İnsanlıq tarixi qədər qədim musiqimiz...

 

Aşıq-ozan sənətindən başlanan yol

 

Azərbaycan mədəniyyətinin mühüm bir qolu olan milli musiqimiz uzun inkişaf yolu keçmişdir. Yüz illərdən günümüzə yol gələn gözəl musiqimiz hər yeni nəslin timsalında cilalanmış, zənginləşmiş və yeni məzmun qazanmışdır.

 

Azərbaycan musiqisi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən - Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III - I minilliklər) qaya rəsmlərindən alınmışdır. “Kitabi-Dədə Qorqudda (VII yüzil), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi canrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağayi (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.

Aşıq-ozan sənəti Azərbaycan musiqi tarixinin ilk mərhələsi sayılır. Öz yaradıcılığında müğənni sənətkarlığı ilə şair, bəstəkar yaradıcılığını birləşdirən aşıq-ozan sənəti janrforma zənginliyi ilə musiqi janrının əsasını təşkil edir.

Klassik musiqi xəzinəmiz olan muğamlar milli musiqi mədəniyyətimizin çox önəmli bir qoludur. Xanəndələr və sazəndələrin yaradıcılığında zəngin klassik irs olan muğamlar inkişaf edərək musiqi mədəniyyətimizi daha da zənginləşdirmişdir. XIX əsr Azərbaycan musiqi sənəti tarixinin görkəmli simaları Səttar, Hacı Hüsü, Məşədi İsi, Ələsgər Şirin, tarzən Sadıqcan və başqaları, XX əsrin əvvəllərində isə Cabbar Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov, Seyid Şuşinski, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev və başqalarının adları xüsusi qeyd olunmalıdır.

Xan Şuşinski, Zülfü Adıgözəlov, Haşım Kələntərli, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Sürəyya Qacar, Fatma Muxtarova və başqaları XX əsrin əvvəllərində musiqi mədəniyyətimizin inkişafında xüsusi rolu olan məşhur xanəndələrdir. Məşhur tarzən Qurban Pirimov, Mənsur Mənsurov, Əhməd Bakıxanov, Bəhram Mənsurov və başqalarının adları da həmin dövr musiqi mədəniyyəti tariximizdə özünəməxsus yer tutur.

 

Musiqimizin yeni səhifəsi...

 

Azərbaycan musiqisinin tarixində çox mühüm bir mərhələ XX əsrə aiddir. Azərbaycanda yüksək peşəkarlığı, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi məhz bu dövrdə yaranmışdır. Dahi bəstəkarımız, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun  1908-ci ildə yanvarın 8(25)-də tamaşaya qoyulmuşLeyli və Məcnun” muğam operası milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoymuşdur. Leyli və Məcnun” operası təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ilk opera idi. Üzeyir Hacıbəyov isə  tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olmuşdur. Azərbaycan professional musiqi yaradıcılığının inkişafı, yeni musiqi janrlarının meydana gəlməsi,  professional musiqi kollektivlərin yaranması məhz Üzeyir Hacıbəyovun adı ilə bağlıdır.

30-cu illərin sonu, 40-cı illərin əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişmişdir. Bu dövrdə Azərbaycan musiqisi artıq ölkə hüdudlarından kənarda böyük şöhrət qazanmışdır. Bu uğurun qazanılmasında üç dahi sənətkar - Qara Qarayev, Fikrət Əmirov və Niyazinin xidmətləri danılmazdır. Onların əsərləri dünyanın bir çox ölkələrində səsləndirilmiş, disklərə yazılmış və mükafatlara layiq görülmüşdür. “Cəvahirləl Nehru”, “Bela Bartok adına medal” və bir sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi dövrümüzün böyük dirijorları sırasına daxildir.

Operabalet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlar olmuşdur. A.Məlikovun “Məhəbbət əfsanəsi”, F.Əmirovun “Nəsimi haqqında dastan”, “Min bir gecə” baletləri bütün dünyada geniş şöhrət qazanmışdır.

Azərbaycan bəstəkarları - Qara Qarayev, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Niyazi, Arif Məlikov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Azər Rzayev, Rauf Hacıyev, Firəngiz Əlizadə, Aqşin Əlizadə, Fərəc Qarayev, Rəhilə Həsənova və başqalarının əsərləri XX əsr dünya musiqi sənətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

Azərbaycan caz musiqisinin inkişafında bəstəkar və pianoçu V.Mustafazadənin müstəsna rolu olmuşdur. V.Mustafazadə təşkil etdiyiSevil” və “Muğam” ansambllarının rəhbəri olmuş, 8-ci Beynəlxalq caz müsabiqəsində (Monte-Karlo, 1978) 1-ci mükafata layiq görülmüşdür.

30-40-cı illərdə Azərbaycan musiqisində Səid Rüstəmov və Tofiq Quliyev kimi professional mahnı ustaları meydana gəlmişdir. S. Rüstəmov “Alagöz”, “Qurban adına”, “Gəlmədin”, “Sürəyya”, “Oxu tar” və s. gözəl mahnıları, “Beşmanatlıq gəlin”, “Durna”, “Rəisin arvadı” musiqili komediyalarını  yaratmışdır. T. Quliyevin Azərbaycan xalq musiqisi ənənələrindən, habelə Avropanın estradacaz musiqisindən qidalanmış - “Sənə də qalmaz”, “Qızıl üzük”, “Bəxtəvər oldum”, “Bakı haqqında mahnı”, “Zübeydə” və b. populyar mahnıları Azərbaycan musiqisinin mahnı yaradıcılığında gözəl nümunələrdir.

 

Müasir dünyanın səsləri sırasında...

 

Azərbaycan musiqisində xor musiqisininxüsusi çəkisi vardır. Xor musiqisinin inkişafında mühüm rol oynamış Cahangir Cahangirov "Arazın o tayında" vokal-simfonik poemasının, “Füzuli” və “Nəsimi” kantatalarının, “Sabir” və “Hüseyn Cavid-59" oratoriyalarının müəllifidir. O, həmçinin ”Azad" və “Xanəndənin taleyi” operaları, dram tamaşaları, kinofilmlərə musiqi, müxtəlif instrumental əsərlər bəstələmişdir.

Azərbaycan operettalarının da musiqi mədəniyyətimizdə rolu danılmazdır.

Süleyman Ələsgərov "Ulduz", “Milyonçunun dilənçi oğlu” və digər operettaların müəllifi kimi tanınır. O, eyni zamanda  “Sərvi-Xuramanım mənim”, “Vətənimdir”, “Neylərəm” kimi gözəl mahnı və romansların, “Bayatı-Şiraz” simfonik muğamın və başqa əsərlərin müəllifidir.

Azərbaycan musiqisində ifaçılıq məktəbi də xüsusi yer tutur. Milli musiqimizdə klassik opera ifaçılıq məktəbinin baniləri Şövkət Məmmədova və Bülbüldür. Şövkət Məmmədova milli opera səhnəmizdə çıxış edən ilk qadın müğənni olmuşdur. Bülbül sənətinin möcüzəsi onun milli vokal üslubunun italyan vokal ənənələri ilə üzvi surətdə birləşməsidir. Azərbaycanÿvokal məktəbinin şanlı yetirmələri sırasında Firəngiz Əhmədova, Fatma Muxtarova, Lütfiyar İmanov, Şövkət Ələkbərova,  Rəşid Behbudovun adları vokal sənəti tarixində, Həqiqət Rzayeva, Rübabə Muradova, Məmmədağa Muradov, Zeynəb Xanlarova muğam ifaçılığında layiqli yer tuturlar. FidanXuraman Qasımova bacıları müasir Azərbaycan opera sənətinin ən parlaq nümayəndələridir.

Milli mədəniyyətimizdə instrumental ifaçılıq sənəti də geniş inkişaf etmişdir. Azərbaycan fortepiano məktəbinin peşəkarları sırasında  beynəlxalq müsabiqələr laureatı Fərhad Bədəlbəylinin adını çəkmək olar. Azərbaycan musiqisində görkəmli yer tutmuş pianoçu Kövkəb Səfərəliyevadan gələn ənənəni davam etdirmiş milli fortepiano ifaçılığının digər nümayəndələri sırasında  Rauf Atakişiyev, Elmira Nəzirova, Elmira Səfərova , Simuzər Quliyeva, Zöhrab Adıgözəlzadə, Murad Adıgözəlzadə və başqalarını göstərmək olar.

Azərbaycanda skripka ifaçılığının mahir nümayəndələri sırasında isə Azad Əliyev, Sərvər Qəniyev kimi ifaçılar nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da fəxri yerlər tutmuşlar.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 Azadlıq.- 2013.- 25 oktyabr.- S.14.