Tarı “klassikləşdirən” yenilikçi bəstəkar

 

Simfonik Orkestrdə ilk 7 tarzəndən biri

 

Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri də Hacı Xanməmmədovdur. O, musiqimizdə gözəl nümunələr yaratmış yaradıcı sənətkarlarımız sırasında yer alır. Bəstəkarın ilk dəfə yazdığı tar ilə orkestr üçün “Konsert” əsəri böyük uğur qazanaraq, uğurlu bir başlanğıc oldu. Onun solo tar aləti sahəsindəki müvəffəqiyyətli axtarışları və tapıntılar 2, 3, 4 və 5 saylı Konsertlərində də davam etdirildi.

 

Bu konsertlərin ilk ifaçıları Əhsən Dadaşov, Hacı Məmmədov, Ramiz Quliyev kimi görkəmli ustad tarzənlər olub. H.Xanməmmədovun tar konsertləri nəinki respublikamızda, habelə Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan respublikalarında uğurla səslənmiş, tədris repertuarına daxil edilmişdir.

Hacı Dadaş oğlu Xanməmmədov 1918-ci il iyunun 15-də Dərbənd şəhərində anadan olub. Gənc yaşlarından Bakıya gələn H.Xanməmmədovun Üzeyir Hacıbəyovla tanışlığı onun gələcək taleyini müəyyənləşdirib. 14 yaşında paytaxta üz tutan gənc Hacının bəstəkar və musiqiçi kimi püxtələşməsində Üzeyir bəy önəmli rolu olmuşdur. O, Ü.Hacıbəyovun himayədarlığı ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakültəsinə daxil olmuş və Səid Rüstəmovun tar sinfində təhsil almışdır.

1934-cü ildə Ü.Hacıbəyov H.Xanməmmədovu özünün rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosu nəzdindəki Xalq Çalğı Alətləri Orkestrinə solist kimi qəbul edir.

1937-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Koroğlu" operası tamaşaya qoyulanda Ü.Hacıbəyovun Simfonik Orkestrə dəvət etdiyi 7 tarzəndən biri H.Xanməmmədov idi.

1938-ci ildə Moskvada keçirilən Birinci Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyündə H.Xanməmmədov “Koroğlu” operasının tamaşasında orkestrin tərkibində iştirak etmiş və 1941-ci ildə həmin teatrla İranda qastrol səfərində olmuşdur.

“Vikipedia”nın bəstəkar haqqındakı bioqrafik məlumatında yazıldığına görə, 1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir bəyin təşəbbüsü ilə “Xalq musiqisinin əsasları” şöbəsi açıldığı zaman H.Xanməmmədov bu şöbəyə qəbul olunur. İkinci Dünya Müharibəsi illərində H.Xanməmmədov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor kimi fəaliyyət göstərməklə yanaşı, müəlliminin rəhbərliyi ilə bir sıra mahnı və marşlar, habelə o zaman tez məşhurlaşmış “Gözəl Pəri” mahnısını, Xalq Çalğı Alətləri Orkestri üçün “Qəhrəmani” əsərini bəstələyir.

Bəstəkarın tar ilə orkestr üçün “Konsert” əsərinin ardınca bir çox tanınmış bəstəkarlarımız - S.Rüstəmov, S.Ələsgərov, C.Cahangirov, T.Bakıxanov, R.Mirişli və b. bu janra müraciət etmiş və sanballı əsərlər yaratmışlar. Onu da xatırladaq ki, H.Xanməmmədovun 2 saylı “Konsert”i görkəmli dirijor V.Fedoseyevin idarəsi ilə Ümumittifaq Radiosunda lentə yazılmış və Mərkəzi Televiziyada videoyazısı var.

 

Qarayevin tələbəsi

 

1947-ci ildə H.Xanməmmədov öz təhsilini Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində davam etdirir. O, əvvəl professor Boris Zeydmanın sinfinə daxil olur, sonralar öz yaşıdı, böyük bəstəkarımız Qara Qarayevin sinfinə keçir. H.Xanməmmədov Qara müəllimin məsləhəti ilə diplom işi kimi tar ilə orkestr üçün “Konsert” əsərini yazır. Bu əsər Dövlət İmtahan Komissiyası tərəfindən əla qiymətləndirilir və gənc bəstəkarın istedadı musiqi ictimaiyyətinin diqqətini cəlb edir. O vaxtlar hamı Azərbaycanın qüdrətli bəstəkarlar dəstəsinə öz sözü, öz nəfəsi olan bir bəstəkarın gəlişini çox yüksək qiymətləndirirdi.

1990-cı ildə H.Xanməmmədov yenə də musiqimizdə ilk dəfə olaraq kamança və orkestr üçün “Konsert” bəstələyir və əsər mərhum sənətkarımız Ədalət Vəzirovun ilk və kamil ifasından sonra tez bir zamanda məşhurlaşır, ifaçıların repertuarına və tədris proqramlarına daxil olur.

H.Xanməmmədovun istedadı digər janrlarda da özünü bariz şəkildə nümayiş etdirmişdir. Keçən əsrin 60-cı illərində bəstəkar Azərbaycan Dövlət Musiqili Komediya Teatrında səhnələşdirilmiş “Bir dəqiqə” (librettosu Məhərrəm Əlizadənin), “Bütün ərlər yaxşıdır” (librettosu Aleksandr Xaldeyevin) musiqili komediyalarını yaradır. Diqqətəlayiqdir ki, “Bir dəqiqə” musiqili komediyası 1965-ci ildə teatrın Moskvada qastrol səfəri zamanı Kremlin Qurultaylar Sarayında uğurla göstərilmişdir.

Bəstəkarın Xalq Çalğı Alətləri Orkestri ilə yaradıcılıq əlaqəsi də geniş idi. Onun orkestr üçün “Azərbaycan eskizləri”, “Kolxoz”, “Bayram” süitaları, bir neçə rəqs, orkestrin müşayiəti ilə səslənən bütün mahnılarını nümunə göstərə bilərik. Xüsusilə, H.Xanməmmədovun yaradıcılıq tapıntıları onun “Azərbaycan eskizləri” süitasında və “Simfoniyetta”da bariz nəticəsini vermişdir.

 

Ölməz əsərlərin müəllifi

 

H.Xanməmmədov həm də gözəl mahnılar müəllifidir. Onun 150-dən çox mahnısı görkəmli müğənnilərimizin repertuarında layiqli yer tutur. Bu mahnıların mətnini Aşıq Ələsgər, Mikayıl Müşfiq kimi görkəmli şairlərin şeirləri təşkil edir. Xüsusilə, H.Xanməmmədovun lirik mahnıları xalqımız arasında geniş yayılmışdır. Bu baxımdan “Yaşa könül”, “Arzuya bax, sevgilim”, “Yadıma düşdü”, “Gözünə qurban”, “Güllü”, “Ceyran”, “Getmə, amandır”, “Oxu, sevgilim” və s. gözəl örnəklərdir.

H.Xanməmmədov görkəmli bəstəkar, dirijor olduğu kimi, eyni zamanda təcrübəli pedaqoq idi. Onun professional musiqi kadrlarının tərbiyəsində mühüm xidməti olmuşdur. 40 ildən artıq bir dövrdə H.Xanməmmədov Bakı Musiqi Texnikumunda dərs demiş, 1957-ci ildən isə indiki Bakı Musiqi Akademiyasında çalışmışdır. O, “Xalq çalğı alətləri” kafedrasının dirijorluq üzrə professoru, son illərdə isə “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının məsləhətçisi idi.

H.Xanməmmədov 1951-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub. O, müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri kimi məsul vəzifələrdə çalışmış, bir bəstəkar və ictimai xadim kimi çox faydalı işlər görmüşdür. Bu fədakar sənətkarın xidmətləri layiqincə qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1967), Azərbaycan Respublikasının xalq artisti (1988) fəxri adlarına, “Rəşadətli əməyə görə” medalına (1985), “Şöhrət” ordeninə (2000) və Prezident təqaüdünə (2001) layiq görülmüşdür.

Onu tanıyanlar bəstəkarın yüksək etikaya malik, alicənab və təvazökar, sadə bir insan olduğu barədə ürək dolusu danışırlar.

Görkəmli bəstəkarın ən məşhur əsərləri bunlardır: kamança və simfonik orkestr üçün konsert (1991); “Əlimdə sazım ağlar” solist və xalq çalğı alətləri orkestri üçün poema (1991); Tar və simfonik orkestr üçün 5 saylı konsert (1993). S.Vurğun, Ş.Qurbanov, R.Rza, M.İsmayıl, H.Abbas, M.Əsgərli, B.Azəroğlu, Aşıq Alı, Q.İsabəyli, Ş.Manafov və b. şairlərin sözlərinə yazılmış mahnılar (1990-2001).

Bakı Musiqi Akademiyasının professoru Hacı Xanməmmədov 2005-ci il aprelin 7-də ömrünün 87-ci ilində vəfat etmişdir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 23 may.- S.14.