Tarixin ən zərif sənət nümunələri
...
Nənələrin boğçasında qorunan gözəllik...
Azərbaycan ailələrinin bir çoxunda əsrlərlə yaşıd olan zərif tikmələrə rast gəlmək olar. Zamanında ən dəyərli sərvət sayılan bu gözəl nümunələr nəsildən-nəslə keçərək günümüzədək gəlib çıxmışdır. Bu əl işləri bir zamanlar qadınların ən gözəl məşğuliyyəti və hədiyyə üçün ən dəyərli pay sayılırdı. Tikmə elə bir sənət növü idi ki, onunla həm sadə xalq içindən çıxmış insanlar, həm də zəngin təbəqəyə məxsus qadınlar məşğul olurdular.
Əsrlər
öncə bura səyahət etmiş xarici tacirlər,
səyyahlar və diplomatlar Azərbaycanda
tikmə sənətinin inkişafı haqqında maraqlı məlumatlar
verirdilər. İtalyan səyyahı
Marko Polo (XIII yüzil) Şamaxıda və Bərdədə
yerli ipək məmulatlarının
gözəlliyindən bəhs edirdi. İngilis səyyahı, tacir Antoni
Cenkinson (XVI yüzil)
isə yay düşərgəsini təsvir
edərkən yazırdı ki, “kral ipək və qızıl işləməli
zəngin çadırda əyləşmişdi, onun geyimi mirvari
və zəngin daş-qaşlarla işlənmişdi”.
Azərbaycanda
dekorativ-tətbiqi incəsənətin bir
növü olan bədii tikmələrin tarixi uzaq keçmişə
gedib çıxır. Bu
regionda üzə çıxarılan arxeoloji materiallar xalq arasında yayılan naxış növlərinin
geniş çeşidini
müəyyənləşdirməyə imkan
verir. Yüz illər
öncə burada işlənən tikmələrdəki
naxış növləri əl işlərinə xüsusi gözəllik verirdi.
Belə təsvirləri Azərbaycanda eramızdan öncə
III minilliyə aid saxsı qablar
üzərində görmək mümkündür.
XIX əsrdə
yaşamış Azərbaycan şairəsi Xan
qızı Natəvan gözəl şeirlərlə bərabər,
zərif tikmələrin də müəllifi idi.
Onun hazırda muzeydə saxlanan
bir albomunun üz qabığı onun
öz əli ilə işlənmiş muncuqlu tikmə ilə örtülmüşdür.
Rəngarəng muncuqlarla bəzədilən
bu tikmədə qovaq
ağacı təsvir olunur. Qeyd edək ki, hazırda Bakıda və Azərbaycanın
digər bölgələrindəki tarix və
incəsənət muzeylərində Natəvanın texniki üsulla icra olunan və yüksək
bədii xüsusiyyətlər kəsb edən bir
neçə tikməsi saxlanılır. Muncuqlarla bəzədilən
belə bədii tikmələrdən birini
Natəvan yuxarıda qeyd etdiyimiz
kimi, 1858-ci ildə Qarabağa
gəlmiş məşhur fransız yazıçısı Aleksandr Dümaya hədiyyə
edib. Əl işinin
incəliyinə heyran qalan
Düma onu “ən qiymətli
hədiyyə” adlandırıb. Natəvanın əl
işləri və rəsmləri öz
dövründə də yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, onun rəsmləri dəfələrlə
Rusiyanın müxtəlif şəhərlərində təşkil
olunan sərgilərdə nümayiş
etdirilib. 1882-ci il Ümumrusiya sərgisinin Qafqaz
şöbəsi vitrinində qoyulan sənət
nümunələri içərisində Xan
qızının mahud üzərində
qızılı və gümüşü
saplarla toxuduğu əsərlər
xüsusilə seçilirmiş.
XIX-XX əsrin əvvəllərində
bədii tikmələr üçün əsas
rolunu oynayan material yerli istehsal olan qonovuz,
darai və məxmər idi.
Onlar, Şamaxıda, Basqalda,
Şəkidə, Gəncədə, Şuşada
və Azərbaycanın digər şəhərlərində
hazırlanırdı. Bədii tikmə üçün
yerli ipək və yun
saplardan və yerli
basmaqəliblərdən istifadə olunurdu.
Boyama üçün
bitki mənşəli boyalar
işlədilirdi.
Bir yaradıcılıq
dünyası...
Azərbaycan
məişətində tikmələr əsasən güləbətin,
saya naxışlı bədii tikmə, təkəlduz,
“quş gözü”
texnikasında tikmə, metal muncuqlu tikiş, muncuqlu tikiş, basmanaxış,
düymələmə, qurama, spiral şəkilli tikiş
formasında hazırlanırdı. Bütün
bu tikmə növlərindən ən qədimi qızılı və gümüşü
saplarla işlənmiş bədii tikmələrdir.
Belə əl işlərində əsasən çox
sıx parçadan istifadə edilirdi ki, bu
zaman qırmızı, tünd
qırmızı, bənövşəyi və yaşıl rəngli
birçalarlı məxmər ən yaxşı material sayılırdı.
Azərbaycanın
qədim bədii tikmə məmulatları ornamental
motivlərin zənginliyi və müxtəlifliyi ilə fərqlənirdi.
İpək parçalar
üzərində mirvari və ya digər qiymətli daşlarla
bəzədilərək işlənən təsvirlər heyranedici idi. Bu zərif əl
işlərində bitki motivləri
qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, meyvə ağaclarının
yarpaqları - nar, heyva,
alça çiçəkləri, eləcə
də sünbül və müxtəlif
formalı yarpaqlar işlənirdi.
Müxtəlif
çalarlı incə mahud,ÿtirmə, atlas,
tumac dəri üzərində də bədii
tikmələr salınırdı. Qızılı və gümüşü saplarla
tikiş üçün
fabrik istehsalı olan
qızıl və gümüş saplardan istifadə olunurdu.
Bu bədii tikmə növü
güləbətin adlanırdı.
Güləbətinlə
daha çox qadın üst geyimlərinə, baş
geyimlərinə, ev məişət əşyalarına,
at yəhərinə və daha xırda məmulatlara bəzək vurulurdu. Gəlinin cehizinə güləbətin
işləməli məişət təyinatlı müxtəlif
əşyaları daxil etmək adəti də
vardı.
Rəngli ipək saplarla işlənmiş bədii tikmələr
arasında təkəlduz tikmələri daha
geniş yayılmışdı.
Bədii tikmələrdə
quşları: bülbül, tovuz quşu, göyərçin,
tutu quşu, hophop (şanapipik), sərçə,
qırqovul, bildirçin, kəklik və
digərlərini təsvir etməyi sevirdilər.
Təkəlduzçuluq
üçün əsas material
qismində yerli və ya
xaricdə istehsal olunan
qırmızı, qara və tünd göy rəngli məxmər
və mahud işlədilirdi. Təkəlduz
bədii tikmələri təkcə qadınların məşğuliyyəti
deyildi. Bir çox kişilər tətbiqi incəsənətin
bu sahəsində öz
qeyri-adi məharətlərini göstərirdilər.
Dəzgahda dartılmış parçada
usta əvvəlcə rəsmin kontur xətlərini çəkir, sonra isə onun bütün daxili sahəsini
doldururdu. Təkəlduz bədii tikmələri
üçün işlədilən iynə
“qarmac” adlanırdı.
Təkəlduz bədii
tikmələri ilə qadın geyimləri, böyük
yastıqların üzlükləri, mütəkkələr,
hamamda işlədilən ayaqaltı xalçalar, örtüklərə bəzək
vurulurdu.
Bədii tikmələrdə
geniş tətbiq edilən digər texnika saya tikmə idi.
Bu növ bədii tikmə
üçün adətən parlaq olmayan, pastel çalarlarında, çox
zaman qızıl saplarla
uzlaşmada rəngli ipək və yun saplardan istifadə olunurdu. Saya bədii tikmənin
iki növü
vardı: ikitərəfli və birtərəfli. Saya bədii tikmə üsulu
ilə geyimlərə, divar bəzəklərinə,
üz örtüyünə, pərdələrə
və s. naxışlar vurulurdu.
Bədii tikmələrin
geniş yayılmış növlərindən
biri “quş gözü” - ağ və
ya rəngli ipəklə vurulan
bəzəklər idi.
“Düymələmə”
bədii tikmələri araqçının, şəbkülahın
(gecə baş geyimi),
canamazın, eləcə də yun geyimlərin
bəzəklərində rast gəlinir. Onu adi və su tikişi, astar və üz
arasında nazik yun və
ya pambıq təbəqəsi qoymaqla icra edirdilər.
Mirvari və muncuqlarla bədii
tikmələr böyük maraq kəsb edirdi, onlarla qədimlərdən bəri kostyum elementlərini, məişət əşyalarını
bəzəyirdilər.
Parıltılı bəzək-düzəklərlə,
muncuqlarla bədii tikmə - onları parçaya rəngli ipək saplarla
çəkilmiş rəsmin konturları boyunca
tikməkdir. Qurama və spiral
bədii tikmənin nisbətən gənc
üsullarıdır.
Nadir hallarda rast gəlinən file
üzərində iş və merejka çox gec yayılmış və dar
çərçivədə tətbiq olunur.
Bu əl işi növü salfetka, dəsmal,
üz örtüyünün
bəzəyi üçün daha xarakterikdir.
Tikmələr qədim sənət tariximizin yadigarları
Bu gün də Azərbaycanın
bir çox şəhərlərində
kökü qədim dövrlərə gedən
bədii tikmə məktəbi qorunub
saxlanılır. Sənətçilərimizin əl işləri
beynəlxalq sərgilərin və muzeylərin
ekspozisiyalarını bəzəyir. XX əsrin
40-cı illərinə qədər Macarıstanda Azərbaycana
aid xeyli sənət
nümunəsi şəxsi kolleksiyalarda
saxlanırdı. Son 50-60 il
ərzində bu nadir
sənət nümunələri tədricən dövlət tərəfindən
himayəyə götürülərək muzeylərdə cəmləşir.
Hazırda Azərbaycana aid olan
sənət nümunələrinin əksəriyyəti Budapeşt şəhərində yerləşən
“Dekorativ sənətlər” və “Şərq
incəsənəti” muzeyində mühafizə olunur. Belə qiymətli incilərdən bir neçəsi də müxtəlif vaxtlarda Azərbaycanda toxunmuş
tikmələrdir. Bunlar ayrı-ayrı örtük, balışüzü, süfrə,
yəhərüstü və bədii pərdələrdən
ibarətdir. Bu növ
sənət nümunələrindən biri
olan XVI əsrdə Təbriz ustaları tərəfindən
bəzədilmiş pərdə də xüsusi
diqqət çəkir.
Hazırda bu muzeylərdə Azərbaycanın 200-dən
artıq xalq sənəti nümunəsi
mühafizə olunur. Bunların içərisində
xalça, parça,
tikmə, metal və taxtadan
düzəldilmiş bir çox
bədii sənət nümunələri var.
Dünyanın ən
zərif sənət növlərindən sayılan tikməçilik
ulu nənələrdən bizə gözəl
bir ənənə olaraq
ötürülən qiymətli irsdir. Bu irsi qorumaq,
yaşatmaq və gələcək nəsillərə
təhvil vermək üçün böyük fədakarlıq tələb olunmur. Tarixi yüz illərlə ölçülən
tikmə sənətimizin ənənələrini bu işlə müstəqil məşğul olan peşə sahiblərinə yol açmaqla belə qoruyub saxlamaq mümkündür.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.-
2013.- 17 oktyabr.- S.14.