Tariximizin şanlı və qanlı səhifəsi
Məşrutə hərəkatı
Azərbaycan tarixində ən mühüm hadisələrdən biri azadlıq hərəkatları sırasında yer alan Məşrutə hərəkatıdır. 1905-1911-ci illərdə İranda şah rejiminə qarşı baş verən inqilab tarixə İran inqilabı və ya Məşrutə hərəkatı kimi düşüb. 20-ci əsrdə baş vermiş azadlıq və demokratik inqilablar üçün ilk cığırı da məşrutə hərəkatı açıb.
19 mart 1910-cu ildə Səttar xanın rəhbərliyi
ilə Tehrana
yürüş başlandı. Səttar
xan və Bağır xanın fədai dəstələri
Təbrizdən Tehrana yola
düşdü. Lakin
İran monarxiyasının Rusiyanı köməyə
çağırması ilə inqilab
1911-ci ildə süqut etdi və Təbrizə
daxil olan rus qoşunları
inqilabçılara divan tutdular.
1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatında
çoxlu sayda insan canını qurban verdi.
Məşrutə
qəhrəmanları sırasında milli
qəhrəmanlarımızla yanaşı, müxtəlif millətlər
- farslar, kürdlər, ərəblər,
talışlar, ruslar, gürcülər, polyaklar, bolqarlar, hətta uzaq Amerikadan məşrutəçilərə
köməyə gəlmiş insanlar da olmuşdur. Bu onu
göstərir ki, Məşrutə hərəkatı
bir ölkə çərçivəsindən
çıxıb beynəlxalq ictimaiyyətin diqqət mərkəzində
olan xalq hərəkatı,
istibdad rejiminə qarşı mütərəqqi insanların
mübarizəsi və həmrəyliyi idi.
Məşrutə
inqilabı dövrünə aid seçkili inqilabi orqanlar əncümənlər
idi. Əncümənlər İranın və Azərbaycanın bir çox böyük şəhərlərində var idi və onlar mühüm rola malik idilər. 1906-cı ilin
sentyabrında Təbrizdə etiraz
zamanı hərəkata rəhbərlik etmək üçün
İran tarixində ilk dəfə
əhali tərəfindən əncümən seçildi
və bununla da bütün Iranda əncümənlərin
təşkil olunmasının əsası qoyuldu.
“Vikipedia”nın
yazdığına görə Tehranda baş verən 10(23) iyun
çevrilişindən sonra irtica İranın
bütün əyalətlərində hücuma keçdi. Rəştdə, Ənzəlidə, Məşhəddə,
Səbzəvarda, Kuçanda, Kirmanşahda, Buşirdə, Bəndər-Abbasda,
eləcə də başqa şəhərlərdə
qubernatorlar şahın əmri ilə bütün əncümənləri qovdular və bir çox qəzetləri bağladılar. 23 iyun 1908-ci ildə Məhəmməd Əli şah Qacar Tehranda çevriliş edəndə,
Mir Haşimin
başçılığı altında Təbriz irticaçıları
şəhəri ələ keçirməyə və
mücahidlərlə, fədailərlə və əncümənlərlə
birdəfəlik haqq-hesab çəkmək
fikrinə düşdülər. Mir Haşimin
davəçilərınə Mərənd xanı
Şüca-Nizamın və Təbrizin qərb hissəsinin -
Qaraməlik məhəlləsinin dəstələri də qoşuldular. İrticaçılar əvvəlcə Təbrizin,
Səttarxanın fədailərinin əlində olan şimaldakı Əmirxız məhəlləsindən
başqa, şimal-şərq hissəsini
- Davəçi məhəlləsini, Şişgilan
və Baqemişe məhəllələrini
ələ keçirdilər. Şəhərin cənub-şərq
hissəsi Bağır xanın fədailərinin əlində
idi, onların əsas bazası Xiyaban məhəlləsi idi.
Təbrizdə döyüşlər başlayandan sonra Təbriz
əncüməninin mülkədar-liberal kəsimi xarici ölkələrin konsulluqlarında gizləndilər.
Əncümən sədri Bəsir əs Səltənə və
Əclal əl Mülk rus,
hacı Mehdi Kuzəkünani və Şeyx Səlim osmanlı, Mirzə Hüseyn Vaiz -fransız konsulluqlarında bəstə oturdular.
Əksəriyyəti mülkədar, tacirlər və ruhanilərdən
ibarət Təbriz əncüməni müvəqqəti olaraq dağıldı. Mürtəce dəstələrə
qarşı mübarizəni - Təbriz sosial-demokrat
mücahidlər təşkilatlarının başçıları
- Əli Müsyo, Davafuruş,
eləcə də Səttarxan və Bağır xan davam etdilər.
Xalq qəhrəmanı Səttarxan
1905-1911-ci illər İran Məşrutə inqilabında Güney Azərbaycan aparıcı və həlledici
rol oynadı. Həmin dövrdə mətbuat
inkişaf etdi,
müxtəlif qəzetlər nəşr olunmağa
başladı.
Məşrutə hərəkatında
Səttarxanın tarixi rolu,
sərkərdəlik məharəti danılmazdır. Təsadüfi deyil ki, ötən yüz ilin əvvəllərində Rusiyada
çıxan “Novaya Vremya”
dərgisi Səttarxanı “Xalq qəhrəmanı”,
İtaliya mətbuatı isə “İranın Hannibalı” adlandırırdı.
Məşrutə hərəkatının rəhbəri Səttarxanın
həyatı, onun keçdiyi
mübarizə yolu, ömrümün
faciəli sonluğu barədə
danışan Ə.Rəhimli yazır: “Tehranın
yaxınlığında, Həzrət Əbdüləzimin ”Tuti" adlanan
bağında adına və qəhrəmanlığına layiq olmayan çox
sönük bir məzarda
uyuyan Səttar Hacı oğlu
1867-ci il avqustun 16-da Qaradağda anadan olub. Atası Hacı Həsən
ailəsini şəxsi təsərrüfatı və
xırda alverlə dolandırarmış. Hacı Həsənin
vəfat etmiş əvvəlki
arvadından bir qızı və bir oğlu, sonrakı evləndiyi
arvadından isə Səttar, İsmayıl və Qafar
adlarında üç oğlu,
bir qızı dünyaya
gəlir. Səttar üçüncü
oğlan uşağı idi.
O, ilk təhsilini mollaxanada
almış, erkən yaşlarında mədrəsəni tərk
edərək təsərrüfat işlərində
atasının köməkçisi olmuşdu".
Səttar
uşaqlığından çevik və
ağıllı idi. Uşaq oyunlarında belə
məğlub olmağı sevməyən Səttar öz yaşıdları arasında fəxri “xan” titulu ilə məşhurlaşmışdı.
Səttarxanın böyüyüb boy atdığı ailə çarizmin,
həm də şahlıq istibdadının barışmaz
düşməni idi. Hər
iki zülmkar rejimin əleyhinə çıxanlar çox vaxt Hacı Həsənin
komasında sığınacaq tapırdılar. Çar məmurlarının
zorakılığı əleyhinə olduğu
üçün Arazın o
biri sahilinə - Qaradağa
keçən Fərhad adlı şəxs Səttarxanın
qardaşı İsmayıl
tərəfindən himayə olunmuşdu.
Fərhadı himayə edib gizlətdiyi üçün Təbriz vəliəhdinin əmrilə
İsmayıl dara çəkilmişdi.
Oğlunun dərdinə dözə bilməyən,
həm də yerli məmurlar tərəfindən
təqib olunub izlənilən Hacı Həsən
Qaradağdan Təbrizə köçmək
məcburiyyətində qalır. O, Təbrizdə uzun müddət yaşaya
bilmir, xəstələnir və yenidən
Qaradağa qayıdır. Az
sonra burada vəfat edir və Ağyazı kəndindəki qəbiristanlıqda
dəfn olunur.
Rejimin əleyhinə çıxan şəxsi
müdafiə etdiyinə, həmin şəxsin tərəfini
saxladığına görə 1898-ci ildə Səttarxan Təbrizdə
həbs olunur və Ərdəbilin
“Narın qala” zindanında iki
ilə yaxın məhbus həyatı keçirməli olur.
Heç kim və heç nə unudulmur!
Səttarxan həbsxanada
tanış olduğu bir
məhbusu gizli yolla azad etməyə gələnlərin köməkliyi
ilə zindandan qaçır. Bir müddət Təbrizdə və ətraf
bölgələrdə gizli şəkildə
yaşayan Səttarxan rejim
əleyhinə, onun yerlərdəki məmurlarının
xalqa etdikləri zülm
və özbaşınalığına qarşı
mübarizə aparan dəstələrə
qoşulur.
Səttarxan
Təbrizə dönən vaxt artıq Təbriz
rejim əleyhinə ayağa
qalxmış və onun bütün
siyasi sütunlarını silkələməyə
başlamışdı. Xalq hərəkatının
xofu qarşısında millətə məşrutə
azadlıqları vəd edən Müzəffərəddin şahdan fərqli olaraq taxt-taca
gələn Məhəmmədəli şah
atasının millətə verdiyi vədləri
yerinə yetirmək əvəzinə, əcnəbi
silahına söykənib xalqa divan tutmağa başladı,
eyni zamanda İranı
nüfuz dairəsinə çevirmək haqda
1907-ci il İngiltərə-Rusiya sövdələşməsinə
razı oldu. Bunun
ardınca 1908-ci il iyun
ayının 23-də xalq elçilərinin
toplandığı məclis top atəşinə
tutuldu. Ölkədə kütləvi həbslər
və təqiblər başlandı.
Məşrutə
hərəkatına ağır zərbə endirildiyi,
verilmiş nisbi
azadlıqların əldən alındığı,
Əncümənlərin qapılarına qıfıl vurulduğu ağır günlərdə Azərbaycan,
onun baş şəhəri
Təbriz ayağa qalxdı. Kütləni
mübarizəyə qaldırmaqda və mütəşəkkil hücumu təşkil
etməkdə Səttarxan və onun
silahdaşları başda olmaqla
“Mərkəze-Qeyb”in, Müdafiə Şurasının və
Təbriz əncüməninin böyük
və danılmaz xidmətləri olmuşdu.
Məşrutə
qəhrəmanlarından Səttar xan,
Bağır xanla yanaşı onların vəfalı
silahdaşları Əli Müsyo, Heydər
xan Əmioğlu, Şeyx
Məhəmməd Xiyabani, yadların əli
ilə dara çəkilmiş din xadimi Siqətülislam
Təbrizi, Məmmədtağı xan,
canını və bütün sərvətini
Məşrutə
yolunda qoymuş
Hacı Mehdi Kuzəkünani, son nəfəsə qədər Məşrutə
bayrağını yerə qoymayan Həsən
xan Bağban, onun qardaşı Hüseyn
xan Bağban, “Mərkəzi
qeybin rəhbərləri, fəalları
(Hacı Rəsul Sədəqyani , Hacı Əli Davafuruş, Seyid Həsən
Şərifzadə, Məhəmmədəli
Tərbiyət, Cəfərağa Gənceyi, Mir
Bağır ağa, Mirəli Əsgəri,
Ağanağı Şücai, Məhəmməd
Sadiq Xameyni və s.) və minlərlə məşrutə qəhrəmanlarının
adlarını çəkmək, onların xatirəsini yad etmək müqəddəs bir
borcdur...
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.-
2013.- 22 oktyabr.- S.14.