Müznib də 37-ci illərdə sözünün
qurbanı olub...
Türk
tarixinin və İslam dəyərlərinin
bilicisi
Azərbaycanda 37-ci illər repressiyalarının qurbanı olan görkəmli ziyalılar sırasında yüzlərlə məşhur qələm sahibi var. Bunlar o şəxslərdir ki, həyatları boyunca həqiqi anlamda “qələmin müqəddəs vəzifəsini xalqa xidmət etmək”də görmüş, vətənçilik, millətçilik, dünyəvilik ideyalarını dönə-dönə təbliğ etmiş və öz əqidələrinin qurbanı olmuşlar. Belə dəyərli ziyalılardan biri də publisist, şair və maarifçi Əliabbas Müznib idi.
Əlabbas Mütəllibzadə
Müznib 1881-ci ildə Bakıda doğulub. İlk təhsilini
mollaxanada alan Müznib sonra bir müddət rus-Azərbaycan məktəbində
oxumuşdur. O, fars və
rus dillərini, Türk
tarixini və İslam dəyərlərinə dair
geniş məlumatları şəxsi mütaliə
yolu öyrənmiş, eyni
zamanda bu mövzularda dövrünün
bilgili şəxslərindən biri kimi
tanınmışdır.
Onun imzasının məşhurlaşmağa
başlaması bir çox
yazıçı və şair
müasirləri kimi 1905-ci ilin
Rus qiyamından sonraya
təsadüf edir. O, iti
qələmi, üsyankar ruhu,
milliyyətçi və Türkçü
inancları ilə qısa zamanda ədəbi
dairələrin diqqətini cəlb etmişdir.
İlk şeirlərini 1907-ci ildən başlayaraq “Təzə Həyat”, “İttifaq”, “Zənbur”, “Səhabi saqib,
”Babayi-Əmir" və s. jurnallarda yayınlamış, peşəkar jurnalistlik fəaliyyəti ilə
tanınmışdır.
Əliabbas Müznib özü 1910-ci
ildə “Hilal” adlı qəzet
çıxarmağa başlamışdır. Amma
həddindən artıq tənqid və ifşa
məqalələri ilə diqqəti çəkən qəzetin
ilk sayı yayılmamış mətbəədə
müsadirə olunmuşdur. Buna səbəb,
Müznibin “Hökumət, ah
bir insan yeyən qurd, Rəiyyətdə nə pul
qoyar, nə bir yurd” misraları ilə başlayan
şeiri olmuşdur.
Ədibin rəsmi dairələrdən icazəsiz
yayınladığı ikinci sayda isə Müznib milli gəncliyi öz
haqqını tələb etməməsi baxımından
günahlandıraraq belə yazmışdır: “Namusu qatı, qarət etməklə qazanmaq olmaz, bəlkə
hüquqi-vətən yolunda ölməklə
olar. Görürsünüzmü,
ata- babadan qalan torpağımız zalımın çoxluğundan bir taxta pul mənasında olmuş...” Beləliklə, “Hilal” 1911-ci ilin ilk aylarında
bağlanır. Şairin yayınlamağa
başladığı “Şihab-sağıb” dərgisinin də
aqibəti eyni olur.
1911-ci ildə Müznib hökuməti tənqid
edən yazılarına görə qısa müddətə
həbs olunar və
günahlandırılar. Bundan sonra isə o, çar hökuməti tərəfindən
Sibirə ömürlük sürgün edilir.
Üsyankar şair Sibirdə də
yazmaqdan qalmadı, burada
yazdığı şeirləri də Bakıda çıxan
mətbu orqanlarda nəşr etdirdi. O, “Hürriyyəti-bəşəriyyə”
adlı ilk şeirlər kitabında yer alan şeirlərinin
birində yazırdı:
Necə ucalmasın atəşi-ahımız,
Olub bəsteyi-zülm şəhr əhlimiz.
Necə çıxmasın naləmiz göylərə,
Müsibət yağar dəmadəm yerlərə.
“Dirilik” jurnalı
və boğulan arzular
1913-cü ildə Romanovlar sülaləsinin
300-cü ildönümü qeyd olunduğu zaman Müznib də əfv olunaraq Bakıya qayıtdı. Ədib yenidən mətbuat və nəşriyyat
aləminə atıldı. O,1914-cü ildə böyük qardaşı Əbülfəz
Mütəllibzadənin adına “Dirilik”
adlı bir məcmuə qurdu.
Böyük öndər Məmməd
Əmin Rəsulzadənin “Milli dirilik” adlı ardıcıl yazıları ilk dəfə bu
jurnalın səhifələrində nəşr olunmuşdur. Azərbaycanda türkçülük ideyalarının
yayılmasında Müznib və onun “Dirilik” jurnalı ətrafına
yığdığı ədəbi qüvvələr əhəmiyyətli
rol oynamışdır. 1915-ci ildə Müznib bu jurnalın səhifələrində
Rus imperatoru I Pyotrun Türk-müsəlman düşmənliyi
ilə dolu “Vəsiyyəti”ni nəşr
etdikdən sonra, yenidən təqiblərə
məruz qalar, çox
keçməmiş onun bu
jurnalı da bağlanır. Sonralar Müznib “Türkün səsi ”adlı bir
qəzet çıxarmaq fikrinə düşsə də, rəsmi
dairələrdən lazım olan izni ala bilmir.
Müznibin “Dirilik”
jurnalını nəşr etməklə azərbaycanlılara
türklük və islamlıq anlayışlarının
geniş izahını vermək, həm milli, həm də dini dəyərləri
təbliğ etmək istəyirdi. Görkəmli qələm sahibi jurnalın ilk
sayında çıxan məqalələrində də qeyd edirdi ki,
bu iki dəyər bir-birini tamamlayır, amma dini mənsubiyyətlə etnik
mənsubiyyət eyni anlama
malik deyil. Qələm
sahibi bildirirdi ki, məntiqi baxımdan heç
şübhəsiz ki, yalnız türklərin
özlərini “islam milləti”
adlandırılması yanlış fikirdir.
Dünyada islam dinini qəbul edən onlarca
millət var.
Elə bu səbəbdən
də, milləti mənsub olduğu dinin adı ilə çağırmaq böyük yanlışlıq olardı. Müznibin “Türk tarixi” kitabını yazmasında məqsədi
də bu məsələlərə
aydınlıq gətirmək idi.
Görkəmli ədib
1913-1917-ci illər arasında milli
yayım sahəsində çalışır. Özü yazdığı əsərlərdən
başqa, o, şərq
və qərb ədəbiyyatından tərcümələr
edər. Müznib bu
illərdə öz əsərlərindən
və tərcümələrindən ibarət olan onlarla kitab
nəşr etdirir. Rus
imperiyasının süqutundan sonra Müznib ədəbi
və siyasi sahələrdə daha geniş fəaliyyət
göstərir.
Millətimdən çəkmərəm əl, xarü- zar olsam da mən,
Dönmərəm əzmimdən hərgiz tarimar olsam da mən.
Sovet dövründə bir
müddət 1920-1926 illəri arasında Müznib
yenə mətbuatda çalışır. Amma
burada ona hər zaman millətçiliklə bağlı
yazdıqları irad tutulur
və nəhayət, 1926-cı ildə o,
erkən təqaüdə çıxmağa məcbur edilir. Türkçülük
və milliyyətçilik ideyalarının tərəfdarı
kimi Müznib sovet dövründə də, çar
dövründə olduğu kimi təzyiqlərə məruz qalır. Bu günümüzə çatan
dəyərli ədəbi irsi
Beləliklə,
həyatının 20 ilini mətbuata həsr
etmiş Müznib 1926-cı
ildə 44 yaşında mətbuatdan ayrılır, siyasətdən
tam uzaqlaşar və ədəbiyyat
araşdırmaları ilə məşğul olur.
1927-1937-ci illər arasında o, XIX-XX əsr
Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən
ibarət on
kitab yayınlayır. Müznib
bütün bu əsərləri
özü yığıb
toplamış, onlara geniş
ön söz, bioqrafik məlumat və şərhlər əlavə
etmişdi. Onun çox dəyərli əsərlərindən
“Türk tarixi”,
“Müxtəsər ənbiya və İslam tarixi”, “Yusif və Züleyxa” , “Tiran rolu”, “Nəsrəddin məzhəkələri”,
“Aşıq Pəri və müasirləri” və s.
kitablarını nümunə göstərmək olar.
Ə.Müznib
eyni zamanda islam tarixi, onun
peyğəmbəri ilə bağlı maraqlı əsərlər
yazmışdır. Bu əsərlərin
arasında onun Məhəmməd peyğəmbərə
həsr etdiyi bir
neçə şeir də yer alır:
Açıldı mehrin ilə çeşmi-iman, ya Rəsulullah,
Silindi nurun ilə qəlbi-əzan, ya Rəsulullah.
Bəşərsən, zahirən, lakin məqami-həqq məkanındır,
Lisani-xaliq aləmi həqiqətdə lisanındır.
Sən əvvəli-zati-məailsən ki, Quran mədhi-xanındır,
Bunu təsdiq edər Quranü Fürqan, ya Rəsulullah.
Nəhayət, 1937-ci
ildə yenidən həbs olunan Müznib millətçilik və
pantürkizmdə günahlandırılaraq ölüm
cəzasına məhkum edildi. Sonralar arxiv
materiallarından məlum olduğuna
görə, istedadlı qələm sahibi,
şair və ədəbiyyat mütəxəssisi
Əli Abbas Müznib
27 avqust 1937-ci ildə güllələnmişdir.
1956-cı ildə o da bir
çox günahsız repressiya
qurbanları kimi bəraət aldı. Böyük yaradıcılıq irsinə malik Müznibin əsərləri
bu günədək tam
toplanıb nəşr olunmamış,
yaradıcılığı tədqiq edilməmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.-
2013.- 10 oktyabr.- S.14.