Qubanın XIX əsr
abidələri
Bölgənin zəngin tarixini yaşadan izlər
Azərbaycanda unikal memarlıq abidələri ilə zəngin olan bölgələrimizdən biri də Qubadır. Kökləri çox qədimlərə gedib çıxan bölgənin bir sıra əhəmiyyətli abidələri burada insanların çox uzaq tarixdən bəri yaşadığını sübuta yetirir.
Rayonun günümüzə qədər gəlib
çıxan belə tarixi abidələrinə
Xınalıq kəndindəki IX əsrə aid
Atəşpərəstlər məbədini, Ağbil
kəndindəki XVI əsrə aid türbələri,
Quba şəhərindəki XIX əsrə
aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidlərini,
Gümbəzli hamamı, Xınalıq kəndindəki bürcü, Qudyalçay
üzərindəki Tağlı körpünü,
Rustov kəndindəki “Ələmu”
adlı qala və tarixi
məscidi, eyni zamanda onlarla belə tikilini
nümunə göstərmək olar.
Belə mühüm əhəmiyyətli
abidələrdən bir neçəsi
haqqında daha ətraflı məlumat
verməyə çalışacağıq.
Tağlı körpü və ya Qudyalçay körpüsü
rayon ərazisində mövcud
olan ən maraqlı abidələrdən biridir. Tarixi mənbələrə
görə, XIX əsrdə Quba qəzasında
7 körpü olmuş,
onlardan yalnız Tağlı körpü günümüzə qədər
qorunub saxlanmışdır. Bu körpünün
salınması zərurəti XVIII əsrin sonlarında, XIX əsrin
əvvəllərində yaranmışdır. 1851-ci ildə Qudyalçayda dirəklər üzərində
taxta körpü tikilmişdir. Lakin bu körpünün ömrü uzun
olmamışdır. Buna görə də
onun yerində yeni körpü salmaq zərurəti
yaranmışdır. Yeni körpünün
tikintisinə 1894-cü ildə başlanmış, onun tikintisi 78.000 manata başa gəlmişdir.
Əvvəlcə körpünün 19 dirək
üzərində tikilməsi nəzərdə tutulmuşdur. Lakin onun tikintisi zamanı
aşırımlar ixtisar olunmuş
və o, 14 daş dayaq üzərində tikilmişdir.
Burada yarımdairəvi biçimli
tağlar sistemi bişmiş kərpicdən hörülmüş
və bir-birindən 11,1 metr aralı olan dayaqlara söykənir.
Körpünün tağları
altından hər iki sahildəki
yaşayış məntəqələrinin ecazkar
mənzərəsi açılır. Körpünün
70 sm enində tağı əsas kərpic
hörgüsü ilə birlikdə inşa edilmişdir. Tağ dayaqlar üzərində
dayanan körpünün
bünövrəsi yaxşı yonulmuş
daşlardan hörülmüşdür.
Tağlı körpü memarlıq abidəsi
kimi dövlətin mühafizə etdiyi abidələr siyahısına daxil edilmişdir.
Körpünün 70 sm enində
tağı əsas kərpic hörgüsü
ilə birlikdə tikilmişdir. Tağ
dayaqlarının istinad etdiyi
möhkəm körpünün
bünövrələri yaxşı yonulmuş
daşlardan hörülmüşdür.
Qədim dini mərkəzlərdən biri - Cümə Məscidi
Bölgənin qədim
dini ibadət ocaqlarından biri də zəngin memarlıq üslubuna
malik Cümə Məscididir. Bu məscid 1802-ci ildə Qazi
Nəsrullah əfəndinin oğlu Qazi Ismayıl əfəndinin maddi
yardımı ilə tikilmişdir.
Binanın tikilişi müəyyən
fasilələrlə 10 ilə başa
çatdırılmışdır. Cümə Məscidi təkcə
Qubada deyil,
şimal-şərqi Azərbaycanda da ən
qədim dini mərkəzlərdən biri olmuşdur. Məscid və onun nəzdində
olan mədrəsə 1924-cü ilədək
fəaliyyət göstərmiş, qırmızı imperiya dövründə onun
fəaliyyəti qadağan edilmişdir.
1933-cü ildə mədrəsə, minarə, sonralar
isə digər tikililər dağıdılmışdır.
Daha yeni tarixdə Azərbaycan
müstəqillik yoluna qədəm qoyduqdan sonra məscid yenidən
dindarların istifadəsinə verilmişdir.
Qısa müddət ərzində məscidin ətrafında
şəbəkəli hasar, su, kanalizasiya xətləri
çəkilmiş, dəstəmazxana və mədrəsənin
tikintisi də başa
çatmış və başqa
abadlıq işləri də görülmüşdür.
Türkiyənin dini işlər idarəsi
məscidə 5 min dollar
dəyərində minbər bağışlamış, həmin
təşkilat qubalı dindarların xahişlərini nəzərə
alaraq, burada hündürlüyü 50 metr
olan minarə də inşa
etmişdir.
Rayonun başqa bir ibadət ocağı da
XIX əsrə aid olan Ərdəbil
Məscididir. Bu məscid də bişmiş kərpicdən tikilmiş
və bir iri otaqdan ibarətdir. Tikili dörd üzlü prizma şəklindədir və onun 9 pəncərəsi, 1 qapısı var. Ərdəbil Məscidi 1967-ci ildə arxiv kimi istifadəyə verilmişdir. 1980-ci ilin iyun ayında elektrik xəttində
baş vermiş qəza
nəticəsində yanmışdır. Nazirliyin
qərarına əsasən, rayon ərazisində
tədricən bərpa işləri görülmüş,
Ərdəbil məscidi də o vaxtlar az da
olsa təmir olunmuşdur.
Sonralar din xadimləri
tərəfindən, köməkçi otaqlar,
dəstəmaz almaq üçün
ayrıca yer inşa olunmuş, dörd bir yana barı çəkilmişdir.
Hazırda Ərdəbil Məscidi dini məqsədlə
istifadə olunur.
Gözəl memarlıq nümunələri
Rayonun çox məşhur
abidələrindən sayılan Səkinəxanım məscidinin
tarixi də XIX əsrə aiddir.
Bu məscidi Səkinə xanımın əri
Abbasqulu ağa
Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün tikdirmişdir.
Tikinti 1840-cı illərin sonunda
başlamış, 1854-cü ildə başa
çatmışdır. Məscid bir otaqdan ibarətdir ki, onun binası bişmiş
kərpicdən inşa olunmuşdur.
Bina dördbucaqlı şəkildə tikilmişdir və onun 9 pəncərəsi,
2 qapısı var. Məscidin əsas giriş qapısı şimal
tərəfdəndir. Onun bayır tərəfdən
qapısının üstündə ərəb əlifbası
ilə yazılmış lövhə var.
Məscidin günbəzi xaricdən ağ
dəmirlə örtülmüşdür.
Günbəzin üstündə məscidin şərəfi
yerləşir. Şərəfə çıxmaq üçün yer məscidin
içindədir. Məscidin içəri tərəfdən hündürlüyü 20 m,
ümumi hündürlüyü
isə 27 m-dir. Hal-hazırda məscidin təmirə
ehtiyacı yoxdur. Abidənin həyət
hissəsində əlavə yardımçı otaqlar tikilmişdir. Bu otaqlardan mədrəsə,
çayçı kimi istifadə olunur. Dindarlar tərəfindən
məscid kimi istifadə olunur.
Bölgədəki
Günbəzli hamam da XIX əsrə aid edilir. Günbəzli hamamın binası
qırmızı kərpicdən
inşa olunmuşdur.
Hamam planda dördbucaqlı olmuşdur. Onun əsas baş
giriş qapısı
şimal tərəfdəndir
və onun günbəzi qırmızı
kərpicdən tikilmişdir.
Günbəzli hamam 6 otaqdan
ibarət olub, 2 qapısı və 6 pəncərəsi var. Tikili
1985-ci ilə kimi istifadə olunmuşdur.
1986-87-ci illərdə
burada Mədəniyyət
Nazirliyinin istehsalat və elmi bərpa
emalatxanasının Quba
sahəsi üzrə olan briqadası tərəfindən bərpa
işləri aparılmışdır. Bərpa işləri başa
çatdıqdan sonra Günbəzli hamam bir neçə
şirkətə icarəyə verilmişdir.
Lakin onlar bu vaxta kimi
heç bir iş görməmişdir. Bina
baxımsızlıq üzündən, nəmlikdən pis vəziyyətə düşmüşdür.
Hazırda hamamın vəziyyəti çox
pis haldadır. Qapı-pəncərəsi
oğurlanmış, kanalizasiya sistemi tutulmuş,
hasarları dağılmışdır. Hamamın içərisi
bərbad vəziyyətə düşmüşdür.
Hacıbaba Axund məscidi də XIX əsrin əvvəllərində
Hacı Cəfər tərəfindən tikilmişdir.
Məscid bişmiş kərpicdən inşa olunmuş və dörd otaqdan ibarətdir.
Əsas baş girişi
şimal tərəfdəndir. Mehrab qapı ilə üzbəüz yerləşib.
Əsas zalın ortasında tavan örtüyünü saxlamaqdan
ötrü iki ədəd
sütun vardır. Qadınlar üçün ayrılmış kiçik zal ikinci mərtəbədə yerləşir. Məscidin
günbəzi xaricdən ağ dəmir ilə
örtülmüşdür.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2013.- 20 noyabr.- S.14.