AXC-nin cəsur zabiti Şəmsəddinski
Qanlı
döyüş cəbhələrində
Azərbaycan
tarixində qanlı bir səhifə olaraq qalan 37-ci il
repressiyaları haqqında mövzularımızı davam etdirəcəyik.
Budəfəki mövzumuz Azərbaycan Xalq Cümhuriyyətinin
zabiti, dövlət xadimi Musa ağa Məmməd ağa
oğlu Şəmsəddinskinin həyat yoluna həsr olunub.
Musa ağa Məmməd ağa oğlu 15 fevral 1896-cı ildə Yelizavetpol
quberniyasının Qazax qəzasının Şınıx kəndində
anadan olmuşdu. İbtidai təhsilini öz kəndlərində
alan Musa ağa 1908-ci ildə Gəncədəki Müsəlman
Müəllimlər Seminariyasına daxil olmuşdu. Seminariyanı
bitirdikdən sonra Musa ağa
Bakı Xeyriyyə Cəmiyyətində
çalışmağa başlamışdı. O, 1916-cı
ildə Birinci Dünya müharibəsində İran cəbhəsindəki
döyüşlər nəticəsində yurd-yuvalarından
didərgin düşən qaçqın və zərərçəkənlərin
problemlərinin həll edilməsi, onlara yardım göstərilməsi
ilə məşğul olurdu.
1918-ci il mayın 28-də Azərbaycan Xalq
Cümhuriyyəti yarandıqdan sonra hökumətin qərarı
ilə bütün gənclər Milli Orduya səfərbər
edildi. “Vikipedia”nın yazdığına görə, o zaman
M.Şəmsəddinski də Gəncədəki hərbi Gizirlər
Məktəbinə oxumağa göndərildi. Həmin ilin
noyabrında məktəbi bitirən Musa ağa Milli Ordunun
4-cü Quba piyada alayının 2-ci bölüyünün
komandiri təyin edildi. Bölüyün əsas vəzifəsi
Qusarçay və Samurçay boyunca uzanan əraziləri
ağqvardiyaçı general Denikinin dəstələrinin
hücumundan müdafiə etmək idi.
1920-ci ilin martında M.Şəmsəddinskinin
komandir olduğu dəstə Qarabağa hücum edən
daşnak ordusu ilə vuruşmaq üçün ora göndərilir.
Onun rəhbərlik etdiyi dəstə hətta Ermənistan ərazisinə
- Şəmsəddin rayonuna gedərək orada erməni
daşnak bandasını darmadağın edir. Sonra da cəsur
komandir bandanın başçısı poruçik Sergeyevi
diri tutub Milli Ordumuzun Gəncədəki Xüsusi Şöbəsinə
təhvil verir. Həmin dəstə 1920-ci il aprelin sonunda
Naxçıvana göndərilir. Lakin Şərur bölgəsində
qeyri-bərabər döyüşdə daşnak ordusunun təzyiqi
altında dəstə məcburən Şahtaxtı
körpüsü vasitəsilə Araz çayından əvvəlcə
İranın Maku şəhərinə, oradan isə Türkiyə
ərazisinə - Bəyazitə, sonra da Ərzruma getməli
olur.
Bolşevik
işğalından sonra
O zaman M.Şəmsəddinski kömək
üçün RSFSR-in səlahiyyətli nümayəndəsinə
müraciət etmişdi. Bu hadisə 1920-ci ilin mayında
baş vermişdi. O zaman artıq Azərbaycanda sovet hakimiyyəti
qurulmuşdu. Ankara ilə danışıqlardan sonra M.Şəmsəddinskinin
dəstəsinə Azərbaycana qayıtmağa icazə
verilmişdi.
Təcrübəli və cəsur komandir olan
Musa ağa Şəmsəddinskini 1920-ci ilin avqustunda Azərbaycan
SSR hərbi dəniz komissarının əmri ilə Tovuza
batalyon komandirinin müavini göndərdilər. O, eyni zamanda
Tovuz Qəza Partiya Komitəsi yanında xüsusi təyinatlı
dəstənin də komandiri təyin edilmişdi.
Bundan sonra, 1921-ci il martın 2-də Kommunist
partiyasına daxil olan M.Şəmsəddinski tezliklə rəhbər
vəzifələrə doğru irəliləməyə
başladı. O, 1921-23-cü illərdə əvvəlcə
Tovuz Qəza İcraiyyə Komitəsi sədrinin müavini,
sonra da Tovuz və Şamaxı rayon icraiyyə komitələrinin
sədri işlədi. Sonra isə Şəmsəddinski AKP MK
və Azərbaycan MIK-in qərarı ilə 1923-25-ci illərdə
Ağdam və Lənkəran Qəza İcraiyyə Komitələrinin
sədri olmuşdur. Daha sonra isə onu XDIK-ə göndərmişlər.
Azərbaycan Xalq Daxili İşlər
Komissarlığının 3 mart 1925-ci il tarixli 28 saylı əmri
ilə Musa Şəmsəddinski Respublika Milis İdarəsinin
rəisi təyin edilmişdir. O, bu vəzifədə 13 oktyabr
1926-cı ilədək çalışmış və
bütün bacarığını milis kadrların
yetişdirilməsinə sərf etmişdir.
Sonrakı 1926-28-ci illərdə M.Şəmsəddinski
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin təşkilat
şöbəsi müdirinin müavini, 1928-30-cu illərdə
Respublika Yer quruluşu İdarəsinin rəisi, Xalq Torpaq
Komissarlığının kollegiya üzvü, 1930-31-ci illərdə
Azərbaycan Dövlət Siyasi İdarəsi
kollegiyasının üzvü, 1931-32-ci illərdə Azərbaycan
SSR Xalq Torpaq Komissarının müavini, 1933-34-cü illərdə
Azərbaycan SSR Xalq Komissarları Soveti işlər idarəsinin
müdiri, 1934-38-ci illərdə isə Azərbaycan SSR MIK
katibi vəzifələrində fəaliyyət göstərmişdir.
Repressiya
rejiminin caynağında
Lakin
amansız repressiya dalğası heç kimə aman tanımırdı. Beləliklə,
1938-ci il yanvarın 4-də onu qəflətən həbs
etdilər.
M. Şəmsəddinskinin
istintaqı 15 ay sürdü,
özü də saxta şahidlər və ittihamlar vasitəsilə. Bu barədə
onun həbs düşərgəsindən Moskvaya
Partiya Nəzarət Komissiyasının sədri
A.A.Andreyevə yazdığı
25 may 1941-ci il tarixli məktubunda da bəhs olunur.
Məktubda bildirilir ki, Azərbaycan SSR-in sabiq xalq daxili
işlər komissarı
Mixail Bayevin (əsl soyadı Yakov Kaminskidir) xüsusi tapşırığı
ilə onun istintaqı saxtalaşdırılaraq
işinin aparılması
XDIK-in 5-ci şöbəsinin rəisi Aslan Kasparova tapşırılmışdı.
Musa Şəmsəddinski sonralar - 30 noyabr 1954-cü
ildə bəraət aldıqdan sonra yenidən partiya sıralarına bərpa olunmaq üçün Azərbaycan KP MK-nın katibi İmam Mustafayevə yazdığı
məktubda da başına gətirilmiş
dəhşətli repressiya
tədbirlərindən ətraflı
bəhs edib. Məlum olurdu ki, onun
həbs edilməsinə
səbəb o zaman Azərbaycan SSR-in xalq daxili işlər komissarı vəzifəsində
işləyən Y.Sumbatov
- Topuridze ilə münasibətlərinin kəskinləşməsi
olmuşdur. M.Şəmsəddinski Y.Sumbatovun ov tüfənglərini dəyişdirmək
tələbini yerinə
yetirməmişdi. Bundan
sonra Y.Sumbatov-Topiridze onu harada gəldi
haqq-nahaq söyüb-yamanlayır,
belə bir fikir yayırdı ki, guya M.Şəmsəddinski
Yejovun (keçmiş
SSRI xalq daxili işlər komissarı, sonralar “xalq düşməni” kimi güllələnmişdir) göstərişi
ilə Qaradonlu (indiki İmişli) rayonundan həbsə alınmış adamları
icazəsiz buraxmaqda günahlandırırdı. Sən demə,
həmin şəxslər
Sumbatovun bilavasitə göstərişinə əsasən
həbs ediliblərmiş.
Lakin onları M.Şəmsəddinski
yox, günahsız olduqlarına görə
MK-nın komissiyası
azad etmişdi.
M.Şəmsəddinski həbsdən qayıtdıqdan
sonra 1955-ci ilin mayından 1957-ci ilin martınadək Bakı Kinostudiyasında “Azərbaycan
SSR Ümumittifaq Kənd
Təsərrüfatı Sərgisində”
adlı xüsusi sifarişli kinojurnalın direktoru, 1958-ci ilin avqustundan ömrünün
sonunadək Azərbaycan
SSR Nazirlər Soveti yanında dini işlər və rus pravoslav kilsəsi
ilə iş üzrə şuraların
müvəkkili işləmişdir.
M.Şəmsəddinski 18 fevral 1974-cü ildə 78 yaşında Bakıda vəfat etmişdir.
Musa ağa Şəmsəddinski 1967-ci ilin
noyabrında Lenin Ordeni,
1968-ci ilin fevralında
isə Azərbaycan SSR
Ali Sovetinin “Fəxri fərman”ı ilə təltif edilmişdir.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2013.- 14
oktyabr.- S.14.