Böyük tarixin şahidi Neftçala

 

Uzaq minilliklərə aparan izlər...

 

Azərbaycanın zəngin neftqaz yataqları tarixən ölkəmizdə bir sıra yer adlarının yaranmasına da əsas vermişdir. Belə yer adlarından biri də Neftçaladır. Neftçala toponimi "neft" və "çala" sözlərindən ibarət olubneftli çala” mənasını daşıyır.

 

Tarix etibarilə, bu rayon Sovet hakimiyyətinin ilk illərində Neftçala ərazisində yaranmışdır. Burada böyük  neft  yataqları aşkar edildikdən sonra fəhlə və qulluqçular üçün Trest, Qəsəbə  adlı iri yaşayış məntəqələri salınmışdır. 1952-ci ildə rayona xalq arasında söyləndiyi kimi  Neftçala  adı verilmişdir. Ona qədər bu adı uzun müddət 26-lar qəsəbəsi  daşımışdır. Əhali arasında bura Nöyütxana da deyilirmiş. Bundan başqa, tarixi mənbələrdə  Neftçala adı Boyat, Seyidlər, Qobu, Çala, Pirətəvan adları ilə yanaşı işlədilib.

Vikipediada bu ərazinin tarixi ilə bağlı maraqlı elmi məlumatlar yer alır. Tarixən yazılı mənbələrdə  Kür çayının mənsəbi sahəsində böyük bir şəhərin olduğu barədə faktlar var. Bu barədə çoxlu mülahizələrin olmasına baxmayaraq, indiyədək heç kəs “Xaraba şəhər” və yaYunan şəhəri”n yerini tapa bilməmişdir. Ancaq bölgənin tarixini ətraflı araşdırmış Azər TuranDarülmöminin” kitabında tarixi faktlara, xüsusən Bəzzazın (XIV yüzil) “Səfvətüs Səfa” əsərinə əsaslanaraq, bu şəhərin Kuştaspi adlandırıldığını, Kuştaspinin isə bir müddət Şirvanşahlar dövlətinin paytaxtı olduğunu bildirir. Deyilənlərə görə, çox-çox qədimlərdə Kür çayı  indiki  Cəngən kəndi  yaxınlığında daha bir qola ayrılırmış. Şirvan düzünə əyilib xeyli şimala doğru gedən bu qol  Baba Zənan (Babazanlı) dağının  cənub ətəyini yarandan sonra  Dirov dağının (İlan dağ)  ətrafında dövrə vurub  Xəzər dənizinə tökülürmüş. Həmin bu adada çox böyük bir şəhər mövcud imiş.

Cənub-Şərqi Şirvan düzündə, Kür çayının mənsəbi yaxınlığında, keçmiş Nord-Ost Qoltuq kəndi ilə Bəndovan (el arasında ona Bəbduan, yaxud Bəndyuyan) burnu arasında şəhər xarabalığı var. Xarabalıqda həm quruda, həm də dənizdə IX-XI əsrə aid çoxlu maddi və mədəni qalıq nümunələri (üzəri həndəsi və nəbati naxışlarla örtülmüş şirlişirsiz gil qab parçaları) tapılmışdır. Arxeoloji materiallar gil qabların təkcə Örənqala və Gəncəyə deyil, Neftçala rayonuna da aid olduğundan xəbər verir.  Bəndovanla  bərabər ondan təxminən 10-12 kilometr aralıda yerləşən başqa bir şəhər də mövcud olub. Alimlərin apardığı araşdırmalar və arxeoloji qazıntılar nəticəsində hər iki şəhərdən xeyli qalıqlar tapılıb. Həmin qalıqlar suyun altından çıxarılıb və bir hissəsi Milli Parkın ərazisindəki muzeydə saxlanılır.

 

Elmi mənbələrin dedikləri...

 

Professor Gül “Xəzər Atlantidası” adlı məqaləsində qeyd edir: Xalq nağıl və əfsanələrindən məlumdur ki, Bakı yaxınlığında ”Şəhri Yunan" adlı bir şəhər də olmuşo, Xəzərin suları altında qalmışdır". Ərəb coğrafiyaşünasları Əbu-İshaq İstəxri (950-1000 ci illər) “Dövlətlərin yolları kitabı”ndakı xəritədə, Əbu-Abdullah Məhəmməd İdrisi (1154-cü il) tərtib etdiyi xəritədə, 1375- ci ilə aid kataloniya xəritəsində və venesiyalı Fra Mauronun 1459-cu ilə aid xəritəsində  Kür çayının mənsəbində şəhər olduğu göstərilmişdir. Tarixçilər burada içməli suyu olan, rəng almaq üçün boyaq kökü istehsal edilən böyük bir adanın olduğunu xəbər verirdilər. XIV əsrdən sonra bu sənədli izlər xeyli müddət itir. XVIII əsrin əvvəllərinədək çəkilən xəritələrdə Kür çayının mənsəbində heç bir yaşayış məntəqəsi göstərilmir. XVIII əsrin I yarısından etibarən Azərbaycana gəlmiş rus tarixçiləri, səyyahları, tədqiqatçıları F. Biberşteyn, S. Qmelin, Bode, B. Dorn, İ. Berezin və başqaları öz yazılarında xalq əfsanəsini təkrar edir. Abbasqulu ağa Bakıxanov 1840-cı ildə bu xarabalıqları tədqiq etmək üçün təşəbbüs göstərmişdir. Bu yerlərdə ilk ciddi axtarış 1958-ci ildə başlanmışdır. Azərbaycan EA Coğrafiya İnstitutunun elmi ekspedisiyasının sualtı arxeologiya qrupunun əməkdaşlarının 1968-ci ildə apardıqları tədqiqatlar da nəticəsiz qalmışdır. Neftçalalı tarix elmləri namizədi, etnoqraf Əlisəfa Məmmədovun fikrincə, axtarış yerləri düzgün seçilmədiyi üçün bütün bu tədqiqatlar nəticəsiz qalmışdır. Ə. Məmmədov 1968-ci il iyun ayında bir qrup alimlə Bankə qəsəbəsindən 6-8 km aralı Nord Ost Qoltuq kəndində maddi-mədəniyyət nümunələri olan adi şirəli, bişmiş kərpicdən olan qırmızı rəngli gil qablar, anqoblanmış bədii-saxsı məmulatının irili-xırdalı qırıqlarına rast gəlmişdir. Aşkar edilmiş bu keramika nümunələri Azərbaycan Tarix muzeyində, Nizami adına Muzeydə, Azərbaycan EA Tarix İnstitutunda saxlanılan Örənqala, Qədim Gəncə maddi abidələri ilə tutuşdurulduqda eyniyyət təşkil etdiyi məlum olmuşdur. Tarix İnstitutununTarix Muzeyinin elmi işçiləri bu tapıntıların IX-XIII əsrlər Azərbaycan saxsı məmulatının qalıqları olduğu qənaətinə gəlmişlər.

 

Unudulmaz şanlı savaş tarixi

 

Ümumiyyətlə, Neftçala rayonu ilə bağlı xalq arasında dolaşan bir çox adlar var. Rayon ərazisinin əvvəllər Xanqışlağı adlandırılması da keçmişdə qışın şaxtalı günlərində yaxınlıqdakı dağlıq ərazidə yerləşən xanlıqların qoyun sürülərinin qışlamaq üçün buraya gətirilməsi ilə bağlıdır. Rayondakı Yeniqışlaq kəndinin keçmiş adı da Xanqışlağı adlanıb. Yerli əhali bu kəndi hələ də Xanqışlağı adlandırır.

İndiki rayon ərazisi Şirvan xanlığı (1747-1820) dövründə Salyan mahalı tərkibində olub. 1868-ci ilin fevralında  Bakı quberniyası  daxilində Cavad qəzası yaradılır. Bu dövrdə  Neftçala rayonu həmin qəzanın inzibati idarəçilik və mədəni mərkəzi olan Salyanın bir hissəsi olur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə  Cavad qəzası  5 pristavlıqdan ibarət idi.

Keçən əsrin əvvəllərində zorla sovetləşmə dövründə burada qanlı hadisələr baş vermişdir. 1918-ci il aprel ayının 21-də  isə  Cavad qəzasının Salyan şəhərində Sovet hakimiyyəti elan olundu. Salyanda Qızıl Qvardiya yaradıldı.  Hələ iyun ayında da erməni-rus hərbi birləşmələri bura 2000 nəfərlik hərbi qüvvə, 12 pulemyot, 6 top, 2 hərbi və 1 nəqliyyat gəmisi ilə yeridilmişdi. Ordunun  tərkibi 200 nəfər gəlmə rusdan, 300 nəfər iranlıdan (tarixi mənbələrdə onlar iranlı, xalqın yaddaşında şahsevənlər, türk mənbələrində isə əcəmlər olaraq bildirilir), 1500 nəfər  ermənidən, qalan 4000 nəfər isə yerli ruslardan (ruslar, əsasən malokanlardır) və yerli hümmətçilərdən ibarət təşkil olunmuşdu.  Hələ XIX əsrin  sonu, XX əsrin  əvvəllərində Neftçalada çar ordusunun böyük bir korpusu yerləşdirilmişdi. 1918-ci ilin 27-28 iyununda isə Surra ilə Qarabucaq arasında çox şiddətli döyüşlər baş verdi. Qeyri-bərabər qüvvələrin təmsil olunduğu həmin  döyüşdə Türk-Azərbaycan hərbi birləşməsi geri çəkilməyə məcbur oldu. Surra-Qarabucaq məğlubiyyətindən sonra Qafqaz İslam Ordusundan bura əlavə qüvvələr cəlb edildi: bir piyada bölüyü, bir pulemyot taqımı və bir dağ topu. Qaraqaşlıda mövqe tutan türk bölməsinin tərkibi 40 əsgərdən, 2 Maksim pulemyotundan və 2 topdan ibarət idi. Avqustun əvvəlində Bankəni tərk edən türklər burada silahlı bir bölüyün saxlanılmasını məqsədə müvafiq bildilər. Türk-Azərbaycan hərbi birləşmələri Bankədəki döyüşdə 11 nəfər itki vermişdi.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 9-11 noyabr.- S.14.