Bülbülün böyük kəşfi- gözəl
səsli çəkməçi...
Çust dükanından böyük səhnəyə
vəsiqə
Azərbaycan xalq musiqisinin inkişafında
önəmli xidmətləri olan sənətkarlar
sırasında xanəndə Ağabala Abdullayevin də
adı var. Onun həm milli opera tamaşalarında ifa etdiyi
obrazlar, həm də xalq musiqi xəzinəmizə verdiyi
töhfələr uzun illər yaddaşlardan silinməyəcək.
Ağabala
Abdullayev 1910-cu ildə Qubadlı rayonunun Çərəli kəndində
anadan olmuşdur. Ağabalanın atası Məmmədbağır,
babası Məşədi Abdulla Ağayevlə birlikdə
Füzuli rayonunun (keçmiş Qaryagin) Qarakollu, Gorazallı və
Saracıq kəndlərinin kəhrizlərində işləyirdilər.
Ailənin güzəranı ağır olduğu
üçün Ağabala uşaq vaxtlarından kənd
varlılarının qoyun-quzusunu otarmışdır. Onun əmisi
Hümbət Ağayev Qaryagində yaşayırdı.
Çox keçmir ki, Məmmədbağır da ailəsini
Qaryaginə qardaşının yanına
köçürmüşdür.
Ağabala on
iki yaşında buradakı kəndli gənclər məktəbinin
birinci sinfinə daxil olur. Amma yaşının
çoxluğundan o, gecə kursuna keçməyə məcbur
qalır. Oxumaqla bərabər o, atasının razılığı
ilə çust tikən usta Rza kişinin yanında
şagirdlik edir. Elə onun gözəl səsi də burada kəşf
olunur. Gənc çəkməçi hərdən usta
eşitməsin deyə pəsdən oxuyar,
mızıldanardı. Çox keçmir ki, özü usta
olan Ağabala ayrıca dükan açıb orada işləməyə
başlayır. Özü usta olanda da
yanıqlı-yanıqlı oxumağından qalmır.
Ağabalanın
atası Məmmədbağırın da gözəl səsi
vardı və bunu çoxları bilirdi. 1925-ci ildə indiki
Müəllimlər evinin yerləşdiyi binanın
açılış günündə Qaryagin Qəza İcraiyyə
Komitəsinin sədri Məmmədxan Məmmədxanov təbrikdən
sonra geniş salona göz gəzdirib Məmmədbağırı
tapır və ondan oxumasını xahiş edir. Məmmədbağır
yanında oturmuş oğlu Ağabalanı səhnəyə
çıxarıb deyir: “Qoy mənim əvəzimdən bu
oxusun...”. Əvvəlcə özünü itirən
Ağabala dolu salona baxıb haçandan-haçana
özünə gəldikdən sonra həzin səslə
atasından öyrəndiyi el bayatılarından bir-iki
ağız oxuyur. Salonu alqış səsləri
bürüyür...
Bu hadisədən
iki il sonra, 1927-ci ildə Ağabalanın işlədiyi
dükana üç nəfər daxil olur. Əvvəlcə
Ağabala onları çust alan hesab edir. Sən demə, onlar
bayaqdan dükanın qarşısında dayanıb,
yanıqlı-yanıqlı oxuyan Ağabalaya qulaq
asırmışlar. Bu üç nəfər Bülbül, İsmayıl
Eloğlu və Mürşüd Haşımlı imişlər.
Onlar Ağabalanı kluba dəvət edib səsini yoxlayır
və bəyənirlər. Bülbül gedəndə
Ağabalanı o vaxt Qaryagində klub müdiri işləyən
M.Haşımlıya tapşırır. Bu hadisə onun həyatında
mühüm rol oynayır. Gündüzlər dükanda
işləyib, axşamlar yaradıcılıq dərnəklərində
iştirak edən Ağabala xorda və tamaşalarda epizodik
rollarda çıxış etməyə başlayır.
Opera tamaşalarında əsas rollarda
“Vikipedia”
yazır ki, 1928-ci ildə Qaryagində çəkməçi
arteli açılır. A.Abdullayev həmin arteldə işləsə
də, klubda tamaşalarda həvəslə iştirak edir.
1930-cu ildə qarmon çalan Topaşa Əhmədov öz
pulu ilə Ağabalaya qaval alır və birinci dəfə onu
Gecəgözlü kəndinə toya oxumağa aparır. O
vaxtdan etibarən A.Abdullayev yaxın və uzaq kəndlərin
toy şənliklərində iştirak etməyə
başlayır.
Həmin illər
Ağabala Qaryagin klubunda müxtəlif səhnə
obrazları yaratmışdır. Bu obrazların içərisində
“Əsli və Kərəm” operasında Kərəmin
atasının rolu xüsusilə diqqətəlayiqdir.
1933-cü ildə Qaryaginə qonaq gəlmiş Seyid
Şuşinski burada ona təklif olunmuş klub müdiri vəzifəsini
qəbul edib 1937-ci ilə qədər burada işləmişdir.
Ağabala səhnə texnikasını C.Vəzirov və
M.Haşımlıdan öyrənmişdisə, muğam
ifaçılığının sirlərini Seyiddən
öyrənmişdi.
1933-1937-ci illərdə
A.Abdullayev “Leyli və Məcnun”da Məcnunun atası, “Əsli
və Kərəm”də Kərəmin atası, “Aşıq Qərib”də
Qəribi, “Arşın mal alan”da Süleyman rollarını məharətlə
ifa etmişdir. 1938-ci ildə Qaryagin “kolxoz-sovxoz” teatrı
açıldıqdan sonra A.Abdullayev də bu teatrın tərkibində
Bakıda, İmişlidə, Ağcabədidə, Cəbrayılda,
Zəngilanda və s. rayonlarda tamaşalarda uğurla
çıxış etmişdir.
1939-cu ildə
Azərbaycanın xalq artisti Hüseynqulu Sarabski Qaryagin
rayonundan Azərbaycan Ali Sovetinə deputatlığa namizəd
irəli sürüldüyünə görə tez-tez rayona
gedib-gəlirdi. H.Sarabski Ağabalanın oynadığı Məcnun
rolunu xüsusilə yüksək qiymətləndirir. Məcnun
və Kərəm rolları Ağabalanı bütün Azərbaycanda
məşhurlaşdırmışdır.
Böyük
Vətən müharibəsi başlanan gün
Ağabalanın üzv olduğu kollektiv Qafanda qastrol
tamaşaları verirdi. Müharibə xəbərini
eşitdikdə kollektiv Qaryaginə qayıtmağa məcbur
oldu. Kollektivin böyük bir hissəsi orduya səfərbərliyə
alındı. Ağabala və dostu C.Cəfərov gənclərdən
ibarət bir dəstə yaradaraq tez-tez
çağırışçılar qarşısında
konsertlər verirdilər.
Teatrın
rejissoru müharibəyə getdiyi üçün kollektivə
Bakıdan Cəlil Bağdadbəyovu rejissor göndərirdilər.
O, az müddət içərisində müharibəyə
aid bir neçə tamaşa hazırladı. Ağabala həmin
əsərlərdə rejissor köməkçisi
olmuşdur. Onların hazırladıqları “Çətin dərə”
əsəri tamaşaçılar tərəfindən
xüsusi maraqla qarşılanmışdır.
Mürşüd Haşımlı ordudan tərxis olunandan
sonra operaları yeni variantda işləyib
hazırlamışdır. Bu operalarda Ağabala bir-birindən
maraqlı olan Məcnun, Qərib, Əsgər, Kərəm, Sərvər
surətlərini yaratmışdır.
Bakıda böyük konsertlər
1953-cü il
sentyabrın 27-də A.Abdullayev Bakıda M.Maqomayev adına
filarmoniyada böyük və rəngarəng konsert proqramı
ilə çıxış etmişdir. Konsertdən sonra Səməd
Vurğun və Süleyman Rüstəm filarmoniya müdirinin
otağında Ağabalanı uğurlu
çıxışına görə səmimi təbrik
etmiş, onun Bakıda qalmağını məsləhət
görmüşlər. Xanəndə Bakıda qalmağa razılıq
verməmişdir.
1956-cı ildə
Bakıda xəstəxanada yatarkən görkəmli
musiqişünas Ə.Bakıxanovla tanış olan Ağabala
onun dəvəti ilə Radio Verilişləri İdarəsinə
getmiş, “Rast”, “Zabul” muğamlarını və “Şamama”
mahnısını lentə yazdırmışdır. Lentə
qulaq asan komissiya A.Abdullayevə birinci dərəcəli xanəndə
adı vermişdir. Həmin vaxtdan etibarən artıq
tanınıb məşhurlaşan xanəndə Azərbaycanın
müxtəlif şəhər və rayonlarında, kəndlərində
böyük konsert proqramı ilə çıxışlar
etmişdir. Xanəndə 1963-cü il aprelin 17-18-də
Bakıda, aprelin 19-da Sumqayıtda, aprelin 20-də isə Azərbaycan
Dövlət Tibb İnstitutunda maraqlı konsertlər
vermişdir.
İndi
respublikada tanınmış müğənnilərdən
olan İ.Rzayevin, S.Abdullayevin, T.Mustafayevin, M.Məmmədovun,
T.Musayevin, Y.Əliyevin və başqa müğənnilərin
yetişməsində A.Abdullayevin böyük zəhməti
olmuşdur.
Ağabala
Abdullayev ayrı-ayrı vaxtlarda “Rast”, “Segah-Zabul”
muğamlarını, “Arazbarı”, “Qarabağ şikəstəsi”
ritmik muğamlarını, “Şamama”, “Güloğlan”,
“Qaçaq Nəbi” mahnılarını lentə
yazdırmışdır.
Ağabala
Abdullayev 1976-cı ildə vəfat etmişdir.
Həyatdan
vaxtsız köçmüş oğlu Zöhrab Abdullayev bir
neçə mahnının müəllifidir. Digər oğlu
Nizami Abdullayev neçə illərdir ki, “Zabul” instrumental
ansamblına rəhbərlik edir. O, oğlu balaca Ağabala ilə
ata-baba səsini, sənətini yaşadır.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 22 may.- S.14.