Uzun əsrlərlə yaşıd tibb tariximiz

 

Xalq təbabətindən tibb elminə...

 

Azərbaycanda tibb elminin tarixi ilə bağlı faktlar yolumuzu çox uzaq tarixə aparır. Ölkənin fərqli yerlərində aparılmış arxeoloji qazıntılar nəticəsində bir sıra önəmli dəlillər əldə olunmuşdur ki, bunlar tibb tarixinin minilliklər öncəyə gedib çıxdığını isbatlayır. Hələ 980-1037-ci illərdə yaşamış böyük təbib Əbu Əli ibn Sina  bütün Şərq ölkələrində, o cümlədən Azərbaycanda tibb sahəsində ən tanınmış alim sayılırdı.

 

OnunTibb qanunları” (Əl-qanun fi ət-tibb) əsərinin ən qədim nüsxələrindən biri (1143-cü ildə köçürülmüş) Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır.

Qədim dövrlərdən xalq təbabəti kimi tanınan tibbi biliklər sonralar bir sıra mərkəzlərdə toplaşan alimlər tərəfindən elm sahəsi kimi təşəkkül tapmağa başladı. Beləliklə, ilk tibb müəssisələrinin əsası qoyulmuş oldu. Hələ XI əsrdə Şamaxının Məlhəm qəsəbəsində, indiki deyimlə ifadə edilən Akademiyayaxud Universitet yaradılmışdı. Məlhəm Mədrəsəsi kimi tanınan bu elm ocağının banisi görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin əmisi həkim Kafiyəddin Ömər idi. Bu mədrəsədə tibb, anatomiya, əczaçılıq elmləri ilə yanaşı riyaziyyat, məntiq, ilahiyyatsair fənləri də öyrənirdilər.

Bundan başqa, XIV əsrin əvvəllərində Təbriz şəhərində yaradılan “Darüş-Şəfa” (Şəfa Evi) adında bir mərkəz çox məşhur idi. Bu mərkəzin nəzdində mədrəsə, iri xəstəxana və əttar dükanı (aptek) vardı. O dövrdə Azərbaycanda Əbdülməcid Təbib, Nəmvar Təbrizi kimi alimlər və həkimlər fəaliyyət göstərirdi.

Bir az sonrakı tarixdə, XV əsrdə təkcə Cənubi Azərbaycanda 60-dan çox iri xəstəxana vardı. Onların ən möhtəşəmi Sultan Yaqub Ağqoyunlunun (1478-1490) Təbrizdəki “Yeddi Cənnət” sarayında yerləşirdi. Bu xəstəxanada eyni vaxtda minə yaxın adam müalicə oluna bilərdi. Həkimlər 900-ə yaxın dərman bitkisindən istifadə edirdi. Xəstəxananın nəzdində olan əttar dükanında (aptekdə) dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Hindistan və Çindən gətirilmiş dərman bitkiləri satılırdı.

Azərbaycanda tibb tarixinin araşdırılmasına da uzun illər bundan əvvəl başlanıb. 1892-ci ildə Azərbaycan alimi Əbdülxaliq Axundov ölkəmizdə tibb tarixinin araşdırılmasının təməlini qoydu. O, Əbu Mənsur Hərəvinin XI əsrə aid məşhur əczaçılıq ensiklopediyasını fars dilindən Alman dilinə tərcümə etdi.

1895-ci ildə Bakıda Tibb Cəmiyyəti təsis edildi ki, Məmməd-Rza Vəkilov və Kərim bəy Mehmandarov cəmiyyətin təsisçilərindən idi.

 

Yeni mərhələyə doğru...

 

Məlum olduğu kimi, XX əsrin əvvəllərində xarici ölkələrdə təhsil ala bilən azərbaycanlı gənclərin sayı çox az idi. İ. Mehmandarov, K. Mehmandarov, X. Rəfibəyov, M. Axundov, M. Sultanov, M. Mirqasımov, S. Ağamirzəyev və başqaları xaricdə təhsil almış ilk tibb mütəxəssislərimiz idi. Məlumdur ki, belə insanların adları yalnız barmaqla sayıla bilərdi. 1913-1914-cü illərdə Azərbaycanın ambulatoriya və müalicəxanalarında cəmi 45 həkim çalışırdı və onlardan cəmi 11 nəfəri azərbaycanlı mütəxəssis idi. Yalnız Bakı və Gəncə şəhərlərində müstəqil sanitar xidməti fəaliyyət göstərirdi.

Azərbaycanda tibb elminin inkişafı sonrakı illərdə də inkişaf etdirilib. XIX əsrin II yarısında müxtəlif ölkələrin məşhur universitetlərində təhsil almış ilk azərbaycanlı həkimlər tibb elminin inkişafına böyük töhfələr verdilər. Həmin görkəmli şəxslər sırasında Mirzə Kazım bəy də vardı. O, 1887-ci ildə “Ürəyin innervasiyasına dair materiallarmövzusunda dissertasiya müdafiə edərək, doktorluq dərəcəsi almışdı. Mirzə Kazım bəyin terapiya elminin inkişafında, difteriyaya qarşı mübarizədə və s. böyük xidmətləri olub.

Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə ambulator xidmətin ilk təşkilatçısı isə M.Vəkilovdur. O, Bakıda ilk pulsuz müalicəxana (poliklinikanı) yaradıb və daha sonra onların sayının artırılması barədə məsələ qaldırıb. Bakı şəhərində 6 müalicəxana açılmasına nail olub. İ. Rəhimov ilk azərbaycanlı psixiatr, M.İ. Şərifov ilk sanitar həkim, Ə. Axundov ilk ruhi xəstəliklər klinikasının təşkilatçısı olub. Azərbaycan təbabətinin inkişafında, səhiyyə ocaqlarının, elmi-tibbi müəssisələrin təşkilində Nəriman Nərimanovun böyük rolu olub. Mirzə Məmmədqulu Qayıbov, Əbdülkərim Mehmandarov, Xudadat bəy Rəfibəyli Azərbaycan elmi cərrahlığının bünövrəsini qoyublar.

Azərbaycanda ilk Səhiyyə Nazirliyinin təsis olunması 1918-ci ildə Xalq Cümhuriyyətinin yarandığı dövrə təsadüf edir. Nazirliyin yaradılması ilə 5 əsas şöbəsi - şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri təsis olundu. Azərbaycanın səhiyyə naziri vəzifəsinə 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş cərrah Xudadat bəy Rəfibəyov təyin edildi. Onun rəhbərliyi müddətində dövlət hesabına pulsuz xəstəxanalar açıldı, yeni tibb ocaqlarının, laboratoriyaların tikintisinə başlanıldı və lazımi avadanlıqlar alındı, yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görüldü.

 

Milli kadrların yetişdirilməsi

 

Bu dövrdə Bakıda, Gəncədə və başqa şəhərlərdə onlarca yeni klinika və xəstəxanalar açıldı. 1919-cu ildə Bakı Dövlət Universiteti təsis edildikdə, tərkibində tibb fakültəsi də fəaliyyətə başladı.

Xalq Cümhuriyyəti yarandığı ilk gündən səhiyyənin bütün istiqamətlərdə inkişafını sürətləndirmək üçün tədbirlər görüldü. Hökumət əhaliyə göstərilən tibbi xidməti yaxşılaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün hərtərəfli planlar işləyib hazırladı, qərarlar qəbul etdi və Səhiyyə Nazirliyi qarşısında çox ciddi vəzifələr qoydu. Onlardan ən önəmlisi əhalinin sağlamlığının qorunması üçün lazımi şəraitin yaradılması və antisanitariya ilə mübarizənin gücləndirilməsi idi.

Bu illərdə AXC hökumətinin xüsusi diqqət yetirdiyi sahələrdən biritibbi kadrların hazırlanması idi. Bunu nəzərə alaraq, bir qrup gənc xarici ölkələrdə təhsil almağa göndərildi. Şübhəsiz, bununla problemin həllinə nail olmaq çətin idi. Vəziyyət yalınız hökumətin 1919-cu ildə sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qərarından sonra dəyişdi. Bununla, tibb elminin inkişafına yeni təkan verilmiş oldu. Burada tibb fakültəsinin ilk dekanı isə professor İ.İ. Şirokoqorov oldu. O illər tibb fakültəsini bitirənlər arasında gələcəyin görkəmli alimləri yetişdi. Bunlara universitetin ilk məzunlarından akademik C. Əfəndiyevin, professorlar K. Balakişiyevin, Ə. Sultanovun, A. Tahirovun, A. Qarayevin, A. Sadıqovun və başqalarının adını qeyd etməyə dəyər. Bununla, bir neçə ildən sonra universitetdə ilk azərbaycanlı elmlər doktorları - M. Mirqasımov, M. Topçubaşov, M. Sultanov, S. Vəlixan, A. Cəfərov var idi.

AXC hakimiyyətinin süqutundan sonra yeni yaranan Xalq Səhiyyə Komissarlığı tibb sahəsinin inkişafı üçün bir önəmli addımlar atdı. Ölkədə geniş yayılmış vəba, çiçək, malyariya, qarın yatalağı, qızılca kimi yoluxucu xəstəliklərlə mübarizə  genişləndirildi. Səhiyyə komissarı (səhiyyə naziri) vəzifəsinə 1921-ci ilin 28 noyabrında M. Qədirli təyin edildi. M.Qədirlinin fəaliyyəti dövründə vahid tibbi-səhiyyə sistemi yaradıldı, kadr hazırlığına, kənd səhiyyəsinin yüksəldilməsinə, əhalinin dərman təminatının yaxşılaşdırılmasına, qadın və uşaqlara tibbi xidmətin inkişafına xüsusi fikir verildi.

Tibb tariximizdən danışarkən, Azərbaycanın ilk qadın səhiyyə naziri olmuş professor Kübra Fərəcovanın adını da qeyd etmədən keçmək olmaz. Görkəmli tibb alimi 1938-1939-cu illərdə xalq səhiyyə komissarı, 1947-50-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri olub. O, 1950-1980-ci illərdə Ana və Uşaqları Mühafizə İnstitutuna rəhbərlik edib.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 Azadlıq.- 2013.- 2 noyabr.- S.14.