Üsyankar fağır - Mahatma Qandi

 

Qara qüvvələrə qarşı dinc yolla müqavimət fəlsəfəsinin yaradıcısı

 

Ötən həftə diktatorların ölkələrində özləri üçün yaratdıqları şərait və onların şəxsiyyətinə pərəstişdən bəhs edən yazı təqdim etdik. Bu dəfə isə həyatını xalqlarının müstəqilliyi uğrunda mübarizəsinə həsr edən, bu mübarizənin önündə gedən görkəmli şəxsiyyətlərdən biri olan Mahatma Qandidən bəhs edəcəyik.

 

“Toxunulmazlar”ın hamisi

 

Gələcəyimiz indi etdiklərimizdən asılıdır. Bu sözlərin müəllifi Mohandas Qandi nəinki ölkəsində, bütün dünyada görkəmli siyasi və ideoloji lider sayılır. 1915-ci ildə məşhur hind yazıçısı Rabindranat Taqor ilk dəfə olaraq Mohandas Qandiyə münasibətdə “Mahatma” (Böyük qəlb) titulunu istifadə edib. Qandi özünü buna layiq bilməyərək bunu qəbul etməsə də, sonralar təkcə Hindistan yox, bütün dünya onu Mahatma Qandi adlandıracaq. Əslində o xalqı və onun İngiltərə müstəmləkəsindən azad olunması üçün çox işlər görüb. Hindistanın müstəqilliyi uğrunda mübarizədə Qandi qeyri-zorakı mübarizə üsullarında istifadə edib. Bura ingilis məhsullarının və qurumlarının boykot edilməsi, həmçinin bəzi qanunların pozulması daxildir. Qandi həmçinin təbəqə qeyri-bərabərliyi ilə mübarizə aparır və Hindistanda ən aşığı təbəqə hesab olunan “toxunulmazların” həyatını mümkün olduğu qədər yaxşılaşdırmağa çalışırdı. Cəmiyyətdə yüksək mövqe tutmasına baxmayaraq o özü də sadə həyat sürür, rahib geyimində gəzirdi. Bu adam nəinki özünü, ətrafını və ölkəsini zorakılıq və qəddarlıq olmadan dəyişdi.

 

“Bütün inqilabların banisi”

 

İngiltərədə aparılan sorğu nəticəsində hindli ictimai xadim “minilliyin adamı” seçilib. O bu siyahıda hətta İsa peyğəmbəri də geridə qoyub.

Albert Enşteyn isə gələcək nəsillərə yol göstərən Mahatma Qandi ilə eyni dövrdə yaşadığına görə taleyinə minnətdar olduğunu bildirib. Bu yaxınlarda isə Avropa mətbuat Qandini bütün inqilabların banisi adlandırıb: “Onsuz nə afro-amerikalı Martin Lüter Kinq, nə sovet dissident hərəkatı, nə Polşa ”həmrəyliyi", nə 80-ci illərin sonunda Çexiya məxməri inqilabi, nə də heç Ukrayna “narıncı” inqilabı olmazdı". Çörçilin “üsyankar fağır” adlandırdığı bu dahinin keçdiyi yolu bir daha yada salmağa dəyər.

 

Mübarizənin yeni üsulu - satyaqraha

 

Qandinin geyiminə və əlindəki əsasına baxanda onun Hindistan cəmiyyətinin aşağı qatlarından çıxdığını demək olar. Əslində isə Mohandas Karamçand Qandi 1869-cu ilin oktyabrın 2-də nüfuzlu “baniya” təbəqəsinə aid varlı ailədə doğulub. Məktəbi bitirən gələcək lider təhsilini davam etdirmək üçün İngiltərəyə üz tutur. Lakin burada özünü tənha hiss edir. Baxmayaraq ki, ətrafında kifayət qədər hindli var idi.

Təhsilin başa vurub qayıdandan sonra o, Hindistanda iş tapmır və Cənubi Afrikada işləmək təklifini qəbul edir. Qandinin ağlına belə gəlməzdi ki, orada düz iyirmi il yubanacaq, hindlilərin azadlıq hərəkatının lideri, strateqi və ilhamvericisi olacaq.

Cənubi Afrikaya gəlişinin ilk günlərindən o, açıq irqçiliklə rastlaşır. Onu zorla birinci dərəcəli vaqondan bayıra atırlar. Dilicansa oturmağa icazə vermirlər. Ağlar üçün olan səkidən polislər itələyib aşağı salır. Qandi başa düşür ki, alçaldılma və sıxışdırılma buradakı bütün hindlilərin və rənglilərin taleyidir - təhsil və statusundan asılı olmayaraq.

Qandi əvvəlcə irqçiliklə fərdi davranış kodeksini düşünür: özbaşınalığa qarşı hər zaman nəzakətlə davranmaq, qisas alınmasına yol verməmək, dönməz olmaq.

1894-cü ildə o, Pretoriyadakı bütün hindlilərin yığıncağını çağırır. Qısa müddətdə orada elə bir hindli yox idi ki, Qandi onun problemlərini bilməsin, tanımasın. Günlərin birində yerli hökumət bir qanun qəbul edir. Hindlilərin “qara qanun” adlandırdığı yasaya görə, bütün hindlilər: kişi, qadın, səkkiz yaşdan böyük uşaqlar polis idarəsində qeydiyyatdan keçməli, barmaq izi qoymalı idi. Yoxsa onları həbs və ya sürgün gözləyirdi. Bu, hindliləri cinayətdə şübhəli bilinən adamlara bərabər tutmaq demək idi. Bundan başqa, polislərin haqqı var idi ki, hindlilərin yaşadığı yerə soxulsun, hətta ənənəvi toxunulmaz əndəruna da. Qanunu oxuyanda Qandi deyib: “Belə qanuna tabe olmaqdansa, ölmək yaxşıdı”.

Lakin o dünya ictimaiyyətinə müraciət etməyəcəkləri və hindlilərin özlərini müdafiə etmək gücündə olduqlarını deyir. Etiraz əlaməti olaraq Qandi 1908-ci ildə ilk “satyaqraha”nı elan edir. Həqiqətə cəhd etmək mənasını verən bu müqavimət hərəkatının əsas ideyası zorakılıqdan imtina etmək, ağrı və iztirablara dözməklə rəqibin ağıl və vicdanına təsir etmək idi. Satyaqrahanın iki əsas üsulu vardı: əməkdaşlıq etməmək və vətəndaş itaətsizliyi. Qandi hesab edirdi ki, zorakılığa qarşı zorakılıq faydasızdır. Belə olanda bu fəsad daha da artır. O, satyaqrahanı zəiflər üçün mübarizə vasitəsi saymırdı və bunu ruhən güclü olanların silahı hesab edirdi.

İohannesburqda satyaqraha mitinqlə başlayır. Hindlilər nümayişkaranə şəkildə çağırış vərəqələrini yandırır. Qandi həbs edilsə də, repressiyalar nəticə vermir.

Hökumət Qandiyə satyaqrahanı dayandıracağı təqdirdə qanunun ləğv olunacağını vəd edir və o razılaşır. Qandi razılaşsa da, qanun qüvvədə qalır. Bu da Qandinin nüfuzuna ciddi zərbə vurur, bəziləri hətta onu satqın adlandırır. İnamı bərpa etmək üçün xeyli iş görməli olur. Vətəndaş itaətsizliyi haqda məqalələr yazır və yenidən həbs olunur. Həbsdən çıxandan sonra bütün Cənubi Afrikanı əhatə edən satyaqraha hazırlayır. 1913-cü ildə mədən işçiləri də ayağa qalxır. Qandi xeyli tərəfdarı ilə birgə həbs olunsa da, qısa müddətdən sonra azadlığa çıxır. Minlərlə adam yürüş keçirir.  Qandi çoxminlik kütlənin qabağında gedir. Qoşunlar atəş açmağa risk etmir. Yürüşü dağıtmaq üçün atlılar göndərirlər. Lakin adamlar yerə uzanır və atlar yaxına gəlmir. Qandi tutulanda onu ağdərililərdən biri əvəz edir.

Artıq Qandini və hindlilərin öz haqları uğrunda mücadiləsini hörmət və anlaşma ilə qəbul edilir.

Cənubi Afrikadan gələn xəbərlər Avropa və Amerikada da əks-səda doğurur. O dövrün tanınmış simalarından Albert Eynşteyn, Bernard Şou, Bertran Rassel və başqa ictimai xadimlər hindlilərin müdafiəsinə qalxır, hökumət geri çəkilməli olur. Bir aylıq intensiv danışıqlardan sonra 30 iyun 1914-cü ildə müqavilə imzalandı. Hindlilər üçün alçaldıcı olan irqçi qanunlar ləğv edildi. Mahatma qeyri-zorakı müqavimət hərəkatı ilə irqçiləri məğlub edir.

1915-ci ildə Qandi Hindistana qayıdıb 19-cu əsrdən əsası qoyulan Hind Milli Konqresinin faktiki rəhbəri olur. Bu vaxt Hindistan Britaniyanın müstəmləkəsi idi. Ölkənin bütün sərvətləri talanırdı. Müstəmləkəçiliyə qarşı üsyanlar amansızlıqla yatırılırdı. Ucuz Britaniya malları qədim sənətkarların bazarını bağlamışdı. 1919-cu ildə Qandi Britaniya mallarının boykotu kampaniyasına başlayır. İngiltərə mallarını almaqdan imtina ilə onların ticarəti iflic edilir. Dinc nümayişlər başlayır. Nümayişçilərin kütləvi güllələnməsi belə bu hərəkatı yatıra bilmir. Qandi vətəndaş itaətsizliyinin orijinal üsullarından istifadə edirdi. Hindlilər kütləvi şəkildə yolu kəsir və ingilis məmurlara toxunmadan onların işə getməsinə mane olurdular. Adamlar satyaqrahanı unudanda zorakılıq başlayırdı. Belə olanda Qandi inqilabı həmən dayandırırdı. 1919-22-ci ildə ümumhindistan satyaqrahası zamanı belə olmuşdu. 1930-cu ildə hindistanlıları dəyənəklə kötəkləyib güllələyəndə də hamı onu dinlədi. Heç kəs qisas almadı, şikayət etmədi, amma bir addım da geri durmadı. Bu, ingilisləri aciz duruma saldı, hindliləri isə məğlubedilməz etdi. Çörçil Qandini Hitlerdən daha təhlükəli düşmən sayırdı. Çünki nasistlər Britaniyanın gücünə, özlərinin müstəsnalığı haqqında hisslərinə qarşı daha böyük güc qoyurdular. Qandi isə bunlara qarşı satyaqraha - qara qüvvələrə qarşı dinc yolla müqavimət fəlsəfəsini qoyurdu. Hitler uduzdu, Qandi isə qələbə çaldı. 1947-ci ilin avqustun 15-də Hindistan müstəqillik əldə edir.

 

“Sui-qəsdin qurbanı”

 

İngilislər Hindistanın əldən getdiyini görəndə sonuncu vasitəyə - konfessiyalararası ədavətə əl atır. Hindistanın parçalanmasının qarşısını almaq üçün Qandi əlindən gələni edir. Qandi bunu milli fəlakət kimi qəbul edib aclıq elan edir. Hind icmalarının başçıları müsəlmanların təhlükəsizliyinə zəmanət verir. Hind millətçiləri qəzəblənirdi. Qısa müddətdə hər iki tərəfdən yüz minlərlə adam öldürülür. Qandi ölkəni qarış-qarış gəzir, birliyə çağırırdı. Hindli-müsəlman qırğını dayanmayacağı təqdirdə özünü öldürəcəyini deyən Qandinin səyləri nəticəsini verir. Talan və dağıntılar mitinq və Qandi ilə həmrəylik nümayişlərinə çevrilir. Hindlilərlə müsəlmanların nümayəndələri sülhü qoruyacağına and içir. Lakin bu, Qandiyə həyatı bahasına başa gəlir. 1948-ci ilin yanvarın 20-də sui-qəsddən qurtula bilən Qandi on gün sonra, yanvarın 30-da 79 yaşlı bu böyük şəxsiyyət hindli millətçi olan qatilin gülləsinə qurban gedir. Qandi qətlə yetiriləndə BMT-nin bayraqları aşağı endirildi. Bütün ölkələrin başçıları, Roma papası, Dalay Lama, yüzlərlə müxtəlif konfessiya liderləri başsağlığı göndərdi.

Dünyanın bir neçə şəhərlərində Mahatma Qandinin heykəlləri ucaldılıb. Maraqlıdır ki, onların hamısında Qandi yaşlı vaxtında, əsaya ilə ayağı yalın getdiyi halda təsvir olunub.

 

Fizzə

 

Azadlıq.- 2013.- 20 may.- S.12.