Talışxanov soyadlı üç general

 

Rusiya İmperator Ordusunun generalı Mirkazım bəy

 

Adı Azərbaycan tarixinə silinməz hərflərlə yazılan generallarımız haqqında əvvəlki mövzularda dəfələrlə yazmışıq. Böyük tarixi müharibələrin iştirakçısı olmuş bu hərbçilərimizdən Talışınskilərin həyat yolu ilə bağlı da bir neçə mövzuda söz açmışıq. Bu dəfə həmin soyun yetişdirdiyi daha üç görkəmli hərbçinin həyat yoluna nəzər salacağıq. 

Bəhs edəcəyimiz general-mayor Mirkazım bəy Talışxanov Rusiya İmperator Ordusunda xidmət göstərmişdi. Onun atası Mirəlixan da hərbçiydi. O, orduda iyirmi ilə qədər xidmət etdikdən sonra ştabs-kapitan rütbəsində istefaya çıxmışdı. Mirkazım bəy Bakıdakı Realnı məktəbində oxumuşdu. Atasının yolunu davam etdirən Mirkazım bəy iyirmi bir yaşında ikinci dərəcəli Konstantin yunkerlər məktəbini bitirib. Cəmi birillik xidmətdən sonra ona unter-zabit rütbəsi verilir. 1877-ci ildə Rusiya Türkiyəyə müharibə elan etdikdən sonra Balkanlar kimi Qafqaz da hərbi əməliyyat meydanına çevrildi. O zaman on altıncı qrenadyor Minqrel alayının praporşiki Mirkazım bəy də döyüşən ordu sıralarında cəbhəyə getdi. Aleksandropol hərbi əməliyyat rayonunda fəal iştirak edən Mirkazım bəy Talışxanov tünd bürünc medalla təltif olundu. Ordudakı uğurlu xidməti sayəsində Mirkazım bəy tezliklə bir çox hərbi rütbələrə yiyələnib.

1882-ci ildə tərtib olunmuş bir sənəddə göstərilir ki, əla atıcı olduğuna görə avqustun 26-da ona birinci dərəcəli mükafat verilmiş və yetmiş dörd manat pulla mükafatlandırılmışdır. İki il sonra Tiflisdəki yunkerlər məktəbinə müəllim təyin olunan Mirkazım bəy Talışxanova ştabs-kapitan rütbəsi verilir. 1891-ci ilə qədər yunkerlər məktəbində müəllim işləyən Talışxanov həmin il vaxtilə xidmət etdiyi qrenadyor Minqrel alayının 13-cü rotasının komandiri təyin olunur. Yaxşı komandir kimi onu “axsayan” rotaya komandir təyin edirlər. 1899-cu ildə podpolkovnik Mirkazım bəy Talışxanov 119-cu Kolomensk piyada alayına, bir il sonra isə 82-ci Dağıstan alayına, 1904-cü ildə 206-cı Larqo-Kaqul ehtiyat piyada alayına, bir neçə aydan sonra isə 55-ci piyada batalyonuna komandan təyin olunur. Polkovnik Mirkazım bəy 1903-cü ildə Qafqaz Hərbi Dairə Məhkəməsinin üzvü seçilir. Orduda uzun illər qüsursuz xidmətinə görə 1914-cü ildə o, general-mayor rütbəsinə layiq görülür. Azərbaycan generalları ilə bağlı tarixi araşdıran tədqiqatçı, publisist Şəmistan Nəzirlinin yazdığına görə, generalın nəvəsi Rəna Axundzadənin arxivində babasının 1905-ci il martın birində tərtib olunmuş “xidmət kitabçası” saxlanılır.

 

Mirkazım bəyin qızı Züleyxa xanımın yazdıqları... 

 

O sənədlərin arasında olan bir vərəqdə Mirkazım bəyin qızı Züleyxa xanım yazıb: “Atam Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olub. Minskdə, Mogilyovda, Qroznı və başqa yerlərdə. Birinci Dünya Müharibəsi başlananda Nikolsk-Ussuriysk şəhərində yerləşən 2-ci Sibir atıcı polkunun komandiri idi. Yaşının çox olmasına baxmayaraq yenə də çox sevdiyi hərbi işdən ayrılmaq istəmirdi. Yadımdadır, o vaxtlar inqilabi iş üstündə “Potyomkin” zirehli gəmisinin heyəti Sibirə sürgün olunmuşdu. Onlar bizim qonşuluqdakı qəsəbədə yerləşdirilmişdilər. Komandirlər xırda bir səhvə görə ağır və dözülməz cəza verəndə atam onlara havadar dururdu. Hətta, bir neçəsini ölüm cəzasından belə xilas etmişdi. Ucaboy, enlikürək matroslar atamla çox hörmət-izzətlə görüşərdilər. Onlar küçədə atama rast gələndə qurşağa qədər əyilər, “Əlahəzrət, səxavətiniz həmişə var olsun. Kölgəniz bizim əzabkeşlərin üstündən əskik olmasın” - deyib yolun qırağına çəkilər, lal-dinməz dayanardılar. Atam isə gülümsünüb onlara yanaşar, əl tutar və bu qədər təzim nəyə gərəkdir, - deyib kədərlə köks ötürərdi. 1914-cü ildə birinci dünya müharibəsi başlananda atam bizi Tiflisə göndərib, özü isə 3-cü Sibir atıcı polku ilə müharibəyə getdi. Atam 45 ilə yaxın ordu xidmətində çoxlu orden və medallarla təltif olunmuşdu. Onlardan yadımda qalanları üçüncü dərəcəli “Müqəddəs Anna”, ikinci və ücüncü dərəcəli “Müqəddəs Stanislav” ordenləri, III Aleksandrın hakimiyyəti dövrünə aid xatirə və 1877-78-ci illər müharibəsində aldığı tünd bürünc medallardır. Atam 1916-cı ildə general-mayor rütbəsində istefaya çıxdı. Topoqrafiya general-mayoru İbrahim ağa Vəkilovla yaxın dost olan atam Tiflisdəki Qafqaz müsəlman xeyriyyə cəmiyyətində onunla birgə fəaliyyət göstərirdi". Cəmiyyətin sədri İbrahim ağa Vəkilov, katibi isə Mirzəkazımbəy Talışxanov idi. Az sonra bu səmimi dostluq qohumluğa çevrildi. İbrahim ağa Vəkilovun böyük oğlu Faris Mirkazım bəy Talışxanovun qızı Liyabəyimlə ailə həyatı qurdu. General-mayor Mirzəkazım bəy Talışxanov 1938-ci ildə səksən dörd yaşında Bakıda vəfat etmişdir.

Bu nəslin başqa bir təmsilçisi olan general-mayor Xəlil bəy Talışxanov (Talışinski - 1859-1920) barəsində məlumat olduqca azdır. Yazılı mənbələrdən məlumdur ki, o, 1859-cu ildə Tiflisdə anadan olub, I Dünya müharibəsində iştirak edib və müharibə dövründə general-mayor rütbəsinədək yüksəlib. 1917-ci ildə Azərbaycana qayıdan Talışxanov Müsəlman Korpusunun 1-ci Müsəlman nişançı diviziyasının komandiri təyin edilir. Onun diviziyanın 1-ci piyada alayını formalaşdırmaq məqsədi ilə dərhal Bakıya yollanması vətənpərvərliyindən xəbər verir. 1918-ci il fevralın 24-də Bakıda 1-ci müsəlman atıcı alayının təşkil edilməsi üçün bura gəlmiş general-mayor Xəlil bəy Talışinskini və qərargah zabitlərini vağzalda bolşeviklər həbs edir. Bu müsəlman əhalisində o dərəcədə böyük narazılığa səbəb olur ki, bolşeviklər onları azad edirlər. Beləliklə, X.Talışinski və onun zabitləri Müsəlman Xeyriyyə Cəmiyyətinin “İsmailiyyə” binasında fəaliyyətə başlayırlar. O, “Səadət” məktəbinin zirzəmisində patron sexi yaratmışdı. Onun yaratmaqda olduğu alayın hissələri Bakıda mart qırğınları zamanı bolşevik-erməni qüvvələrinə qarşı inadlı müqavimət göstərmiş və müqavimət sayəsində dinc əhalinin bir qisminin Abşeron kəndlərinə çəkilməsini təmin etmək mümkün olmuşdur. Onun Bakıdan çıxarılması məlum olsa da, sonrakı taleyi barəsində məlumat yoxdur.

 

Qafqaz Əlahiddə Ordusunun komandiri Əsəd bəy

 

Talışxanovların üçüncü nümayəndəsi general-mayor Əsəd bəy Talışxanov Mirkazım bəyin əmisi oğlu idi. Ondan cəmi iki yaş kiçik olan Əsəd bəy Ağaəli bəyin Lənkəranda açdığı müsəlman məktəbində ilk ibtidai təhsil almışdı. Bundan sonra o, ən yaxşı tədris ocaqlarından biri olan Bakı ədadiyyə məktəbində oxumuşdu. Peterburqdakı Mixaylovsk artilleriya məktəbini bitirəndə Əsəd bəyin artıq iyirmi yaşı vardı. Nizami ordu üçün püxtələşmiş yetkin bir zabit idi. 1878-ci ildə Qafqaz Əlahiddə Ordusuna göndərilən Əsəd bəy praporşik rütbəsində əlli ikinci briqadada xidmətə başladı. Gənc hərbçi xidmətinin üçüncü ilində əlaçı zabit olduğuna görə, onu batareya komandiri təyin etdilər. Hərbin çətin yolları, müharibələrin əzab-əziyyəti onu nəinki bezdirdi, hətta ürəkdən sevdiyi hərb sənətinə daha da möhkəm bağladı.

Məlum olduğu kimi, çar ordusu ötən əsrin otuzuncu illərindən başlayaraq Orta Asiyada istilaçılıq siyasəti aparmağa başladı. Krım müharibəsi (1853-56) bitən kimi Şərqə tərəf yürüş başlandı. Ən böyük Kokand və Buxara xanlıqları işğal olundu. Çimkənd, Daşkənd, Səmərqənd şəhərləri bir-birinin dalınca alındı. 1880-ci ildə isə Türkmənistanı fəth etmək üçün ruslar oraya on bir minlik qoşun yeritdilər. Torpağın hər qarışı uğrunda inadla döyüşən Axal-Təkinlilər general Lazerevin ordusunu məğlubiyyətə uğradırdılar. Şərqə yürüşdə qələbə əldə etmək istəyən çar, Göytəpəni, Axal-Təkini ələ keçirmək üçün Şipka qəhrəmanı general Skobelevi də göndərdi. Skobelevin qoşunu Qafqaz hərbi Dairəsinin döyüşçüləri ilə birləşib Göytəpə şəhərini dağıtdı, onu müdafiə edən iyirmi beş min döyüşçünü qılıncdan keçirdi. Axal-Təkini və Mərv şəhərini özlərinə tabe etdilər.

Əsəd bəy Talışxanov da öz batareyası ilə Axal-Təkini işğal edən ekspedisiyanın tərkibində iki il iştirak etdi. Bu döyüşlərdəki o, igidliyinə görə üçüncü dərəcəli, qılınc və bantlı “Müqəddəs Anna”, “Müqəddəs Stanislav” ordenləri ilə təltif olundu.

Tədqiqatçı M.Əliyev yazır ki, hərbi xidmətinin iyirmi beş illiyi münasibətilə Əsəd bəy 1902-ci ildə dördüncü dərəcəli, bantlı “Müqəddəs Vladimir” ordeni ilə təltif olunmuş, 1910-cu il iyulun doqquzunda isə polkovnik rütbəsi qazanmışdır. Bu illər ərzində o, əlli ikinci artilleriya briqadasının birinci diviziyonun komandir vəzifəsinə qədər yüksələ bilmişdir.

Əsəd bəy Talışxanova ordudakı nümunəvi xidmətlərinə görə 1916-cı il aprelin 22-də general-mayor rütbəsi verilmişdir. O, həmin il iyulun 25-də Qafqaz Əlahiddə Ordusunun əlli ikinci artilleriya briqadasının komandiri kimi yüksək vəzifəyə təyin olunmuşdur. Uzun illər bu ordunun tərkibində qüsursuz xidmətlərinə görə o, birinci dərəcəli “Müqəddəs Anna” və “Müqəddəs Stanislav”, üçüncü dərəcəli “Müqəddəs Vladimir” və dördüncü dərəcəli “Müqəddəs Georgi” ordenləri ilə təltif olunmuşdur.

General-mayor Əsəd bəy Talışxanov 1919-cu ildə Dağıstanın Teymurxan-Şura (indiki Buynaksk) şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.

 

Azadlıq.- 2013.- 3 sentyabr.- S. 14.