Qədim heykəllərin
həqiqətləri...
Onların tarixi anladan sirri
Tarix üçün ən dəyərli fakt əsrlərdən bəri mövcudluğunu qoyub saxlayan qədim abidələrdir. Yüz illərin yaşıdı olan bu abidələr sırasında heykəllərin xüsusi yeri var. Günümüzə gəlib çatan belə heykəllər arasında da şir, buğa, qoç, qartal və s. heykəllər üstünlük təşkil edir. Əslində, bu heç də bir təsadüf olmayıb, dərin əsaslara malikdir.
Çünki hələ qədim şumerlər həyatda
xeyir və şər, işıqlı və
qaranlıq qüvvələrin varlığına
inanırdılar. Bu səbəbdən də
onlar tikdikləri ev və
sarayların qapısının ağzında buğa
heykəlləri qoyurdular. Onlar inanırdılar ki, heykəllər pis, qorxulu ruhların, qara və
şər qüvvələrin saraylara
girməsinin qarşısını alır, saraya,
yaxud evə girmək istəyən pis ruhlar qapının
ağzında qoyulmuş heykəlləri görüb qorxudan geri qayıdırlar.
Şumerlərin əksər
şəhərlərindən buğa heykəlləri
tapılmışdır. Belə heykəllərin çoxu da gəcdən
hazırlanmışdır. Onlardan bəzilərinin
hündürlüyü 3 metrdən də
çoxdur.
Axtarışlar
zamanı Şumerdə tapılmış şir
heykəlləri də sayca çoxluq təşkil edir.
Şir heykəllərinin hündürlüyü
də maraq doğurur.
Onlardan bəzilərinin hündürlüyü
3 metrə çatır.
Qoruyucu ruh sayılan şir heykəlləri ən çox
sarayların və evlərin giriş
qapılarında qoyulmuşdur. Bu heykəllər giriş
və dəhlizin sağında və solunda
sıra ilə düzülmüşdür.
Hamısı qanadlı və insanbaşlıdır. Hətta
bəziləri beşayaqlıdır. Şumerlər, həmçinin,
pəncərələrin üstünə də şir başları qoyurdular
ki, pis ruhlar
oradan evə girməsinlər.
Hazırda
Bakının qədim binalarının qapılarında şir heykəlləri, pəncərələrinin
üstündə şir və insan başları var.
Bunların da qoruyucu
ruhları təmsil edən simvollar kimi qoyulduğuna heç bir şübhə
yoxdur.
Ölkə ərazisində
qədim qoç heykəlləri ilə
bağlı araşdırmalar aparan yeganə
mütəxəssis Abuzər Ələkbərov qoç fiqurlarının, ümumiyyətlə,
Asiyada çox geniş yayıldığını söyləyir. Azərbaycan Milli
Elmlər Akademiyası (AMEA) Arxeologiya institutunun əməkdaşı bildirir ki, hətta dünya üzrə bu tipli abidələrin tarixi
eradan əvvəl II əsrə gedib çıxır. Onun
sözlərinə görə, Azərbaycanda bu
abidələr sonrakı dövrlərdə - Ağqoyunlu,
Qaraqoyunlu dövlətləri zamanında daha çox populyar olub: “Bu tipli abidələr, demək
olar ki, Azərbaycanın
bütün rayonlarında var.
Mən Yardımlının, demək olar ki, bütün kəndlərində
olmuşam. 1980-ci illərin sonlarında bu rayonda işləmişəm.
İşğal olunmuş rayonlarda - Laçında, Kəlbəcərdə
qoç heykəlləri daha
çox idi. Bu abidələr haqqında çoxsaylı
yazı var. Cənub bölgəsində
yerləşən rayonlarda da qoç heykəllərinə
çox təsadüf olunur.
Sadəcə, bu abidələr barəsində
mənfi təbliğat aparılıb. Guya,
heykəllərin boynunda qızıl gizlədiblər.
Nəticədə sındırılıb
dağıdılıb. Naxçıvanda, xüsusən Ordubad rayonunda, Qərbi Azərbaycanın
Sisyan rayonunun Urud kəndində də qəbiristanlıqlarda
çoxsaylı qoç heykəlləri mövcuddur. Bu heykəllərə
”qoçdaşlar" deyirlər. Bunlar qoç fiqurlu qəbir daşlarıdır. Rasim Əfəndiyevin “Daşlar
danışır” kitabında “Urud” qəbiristanlığı
ilə bağlı geniş
yazılıb. Lerik və Cəlilabadda da fiqurlar daha
çoxdur. Lerikin Cəngəmiran
kəndində yerləşən bir qəbiristanlıqda
100-dən artıq qoç fiquru var. Mən ötən
il onların şəkillərini çəkmişəm.
Amma demək olar ki, hamısı sındırılmış vəziyyətdədir.
Bu heykəllərin əksəriyyəti
qaçaqmalçılıq yolu ilə başqa yerlərə də
daşınıb".
Daşlardan silinən izlər
Bəla
burasındadır ki, tarix
üçün çox
dəyərli material verən bu unikal heykəllər çox yerdə nadanlıq, biganəlik
üzündən məhv edilib. Məsələn,
Qərbi Azərbaycanın Qarakilsə bölgəsi tariximizə
aid belə abidələrlə ən zəngin
ərazilərdəndir. Burada alban mədəniyyətinə
məxsus çoxlu abidə yerləşir.
Təəssüf ki, həmin abidələrdən
ermənilər öz tarixlərini daha qədimə aparmaq üçün istifadə edirlər. Məsələn,
Urud kəndi ərazisindəki qoç heykəlləri bütün
dünyaya “ermənilərin daş dövrü abidəsi”
kimi təqdim olunur. Ermənilər Qərbi Azərbaycan
torpaqlarındakı qəbiristanlıqlarda orta
əsr Azərbaycan ustaları, bədii daşyonma
sənətkarları tərəfindən yaradılmış
daş qoç və
qoyun heykəllərini daşıyaraq, İrəvan şəhərinə
aparmış, onların üstündə həkk edilmiş - Azərbaycan xalqına məxsus
kitabə və təsvirləri məhv edərək erməniləşdirmişlər.
Qarakilsə rayonunun Urud
kəndindən aparılmış qoç
heykəllərin aqibəti də bu cür olmuşdur.
Eyni aqibəti işğal
olunmuş başqa ərazilərimizdəki
heykəllər haqqında da deyə bilərik.
Artıq rəsmi məlumatlarda həmin ərazilərdən
yüzlərlə belə abidənin daşınıb
aparılmasına dair faktlar
var. Ermənilər tərəfindən
məhv edilən Kəlbəcər
tarix-diyarşünaslıq muzeyi ilə bağlı məlumatda
deyilir: “Muzeyin həyəti 900 kvadratmetrdən artıq olub... Muzeyin
çöl divarlarında 2037 rəng çaları olan
daşlardan istifadə edilib, divarlarda da bir muzey
yaradılmışdı. Bu divarlarda daşdan düzəldilmiş
müxtəlif naxışlar, kənd təsərrüfatı
alətləri, Bəbir və Çöl keçisi
fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların
daşdan çəkilmiş şəklini görmək
olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü
At və Qoç heykəli nümayiş etdirilirdi”.
Təsvirli
nişanların “yozumu”
Hər belə heykələ diqqət etdikdə,
xarici görünüşünə görə qoç
fiqurlarının qoyun fiqurlarından fərqləndiyi
aydınlaşır. Qoyun-qoç heykəllərini iki qrupa
bölmək olar: sadə heykəllər və üzərində
rəsmlər, süjetli kompozisiyalar olan heykəllər.
Azərbaycanın qədim əhalisinin
qoça (qoyuna) olan xüsusi münasibətini biz tunc
dövrünün sonrakı mərhələlərində
öz ziyarətgahlarını və ibadətgahlarını
bu heyvanın fiqurları ilə bəzəməsində də
görə bilərik. Məsələn, Qazax rayonu ərazisində
Sarıtəpə qədim yaşayış yerində
açılmış binanın divarlarının bəzilərində
müxtəlif fiqurlar təsvir edilmişdir. Fiqurların
yanğın nəticəsində bişməsinə baxmayaraq,
onlar öz görkəmini olduğu kimi saxlamışdır.
Binanın döşəməsində isə buynuzları
aşağı burulmuş qoç başına oxşar
fiqura təsadüf edilmişdir. Həmin yerdə qoyun
başını əks etdirən digər bir fiqur da
tapılmışdır.
Tədqiqatçı alim A.Ələkbərov
Qoç və insan heykəllərinin üzərində təsvir
olunan rəmzlərlə bağlı deyir ki, hətta bəzi
daşların üzərində süjetli kompozisiya da var: “Bu
heykəllərin üzərində ən çox silah təsvirləri
- ox, kaman, xəncər, qılınc, məişət əşyaları,
lüleyin, təsbeh və digər təsvirlər
mövcuddur. Tədqiqatçılar bu təsvirləri dəfn
olunan insanların məşğuliyyəti ilə
bağlayırlar. Əslində, bu da birtərəfli
yanaşmadır. Çünki bu təsvirlərin
hamısının kökünü 14, 15, 16-cı əsrlərə
bağlayırıq. Amma ondan əvvəlki dövrlərdə
də bu abidələrə rast gəlinir. Amma bu,
keçmişdən gələn ənənədir”.
Belə abidələrlə tarixçi alim Məşədixanım
Nemətovanın da araşdırmaları var. O, əsasən
həmin heykəllərin üzərində olan təsvirlərin
mənasını açmağa maraq göstərir: “Mən
Laçın və Kəlbəcərdə bu abidləri
araşdırmışam. Həmin heykəllər məzar
üzərində yerləşir”.
Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya və
etnoqrafiya şöbəsinin müdiri Fariz Xəlili isə
deyir ki, sözügedən abidələr Ağqoyunlular,
Qaraqoyunlular dövlətləri zamanına təsadüf edir:
“Abidələr Səfəvilərin dövründə
yaşayıb. XVII, XVII, XIX əsrə təsadüf edən
abidələrdir. Qoç qəbirlər əsasən XV əsrə
təsadüf edir. Daşların üzərindəki günəş
təsvirinin atəşpərəstliklə heç bir
bağlılığı yoxdur. Sadəcə, insanın
ucalığını, gücünü göstərir.
Günəş parlaqlıq, ay təmizlik mənasını
verir. Təəssüf ki, abidələrimizə sahib
çıxmırıq. Camaat da, əksinə,
dağıtmaqla məşğuldur. Elə bilirlər ki,
içərisində qızıl var. Qoruqçu varsa, yəqin
onlar da öz vəzifə borclarını yerinə yetirə
bilmirlər. Mədəniyyət Nazirliyinin yerli rayon
şöbələri bu işlə məşğul olan
birbaşa orqandır. Bir dəfə qoç heykəllərindən
birini muzeyə gətirmək istədik, amma bizə icazə
vermədilər. Abidələrin qorunması üçün
yerli camaat da təşəbbüs qaldıra bilər”.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 27 oktyabr.- S.14.