Azərbaycan tarixində
önəmli yeri olan dörd adaş
Maliyyə naziri Əbdüləli
bəy
Azərbaycan tarixində xüsusi
rolu olan elə şəxslər var ki, onların
adları uzun əsrlər keçsə
də, unudulmur və dönə-dönə
xatırlanır. Bu yazımızda belə məşhur şəxslərdən
dörd nəfər, dörd görkəmli adaş ziyalı haqqında söz açacağıq.
Onlardan
biri Azərbaycan Cümhuriyyəti dövründə
maliyyə naziri vəzifəsində çalışmış,
Azərbaycan Milli Şurasının üzvü
olmuş Əbdüləli
bəy Əmircanovdur.
Əbdüləli
Şirəli bəy oğlu 1874-cü ildə Şəki şəhərində
anadan olmuşdur. O, 1888-ci ildə Tiflisdə müəllimlər İnstitutunu
bitirdikdən sonar Şəki,
Lənkəran və Bakıda müəllim işləmişdir. Əbdüləli bəy Teymur bəy Bayraməlibəyovla
birlikdə bir çox mədəni-maarif
tədbirlərinin fəal
təşkilatçıları olmuşlar.
Əmircanov
XX əsrin əvvəllərindən
Bakıda müəllim,
dövlət idarələrində
və müxtəlif şirkətlərdə mühasib
işləmiş, mədəni-maarif
cəmiyyətlərinin işində
yaxından iştirak etmişdir. O, “Nəşri-maarif”
cəmiyyəti təftiş
komissiyasının üzvü,
Bakı Müsəlman
Xeyriyyə Cəmiyyəti
sədrinin müavini olmuşdur. Rusiyada Fevral inqilabından
(1917) sonra siyasi proseslərə qoşulmuşdur.
Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti
İcraiyyə Komitəsinin
üzvü idi.
Əbdüləli
bəyin 1918-ci ilin martında Bakıda türklərə qarşı
törədilən soyqırım
zamanı minlərlə
azərbaycanlının ölümdən
xilas olunmasında, şəhərdə qırğının
qarşısının alınmasında
müstəsna xidmətləri
olmuşdur. Onun böyük
qardaşı, Moskva Universitetinin hüquq fakültəsinin məzunu,
tanınmış hüquqşünas
Qasım bəy Əmircanove ermənilər
öldürmüşdü.
Ə.Əmircanov
Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinəsində
(1918, iyun-oktyabr) maliyyə
naziri, dövlət nəzarətçisi (1918, oktyabr-dekabr)
olmuşdur. Azərbaycan
Milli Şurasının
“Azərbaycan Məclisi-Məbusanının
təsisi haqqında qanunu”na (1918, 19 noyabr) əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə
seçilmişdir (1918, dekabr).
Bitərəflər qrupuna daxil olan Əmircanov Parlamentdə maliyyə-büdcə
və sorğu komissiyalarının üzvü
olmuşdur. O, xarici
ölkələrlə ticarət
əlaqələri yaratmaq
üçün 1919-cu ilin
ortalarda Bakıda “Dəyanət” şirkətinin
təsis olunmasında
iştirak etmişdir.
Əbdüləli bəy aprel
işğalından sonar İstanbula
mühacirət etmiş,
orada fəaliyyət göstərən Azərbaycan
Milli Mərkəzinin üzvü olmuşdur.
O, 1948-ci ildə İstanbulda
vəfat etmişdir.
Əbdüləli
bəy Səltənət
xanım Əlibəyova
ilə ailə qurmuşdu. Fuad bəy,
Rüstəm bəy, Rəşid bəy, Murad bəy adlı oğulları, Valiyə xanım, Məryəm xanım adlı qızları vardı.
Maarifçi ziyalı Əbdüləli
Muxtarov
Azərbaycanda
maarifçilik ideyalarının
yayılmasında önəmli
xidmətləri olan şəxslərdən biri
də Əbdüləli
bəy Muxtarovdur. Zaqafqaziya (Qori) Müəllimlər
Seminariyasının məzunu
olan Muxtarov Azərbaycanın uzaq kəndlərində müəllimlik
etmiş, savadsızlığın
aradan qaldırılmasında
mühüm rol oynamışdır. Əbdüləli
bəy Bağır oğlu 1855-ci ildə Şuşa şəhərində
dünyaya gəlmişdir.
O, ibtidai təhsilini molla yanında aldıqdan sonra Qəza məktəbində
oxumuşdu. Daha sonra Zaqafqaziya
(Qori) Müəllimlər
Seminariyasına qəbul
olmuşdu. O, dövlətdən
bəy ünvanı almışdı. Əbdüləli
bəy müəllimlər
seminariyasını tamamlayandan
sonar Qazax qəzasının Dağ
Kəsəmən kəndinə müəllim, bir müddət burada müəllim işləyəndən
sonra Ağcabədi kənd məktəbinə
müdir göndərilmişdi.
Onun Ağcabədiyə gəlişi
ilə bu bölgədə mədəniyyətin,
maarifin, səhiyyənin
səviyyəsi artmışdı.
Ə. Muxtarov 1889-cu ildə
Ağcabədi kənd
məktəbi əl işlərinin sərgisinə
görə gümüş
medalla təltif edilmişdi. Ağcabədi
kənd məktəbinin
müdiri Ə.Muxtarov
yazırdı: “Ağcabədinin
şəhərdən aralı
olmasına və digər səbəblərə
görə burada xalq maarifi çoxdandır
ki, ləng inkişaf edirdi. Kəndli öz oğlunu heç olmazsa ana dilini öyrənmək
üçün kənddə
və ya kənarda məktəbə
qoymağa çox
nadir halda imkan tapırdı. Lakin burada
məktəb açılması
ilə get-gedə kəndlilər bu məktəbin faydasını
dərk etməyə başlamışlar. Yeni məktəbin
açılması ilə
köhnə təhsilin
xarakteri dəyişir.
Köhnə qayda və üsul yenisi ilə əvəz edilir, yeni qayda
təlimin tezliklə mənimsənilməsinə səbəb
olur. Kəndlilərin öz uşaqlarının
tərbiyəsinə cəhd
etmələri də ancaq məktəbin təsiri ilə əlaqədardır”. Əbdüləli bəyin maarifçilik işləri, məruzələri,
söhbətləri öz
işini gördü.
Savadlanan
əhali get-gedə məktəbdə yeni siniflər açılmasını
tələb edirdi.
Əhalinin məktəbə münasibətindən və
tələbindən bəhs
edən Ə.Muxtarov daha sonra yazırdı
ki, indi bir sinifli məktəbdə
verilən təhsilin məzmunu kəndliləri
təmin etmir və onlar məktəbi
heç olmazsa 2 sinifli məktəbə çevirməyi tələb
edirlər. O yazır
ki, məktəbin tam kursunu bitirənlər aldıqları təhsil ilə kifayətlənmir.
Təhsillərini davam etdirmək
üçün digər
məktəblərdə yer
axtarırlar.
Ağcabədi
kənd məktəbi
nəzdində metereoloci
stansiya təşkil edilmişdi. 1891-ci ildə məktəbin müdiri Ə.Muxtarov tərəfindən atmosfer
yağıntısı üzərində
aparılan aylıq müşahidələr dərc
edilmək üçün
Sankt-Peterburqa - Baş
fizika rəsədxanasına
göndərilmişdi.
Əbdüləli
bəyin Ağcabədidə
apardığı mədəni-maarif
işləri get-gedə
öz bəhrəsini
verirdi. Əhali arasında
savadlanma artırdı.
O, bəzən də həkimlik vəzifəsini
də öhdəsinə
götürür, camaata
tibbi xidmət göstərirdi. 1892-ci ildə Ağcabədi kənd məktəbində
aptek açılmışdı.
1896-cı ildə Ağcabədi kənd məktəbinin müdiri Əbdüləli bəy Muxtarovun ZMS nəzdindəki
ibtidai məktəbə
müdir təyin edilməsi ilə əlaqədar olaraq Camal bəy Fətəlibəyov Ağcabədi
kənd məktəbinə
müdir vəzifəsinə
təyin edildi.
Əbdüləli
bəy uzun müddət Zaqafqaziya Seminariyasının hazırlıq
sinfində dərs demişdi.
Şair Əbdüləli
Bənna və din xadimi Mirzə Əbdüləli xan
Haqqında
söz açacağımız
tarixi şəxsiyyətlərdən
biri də ötən əsrdə yaşamış şairdir.
Yusubov Əbdüləli
Bənna 1897-ci il mayın 24-də Azərbaycanda Lənkəran
şəhərinin Kiçik
Bazar məhəlləsində
anadan olmuşdur. O, ibtidai təhsilini mollaxanada almışdır.
Gənclik dövründən bənnalıq sənətini
özünə peşə
edən Əbdüləli
qəzəl, qəsidə,
mərsiyə və digər lirik şeirlərini “Bənna”
təxəllüsü ilə
yazmışdır. Fəal şəkildə
inqilabi hərəkata
qoşulub Kommunist Partiyasına üzv olsa da çox
çəkmədən partiya
sıralarından xaric
edilmişdir. Bənnanın zəngin ədəbi irsi günümüzə
çatmamışdır. Lənkəran şairlərinin mərsiyələr toplusunda
- “Güləfşan”da üç
mərsiyəsi var. Əbdüləli
Bənna 1958-ci ilin payızında vəfat etmiş, Lənkəran yaxınlığındakı Kiçik
Bazar qəbiristanlığında
dəfn olunmuşdur.
Söz
açdığımız görkəmli şəxslərdən
biri də Təbrizdən olan Mirzə Əbdüləli
xandır.
Mirzə Əbdüləli
xan Hacı Mirzə Məhəmmədrəfi
oğlu Təbatəbai-Diba 1870-ci ildə
Təbriz şəhərində anadan
olmuşdu. Atası Hacı Mirzə
Məhəmmədrəfi Nazimülüləma
şəhərin böyük
din xadimlərindən idi.
Oğlu Əbdüləliyə
əvvəlcə ev, sonra mədrəsə təhsili
vermişdi.
Mirzə
Əbdüləli xan
sonra Nəcəf şəhərinə yollanmışdı. Burda tanınmış molla-müctəhidlərin
yanında təhsilini
kamilləşdirmişdi. O bir çox elmlərə bələd
olduqdan sonra dini işlərə maraq göstərmişdi.
Bu yolda ictihad
dərəcəsinə yüksəlmişdi.
Mirzə
Əbdüləli xan
Təbrizdə Məşrutə
hərəkatı başlayanda
istər-istəməz siyasi
işlərə qarışmalı
olmuşdu. Qardaşının biri Səttar xanın, digəri şahpərəstlərin başçısı
Eynüddövlənin yanında
idi.
Mirzə
Əbdüləli xan
Diba məşrutəçilər
tərəfindən Əbdülməcid
Mirzə Qovanlı-Qacarın
yanına danışıqlara
getmişdi. O, Şeyx
Məhəmməd Xiyabani
ilə dost idi. 5-ci çağırış İran Milli məclisinə vəkil seçilmişdi.
Mirzə
Əbdüləli xan 1938-cu ildə Tehranda vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 1 oktyabr.- S.14.