Qədim incəsənət
tariximiz
Yeni inkişaf mərhələsinə doğru
Albaniyada yayılmış incəsənət sahələrindən biri də daşişləmə sənətidir. Daş üzərində naxışaçama-qliptika dekorativ tətbiqi incəsənət abidələri arasında mühüm yer tuturdu.
(II yazı)
Məmurlar, hakimlər,
yüksək vəzifəli şəxslər, əyanlar və
kahinlər üzərində təsvirlər və yazılar olan müxtəlif qiymətli və yarıqiymətli
daşlardan möhür
kimi istifadə edirdilər. Arxeoloji qazıntılar zamanı Mingəçevirdə
tapılan möhürlərin üzərində
uzanmış qoyunlar, Şamaxıda
tapılan möhürlərin üzərində kişi büstü təsvir
edilmişdir.
Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar xeyli
möhür şəkli (bullalar)
aşkar etmişdir ki, bu möhürlərdə
insan, müxtəlif heyvanlar
(zebu, maral, qoyun, it, şir
və s.) quşlar (xoruz, qartal, göyərçin),
əqrəb, fantastik varlıqlar
(qanadlı öküz, peqas-qanadlı at və başqa əfsanəvi
məxluqlar), müxtəlif bitkilər, atəşpərəstlik
mehrabları, göy cisimləri, müxtəlif
işarələr və s. təsvir edilmişdir. Bu rəsmlərin
əksəriyyəti rəmzi məna daşıyırdı və
dini etiqadla
bağlı idi. Həmin təsvirləri
zərdüştiliyin müqəddəs kitabı olan “Avesta”ya
illüstrasiyalar kimi
qiymətləndirmək mümkündür.
Daş üzərində bədii oymanın gözəl
nümunələri Mingəçevirdə VI əsr məbədinin
qazıntıları zamanı aşkar olunmuş sütun və kapitel qalıqlarında, pəncərənin oyuq və haşiyələrində, divarların
dekorativ tərtibatı ünsürlərində
qorunub saxlanmışdır.
Qəbirüstü
abidələrin dekorativ tərtibatında
da daş üzərində
bədii oyma üsulu
tətbiq edilirdi. O dövrə dair tapıntılar belə abidələrdə
qədim alban bəzək motivlərindən
- üzüm salxımı, altıguşəli
xonça, günəş, xaç, dolama və buruq şəkilli xətlərdən istifadə
edildiyini göstərir.
Albaniya incəsənətinin mühüm
sahələrindən olan ağacişləmə
sənətinin nümunələri Azərbaycan ərazisində
az tapılsa da, əldə
olunan nümunələr ağac
üzərində oyma ustalarının
yüksək məharətinə sübut
edir.
VI-VII əsrlərə aid taxta
qablar yan-yana düzülmüş romb
və ya üçbucaqlarla
naxışlanırdı. Təsvir etdiyi
səhnəni zənginləşdirmək üçün
usta düzəltdiyi məmulatın dairəvi
forması və hamar səthindən
bacarıqla istifadə edə bilirdi.
Pirsaatçay vadisindəki IV-V əsrlərə aid edilən qədim qəbiristanlıqda
aparılmış qazıntılar zamanı daş
qutu qəbirlərdə aşkar
edilmiş oyma
naxışlı taxta qədəh dövrün ağacişləmə sənətinin
nümunəsidir. Mingəçevirdə tapılmış taxta təknə üzərində oyma üsulu ilə naxışlanmış
“maralların qaçışı” rəsmi də belə
nümunələrdən biridir.
Sənətdə incə-incə işlər...
“Vikipedia”nın
yazdığına görə, Mingəçevirdə qədim
albanların müqəddəs od məbədinin
yerində aparılmış qazıntılar zamanı
tapılmış iki relyefin
kompozisiyası çox plastik
və ifadəlidir. V-VI əsrlərə aid
olunan bir relyef yazılı daş
üzərində həkk edilmişdir. Burada üz-üzə dayanmış “müqəddəs”
baftalı iki tovuzquşu
təsvir olunmuşdur. Onları bir-birindən
“müqəddəs” ağac rəsmi
ayırır. Tədqiqatçıların fikrincə,
yuxarı hissəsində geniş oyuğu olan bu daşın üstündə qurban kəsilirdi.
Qafqaz Albaniyasında sümük
üzərində oyma sənəti də
geniş yayılmışdır. Mingəçevirdə
aparılmış arxeoloci
qazıntılar zamanı III-IV əsrlərə
aid edilən sümük
daraqları aşkar etmişdir
ki, onlardan da birinin üzərində
məhsuldarlıq ilahəsini təmsil edən maral
təsviri vardır. Darağın o biri üzünü hərəsində
üç konsentrik
dairə, eləcə də şimşək və
ildırımın rəmzi olan nöqtəli
qoşa dolanbac xətti
və nöqtələri olan üç sıradan ibarət naxış örtür. Yerli inama görə, darağın bu
naxışları onun sahibini
bədnəzərdən qoruyurdu. Həmin
dövrə aid edilən digər sümük daraq günəşi
əks etdirən iki üfüqi
zolaqda yerləşdirilmiş konsentrik dairələrlə
naxışlanmışdı.
Qədim Azərbaycanda
şüşə istehsalı üçün
zəruri olan zəngin xammal
- kvarslı qum, soda, əhəng,
meşə materialları, oda davamlı gil ehtiyatları mövcud olduğundan III-VII əsrlər incəsənətinin
geniş yayılmış növlərindən
biri də bədii şüşə sənəti
idi. Arxeoloji
qazıntılar zamanı əldə edilən şüşə
kürələrin varlığı, istehsal
çıxarları, yarımfabrikatlar və s.
Azərbaycan ərazisində istehsalın bu
sahəsinin geniş
yayıldığını sübut edir. Həmçinin məlum olur
ki, erkən orta əsrlərdə
burada şüşəni iki
texnoloci üsulla - daha qədim tökmə və üfürmə
üsulları ilə hazırlamışlar. “Vikipedia”nın
yazılarından məlum olur ki, bədii şüşə məmulatı
nümunələri olan kuzə formalı
şüşə qablar, vazalar,
piyalələr, dərman və ətir qabları, qədəhlər,
kuboklar, müxtəlif bəzək
şeyləri Mingəçevirdə, Ismayıllıda,
Şamaxıda, Gəncədə, Qəbələdə,
Yuxarı Qarabağda
və başqa yerlərdə aşkar edilmişdir. Eramızın III əsrinə aid edilən ən qədim şüşə
qab Mingəçevirdə
tapılmışdır. Arxeoloqların Azərbaycanda aşkara çıxardığı
şüşə tapıntıları zaman
keçdikcə həm yerli bəzək
şeylərinin, həm də qabların çeşidlərinin
müxtəlifləşdiyini, onların bədii dəyərinin
artdığını sübut edir. IV Əsrdən başlayaraq
möhürlər, VII əsrdə halqalar,
daha sonra bilərziklər
meydana çıxır. Vazalarla
yanaşı, IV əsrdən başlayaraq
yerli piyalə və kuzələrin, V əsrdən
isə qədəhlərin istehsalı artır. Qadınlar üçün yumru,
yastı, tilli bilərziklərlə
yanaşı, eşmə üsulu ilə
hazırlanan bilərziklər göy,
yaşıl, sarı, qəhvəyi, qara və
s. rəngli şüşələrdən
düzəldilirdi. Belə bilərziklər dairəvi və ya üçbucaqlı en
kəsiyinə malik idi.
Bəzi şüşə qolbağıların ucları ilan başı formasında da
hazırlanırdı.
Elm üçün qiymətli dəlillər
Arxeoloji komplekslərdə tapılan çoxsaylı dekorativ-tətbiqi
sənət nümunələri təsdiq edir
ki, daş və metal üzərində oyma
sənətinin, zərgərlik və şüşə
emalının yüksək keyfiyyətli məhsullarını
hazırlayan sənətkarlıq mərkəzləri və bütöv məktəblər mövcud olmuşdur. Şamaxıda, eramızın III əsrinə
aid daş qutu qəbrində aşkar
edilmiş zərli gümüş
döyrə yüksək ustalıq və bədii zövq nümunəsidir. Döyrənin
içərisi başdan-başa ov səhnəsi ilə örtülmüşdür:
dördnala çapan
atın üstündəki süvari geri çevrilərək oxunu
dağ keçisinə doğru
tuşlamışdır. Texniki
baxımdan nadir sənət nümunəsi
yaradan yerli usta forma və tənasübü
pozmadan mürəkkəb ov
səhnəsini qabın yarımkürəvi müstəvisinə
həkk etmiş, bununla
yanaşı, rəsmin realizmini qoruyub saxlaya bilmişdir.
Bir sıra tədqiqatçıların fikrincə (V.Q.Lukonin, Q.O.Qoşqarlı), Şamaxıdan
tapılmış qab üzərində I
Şapurun oğlanlarından biri, o dövrdə (III əsrin
70-90- cı illərində) imperiyanın şimal
vilayətlərinin, o cümlədən
Adurbadaqanın hakimi, gələcək
şahənşah Nərsə
təsvir edilmişdir. Güman
etmək olar ki, bu nadir qab
məhz Azərbaycanın torevtika
emalatxanalarından birində hazırlanmışdır.
Bakıda
tapılmış, VI-VII əsrlərə aid
zərli gümüş kuzə də bədii metal sənətinin
nadir nümunələrindən
sayılır. Kuzənin üstü başdan-başa mürəkkəb
naxışlarla oyulmuşdur. Zərlənmiş
fon dörd romba bölünmüş,
onların ayrı-ayrılıqda hər birinin
içində xoruzun, qırqovulun, otyeyən
heyvanı didişdirən qartalın və əfsanəvi Simurq quşunun təsvirləri
verilmişdir.
Lənkəranda
tapılmış, boynunda “müqəddəs”
baftası olan vəhşi qoç
təsvirli gümüş döyrə də
bu sənətin maraqlı nümunələrindən
biridir. Elə bil nəyi
isə gözləyən, sərt buynuzlu bu heyvan başını
yüngülcə arxaya çevirmişdir.
Onun bədəni başdan-başa
yuna bənzər döymə
naxışla nöqtələnmişdir.
Azərbaycanın şimal vilayətlərindən (eləcə
də müasir Cənubi
Dağıstandan) tapılan, adətən VI-VIII əsrlərə
aid edilən tunc qablar, kuzələr və buxurdanlar
da nadir sənət əsərlərindən
hesab olunur. Bu sənət
nümunələri arasında, hazırda Sankt-Peterburqdakı
Dövlət Ermitajında saxlanılan, ötən əsrin əvvəllərində
Naxçıvanda qədim əntiq əşyalar
alverçisindən satın alınan tunc
buxurdan xüsusi maraq doğurur. 35,6 sm hündürlükdə, tuncdan
tökülmüş süvari
heykəlciyi formasında olan bu buxurdan alimlərin ümumi rəyinə görə, yerli sənətkar tərəfindən düzəldilmişdir.
Albaniya tarixinin ilk geniş tədqiqatçılarından
olan K.V.Trever burada alban hokmdarı Cavanşirin təsvir olunduğunu
güman edir.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.-
2013.- 23 noyabr.- S.14.