Dəyərli səs yaddaşımız...

 

Dəyərli bir xəzinə

 

Azərbaycan musiqisi mədəniyyət tariximizin mühüm bir hissəsini təşkil edir. Bu qiymətli irsin qorunub saxlanmasının və nəsildən-nəsilə ötürülməsinin böyük önəmi var. Hazırda 70 min fonosənəd və 4 mindən artıq videoyazının mühafizə edildiyi Dövlət Səs Yazıları Arxivinin yaradılması 1968-ci ilə təsadüf edir. Həmin tarixdən başlayaraq, bu arxivin bədii və sənədli video materialları, həmçinin səs və video yazılarının toplanaraq mühafizə edilməsində mühüm əhəmiyyəti olmuşdur.

 

MDB məkanında Rusiyadan sonra bu istiqamətdə fəaliyyət göstərən ikinci qurum olan Azərbaycan Dövlət Səs Yazıları Arxivi hazırda Böyük Britaniyanın Kral kitabxanasının elmi-tədqiqat mərkəzi ilə əməkdaşlıq edir. Indiyədək 50-yə qədər Azərbaycan aşıq dastanı rəqəmsal səs yazısında həmin kitabxanaya göndərilib.

Ümumiyyətlə, Azərbaycanda səsyazma tarixi 1901-ci ildə Bakıda Rus İmperator Musiqi Cəmiyyəti yerli şöbəsinin açılışı ilə bağlıdır. Şərq tarixində ilk dəfə səsini qrammafon valına yazdıran dahi Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu, ilk müşayiətçi isə görkəmli tarzən Qurban Pirimov olmuşdur.

Səs yazıları lentə alınan sənətkarlar arasında C.Qaryağdıoğlu ilə yanaşı, valları buraxılan Şəkili Ələsgər Abdullayev, Mirseyid Mirbabayev, İslam Abdullayev, Məcid Behbudov, Məşədi Məhəmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski və başqalarını vardı. Eyni zamanda, buraya Azərbaycan teatrının tanınmış aktyorlarının səs yazılarını da əlavə etmək olar.

Daha sonrlar, 1913-cü ildə Bakıda qrammofon hazırlayan səhmdar cəmiyyətlərinin say artımı ilə yanaşı, fəaliyyətləri də genişlənməyə başlamışdır. Tezliklə ingilisQrammofon” və fransız “Pate” firmalarının ayrıca Bakı şöbələri açılmışdır.

Hətta Azərbaycan musiqi mədəniyyətinin vallara yazılması və yayımı işində o zaman birinciliyə yiyələnmiş “Sport-Record” firmasının emblemində tar, kamança və dəf təsvir olunmuşdu.1916-cı ildə “Ekstrafon” firmasının Kiyev şöbəsi ilk Azərbaycan operasının - Ü.Hacıbəyovun “Leyli və Məcnun”unu qrammofona yazsa da, həmin vallar bizim dövrə gəlib çatmamışdır.

 

Bölgələrdən gələn “səslər”...

 

Milli arxivin dəyərli xəzinəsi ölkənin hər yerindən toplanan səs yazılarını özündə cəmləşdirir. 1932-1939-cu illərdə Gəncə-Şəmkir və Şəki-Zaqatala bölgələrinə, eləcə də Ermənistan və Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrinə (Dilican, Basarkeçər, Borçalı, Sandar) ekspedisiyalar təşkil edilmişdir. Həmin illərdə Noginsk zavodu aşıqlardan Aşıq Mirzə (Bayramovun), Aşıq Əsəd (Rzayevin), Aşıq İslam (Yusifov), Aşıq Qara (Movlayev) və Aşıq Teymurun (Huseynov) ifalarını vallara köçürmüşlər. Ü.Hacıbəyovun “Koroğlu”, M.Maqomayevin “Nərgiz” və R.Qlierin “Şahsənəm” operalarından ariyalar da 1940-cı illərdə buraxılan vallarda öz əksini tapmışdır.

1932-ci ildə Dövlət OperaBalet teatrının solisti Bülbül Azərbaycan Dövlət Konservatoriyasında elmi araşdırmalar kabinəsi yaratmaq işinə başlamışdır. Qafqazda ilk elmi araşdırmalar qurumu qarşısında Azərbaycan xalq melodiyalarının toplanması, öyrənilməsi və yayımlanması kimi başlıca məqsədlər qoyulmuşdu. Onun işində V. Pasxalov, A.Belyayev, Üzeyir Hacıbəyov, Niyazi, Səid Rüstəmov, Qara Qarayev, Cövdət Hacıyev və s. yaxından iştirak etmişlər. Dağlıq Qarabağa ilk folklor ekspedisiyası zamanı fonovaliklərə 150-dən çox xalq mahnısı yazılmışdı. Bu zaman kabinə iki fonoqraf, diktofon və 200 mum valikdən faydalanmışdı.

Yarandığı gündən bəri milli arxivdə tanınmış şəxsiyyətlər, həmçinin görkəmli sənət adamları, xanəndələrlə bağlı qiymətli materiallar qorunub saxlanılır. Bundan başqa, arxiv qədim səs yazılarının bərpasını da həyata keçirir. 1900-1914-cü illərə aid Azərbaycan klassik muğam ustalarının yüzlərlə əsəri dünyanın müxtəlif səsyazma studiyalarında yazılır.

Arxivin rəhbəri Yaqub Mədətov deyir ki, arxivdəki sənədlər  Azərbaycanın müxtəlif bölgələrindən, hətta dünyanın bir  çox ölkələrindən əldə olunub. Hazırda dünyanın bir çoxÿ ölkələrində belə arxivlər fəaliyyət göstərir ki, həmin müəssisələrdə səs yazılarından daha çox kino, foto sənədlər saxlanılır. Bu sahədə yaxşı təcrübəsi olan dünya ölkələri ilə müqayisədə Azərbaycan arxivində daha zəngin irsin qorunduğu məlum olur. Niderlandda Səs Yazıları Akademiyası fəaliyyət göstərir ki, həmin arxivdə 10 minə yaxın fonosənəd saxlanılır. İsraildə, Baltikyanı ölkələrindəki səs arxivlərində saxlanılan fonosənədlərin sayı isə 10 mini ÿötmür. Azərbaycan arxivindəki fonosənədlərin sayı ölkəmizin dəyərli bir mədəniyyət tarixinə malik olduğunu sübuta yetirir.

 

Rusiya arxivlərində unudulan sərvət

 

Son illərdə Rusiya arxivlərində qorunub saxlanılan Azərbaycana məxsus musiqi nümunələri də tapılaraq ölkəmizə gətirilib. Amma qəribədir ki, həmin musiqilər arxivdə erməni mahnıları kimi sənədləşdirilib. Məsələn, belə musiqi nömrələrindən biri hər kəsin yaxşı bildiyi Azərbaycan musiqisinin şah əsərlərindən sayılan "Mirzə-Hüseyn segahı"dır. Bir sıra başqa muğamlarımız və aşıq havaları da saxtalaşdırılaraq erməni və gürcü musiqi nümunələri kimi təqdim olunub. Sankt-Peterburqda yerləşən Rusiya Elmlər Akademiyasının Rus Ədəbiyyatı İnstitutunun - “Puşkin evi”ndə aşkarlanan bu yazılar bir təsadüf nəticəsində üzə çıxıb. Araşdırmalar nəticəsində məlum olub ki, bu nümunələr 1927-29-cu illərdə rusiyalı folklorşünas alimlərin Qafqaza ekspedisiyası zamanı toplanıb. Qərbi Azərbaycan, indiki Ermənistan ərazisindəki Zülağac, Aşağı Arcaman, Görus, Qarakilsə, Bazarçay, Molla Göyçə, və digər kəndlərində, eləcə də Tiflis İrəvanda mexaniki səsyazma üsulu ilə lentə alınan bu mahnılardakı ifa Azərbaycan dilindədir. Buna baxmayaraq, qeydiyyat dəftərində əsərlərin ermənilərə məxsus olduğu yer alıb. Halbuki kolleksiyalardaRast”, “Çahargah”, “Hicaz”, “Mahur”, “Şur”, “Bayatı Şiraz”, “Mirzə Hüseyn Segahı”, “Sarı gəlin”, “Koroğlu” və digər adlara da rast gəlinir. Bütün bu ifaların da hamısı Azərbaycan dilindədir. Rusiyadan gətirilən bu 4 saatlıq audio yazılar Musiqi Mədəniyyəti Dövlət Muzeyinə təqdim olunmasına qərar verilib.

Bu gün Azərbaycanda arxivşünaslığın tədrisinə, ixtisaslı mütəxəssislərin yetişdirilməsinə ehtiyac var. Hazırda Dövlət Səs Yazıları Arxivinin bir əməkdaşı Moskvadakı Arxivşünaslıq İnstitutunun tələbəsidir. Amma bu sahədə daha çox peşəkar kadrların hazırlanması artıq günün tələbinə çevrilib.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 23 oktyabr.- S.14.