Dədə Qorqud zamanından qalan
Qazançı
Qazan xanın adını yaşadan qala
Naxçıvanın tarixi abidələri sırasında Culfa rayonunda mövcud olan qədim tikililərin də xüsusi yeri var. Bu abidələrdən bəzilərinin tarixi uzaq minilliklərə gedib çıxır. Belə qədim memarlıq xüsusiyyətlərinə malik qalalardan biri rayonun Qazançı kəndindən şimalda yerləşən Qazançı qalasıdır. Əlincəçayın hər iki sahilində yerləşən qalanın tarixi e.ə. II-I minilliyin əvvəllərinə gedib çıxır.
Tədqiqatçıların
əksəriyyəti qalanın adının türk
dilində olması fikrini irəli
sürürlər. Onlardan bəziləri
də Qazançı qalasının adını "Kitabi Dədə
Qorqud" dastanının
baş qəhrəmanlarından biri olan Qazan xanın adı ilə əlaqələndirirlər.
Günümüzə
böyük bir tarixi dövrün şahidi olan qalanın divar qalıqları gəlib
çatmışdır. Qalanın sol sahil hissəsində aparılan arxeoloji araşdırmalar zamanı əldə
edilən gil qab
parçaları burada Orta Tunc dövründən başlayaraq,
Dəmir dövrünədək yaşayış olduğunu göstərir.
Qazançı abidəsinin
yerləşdiyi ərazinin təbii cəhətdən
müdafiə olunmasına baxmayaraq, bu ərazi relyefə uyğun
şəkildə qala divarı ilə əhatə
olunmuşdur. Arxeoloji
qazıntı işləri aparılmadığından,
divarların tikildiyi dövrü
müəyyənləşdirmək çətindir. Amma memarlıq xüsusiyyətlərinə əsasən
demək olar ki, qala divarları, əsasən, iki
dövrdə inşa edilmişdir.
Birinci dövrə aid
tikintiləri təqribən e.ə. II minilliyin
ortalarına və ikinci yarısına aid etmək olar.
Divarların xarici tərəfində birtərəfli
çıxıntılara rast gəlinir ki, diş biçimli
belə çıxıntılara Çalxanqala
abidəsində də təsadüf olunmuşdur.
Diqqətlə tədqiq
olunduqda, qala divarlarının
quruluşu onların dəfələrlə
bərpa edildiyini göstərir.
Divarların salamat qalan
hissəsinin hündürlüyü 1-2 metrdir. Qalanın içərisində dördkünc planlı bina
qalıqları var.
Qalanın sol sahil və sağ sahil hissəsi
bir-birindən sıldırım qayalardan
ibarət dərin dərə ilə ayrılır. Sağ sahil hissəsi hündür konusvari təpə
formasındadır. Mənbələrə görə, təpənin
zirvəsində yarımdairəvi bürclərlə möhkəmləndirilmiş
qala olmuşdur. Abidənin
sol sahili iki hissədən ibarət olub,
hər tərəfdən sıldırım qayalarla
əhatələnmişdir ki, bu hissədə yarımdairəvi bürclərin
qalıqları saxlanmışdır. Qala
çoxpilləli möhtəşəm müdafiə sistemindən
ibarətdir. Sədlərdən bir-birinə keçid
yolu var. Müdafiə
divarları yonulmuş iri
daşlardan yetkin
memarlıq üslubunda inşa
edilmişdir. Qazançı qalasının
e.ə. II minilliyin əvvəllərində
Əlincəçay vadisində yaşamış iri tayfa birliklərindən
birinin mərkəzi olduğu
güman edilir. Qala divarlarının tikinti
texnikasıÿ Oğlanqaladakı ilə eynidir.
Burada aparılan arxeoloji
qazıntılar zamanı tapılmış boz
və çəhrayı rəngli gil qab nümunələri, daşdan
əmək alətləri dən daşı və başqa nümunələr Boyalı Qablar mədəniyyəti üçün
səciyyəvidir.
Qazançının “Qozbel körpü”sü də var...
Qazançı kəndi
ərazisində yerləşən daha bir tarixi memarlıq abidəsi
də eyni adlı körpüdür.
Əlincəçay üzərində inşa
edilmiş bu körpü xalq
arasında “Qozbel körpü”
adı ilə də məşhurdur. Körpüÿ
XVI-XVII əsrlərdə Şərq memarlıq üslubunda tikilmişdir. Böyük İpək yoluna xidmət
edən bu körpü
vasitəsi ilə vaxtilə Qazançı kəndindən
şərq istiqamətində uzanan və
Ordubad ərazisində əsas yola
birləşən karvan yolları keçmişdir. Körpü
nisbətən yaxşı qalsa da, nəqliyyat üçün
yararsızdır. Bununla belə, o, Azərbaycanın biraşırımlı
körpülərinin ən yaxşı nümunəsi
sayılır. Körpünün eni 3,55 m, uzunluğu
10,85 m, hündürlüyü
8,8 m-dir. Körpü azca yonulmuş çapma daşlardan tikilmişdir.
Culfanın maraqlı
abidələrindən biri də Əbrəqunis
nekropollarıdır. Bu, Culfa rayonunun Əbrəqunis kəndi
yaxınlığında yerləşən orta
əsrlərə aid üç
nekropol kompleksidir. Qədim
nekropollarda müxtəlif dövrlərdə
xırda tədqiqat işləri aparılmışdır. Kəndin
qərbində, Ərəfsə-Naxçıvan yolunun
sağında, uzunsov təpənin üzərində yerləşən
və orta əsrlərə aid olan I Əbrəqunis nekropolu əkin
sahələri ilə əhatə olunmuşdur. Nekropolun sahəsi 3200 kv.m-dir.
1990-1991-ci illərdə abidədə kəşfiyyat xarakterli tədqiqat işləri
aparılmışdır. Nekropol ərazisindəki
qəbirlər müxtəlif dövrlərə aid olub, müxtəlif
formalıdır. Buradakı şimal-qərb istiqamətində
olan qəbirlərin
başdaşıları dövrümüzə yaxşı vəziyyətdə
çatmışdır. Tədqiqat zamanı daş-qutu
qəbirlərin birindən aypara
formalı tunc sırğalar
tapılmışdır. Əksər sinə daşları dördüzlü prizma
formasında olub, kobud
hazırlanmışdır. Bəzi sinə daşları isə
həndəsi və memarlıq ornamentləri ilə
naxışlanmışdır. Onlardan birinin üzərində sxematik
quş, ucları dəyirmiləşdirilmiş
həndəsi xətlər, insan və ağac rəsmlərindən ibarət oyma naxışla haşiyələnmiş süjet həkk olunmuşdur.
Abidədən forma verməyən, çəhrayı
rəngdə bişirilmiş şirli və şirsiz qab qırıqları aşkar
olunmuşdur. Nekropolun
XIV-XVII əsrlərə aid olduğu güman edilir.
Əbrəqunis nekropolları
Bu nekropoldan bir qədər aralıda, nalşəkilli kiçik təpə üzərində yerləşən
II nekropolu orta əsrlərə
aid arxeoloji abidədir.
Nekropolun sahəsi 5600 kv.m-dir.
Abidədə 1991-ci ildə kəşfiyyat
xarakterli tədqiqat işləri
aparılmışdır. Nekropoldakı qəbirlər qiblə
istiqamətindədir. Qəbirlərin əksəriyyətinin
başdaşıları saxlanmışdır.
Düzbucaqlı prizma formalı sinə
daşları kobud hazırlanmış, birinin üst hissəsi tağvari tamamlanmışdır. Digərinin
üstündə isə insan təsviri
vardır. Nekropolda bütün
Azərbaycan ərazisində geniş
yayılmış qəbirüstü qoç
daşları da vardır. Lakin
onların əksəri pis
saxlanmışdır. Nekropoldan son orta əsrlərə aid şisli və şirsiz saxsı, yüksək keyfiyyətli fayans qab sınıqlarıdan
ibarət yerüstü materiallar
aşkar olunmuşdur.
Nekropol tədqiqatçılar tərəfindən
XIV-XVII əsrlərə aid edilir.
Əbrəqunis
çayının sol sahilində yerləşən
III Əbrəqunis nekropolu da
orta əsrlərə aid
arxeoloci abidədir. Nekropolun
sahəsi 1800 kv.m-dir. Abidə
yaşayış binaları ilə əhatə olunmuşdur. Nekropol ərazisində 1991-ci ildə kəşfiyyat xarakterli tədqiqatlar aparılmışdır.
Nekropol ərazisindəki qəbirlərin
başdaşıları ya
saxlanmamış, ya da
yararsız halda dövrümüzə
çatmışdır. Əksəriyyəti qiblə istiqamətində
olan qəbirlərin sinə daşları
kobud şəkildə
hazırlanmışdır. Bəzi qəbirlərin
üstünə isə yonulmamış dördkünc
daşlar qoyulmuşdur.
Sinə daşlarına baxış keçirilən zaman heç bir yazıya və ya
işarəyə rast gəlinməmiş,
yalnız bir neçə qəbir
daşında kiçik həndəsi
naxışlar aşkarlanmışdır. Nekropolun
yaxınlığında böyük alban-xristian monastırı olan Əbrəqunis monastırı (Müqəddəs
Faddey monastırı) vardır. Tədqiqatçılar
III Əbrəqunis nekropolunu XVI-XVIII əsrlərə
aid edirlər.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2013.- 19 noyabr.- S.14.