Unudulmaz filmlərdə qalan imza
Onun qəhrəmanlarını hamı tanıyır...
Azərbaycan kinosunun inkişafında və parlaq ekran əsərlərinin yaradılmasında rejissorlarımızın da misilsiz xidmətləri var. Belə sənətkarlardan biri də unudulmaz filmlərə öz möhürünü vurmuş görkəmli rejissorumuz Kamil Rüstəmbəyovdur.
Kamil Rüstəmbəyovun quruluş verdiyi filmlər zamanında ümumittifaq
ekranında göstərilmək üçün
qəbul edilmiş ən gözəl əsərlər
sırasına daxildir. 1966-cı ildə
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına dəvət
olunan Rüstəmbəyov burada
“Dağlarda döyüş”,
“Axırıncı aşırım”,
“Dərviş Parisi partladır” (Şamil Mahmudbəyovla birgə), “Gözlə
məni” bədii filmlərinə, “Mahnı qanadlarında”
film-konsertinə quruluş vermiş
və bütün bu
filmlər ümumittifaq ekranında
göstərilmişdir. Onun çəkdiyi
“Axırıncı aşırım” kinoromanı isə
1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq
kinofestivalında nümayiş etdirilmişdir. Bu filmə
çəkilmiş aktyorlardan Adil İsgəndərov
Kərbəlayı İsmayıl,
Həsən Məmmədov isə Abbasqulu
bəy rollarının ifasına görə mükafata
layiq görülmüşlər.
Kamil
Aslan oğlu Rüstəmbəyov 1924-cü ildə
Bakıda anadan olub. 1953-cü ildə
Azərbaycan Dövlət
Teatr Institutunu bitirən Kamil Rüstəmbəyov 1956-cı ildə
Bakı televiziyası
fəaliyyətə başlayanda
məsul redaktor vəzifəsində çalışmış,
televiziyasının ilk yaradıcılarından
biri olmuşdur. Sonradan burada böyük rejissor, baş rejissor işləmiş, bir sıra maraqlı
verilişlər hazırlamışdır.
Rüstəmbəyov eyni zamanda müxtəlif illərdə
“Azərbaycanfilm” kinostudiyasında
quruluşçu rejissor,
xalq studiyasında bədii rəhbər, aktyor şöbəsinin bədii rəhbəri, rejissor vəzifələrində
də çalışmışdır.
1960-cı ildə milli televiziyanın tarixində ilk dəfə
olaraq şair Səməd Vurğunun “Aygün” poeması üzrə çəkilən
eyni adlı tammetrajlı bədii filmə quruluş vermişdi. Telestudiyada
“Zəncirlənmiş adam” bədii televiziya və bir sıra sənədli
televiziya filmlərini,
film-konsertlər çəkmişdir.
Onu
da xatırlatmaq yerinə düşərdi
ki, “Aygün” Azərbaycan televiziya tarixinə ilk bədii film
kimi daxil olmuş və həmin dövrdə publisist Nurəddin Babayev “Kommunist” qəzetində dərc etdirdiyi məqaləsində
bu filmi yüksək qiymətləndirmişdi. Sonralar bu ssenari əsasında
libretto yazıldı və
bəstəkar Zakir Bağırov “Aygün” operasını yaratdı.
O da haqsızlığı
görmüşdü...
Rüstəmbəyovun “Azərbaycanfilm” kinostudiyasında
fəaliyyəti barədə
əməkdar incəsənət
xadimi, kinoşünas
Aydın Kazımzadə
belə yazır: “Kinostudiyada işlədiyi dövrdə yeni çəkiləcək ”Yeddi oğul
istərəm" bədii
filminə quruluş vermək Kamil müəllimə tapşırılır.
Rejissor ssenarisini hazırlayır,
aktyorları seçir,
çəkiliş aparacağı
yerləri təyin edir, hətta məşqlərə də
başlayır. Lakin günlərin
birində ssenarini onun əlindən alıb başqasına verirlər. Səbəb? Heç nə
- Kamil müəllim kommunist deyildi! Bu hadisə Kamil
müəllimə çox
pis təsir edir. O, kinostudiyanı
tərk edib özünə qapanır.
Film isə yubiley
filmi idi. Bu əhvalatdan sonra
kinostudiyanın direktoru
Adil İsgəndərov
Kamil Rüstəmbəyovun
evinə gəlir; “Bu tələ sənə yox, mənə qarşı qurulmuş tələdir” deyir.
Bu qürurlu adam
isə baş vermiş bu hadisə ilə heç cür barışa bilmir..."
Yazıçı
Fərman Kərimzadənin
özünün məşhur
“Qarlı aşırım”
romanı əsasında
ssenarisini yazdığı
“Axırıncı aşırım”
filmində Kamil Rüstəmbəyov bacarıqlı
rejissor kimi bir daha özünü
təsdiq etmiş və bu film böyük marağa səbəb olmuşdur.
Bu ekran əsərindəki hadisələr
hadisələr sovet hakimiyyətinin qurulduğu
ilk illərdə Azərbaycanın
dağ kəndlərinin
birində baş verir və filmdə
Abbasqulu bəylə Kərbəlayi İsmayılın
toqquşması tamaşaçıda
böyük maraq doğurur.
Görkəmli yazıçı,
rejissor Həsən Seyidbəyli bu film haqqında öz təəssüratlarını belə ifadə etmişdir: “Bu film K.Rüstəmbəyovun
uğurudur. ”Dağlarda
döyüş" filmindən
sonra onun yaradıcılığında əhəmiyyətli addımdır.
Ekranda öz taleləri, tərcümeyi-halları və
faciələri olan inandırıcı insanlar
göründülər. Bütövlükdə maraqlı aktyor
ansamblı seçilmişdir.
Həsən Məmmədovun
ifasında Abbasqulu bəy və Adil İsgəndərovun ifasında Kərbəlayı
xüsusilə fərqlənirlər..."
Aydın Kazımzadə
bu film haqqında belə yazır: “Filmdə tarixi həqiqətlər müəyyən
qədər qorunub saxlansa da, əsl
həqiqət belədir
ki, Abbasqulu bəy daşnaklar tərəfindən qətlə
yetirilib. Kəndlilərin üsyanı isə
1930-cu ildə yatırılmış,
80 nəfər üsyançıdan
63 nəfəri Türkiyəyə
keçmişdir. 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq
kino festivalında münsiflər heyətinin
üzvü olan Həsən Seyidbəyli danışırdı ki,
festival filmləri arasında
”Axırıncı aşırım"
daha çox maraqla baxılırdı.
Bu, təkcə mənim yox, məsuliyyətli münsiflər
heyətinin bütün
üzvlərinin fikri idi. Təsadüfi deyil ki, filmin
baş qəhrəmanlarını
ifa edən Adil İsgəndərov və Həsən Məmmədov “ən yaxşı kişi rollarına görə” mükafatı bölüşdülər".
K.Rüstəmbəyov
televiziyada çalışdığı
illərdə Mərkəzi
televiziyanın sifarişi
ilə “Mahnı qanadlarında” adlı
film-konserti də çəkmişdir. Bu film-konsertdə Bakının musiqi və gözəllik aləmi öz əksini tapmışdır.
Aktyor seçiminə xüsusi önəm verirdi...
Kamil Rüstəmbəyov
rejissor Şamil Mahmudbəyovla birlikdə 1976-cı ildə
milli dramaturgiyamızın
banisi M.F.Axundovun ikinci
dram əsərinin motivləri
əsasında yazılmış
“Dərviş Parisi partladır” kinokomediyasını
da çəkmişlər.
K.Rüstəmbəyov
çəkdiyi filmlərdə
aktyor seçiminə
xüsusi önəm verirdi. Bu barədə o deyirdi ki: “Yaxşı
aktyor rejissor üçün tapıntı
olduğu kimi, yaxşı rejissor da aktyor üçün
tapıntıdır”.
Onun çəkdiyi filmlərə nəzər
salsaq, yaratdığı
gözəl aktyor ansamblının şahidi
olarıq: “Aygün”də
Nəcibə Məlikova,
Həsənağa Salayev,
“Zəncirlənmiş adam”da
Ağadadaş Qurbanov,
Tamilla Ağamirova, “Axırıncı aşırım”da
Adil İsgəndərov,
Həsən Məmmədov,
Məlik Dadaşov, “Dərviş Parisi partladır”da Leyla Bədirbəyli, Həsənağa
Turabov, “Gözlə məni”də Rasim Balayev, Amaliya Pənahova və s.
Əməkdar artist Elxan
Qasımov rejissor Kamil Rüstəmbəyov haqqında öz fikrini belə ifadə edir: “Biz onu bəy kimi
tanımışdıq. O, heç vaxt əyilən kişi
deyildi. Bəli, elə kişilər
vardı. O, öz
qızıllarını satıb ”Aygün" kimi film çəkdi. Biz onunla uzun-uzadı söhbət edərdik.
O, heç vaxt bizə “öyrənin” demirdi. Amma onunla söhbətdən
sonra öz-özümüzə
deyirdik ki, belə olmaq yaxşıdır. Kamil müəllim
böyük aktyorlarla
işləyirdi. Adil İsgəndərov,
Rza Əfqanlı, Həsən Məmmədov,
Həsən Turabov, Leyla Bədirbəyli kimi aktyorlar onunla işləməkdən
qürur duyurdular.
Kamil Rüstəmbəyov bu gün fəxri adı olmasa da, öz heykəlini
yaradıb".
Məşhur rejissorla
televiziyada birgə işləmiş Oktay Babazadə həmin illəri belə xatırlayır: “Mən televiziyaya gələndə
orada artıq Arif Babayev, Kamil
Rüsbəmbəyov kimi
rejissorlar çalışırdı.
Onlar bir-birindən istedadlı rejissorlar idi. Mən Kamilin mərdliyini, insanlığını, sözünü
yerində deməyi bacardığını görmüşdüm.
Onun rəftarı bizim üçün məktəb idi”.
Kamil Rüstəmbəyov “Gözlə məni”
tarixi-inqilabi filmini də
çəkmişdir. Bu film
görkəmli dramaturq İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesinin
motivləri əsasında çəkmişdir. Filmdə 1917-1920-ci illərdə Azərbaycanda baş verən tarixi hadisələrdən
- inqilab dalğasının Dağlıq
Qarabağın ən ucqar guşələrinə
belə gedib çıxmasından,
Qırmızı Ordu dəstələrinin
yerli feodalların hakimiyyətini öz əllərinə almalarından və burada yeni qayda-qanun
yaratmalarından danışılır.
Yaratdığı və
quruluş verdiyi
neçə-neçə ekran əsərləri
ilə rejissor Kamil
Rüstəmbəyov adı kino tariximizdə
əbədi yaşayır...
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2013.- 5 noyabr.- S.14.