“Qoymaz
ol tarı müğənni niyə
ağuşindən...”
Qədim tarixə malik ifaçılıq sənəti
Qədim tarixi mənbələrə
nəzər saldıqda
və abidələr üzərinə həkk olunmuş rəsmlərdən,
miniatürlərdən aydın
olur ki, musiqi ifaçılığı
bütün dövrlərdə
Azərbaycan xalqının
sevimli sənət sahəsi olmuşdur.
Yazılı məlumatlar onu da sübuta yetirir ki, bir
çox görkəmli
şəxsiyyətlər həm
də müxtəlif musiqi alətlərinin mahir ifaçıları olmuşlar. Belə görkəmli şəxslərə
çoxlu nümunələr
göstərmək olar.
Onlardan ən məşhuru sayıla bilən Şərq klassik musiqisinin tarixini və nəzəriyyəsini
tədqiq etmiş görkəmli alim Səfiəddin Əbdül
Mömin Urməvi ud musiqi alətinin
çox mahir ifaçısı olmuşdur.
İfaçılıq sənəti tarixən inkişaf etmiş, texniki, bədii baxımdan təkmilləşmiş
və günümüzdə
daha da müasirləşmişdir. Bakı, Şamaxı
və Qarabağda keçirilən musiqi məclisləri xanəndəliklə
yanaşı, XIX əsrin
ikinci yarısından
başlayaraq sazəndəlik
sənətini də yeni inkişaf mərhələsinə qaldırmış
və bir çox məşhur ifaçıların yetişməsinə
səbəb olmuşdur.
Bunlardan XIX-XX əsrlərdə
fəaliyyət göstərmiş
Mirzə Sadıq Əsədoğlunu, Məşədi
Cəmil Əmirovu, Bəhram Mənsurovu, Əhməd Bakıxanovu, Qurban Pirimovu, Mənsur Mənsurovu və ifaçılıq
sənətinin parlaq nümayəndələri olan
bir çox başqa sənətkarları
nümunə göstərmək
olar.
Tar və kamança ifaçılığı isə
XX əsrin ikinci yarısında xüsusilə
daha yüksək inkişaf mərhələsinə
qədəm qoymuş,
Əhsən Dadaşov,
Baba Salahov, Hacı Məmmədov, Həbib Bayramov və s. peşəkar ifaçılar
bu alətlərin çalğı texnikasını,
ifaçılıq imkanlarını
daha yüksək səviyyəyə qaldırmışlar.
Ustad tarzən Əhsən
Dadaşov
Belə
sənətkarlardan biri
olan, tarzən Əhsən Dadaşov Azərbaycan musiqi mədəniyyəti tariximizin
zənginləşməsində böyük
xidmətlər göstərmişdir.
Əhsən Dadaşov
muğamların və
bəstəkar əsərlərinin
tar və ud alətlərində ifaçısı
idi. O, həmçinin,
bir sıra rəng və təsniflərin yaradıcısıdır.
Görkəmli müğənni Rəşid Behbudovun ansamblının üzvü
kimi dünyanın bir çox ölkələrində qastrol
səfərlərində olmuş,
Azərbaycan musiqisini təmsil etmişdir.
Əhsən Dadaşov 1924-cü il sentyabrın 4-də
Bakı şəhərində
anadan olub. Bakıdakı 22 saylı orta məktəbdə təhsil alıb, 1938-ci ildə 1 saylı Azərbaycan Dövlət musiqi texnikumunun (indiki Bakı Musiqi Kolleci) tar sinfinə qəbul olub. Burada Səid
Rüstəmov, Mənsur
Mənsurov, Ənvər
Mənsurovdan dərs alıb.
1940-cı
ildə S.Rüstəmovun
rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə
qəbul edilən Əhsən Dadaşov tar ifaçılığı sənətində
muğam üzrə müəllimləri olmuş
Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurovdan klassik muğam ifaçılıqlarının
xüsusiyyətlərini dərindən
mənimsəmişdir.
Əhsən Dadaşov musiqi
aləminə gəlişi
barədə belə deyirdi: “Düzünü deyim ki, mənim
sənət aləminə
gəlişim təsadüfi
olub. Lap uşaqlığımın
söhbətidir. Onda mən
Bakıdakı 22 saylı
orta məktəbin səkkizinci sinfində oxuyurdum. 1938-ci il idi. Təsadüfən yolum bir saylı
Azərbaycan Dövlət
musiqi texnikumunun qarşısından düşdü.
Gözüm texnikumun divarına
vurulmuş, qəbul elanına sataşdı.
Elanda tar sinfinə də qəbul vardı. Amma bu sənətin
görkəmli nümayəndələri
olan tarzənlər haqqında, onların mizrabla yaratdıqları musiqi möcüzələri
barədə çox
eşitmişdim. Bütün bunlar
tarzənlik sənətinə
heyrətimi artırmışdı.
Həmin
qəbul elanını
görəndə nədənsə
sənədlərimi ora
vermək eşqinə
düşdüm. Lakin ata-anamın
məni həkim görmək istəyini xatırlayıb bir qədər tərəddüd
etdim. Sonra ”gizli" fəaliyyətə
başladım. Ailəmizdən
xəbərsiz sənədlərimi
hazırlayıb musiqi
texnikumunun tar sinfinə
qəbul üçün
verdim...".
Əhsən Dadaşov 1960-cı ildə
Azərbaycan televiziyasında
xalq çalğı
alətləri ansamblı
yaratmış və ömrünün sonuna kimi bu ansamblın
bədii rəhbəri
olmuşdur. Sonralar “Xatirə” xalq
çalğı alətləri
ansamblı Əhsən
Dadaşovun adını
daşımışdır. Əhsən Dadaşov eyni zamanda bir çox
tarzənlərin sənət
müəllimi olmuşdur.
Görkəmli tarzənin 30-cu illərdəki
bioqrafiyası ilə tanışlıq nəticəsində
məlum olur ki, 1937-ci ilin repressiyası onların ailəsindən də yan keçməmişdir. Əhsən
Dadaşovun atası Əliabbas kişi 1937-ci ilin repressiya qurbanlarından biri olmuşdur.
Lakin bu çətinliklər qarşısında Ə.Dadaşov
sınmamış və
musiqiyə olan böyük həvəsini
itirməmişdir. Qısa bir
vaxt ərzində texnikumun açıq konsertlərində mütəmadi
olaraq çıxış
edən Əhsən Dadaşov artıq 30-cu illərin axırlarında
istedadlı bir tələbə kimi Bakı şəhərində
keçirilən açıq
konsertlərdə uğur
qazanır. Belə ki,
konsertlərin birində
Əhsən Dadaşov
“Şur” muğamını
çalır. Konsertdə
iştirak edən dahi bəstəkarımız
Üzeyir Hacıbəyov
onun çalğısını
qiymətləndirərək deyir: “Əhsən” sənə, Əhsən".
“Qızıl fond”da qalan muğamları...
Əhsən Dadaşovun parlaq istedadı görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun diqqətini
cəlb etmiş və o, 1940-cı ildə
gənc tarzəni rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə
işə qəbul etmişdir. Bununla da böyük estradaya gəlişi başlayan Ə.Dadaşova
Səid Rüstəmov
xüsusi qayğı
göstərərək bir
sənətkar kimi onun formalaşmasında mühüm rol oynayır və o, kollektivin yaradıcı simalarından birinə çevrilir. 40 ilə
yaxın yaradıcılıq
fəaliyyət dövründə
Əhsən Dadaşov
Azərbaycan xalqına,
onun musiqisinin inkişafına böyük
xidmətlər göstərmişdir.
Ustad tarzənin qısa, lakin mənalı ömrünün yaradıcılıq
fəaliyyəti solist,
müşayiətçi, orkestr
ifaçısı, ansambl
rəhbəri, bəstəçi,
pedaqoji fəaliyyəti
əhatə edir.
Əhsən Dadaşov tar ifaçılığı
sənətində muğam
üzrə müəllimləri
olmuş Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurovdan klassik muğam ifaçılıqlarının xüsusiyyətlərini dərindən
mənimsəyərək onu
inkişaf etdirmiş və bu sənətin
qüdrətli davamçılarından
biri olmuşdur.
Təsadüfi deyildir ki, hələ 14 yaşında
tar ifaçılığına vurğunluğu ilə seçilən Əhsən
Dadaşovdan qəbul imtahanı götürən
istedadlı tarzən Ənvər Mənsurov belə demişdi: “Musiqini qavramağından
hiss edirəm ki, gələcəkdə ustad
sənətkar olacaqsan”.
Əhsən Dadaşovun lentə
yazdırdığı “Rast”,
“Orta Mahur”, “Şur”, “Zabul-Segah”, “Hümayun”, “Vilayəti-Dilkeş”,
“Çahargah”, “Bayatı-Şiraz”
və s. muğamları
Azərbaycan radio verilişləri
şirkətinin qızıl
fondunda saxlanılır.
Yuxarıda adları çəkilən
muğamlarla yanaşı
digər muğamlarımızı
da Əhsən Dadaşovun ifasında böyük maraqla qarşılanırdı. O, hər çıxışında
muğama yeni xallar, barmaqlar, ştrixlər, zəngin musiqi çalarları əlavə edərdi. Bütün bunlar Əhsən Dadaşovun ustad sənətkar olduğunu göstərir.
Əhsən Dadaşov 30 may 1976-cı ildə Bakıda vəfat edib.
Azadlıq.- 2013.- 1 sentyabr.- S. 14.