Tarixin musiqi dilini öyrədən sənətkar...
Bir xəzinənin
sorağında...
Azərbaycanın qədim musiqi alətlərinin tarixindən
söz düşəndə xatırlanan ilk ad Məcnun Kərimov
olur. Bir həftə əvvəl bu dəyərli sənətkarı
haqq dünyasına yola saldıq. Onun musiqi tariximiz
üçün etdikləri isə yüz illər boyu unudulmayacaq
və ondan qalan dəyərli xatirə kimi səslənəcək.
Sözün həqiqi mənasında,
ensiklopedik bilgiyə malik bir insan aça bilərdi əsrlərin
o tayında qalan sehrli çalğı alətlərimizin
sirrini. O “lal alətlərin” dilini M. Kərimov
açdı. Bu çalışmalara öz
birgözlü evinin dar otağında başlayan Məcnun Kərimov
nəticədə inanılmaz bir uğura imza atdı.
Musiqiçi o zamana qədər yalnız yazılı mənbələrdə
adını eşitdiyimiz orta əsrlərə aid 11
ifaçılıq alətini bərpa etdi: çəng, tənbur,
rud, bərbəd, çəqanə, çoğur, rübab,
santur, qopuz, nusə və muğni. Gördüyü
işlər haqqında təvazökarlıqla danışan tədqiqatçı
söhbətlərində “kiçik maraq böyük xəzinənin
üstünü açdı” - deyir.
Sənətkarın bu marağı dahi
Nizami və Füzulinin əsərlərində
rastlaşdığı qədim musiqi alətlərinin
adından başlamışdı. O, bu marağına “yenildi”.
M.Füzuli adına Əlyazmalar Institutuna
üz tutdu, iki ilə yaxın ərəb-fars dili mütəxəssislərinin
köməyi ilə bir çox alətlərin - rud, çəng,
bərbəd, rübab, qopuz, çəqanə, tambur alətlərinin
tarixini araşdırdı, miniatür sənət əsərlərində
o musiqi alətlərinin təsvirini tapdı. Sonra maraq onu
alıb apardı uzaqlara...Görəsən bu alətlərin
görünüşü, səslənməsi necəydi?!. Eskizləri hazırlayıb musiqi alətləri
hazırlayan sənətkarlara müraciət etdi, kimsə
boyun olmadı, çox çətin iş olduğunu dedilər.
Sonda alətləri özü hazırlamaq qərarına
gəldi.
Qəribəydi, bu sənətin incəlikləri bir yana qalsın, hazırlanma texnologiyasını
belə bilmirdi. Amma möcüzələr var və
onlar heçdən deyil, insanın saf, təmənnasız
duyğularından, halallığından, zəhmətinin
böyüklüyündən baş verir. O möcüzə
baş verdi! Birotaqlı mənzilin
pəncərəsi ağzında “yaratdığı
emalatxana”da yonulan ağaclardan 6-7 aya rud aləti dünyaya gəldi.
Bu alətin yarısı dəridən,
yarısı tut ağacından idi. “İlk alət
hazır olub səslənəndə gördüyüm işdən
o qədər zövq alıb sevindim ki, elə bildim, xəzinə
tapmışam”, - deyir sənətkar.
Bu kolleksiyada
ən ağır zəhmət bahasına başa gələn
alət çəng olub. Alim Nizami və
Füzulinin sevdiyi bu musiqi alətini miniatürlərdə kəşf
etdiyini bildirir. “Çəng 31 simdən
ibarətdir. Simlər pərdənin
üstündən bağlanır. Amma necə,
hansı texnologiya, hansı üsulla? Onu
üç il çalışdıqdan sonra bərpa edə
bildim”.
Sənətkar hər alətin
quruluşunu əzbərlədi qısa zamanda. Bərbətə bağırsaqdan
hazırlanmış 6 qoşa sim bağlanır. Üzü isə şam ağacından
hazırlanır və bir neçə yerdən səs
rezonatorları qoyulur. Uddan fərqli olaraq,
bərbətin qoluna 10-12 pərdə bağlanır.
Türk xalqları musiqisinin tədqiqatçısı
doktor Fərrux Şumer “Qədim türklərin
musiqisi və rəqsləri” adlı məqaləsində
yazırdı: “Altay Kurqanlarında aparılan qazıntılar
zamanı tapılan mədəniyyət abidələri
arasında 2 çəng daha böyük maraq kəsb Şərq
xalqları əfsanələrində çəng ilahi
qüvvə tərəfindən yaradılmışdır.
Eramızdan çox-çox əvvəllərə aid edilən
çəng musiqi aləti XVI-cı əsrin II yarısına
kimi Azərbaycanda istifadə edilmişdir”.
Rəngarəng
bir musiqi çələngi...
Çoğur - tarixi qaynaqlardan aydın olur ki, XII-XVI
yüzilliklərdə, qopuzun sazla əvəzlənməsi
arasındakı dövrdə, Qafqaz, Iran və Anadoludakı
sufi mərasimlərində, dərviş aşıq məclislərində
“çağır”, “çaqur”, “çuqur”, “çoğur”
adlı musiqi alətindən istifadə edilmişdir.
Ehtimal ki, çoğur “haqqı,
allahı çağırmaq üçün istifadə edilən
musiqi aləti” mənasını verir.
Çəqanə- kamanla çalınan
dördsimli çalğı alətidir. XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində
mövcud olmuşdur.Alət armudşəkilli çanaqdan, qol
və kəllədən ibarətdir. Çəqanənin
uzunsov çanağı doqquz hissədən ibarət olub,
yığma üsulu ilə qoz, səndəl və ya fıstıq
ağacından hazırlanır.
Rübab -Mizrabla çalınan simli
dartımlı musiqi alətidir.
Özünəməxsus çanaq və
uzun qoldan ibarətdir. Çanaq tut, qoz və ya
fısdıq, qol isə qoz ağacından hazırlanır.
Çanağın üzərinə balıq dərisindən,
yaxud öküz ürəyinin pərdəsindən
hazırlanmış üzlük dəridir. Ipəkdən, yaxud bağırsaqdan eşilmiş
iki qoşa və bir tək sim bağlanılır. Qolunda 18 pərdəsi var.
Qolça qopuz- Ən qədim simli
çalğı alətlərindən biridir. Qopuzun iki növü daha geniş istifadə
olunmuşdur.
1) “Qıl qopuz” və ya “ikilik? kimi
tanınan və kamanla ifə edilən ikisimli qopuz növü
Orta Asiya xalqları arasında geniş
yayılmışdır.
2) Müasir aşıq sazının sələfi
sayılan üçsimli “qolça qopuz” Azərbaycan
türklərinin istifadə etdikləri ən qədim simli
musiqi alətidir.
Qolça qopuzun çanağı udabənzər
olub, ondan xeyli kiçikdir. Çanaq
hissəsi bütöv yonma üsulu ilə hazırlanır.
Onun üzünün 2/3 hissəsi dəri, qalan
hissəsi isə nazik taxta üzlüklə
örtülür. Qopuzun qısa qoluna pərdələr
bağlanılır.
Tənbur - armudşəkilli olub, saz tipli
alətlər ailəsinə mənsubdur.
İki, bəzən üç simdən
ibarət çox sadə quruluşlu bu musiqi aləti indi də
Yaxın Şərq və Orta Asiya xalqları arasında
geniş yayılmışdır. Tənburun
çox qədim tarixi vardır. Əl Fərabi onun islam dinindən əvvəl yaranmasını
qeyd edir.
Səntur-yatıq sazlar ailəsinə mənsubdur. Qanun, nüzhə və bu növ alətlərdən
hesab edilir. Sənturun bu alətlərdən
başlıca fərqi onun iki yüngül ağac toxmaqla
(mizrabla) çalınmasıdır. Ona
görə də, səntur həm də zərb musiqi aləti
sayılır.
Əfsanəyə görə, Davud
peyğəmbər bir sıra musiqi alətlərinin, o
cümlədən sənturun yaradıcısı olmuşdur.
Bu misilsiz kolleksiyada bərpa olunan son alətlər
nusə və muğnidir. Nusənin 81 simi var. Hələ XIII əsrdə
Səfiəddin Urməvi nusə alətinin 108 simli
növü barədə məlumat verirdi. Nusə
əylənmək, şənlənmək, ruh vermək mənasını
daşıyır.
Muğni adlanan ikinci alətin də
yaradıcısı Səfiəddin Urməvidir. Uda bənzər bu alətin 37 simi var.
Tarixin o
üzündən bu üzünə
gələn
musiqi səsləri...
Zəhmətkeş sənətkar bərpa olunan
ifaçılıq alətlərinin sayını 6-ya
çatdırdığı zaman ansambl yaratmaq ideyası
haqqında düşünməyə başladı. Işlədiyi 3 saylı Musiqi Məktəbinin müəllimlərindən
ibarət bir ansambl yaratdı. Konsertlərdə
görünən qrupun sorağı yavaş-yavaş
yayılmağa, qapılar açılmağa başladı.
Bakı Musiqi Akademiyasının rəhbərliyindən
“Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi”
elmi laboratoriyanın açılması barədə təklif
gəldi. Bu sənətkarın ən
böyük arzusu idi. 90-cı illərin əvvəlində
fəaliyyətini dayandıran ansambl 6 il
sonra yeni bir heyətlə işə başladı. Az sonra ansambla dövlət statusu verildi və
o, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində
fəaliyyətə başladı.
Sənətşünaslıq doktoru, professor, Qədim
Musiqi Alətləri Ansamblının rəhbəri M.Kərimovun
2002-ci ildə “Azərbaycan musiqi alətləri” adlı
kitabı üç dildə - ingilis, rus, Azərbaycan dillərində
çap olunub. Müəllif bu kitabın
yazılmasının da maraqlı tarixçəsi olduğunu
deyir. 1997-ci ildə Avstriyada elmi konfransda
iştirakı zamanı Tokio Musiqi Kollecinin professoru olan bir
xanım çəng alətinin Şərqdə
yayılmasından danışdıqdan sonra M.Kərimov
çıxış edib. O bərpa etdiyi 9 musiqi aləti
haqqında məlumat verib, onların qədim miniatürlərdəki
təsvirlərini göstərib və bu alətlərin bərpası,
səslənməsi və nəhayət, ansamblın
yaradılması barədə danışıb.
Bakıya gələndən bir ay sonra musiqiçi o
yapon xanımdan Tokioda çap olunmuş “Dünya
xalqlarının musiqi alətlərinin atlası”nı alıb. “Orada
dünyanın bütün xalqlarının musiqi alətləri
barədə məlumat vardı, amma bizim musiqi alətləri
yox idi. O yazmışdı ki, kitabın
üçüncü nəşri nəzərdə tutulub,
xahiş edirik, alətlər haqqında məlumatları bizə
yazın, şəkillərini göndərin,
üçüncü nəşrdə atlasa daxil edək. Biz həmin məlumatları hazırlayıb göndərdik.
Mən onsuz da işlərimin son nəticəsi
kimi kitab çap etdirmək istəyirdim, həmin hadisə bu
işi sürətləndirdi,” -deyir müəllif.
M.Kərimov bərpa olunan bu alətlərin itib-
batmaması, muzey eksponatına çevrilməməsi
üçün onların mütləq tədrisə salınmasını və
gələcəkdə ansamblların, orkestrlərin tərkibinə
əlavə olunmasını da tövsiyə edir.
Hazırda Qədim Musiqi Alətləri
Ansamblının sorağı uzaq ölkələrdən gəlir. Heç şübhəsiz ki, vətənpərvərliyi
yalnız döyüş meydanlarında savaş sənəti
ilə deyil, dünya səhnəsində gözəl
ifaçılıq mədəniyyəti ilə də
nümayiş etdirmək mümkündür. Məcnun Kərimov
və onun ansamblı bunun ən gözəl örnəyidir...
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 15-16 oktyabr.- S.14.