Yaylaq yerinin göllər gözəli...

 

Füsunkar təbiət abidəsi

 

Qədim tarixi olan Naxçıvan torpağı həm də gözəl təbiəti və sərvətləri ilə məşhurdur. Naxçıvanın bənzərsiz mənzərələri və füsunkar yerləri haqqında çox yazılıb. Bu torpağın dillər əzbəri olan belə cənnət məkanlarından biriBatabat yaylağıdır. Şahbuz şəhərinin ərazisində, Kiçik Qafqaz dağlarında yerləşən Batabat yaylaq yeridir.

 

Burada əsasən dağ, göl və dağ-çəmən landşaftı inkişaf edib. İsti yay günlərində bura böyük insan axını olur. Şəfa mənbəyi olan Batabat yaylağının iqlimi ciyər, ürək, əsəb və s. xəstəliklərin müalicəsi üçün çox faydalıdır. Qədim qayaüstü abidəsi olan Gəmiqaya ilə qonşuluqda yerləşən Batabat yaylağı ərazisində arxeoloji qazıntılar zamanı aşkara çıxarılan əmək alətləri və s. maddi-mədəniyyət nümunələri Naxçıvanın ən qədim zamanlardan ibtidai insanların yaşadığı ərazilərdən biri olduğunu göstərir.

Batabat gölü dünyanın yeganə üzən adasının mövcud olduğu yer kimi, bu gün turistlərin ən çox marağını çəkən məkandır. Şahbuz şəhəri ərazisində, Naxçıvan şəhərindən 65 km məsafədə, dəniz səviyyəsindən 2445 m hündürlükdə olan bu yer həm də özünün şəfalı suyu ilə dünyada məşhurdur. Dərdlərin dərmanı olan Batabat çoxlu sayda mineral bulaqlardan ibarətdir.

Şahbuz şəhərinin Batabat yaylağı ərazisində yerləşən “üzən adaqeyri-adi təbiət abidəsidir. Bu, suvarma sistemi üçün istifadə olunan üç göldən ikincisidir ki, sfaqnum mamırlarından və onun üzərində bitən ot örtüklərindən formalaşıb. Biçənək aşırımından cənub-qərbə doğru ərazi  Batabat gölü ətrafında sürüşmələrin geniş yayıldığı ərazilərdir. 2100-2200 m mütləq yüksəkliyə malik bu sahələrdə torftorflu torpaqlar yayılmışdır. İkinci Batabat gölü üzərində əmələ gəlmiş torf qatı geniş sahəni əhatə etməklə, qalınlığı 2 m-ə çatır. “Üzən ada” adlandırılan bu kütlə küləyin təsiri ilə gölün üzərində hərəkət edir. Göldəki suyun tam axıdılmasına mane olduğundan, burada balıqlar qışda da qala bilir. Torfun altındakı münbit şərait hesabına çoxalan külli miqdarda onurğasızlar balıqların bol qidasını təmin edir.

Bəhs etdiyimiz füsunkar ərazinin mühüm əhəmiyyəti nəzərə alınaraq, orada 6 iyul 2003-cü ildə Şahbuz Dövlət Təbiət Qoruğu yaradılmışdır. Qoruğun əsas torpaq sahələri 2200-2400 metr yüksəkliyə malik olan dağlıq sahələrdən, yağıntının qismən çox olduğu Batabat gölü və Biçənək aşırımı ərazilərində yerləşir. Onun su ehtiyatları isə əsasən atmosfer çöküntüləri hesabına formalaşan Batabat su anbarı eyniadlı üç göldən ibarətdir. Batabat-1 (hövzəsinin sahəsi 0,18 km2), Batabat-2 (0,7 km2) və Batabat-3 (0,18 km2). Ümumi su tutumu təqribən 3 mln. m3-dir. Anbarın suyu əsasən Zorbulaq çayı və qismən atmosfer çöküntüləri hesabına formalaşır.

 

Qoruğun heyranedici aləmi...

 

Bu qoruqda müxtəlif torpaq tiplərinin inkişaf tapdığı ərazidə 2899 bitki növü yayılmışdır. Belə geniş müxtəlifliyə malik bitki örtüyü olan ərazidə 285 növ faunanın məskunlaşmasına imkan yaranmışdır. Qoruğun ərazisi geoloji cəhətdən tabaşir yaşlı çöküntülərdən ibarət sıldırım qayalıqlarla, nivalallüvial relyef formaları ilə xarakterizə olunur. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin inkişaf tapması landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayır.

Təbii olaraq zəif parçalanmış dağlıq ərazilərdə inkişaf etmiş dağ-çəmən çimli torpaqlar üzərində çəmən və qismən bataqlıq bitkiləri yayılmışdır. Batabat ərazisində əsasən dağ-çəmən landşaftı inkişaf etmişdir. Təbiətin gözəl guşələrindən biri olan Batabat, ərazisi gül-çiçəkli çəmənlikləri, süni gölləri, saf və təmiz dağ havası, təbii meşələri, Zorbulaq, Südlübulaq kimi şirin və “Narzantipli mineral suları ilə məşhurdur. Hər 3 təbii gölün özünəməxsus hidro-faunası var. Naxçıvanın çaylarında, göllərində, su anbarlarında 29 balıq növü müəyyən edilmişdir ki, onlar da 4 dəstədə, 8 fəsilədə və 24 cinsdə cəmləşmişdir.

Bu sahənin ərazisi flora cəhətdən çox zəngindir. Muxtar Respublikada bitən 2000-dən artıq bitki növünə burada rast gəlmək mümkündür.

Qiymətli təbii sərvətlərlə zəngin Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində relyefin, bitkitorpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin 85%-i palıd, 5%-i ardıc, ağır iyli ardıc, Araz palıdı, 7%-i yemişan, qalan 3%-i isə alma, alça, şərq palıdı, vən, daş armud, acı badam və müxtəlif kollar təşkil edir. Qoruğun ərazisində çoxlu bəzək bitkiləri də mövcuddur. Bunlardan aran yerlərində bitən qəşəng, müxtəlif rəngli və ətirli endemik süsən növləri, dağlarda yayılmış şərq laləsi, ətirli yabanı qərənfil növləri, dağ lalələri, səhlab, paradoksal süsən və başqalarına rast gəlmək mümkündür. Ərazi həm də dərman bitkiləri ilə zəngindir.

 

Nadir növlərin qeydə          

alındığı məkan...

 

Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasının relyefifiziki-coğrafi xüsusiyyətləri qoruğun müasir faunasının formalaşması üçün mühüm rol oynamışdır.

Belə ki, Azərbaycan Respublikasında qeydə alınmış 366 quş növünün yarıdan çoxu - 217-si Naxçıvan ərazisində məskunlaşmışdır.

Belə quşlardan Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində Avropa Tüvüyü, kəklik, oxuyan silvi, adi kəklik, sarıköynək, bülbül, enliquyruq bülbül, meşə xoruzu, hop-hop və başqaları məskunlaşmışdır.

Bu ərazidə məskunlaşmış quş növlərindən 15-i “Qırmızı Kitaba daxil edilmişdir.

Bundan başqa, Naxçıvan təbiət ərazilərində 12 növ yırtıcı heyvan qeydə alınmışdır. Bu heyvanlardan Qafqaz qonur ayısı, canavar, tülkü, çöl pişiyi, meşə siçanı, porsuq, çöl donuzu, vaşaqbir çox heyvanlara qoruğun ərazisində rast gəlinir. Ərazidə gəmirici məməlilərə də təsadüf olunur. Bunlardan meşə sülsəni, kiçik ərəb dovşanı, siçovullar və siçanların bir neçə növünə rast gəlinir. Burada yayılan 350 növ onurğalı heyvanlardan 45 növü Muxtar Respublikanın “Qırmızı Kitab”ına düşmüşdür.

Eyni zamanda, landşaftı, iqlimrelyef xüsusiyyətlərinə görə Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində xarakterik suda-quruda yaşayanlar və sürünənlər mövcuddur. Naxçıvan Muxtar Respublikası ərazisində sürünənlərin çoxalması üçün də əlverişli şərait vardır. Azərbaycanda olan 50 növ sürünənlərin hamısına - 3 növ tısbağaya, 22 növ ilana və 25 növ kərtənkələyə qoruğun ərazisində rast gəlinir.

Muxtar Respublikanın həm düzən, həm də dağlıq hissəsində, kolluqlarda koramal geniş yayılmışdır. İlanlar dəstəsindən bölgənin yarımsəhralar zonasında kor ilan, çöl əfisi, boz rəngli kərtənkələyə və 2000-2100 m yüksəkliyə qədər dağlıq sahənin göllərində su ilanlarına təsadüf edilir. Ərazidə yayılan ilanlardan insan üçün ən qorxulusu gürzədir. Onların uzunluğu 1,5 m, bəzən 2 m-ə qədər çatır.

Suda-quruda yaşayanların Naxçıvan Muxtar Respublikası ərazisində 6 növünə rast gəlinir. Şahbuz Dövlət Təbiət Qoruğunda Biçənək meşəsindəki bataqlıqlarda və s. sahələrdə Selkovnikov ağac qurbağasına rast gəlinir. Bundan başqa, ərazidə Suriya sarımsaqiyli qurbağası, adi ağac qurbağası, yaşıl quru qurbağası, cənubi qafqaz qurbağası və Kiçik Asiya qurbağası qeydə alınmışdır.

Bütün bu gözəllikləri, nadir faunaflora növləri ilə Batabat yaylağı Naxçıvanın ən unikal guşələrindən sayılır. Şöhrəti dillər əzbəri olan bu yaylanın heyranedici mənzərələri və gözəl iqlimi təkcə yerli əhalini deyil, xarici turistlərin diqqətini də xüsusi cəlb edir. Ərazidəki şəfalı sular da insanları cəlb edən əsas amillərdəndir. Batabata üz tutanların sayının ildən-ilə artması həm də bununla, insanların burada şəfa tapmaq istəyi ilə bağlıdır.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 20 oktyabr.- S.14.