“Küçələrə su səpmişəm, Türk gələndə toz olmasın...”

 

Arayan, araşdıran, toplayan və qələmə alan yazıçı...

 

Azərbaycan ədəbiyyatının maraqlı simalarından söz düşəndə, şübhəsiz, adı tədqiqatçı - yazıçı kimi xatırlanan bir imza da var. Hər kəs üçün maraqlı olan tarixi hadisələri arayıb-axtaran, ipə-sapa düzən, bəzən də bədiiləşdirən məşhur qələm sahibi - Manaf Süleymanov. Onun əsərləri, araşdırmaları bu gün üçün böyük bir xəzinə, xarici ədəbiyyatdan etdiyi tərcümələri isə qiymətli mənbədir.

Manaf Süleymanov 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. Pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirmiş (1930), sonra Azərbaycan Neft-Kimya İnstitutunun geoloji kəşfiyyat fakültəsində təhsil almışdır (1932-1937). İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib kəşfiyyatçı-dağ mühəndisi adını almışdır.

M.Süleymanov əmək fəaliyyətinə Qaradağ neft-qaz mədənləri idarəsində mühəndislikdən başlamışdır. Azərbaycan Sənaye İnstitutunda assistent, dosent (1939), institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olmuşdur.

Ədəbi yaradıcılığa 1947-ci ildə “Azərbaycan” jurnalında dərc olunan “Yerin sirri” romanı ilə başlamışdır. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda məqalələrlə də çıxış etmiş, bəzən onları “Fərəcoğlu” imzası ilə çap etdirmişdir.

Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M.Kopelen, A.Qrasi, Oqoto, Aleks La Çuma, Y.A.Makmani, Piter Abrahams, R.Riv, A.Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olmuşlar. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və bir medalla təltif edilmişdir.

O, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, daha çox tərcümə fəaliyyəti ilə məşğul olmuşdur. Onun dünya klassiklərindən etdiyi tərcümələri ən gözəl nümunələr saya bilərik. Bundan başqa, yazıçının arayıb-axtarıb kitab halında nəşr etdirdiyi faktlar və hadisələr əsl ensiklopedik xəzinədir.

 

Oxucular üçün açılan yeni səhifə

 

Manaf Süleymanov ilk dəfə olaraq Bakı tarixindən, Bakı milyonçuları və qoçularından, 1918-1920-ci illərində Azərbaycan Xalq Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazıb, nəşr etdirmişdir. “Vikipedia” yazır ki, bu kitabların ərsəyə gəlməsi üçün o, keçmiş SSRİ-nin və Azərbaycandakı Dövlət Arxivlərində 30 ilə yaxın çalışmış qiymətli sənədlər əldə edərək gələcək nəsillərə qiymətli tarix, zəngin ədəbi irs toplamışdır. Bütün bu sənədləri M.Süleymanov yaşam illərində vaxtaşırı Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət arxivində mühafizəyə təqdim etmişdir. Belə ki, o, şəxsi fondundakı sənədlərini ilk dəfə olaraq 1988-ci ildə yuxarıda adını çəkdiyimiz arxivə təqdim etmişdir. Bu sənədlər əsasında onun 636 saylı şəxsi fondu yaradılmışdır. Şəxsi fondundakı sənədlər nəşr olunan kitablarının müxtəlif variantlarından, xatirələrindən, qeydlərindən, məktublarından ibarətdir.

M.F.Süleymanov ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb yaratmışdır. Müəllifin əsərlərinin ilk əlyazmaları doğma Azərbaycan dilində, lakin ərəb əlifbasındadır. M.F.Süleymanovun zəngin ədəbi irsi arasında onun xatirələri xüsusi yer tutur. Məqalə, hekayə və təsviri sənədləri də fotoşəkilləri şəxsi fondunda olan maraqlı sənədlərdəndir. “Şagirdlik illərim” adlı xatirəsi daha maraqlıdır. “Azərbaycan diyarı. Lahıc” ədibin Vətən, ocaq sevgisinin parlaq təsviridir. Qədim tarixə malik olan Lahıcda doğulmasından fəxr edir.

Onun 636 saylı şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyovun məktubun surəti və s. arxiv sənədləri də Manaf Süleymanov tərəfindən toplanmış və müəllifin 2-ci ömrünü yaşadan şəxsi fondunda diqqətlə qorunur.

Romanları, povestləri, ssenariləri oçerk, hekayə, xatirə və tərcümələri müəllifin Arxivdəki 2-ci elmi siyahısında rəsmiləşdirilmişdir.

 

Tarixə işıq açan dəyərli əsərlər

 

M.Süleymanovu müasirlərindən fərqləndirən bir cəhət vardı. Onun tədqiq edib üzə çıxardıqları kimsənin etmədikləri idi. Buna görə də Azərbaycanın müstəqillik qazandığı ilk zamanlarda bu əsərlər göydəndüşmə mənbə idi. Böyük fədakarlıq bahasına başa gəlmiş bu mənbə həmin illərdə bir tapıntı idi. 1989-cu ildə Samsun Universiteti yazıçının “Bir kitabdan birğac sətir” toplusunu çap edib. Eləcə də müstəqilliyimizi qazandıqdan sonra müəllifin “Son bahara çatdıq”, “Neft milyonçusu”, “Şərqdə ilk demokratik cümhuriyyət”, “Şagirdlik illərim” adlı kitabları çap edildi. Ötən əsrin sonlarında əməkdar mədəniyyət xadimi fəxri adına layiq görülən Manaf Süleymanovu həmkarlarından ən çox fərqləndirən bir cəhət onun tarixi həqiqətlərə sadiqliyi idi.

Heç şübhəsiz ki, yazıçının ən məşhur və ona şöhrət qazandıran əsəri “Eşitdiklərim, oxuduqlarım, gördüklərim...” əsəridir. 1987-ci ildə çap olunan kitab ilk nəşrdə 50 min tirajla çap edildi və həmin anda qurtardı. Buna görə də 1989-cu ildə kitab 70 min tirajla yenidən çap edildi. Bu dəfə müəllif kitab üzərində işləyib, onu daha da təkmilləşdirmişdi. Bu kitabda insanlar ilk dəfə Bakı milyonçularının millətin tərəqqisi naminə gördüyü işlərdən, xeyirxah əməllərindən xəbər tutdu. İlk dəfə Azərbaycan maarifpərvər ziyalılarını tanıdı, Stalinlə Məmməd Əmin Rəsulzadə haqqında məlum olmayan gerçəkləri öyrəndi, tarixin saxlanmış, gizlədilmiş, silinmiş səhifələrindən, vətənimizin taleyi ilə oynayan xəyanətkarların çirkin əməllərindən xəbərdar oldu.

Bakı ilə bağlı tarixi materialları incələyib üzə çıxaran yazıçı paytaxtın zor zamanlarından çox maraqlı hadisələr anladır. O, “Küçələrə su səpmişəm” xalq mahnısının da sovet dövründə “redaktə” olunduğunu yazır. Yazıçı bildirir ki, o vahiməli günlərdə Bakını xilas etməyə gələn türk əsgərlərini qarşılayan insanlar bu mahnını sevgi ifadəsi olaraq qoşublar. Yol gözləyən insanlar bu mahnını belə oxuyurdular:

 

Küçələrə su səpmişəm,

Türk gələndə toz olmasın.

Elə gəlsin, elə getsin,

Aramızda söz olmasın.

 

Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda vəfat etmişdir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 19 may.- S.14.