O unudulmaz
mahnının söz yazarı...
Dillərdən
düşməyən 300 mahnı...
Azərbaycan
ədəbiyyatının unudulmaz nümayəndələrindən
biri də gözəl mahnılar müəllifi Tofiq Mütəllibovdur.
300-dən artıq mahnının müəllifi olan Tofiq
Mütəllibov Azərbaycan ədəbiyyatı və mədəniyyətinin
inkişafında mühüm xidmətlər göstərmişdir.
1929-cu ildə
Naxçıvan şəhərində ziyalı bir ailədə
anadan olmuş Tofiq Mütəllim oğlu Mütəllibov orta
təhsilini öz doğma şəhərində başa
vurmuşdur. Sonra o, təhsilini Azərbaycan Dövlət
Universitetində davam etdirmişdir.
Tofiq
Mütəllibov “Pioner” jurnalında məsul katib, Televiziya və
Radio Verilişləri Komitəsində redaktor, baş redaktor,
“Azərbaycan pioneri” qəzetində şöbə müdiri vəzifələrində
çalışıb. Bundan sonra isə ömrünün
sonuna qədər “Azərbaycan gəncləri” qəzetində
işləyib. O, 20 il “Azərbaycan gəncləri” qəzetində
ədəbiyyat və incəsənət şöbəsinə
rəhbərlik edib.
Tofiq
Mütəllibov ötən əsrin 50-ci illərindən
şair kimi tanınmış, 30-a yaxın kitabın müəllifi
olmuşdur. “Görüş”, “Şeirlər”, “Bəxtiyar
balalar”, “Gözəllikdən doymur ürək”, “Sənin xətrinə”,
“Danışan çiçəklər”, “Mənim əzizlərim”,
“Görüş yerimiz” və başqa kitabları ilə oxucu
rəğbəti qazanan Tofiq Mütəllibovun pərəstişkarlarına
son töhfəsi ölümündən bir qədər əvvəl
çap edilən “Sevənlərin ürəyi” adlanır.
Bir
çox məşhur bəstəkarlar Tofiq Mütəllibovun
yaradıcılığına müraciət etmiş, onun
sözlərinə musiqi bəstələmişlər.
Tofiq
Mütəllibovun bəstəkar Qənbər Hüseynli ilə
birlikdə yazdığı “Cücələrim”
mahnısı dünyanın bütün ölkələrində
sevilmiş, mahnının mətni bir çox xalqların dillərinə
tərcümə olunmuşdur.
Şair
“Cücələrim”i hələ orta məktəb şagirdi
olarkən yazmışdı və çox qısa vaxt ərzində
dillər əzbəri olan bu nəğmə gənc müəllifin
o vaxtkı Yazıçılar İttifaqına üzv qəbul edilməsi
üçün zəmanət rolunu oynamışdı.
Tofiq
Mütəllibov danışırdı ki,
Yazıçılar İttifaqının
həmin iclasında onun ittifaqa daxil olmaq üçün
yazdığı ərizəsini, hətta Azərbaycan ədəbiyyatını
və ədiblərini məsxərəyə qoymaq kimi dəyərləndirməyə
başlamışdılar. İclasa
gecikən Səməd Vurğun iclasın sonunda bu məsələnin
müsbət həll olunmasını təklif etmiş və
beləliklə, Tofiq Mütəllibov Yazıçılar İttifaqına üzv qəbul
edilmişdir.
Tofiq
Mütəllibov Yazıçılar İttifaqının həmin
iclası barədə belə deyirdi: “...Həmin iclas mənim
üçün bir məktəb oldu. İclas başlananda
varlığıma məhəl qoymayan, qəbul məsələsi
ortaya çıxanda məni didib-parçalamağa hazır
olan, Səməd Vurğun Ittifaqın sədri olduğuna
görə onun bir sözüylə fikrini dərhal dəyişən
adamlar iclasdan sonra məni təbrik eləməyi,
heyranlıqlarını bildirməyi özlərinə əsla
ayıb saymadılar. Elə həmin vaxtdan etibarən insanlara
sözünə görə yox, əməlinə görə
qiymət vermək lazım gəldiyini birdəfəlik
anladım...”
Dostun xatirələri...
Uzun illər
“Azərbaycan gəncləri” qəzetində Tofiq Mütəllibovla
birlikdə çalışmış Şakir Yaqubov: “Azərbaycanda
və xaricdə çap olunmuş 30-dək kitabın müəllifi,
nəğməkar şair Tofiq Mütəllibova əbədiyaşarlıq
bəxş edən əsərləri arasında ”Cücələrim"in
öz yeri var. Xüsusən, sovet illərində
dünyanın bütün qitələrində səslənən,
yüz milyonlarla dinləyicini vəcdə gətirən,
uşaqlar qədər böyüklərin də qəlbini fəth
eləyən bu nəğmə sözlə musiqinin həmahəngliyinə,
vəhdətinə bənzərsiz bir nümunədir, musiqisi
hansısa çalğı alətindən süzülən
melodiya, sözləri hansısa poeziya qanunlarına, ənənələrinə
tabe etdirilmiş nəzm parçası deyil. “Cücələrim”də
musiqi sözlərin özündə, səslərin
alliteasiyasındadır, istəsən də həmin sözləri
ayrı melodiyaya qoşa bilməzsən, ayrı ahəngə
tabe etdirə bilməzsən. Sadə sözlər, aydın
fikirlər əslində, mətn görkəmində olan,
körpə qığıltısıtək təbii və
anlaşıqlı, ana laylasıtək ruh oxşayan bir
melodiyadır.
Bəstəkar
Qənbər Hüseynlinin böyük istedadına zərrə
qədər şübhə eləmədən deyə bilərəm
ki, “Cücələrim”in əbədiyaşarlığını,
heyrətamiz populyarlığını təmin edən
başlıca amil 300-dək nəğmənin müəllifi
olan Tofiq Mütəllibovun şair, nəğməkar xislətidir".
Tofiq
Mütəllibov unudulmaz bəstəkar Qənbər
Hüseynli ilə birlikdə musiqi dünyamıza bəxş
etdikləri “Cücələrim” kifayətdir ki, hər iki sənətkar
mədəniyyət tariximizdə əbədi qalsın.
Azərbaycanın
məşhur bəstəkarlarından Fikrət Əmirov,
Ağabacı Rzayeva, Arif Məlikov, Ələkbər
Tağıyev, Hacı Xanməmmədov, Ramiz Mustafayev, Tofiq
Bakıxanov, Nəriman Məmmədov, Şəfiqə
Axundova, Oqtay Rəcəbov kimi bəstəkarlar Tofiq Mütəllibovun
dillər əzbəri olan mahnılarına musiqi bəstələmişlər.
Bu mahnıları da dövrün çox məşhur
müğənniləri məlahətlə ifa edərdilər.
Onun mahnıları həmişə sevilə-sevilə dinlənilirdi.
Uşaqların sevimli şairi...
Tofiq
Mütəllibov uşaqlar üçün işləməyi
çox sevirdi. Müəllifin “Cücələrim”, “Meşə
nağılı”, “Danışan qayalar” pyesləri müvəffəqiyyətlə
tamaşaya qoyulmuşdu. Tofiq Mütəllibovun
yazdığı uşaq şeirləri dillər əzbəri
olub.
Şairin
son misraları da məhz uşaq şeiri olub. Onu
ölümündən 13 gün əvvəl doğum
günü münasibətilə nəvəsi Aytaca yazıb:
Bir
yaşı var Aytacın,
Günəş
hörübdür saçın.
Çiçək
bilib arılar,
Üst-başına
sarılar.
Yanaqları
dan kimi,
Baxışı
ceyran kimi.
Tez boy at
Aytacımız...
Bəstəkar
Nadir Əzimovun şairin sözlərinə bəstələdiyi
“Barışırlar küsənlər” adlı məşhur
mahnısı da dillər əzbəri olub:
Gözünüz
aydın olsun,
Yasəmənlər,
süsənlər.
Məhəbbət
bayramıdır,
Barışırlar
küsənlər.
Tofiq
Mütəllibovun jurnalistlik fəaliyyəti də təqdirəlayiqdir.
Ədəbiyyat və incəsənət xadimləri ilə
bağlı qələmə aldığı yazılar hələ
də yaddaşlardan silinməyib. Tofiq Mütəllibov əsl ədəbiyyat
keşikçisi idi. Tərcümə ilə də məşğul
olardı. Orta Asiyada yaşayan şairlərdən tutmuş,
Rusiyadakı həmkarlarına kimi çoxunun
yaradıcılığından Azərbaycan dilinə tərcümələr
etmişdi.
Tofiq
Mütəllibovun qələmindən çıxan
bütün misralar poetik yükünə, dəyərinə
və mövzusuna görə çox maraqlı və təsirlidir.
Tofiq Mütəllibov yalnız Azərbaycan poeziyasının
inkişafında yaratdığı əsərlərinə
görə yox, həm də onun keşikçisi kimi ehtirama
layiqdir.
Şakir
Yaqubov o günləri belə xatırlayır:
“Çoxları kimi mənim də nəğməkar-şair,
əməkdar incəsənət xadimi Tofiq Mütəllibovla
tanışlığım qiyabi - məşhur ”Cücələrim"
mahnısının hesabına olub, şəxsi
tanışlığımız isə “Azərbaycan gəncləri”
qəzeti redaksiyasına gəldiyim günlərə -
1974-cü ilin avqustuna təsadüf edib.
Sərasər
13 il bir qəzetdə işlədik və mən Tofiq müəllimi
şairliklə bərabər, həm də bir insan kimi kifayət
qədər tanıyıb-öyrəndim. Yox, biz dost
olmadıq, yaxın yoldaş olmadıq - ən azı,
aramızdakı 22 illik yaş fərqi buna imkan vermirdi, amma hər
halda, sözümüz bir-birimizin boğazından ötən
səmimi iş yoldaşı olduq, bir insan, qələm sahibi
kimi bir-birimizin yerini bildik. Ona görə də Tofiq Mütəllibov
indi “yaddaşımın küncündə” yox, tən
ortasında olan azsaylı insanlardandır".
Tofiq
Mütəllibov 1992-ci il oktyabrın 30-da vəfat edib.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 24 may.- S.14.