətən
çağıranda" kitabı bu qəhrəman
qızların sayı qədər müstəqil miniatür sənədli
hekayədən ibarətdir. Hesab edirəm ki, real qəhrəmanlar
haqqında konkret tarixi, həyati faktlar əsasında, gələcəyə
çağırış ruhunda yazılıb təcavüzkarlara
nifrət və qəzəb püskürən bu kitab
yaşadığımız günlərdə də öz
aktuallığını qoruyub saxlayır. Onu tam halda, yaxud hər
bir hekayəsini ayrıca nazik kitabça kimi nəşr edib əsgərlərimizə
paylamaq Qarabağ uğrunda mübarizənin mücahidləri
olan qızlarımıza da, elə oğlanlarımıza da
çox fayda verə bilər".
Bəkir Nəbiyevin yazdıqları...
Bəkir Nəbiyev
Əlfi Qasımovla universitetdə bir vaxtda təhsil
almışdı və çox yaxın dost olmuşdular.
Görkəmli akademik həmin günləri belə
xatırlayırdı: “1950-ci illərin əvvəllərində
biz Azərbaycanın yeganə universitetinin filologiya fakültəsində
təhsil alırdıq. Jurnalistika ixtisası da o zaman Azərbaycan
dili, ədəbiyyat, kitabxanaçılıq, məntiq və
psixologiya kimi elə filologiya fakültəsində öyrədilirdi.
Xəlil
Rza, Qulu Xəlilov, İslam Ələsgərov, Əliağa
Kürçaylı, Tofiq Mahmud, Səyyarə Mollazadə,
Şəhla Qaryağdı, Rəhilə xanım və mən
birinci kursda oxuyanda Əlfi Qasımov və İslam Səfərli
jurnalistika qrupunun IV kursunda idilər. Onlar möhkəm dostluq
edirdilər. İslam Səfərli Böyük Vətən
Müharibəsinin alovlarından keçən
tanınmış şair, Əlfi də bir Pedaqoji texnikum və
bir də Müəllimlər institutu diplomu ilə universitetə
gəlmiş gənc müəllim idi. Hər ikisi ünsiyyət
sevən, qayğıkeş cavanlar idi. Bizdən uca kursun tələbələri
olduqlarına baxmayaraq heç vaxt bizə yuxarıdan
aşağı baxmazdılar. Bir müddət professor Cəfər
Xəndanın, az sonra isə o vaxt hələ aspirant olan
B.Vahabzadənin apardıqları universitet ədəbiyyat dərnəyində,
daha sonra Yazıçılar İttifaqında onlar R.Rza,
M.Rahim, Ə.Cəmil kimi şairlərin rəhbərliyi ilə
keçirilən gənclər günlərində öz əsərlərini
oxuyar, bu zaman bizim kimi təzələrin də
çıxışlarını dinləyər, az-çox tənqidi
qeydlərimizə də hörmətlə yanaşardılar.
“Əlfi” sözünü araşdıranda bir mənası
ülfətə aparıb çıxarır.
Görünür, ad qoyan rəhmətliklər
yanılmayıblarmış. Əlfi Qasımov
başqaları ilə ülfət-ünsiyyət yaratmaq sahəsində
dostlarım və həmkarlarım arasında ancaq nadir
simalarla müqayisə oluna bilərdi. Qısa bir müddətdə
o qədər yaxınlaşıb bir-birimizə məhrəm
olmuşduq ki, növbəti seçkilər zamanı yekdilliklə
onu komsomol özəyinin katibi seçdik".
Yenə də
Rəhilə xanımın xatirələrindən: “Bir dəfə
də olsun ondan incimədim, küsmədim. İşə gedəndə,
evə qayıdanda üzümdən öpər,
saçımı sığallardı. O, əvvəl ”Azərbaycan
müəllimi", sonra “Ədəbiyyat” qəzetlərində
məsul katib vəzifəsində işlədi. Həmkarları
ilə son dərəcə səmimi, mehriban idi. Onun necə
ailəcanlı olması indi də dillər əzbəridi. Mənə
“Qara qız” deyə müraciət edərdi. Adımı
çəkəndə bilirdim ki, nədənsə inciyib, kimdənsə
küsüb. Qayğısını heç kimdən əsirgəməzdi.
Dost-tanışları çox idi. Ancaq şair İslam Səfərli
ilə daha artıq həmsirr idilər. Ömrünün
ahıl çağlarında Dövlət Poliqrafiya İdarəsinin
rəisi, “Azərnəşr”də şöbə müdiri
işlədi. İdeal insanın bütün yaxşı cəhətləri,
müsbət keyfiyyətləri Əlfidə var idi. Xainlik,
paxıllıq, mərdiməzarlıq, düşkünlük
onun xarakterində, təbiətində heç zaman
olmayıb. Necə deyərlər, aydan arı, sudan duru kimi
tanınmışdı. Heyif, zalım əcəl bizi tez
ayırdı...".
Əlfi
Qasımov 12 mart 1985-ci ildə dünyadan köçüb.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 18 may.- S.14.