Bir nəslin iki görkəmli alimi
İlk
azərbaycanlı müxbir üzv
O Azərbaycanın
elə görkəmli şəxsiyyətlərindən biridir
ki, titullarını saymaqla bitməz. Haqqında söz
açacağımız alim SSRİ Baş Geologiya İdarəsinin
rəisi, SSRİ-nin baş geoloqu, Stalinin müşaviri
olmuş bir şəxsdir. Söhbət SSRİ Elmlər
Akademiyasının ilk azərbaycanlı müxbir üzvü
Əli Əmiraslanovdan gedir...
Əli Əmiraslanov
1900-cü ildə Qubadlının Balahəsənli kəndində
doğulub. Anasını dünyaya
gəldiyi gün itirən Əlinin
atası da 11 yaşı olanda,
Birinci Dünya
müharibəsində tatar polkunun tərkibində vuruşarkən həlak
olub. Kiçik
yaşlarından nənəsinin himayəsində böyüyən
kiçik Əlinin dərdinin
üstünə yeni dərd gəlir.
Türkiyə, Naxçıvan, İrəvandan sonra Zəngəzurda
fitnəkarlıq törədən erməni quldur
dəstələri, burada da
onların da kəndini, evlərini
görünməmiş vəhşiliklə dağıdır.
Bu soyqırımlarda ona
körpəlikdən himayədarlıq etmiş
nənəsini də bütün qohum-əqrəbaları
ilə birlikdə diri-diri
yandırırlar. Bundan sonra
o, Şamaxı şəhər idarəsində
yüksək vəzifədə çalışan
dayısı Yusif ağanın yanına yola düşür.
Dayısının ailəsində böyüyən və təhsil
alan Əli qarşısına böyük hədəflər qoyur.
Məşhur qəhrəmanlar nəsli
sayılan Sultanovların yetişdirməsi Yusif
ağa Rus-yapon
müharibəsində igidliyi ilə ad-san qazanmış, rus
hökumətinin ordenlərinə layiq görülmüş tanınmış
ziyalı idi. Əmiraslanovlar da daxil olmaqla,
bir çox
tanınmış alim və ziyalılar məhz
Yusif ağanın himayəsi ilə
yaşayıb oxumuş, özlərinə
həyatda mövqe tutub
xalqa, vətənə layiqli
xidmət göstərmişlər.
Taleyin zərbələri gənc Əlini qarabaqara izləyir. Bu dəfə
də daha bir qanlı
qırğın onun pənah gətirdiyi
Şamaxıda təkrar olunur. Gənc
Əli bu dəfə yaşının az olmasına baxmayaraq, silah alıb erməni daşnaklarına
qarşı döyüşlərdə iştirak
edir.
Görkəmli şəxsiyyətin
həyat yolu haqqında geniş
məlumat Elvira Araslının “İnsan və onun zamanı
(atam haqqında xatirələr)”
kitabında geniş əksini
tapmışdır.
Ə. Əmiraslanov Moskva
Mədən İnstitutunda
təhsil alıb. Ali məktəbi bitirdikdən
sonra onun karyerası elmi-tədqiqat
institutunda elmi işçidən SSRI Baş
Geologiya İdarəsinin
rəisi, Əlvan Metallurgiya Nazirliyinin idarə rəisi, kollegiya üzvü, Stalinin geologiya məsələləri üzrə
müşaviri, geologiya-minerologiya
elmləri doktoru, SSRİ
Elmlər Akademiyasının
ilk azərbaycanlı müxbir
üzvü kimi yüksək mərtəbələrə
qədər gedib çıxır. Yalnız
SSRİ-nin deyil, eləcə də dünyanın 10-dan çox
ölkəsinin zəngin
mədənlərinin kəşfi,
tədqiq olunması və işlənməsində
Əmiraslanovun misilsiz
xidmətləri var. O dövrdə
xeyli məşhurlaşan
alimi M.C. Bağırov
bir neçə dəfə Azərbaycan Nazirlər Soveti sədrliyinə, Elmlər
Akademiyası prezidentliyinə
dəvət etsə də, o elmi fəaliyyətini, geoloq-mühəndisliyini
üstün tutmuş,
Azərbaycan elmini Moskvada və xaricdə təmsil etməyi qərara almışdır.
Nəslin
ikinci məşhur siması
Görkəmli
alim bir çox İttifaq əhəmiyyətli qurumda
yüksək vəzifələr
tutmuş, bir sıra beynəlxalq konqreslərdə, qurultaylarda
əsas təşkilatçı
və məruzəçi
kimi iştirak etmişdir. Alimin onlarla
sanballı elmi əsəri bu gün də dəyərli xəzinə
kimi istifadə olunur. Onun layiqli yetirmələri
isə xatirəsini yaşatmaq üçün
açdığı elm yolunu
davam etdirirlər.
Əli Əmiraslanovun
böyük türk şairi Nazim Hikmət, onun azərbaycanlı tədqiqatçısı
Əkbər Babayev, bir çox görkəmli alimlərlə
dostluq, akademik Həmid Araslının ailəsi ilə qohumluq münasibətlərinə
həsr olunmuş səhifələr də ibrətamizdir.
Böyük
alimin həyatı bir sıra tarixi
hadisələrlə eyni
dövrə təsadüf
etmişdir. O, Böyük
Vətən müharibəsinin,
Stalin repressiyalarının, sürgün dövrünün,
Stalinin dəfn günündəki minlərlə
insanın ölümüylə
nəticələnən hadisələrin
şahidi olub.
Böyük elm xadimi
Ə.Əmiraslanov cəmi
62 il ömür
sürümüşdür. O, 1962-ci ildə vəfat etdiyi Moskva şəhərində
“Novodevijye” qəbristanlığında
dəfn edilmişdir.
Bu nəslin başqa bir məşhur nümayəndəsi
də Ə.Əmiraslanovun
əmisi oğlu Mehbalı Əmiraslanov olub. Onların hər ikisi
Yusif ağanın himayəsində böyüyüb,
təhsil almışlar.
O, tanınmış metallurq,
inşaatçı, böyük
istedada və enerciyə malik bir şəxs olub. M.Əmiraslanov da Moskvada Mədən Akademiyasını
bitirdikdən sonra Leninqradda çalışmışdır.
Daha sonralar ixtisaslı mütəxəssislərin çox
qiymətli sayıldığı
bir dövrdə Azərbaycana qayıdan mütəxəssis bir sıra məsul vəzifələrdə işləmişdir.
1939-cu ildə Toxuculuq Sənayesi xalq komissarı təyin edilmiş, müharibənin əvvəlində
isə Azərbaycan KP
MK-nın tikinti üzrə katibi seçilmişdir.
Böyük
Vətən müharibəsində
süvari korpusunun komissarı və atıcı diviziyanın siyasi şöbəsinin rəisi kimi iştirak etmişdir. Müharibə bitdikdən sonra
onun “Zaqafqaziya-sənayetikinti”
trestinin yaradılmasında
böyük əməyi
olmuşdur.
Keşməkeşli və zəngin həyat yolu
1945-ci ildə faşist Almaniyası təslim olduqdan sonra o, məhsulu respublika üçün böyük əhəmiyyət
kəsb edən Qaradağ Sement Zavodu da daxil
olmaqla, Azərbaycan müəssisələri üçün
qənimət avadanlıqların
gətirilməsi işini
məharətlə təşkil
etməyi bacarmışdır. O, Sumqayıt boru-prokat zavodunun qurucusu və ilk direktoru, Azərbaycan SSR Nazirlər
Soveti sədrinin birinci müavini, yenidən Mərkəzi Komitə katibi, büro üzvü, SSRİ
və Azərbaycan SSR
Ali Sovetinin deputatı
kimi zəngin ömür yolu keçmişdir. Yuxarıda adını
qeyd etdiyimiz kitabda alimlə bağlı maraqlı bir xatirə var. Mir Cəfər Bağırovun
məhkəməsində yalnız
M.Əmiraslanov onun üzünə durmamışdır.
O, həm də bəzi dəyərli insanları repressiya caynağından xilas etmişdir. M.Bağırovun
MK katibliyindən Mingəçevir
tikintisinə göndərdiyi,
hansısa hərəkətinə
görə narazı qalaraq “türk casusu” kimi həbsinə
qərar verdiyi İslam İslamzadənin
düşdüyü vəziyyət
uzun illərin yaxın dostu M.Əmiraslanovu qəti hərəkətə sövq
edir, özünü təhlükəyə qoyaraq
gecəylə İslamzadəni
xəlvətcə aradan
çıxarıb Sumqayıta,
oradan qatarla Moskvaya qaçırdır,
sonra da bu məsələni yoluna qoyub onu
Azərbaycan SSR-nin Moskvada daimi nümayəndəsi təyin
etdirir.
Bakı Baş
Tikinti İdarəsinin
rəisi vəzifəsində
çalışarkən onun
birbaşa zəhmətinin
nəticəsi olan M.F.Axundov adına
Milli Kitabxana, “Azərbaycanfilm” kinostudiyası
kimi onlarla bina, 54 məktəb və sair obyektlər
inşa edilir. M.Əmiraslanov son vəzifəsindən - Azərbaycan SSR Dövlət
Dağ-mədən Tikintisi
İşlərinin Təhlükəsizliyi
Komitəsinin sədrliyindən
1981-ci ilin yanvarında
öz xahişi ilə təqaüdə çıxır, İttifaq
pensiyaçısı olur.
Arxivlərdə Mehbalı
Əmiraslanov barədə
Moskvaya göndərilmiş,
MK plenumunda da oxunan məktublar saxlanılır: “Azərbaycan
SSR Nazirlər Soveti sədrinin müavini Əmiraslanovun atası Qubadlı bəylərindəndir.
Qardaş və bacıları
Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra İrana qaçmışlar. Əmiraslanovun qohumu Xosrov Sultanov
çar ordusu generalı, Dağlıq Qarabağın qubernatoru, müsavat hökumətinin
üzvü olmuş, Türkiyəyə qaçmışdır.
Əmiraslanov müharibə illərində
İranda möhtəkirlik
etmişdir”.
1984-cü il mayın 15-də dünyasını
dəyişən M. Əmiraslanov
2-ci Fəxri Xiyabanda dəfn edilib.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2013.- 11 oktyabr.-
S.14.