Qeyri-səlis məntiq və ədəbiyyat haqqında düşüncələr

 

Bu bir polemik yazı deyil. Bir məsələ haqqında həm fərqli, həm də fərqsiz düşüncədir. Xoşbəxtlikdən (yaxşı ki, dost haqqında dost yazısıdır) və bədbəxtlikdən (dost haqqında dost yazısıdır) bəhs edəcəyim məsələ ilə bağlı yazının müəllifi böyük alimimiz Rafiq Əliyevdir. Yazıda örnək verilən ədəbi mətnlər müəllimim, mənim üçün çox əziz Bəxtiyar Vahabzadə və 40 illik dostum, qohumum Ramiz Rövşəndir.

 

Əgər bu üç şəxsiyyət dahilik səviyyəsinə çatmış insanlar olmasaydı, çox güman ki, yazılmazdı və ya isimsiz-filansız yazılardı.

İnsan çox sevdiyi insanlarla səmimi danışa və dartışa bilmirlərsə, demək o münasibətin adı səmimidir, özü yox. Bizim bu bədbəxt məmləkətimizdə səmimiyyətin gün-gündən yox olub getməsi Allaha insanın, ümumiyyətlə, inamın və imanın yoxluğa məhkum olması ilə bağlıdır, məncə.

Yaltaqlıq, üzgörənlik, haram və özbaşınalıq hökm sürən məmləkətdə haqq-ədalət nədir, səmimiyyət nədir, iman nədir?..

Bu bədbin notlarla başlayıb birbaşa mətləbə keçirəm.

Bəli, Rafiq müəllim mənim “Eşqin sözü” kitabımda 2-3 il öncə yazdığım kimi zəmanəmizin böyük alimi Lütfizadənin ən istedadlı davamçısı və bu məktəbin çağdaş yaradıcılarından biridir.

İxtisasca riyaziyyatçı, fizik, kibernetika mütəxəssis olmasam da, bu sahənin aktuallığını, yeniliyini, hətta inqilabiliyini inkar etmək gücündə deyiləm. Tanrıdan başqa heç bir şeyin mütləq olmadığını söyləyən Rafiq müəllimlə razılaşmamaq olmaz. Yalnız Allahın varlığını və bu varlığın fəlsəfi dərinliyini dərk edən adam bu səviyyədə böyük elm adamı ola bilər.

Rafiq müəllim elmə gənc yaşlarında qədəm qoyduğu üçün (50-60-dan sonra elmin gəncliyi və yetkinliyi başlayır, məncə) onun böyük kəşflərinin şahidi olacağıq və inşallah, onun Nobel ödülü alacağını görəcəyik. Arxasında şəxsiyyətli dövlət və elmi ictimaiyyət dayanan alim üçün bağlı qapıların açılması təbiidir. Təəssüf ki, bu sözləri indiki Azərbaycana aid etmək mümkün deyil.

Mənim etirazım və şübhəm Rafiq müəllimin qeyri-səlis məntiq dərinliyini ədəbiyyata gətirmək təşəbbüsü və bu sahədə atdığı ilk addımlardır.

Əvvəla, dahi hər yerdə dahi deyil. Bir elm və ya sənət sahəsində dərinləşmək hər zaman araşdırıcıya universal zəka bəxş etmir. “Hər şeyi bilmək üçün bir şeyi ən gözəl şəkildə bilmək” formulu bu məqamda yetərli sayılmaz. Bu ağır səddi ədəbiyyatda, söz sənətində deyil, tətbiqi sənətdə, xüsusilə xalça sənətə örnəyində kəşf edən mərhum alimimiz, haqqı verilməmiş Xudu Məmmədovdur. Müəyyən mənada Rafiq müəllim dərinliyiylə, insanlığı, səmimiyyəti və vicdanlılığı ilə Xudu müəllimin tələbəsi, onun davamçısıdır.

Xudu müəllim maddənin kristal quruluşu ilə xalça naxışları arasındakı universal əlaqənin açarını tapan nadir zəka sahibidir. Onun bu sahədəki davamçıları, mənim tanıdığım Səyavuş Dadaş Türk Memarlıq abidələrinin xalçaların və miniatürlərin milli qaynağını və ya əlifbasını tapmaq yolunda böyük uğurlar əldə etmişdir.

Hay-küy, şou içində olan Azərbaycan bu kəşfin dərinliyini anlamır və ya anlamaq istəmir. Yaltaqlardan ibarət elm qvardiyasında (vicdanlı alimlər istisnadır) oxunan mədhiyyələr zamana və cibi hesablanmış şərəfsiz xor kapellasından başqa bir şey deyil. Nə isə...

Bu çəhrayı və sabun kimi sürüşkən elmi mühitdə obyektiv polemika da gülünc görünür. Hər şeyin haqsız olduğu rejim mühitində yalançı millətçilik, məhəlli alimnümalıq, yaltaqlıq və üzgörənlik seçim meyarı sayılırsa bir həqiqi böyük alimə nəyi isə irad tutmaq və ya polemik yazı yazmaq əslində dəryada balıq sevdası (bəlkə də sevdası) kimi yersizdir.

Ancaq yenə də bu yazını yazmağa özümü borclu bildim.

Mənim fikrimcə, Rafiq müəllimin bəhs edilən məqaləsində elm-sənət adekvatlığı öz yerini ala bilməyib.

Sənətin (söz, səs, rəng, naxış...) abstraksiya yolu elmin abstraksiya yolundan əsaslı şəkildə fərqlənir. Bu mənada elmin XX əsrin ortalarından sonra gəldiyi həqiqətə sənət çox-çox öncələr gələ bilmişdir. “Ovu öldürən elm” və “ovu diri tutan sənət” (ifadələr V.N.Bedinskinindir) ayrı-ayrı yollarla hərəkət edən nəhəng idrak mexanizmləridir. Mücərrədləşdirmə səviyyəsi, nisbilik və ya qeyri-səlislik (bulanıqlıq, dəyərlilik, kəsilməzlik (fasiləsizlik) və b. anlayışların sənət ölçüsü ilə elm ölçüsü bir-birindən kəskin şəkildə ayrılır. Müşahidə, təcrübə və isbata söykənən elm dəlilsiz heç nə deyə bilmir və ortaya qoyduğu hipotezlər, gümanlar, ehtimallar, mütləq hüdudların ortadan qalxması ilə ortaya çıxan amillər böyük texnologiyada (məsələn, nonotexnologiya, bionikada, kosmik elmlərdə) tətbiq olunur.

Dəqiq elmlər bu mənada elmlər elmidir, xüsusilə riyaziyyat universal dil olaraq öz hegemoniyasını qoruyub saxlayır. Fəqət sənətdə bu kriteriyalar öz məntiqi ilə zühur edir.

Şumer dastanlarının yarandığı zaman da belə idi, Homer zamanı da, müqəddəs kitabların nazil olduğu zaman da belə idi. Bu ölçü-biçilərin hamısı Aristotelin, Bualonun və ya Baburun poetika əsərlərində yoxdur. Necə ki, klassik formal məntiqdə və ya B.Rasselin riyazi məntiqində, yaxud da Hegelin dialektik məntiqində də yoxdur və ola da bilməz.

Müəyyən mənada sənət zamansızdır və sənətin inkişafı texnoloji məntiq və ya elmi-tarixi məntiq üzrə getmir və getməyi də imkansızdır.

“Üzündə göz izi var, Sənə kim baxdı, yarım?!” misralarındakı abstraksiyasının və ya Füzuli metaforlarında ağlagəlməz müqayisələrin, təlmihlərin, simvolların, istiarələrin varlığı qeyri-səlis məntiqin sənətdə çoxdan kəşf edildiyi və xəyali - sanal dünyanın dilinin nə qədər mürəkkəb, mücərrəd  olduğunu göstərmirmi? Amma bu mürəkkəbliyin ana qaynağı sadəlik, mücərrədliyin çıxış nöqtəsi aydınlıq, konkretlikdir.

“Dədə Qorqud” da deyilən “Ərənlər dünyayı ağılnan bulmuşlar” kəlamı rasional başlanğıcı olduğu kimi görürük. Əlbəttə ki, biz hər dövrün elm səviyyəsinə uyğun sənət gerçəkliyini inkar edə bilmərik. Bu baxımdan poetikada və fəlsəfədə Nyuton fizikasına uyğun Şekspir şeirini, Eynşteyn fizikasına uyğun Dostoyevski poetikasını, çağdaş fizikası ilə çağdaş rəqsləri, dodekofoniya ilə modern riyaziyyat və fizika arasında əlaqə quranların yalnış davranmadığını düşünürəm. Əsrin ritmi, zamanın intonasiyası bu və ya digər şəkildə sənətdə ifadə oluna bilər.

Gürcü alimləri “Pələng dərisi geymiş pəhləvan” poemasının poetik sistemini “qızıl bölgü” qanunları ilə açırlar ki, bunu da qəribsəmək olmaz.

Biz “Kainat - insandır, insan - kainatdır” formulunun doğru olduğuna inananlardanıq. Ağın ağ, qaranın yalnız qara olmadığını, bütün münasibətlərin, gözəlliklərin nisbi olduğunu Nizamidən, Xəyyamdan, Hafizdən, Nəsimidən, Füzulidən, Şekspirdən, Mandelstandan, Bodlerdən, Svetayevadan, Borhesdən, T.Vulfdan, Folknerdən, Markesdən, Fellinidən, U.Ekodan...

Vertual dünyanın məntiqi bəlkə böyük sənət yarandığı gündən qeyri-səlis məntiqə ulaşa bilib. Zatən formal və ya riyazi  məntiq dili və ya kodu ilə yaranmış sənət əbədiyyət qazana bilməz. Bu sözlərdən əsla belə çıxmasın ki, mən Rafiq müəllimin örnək gətirdiyi B.Vahabzadə, R.Rövşən şeirinə qarşıyam və ya onların yaratdığı qeyri-səlis məntiq mənzərəsinə inanmıram. Əksinə, inanıram və təsdiq edirəm. Ancaq bu böyük şairlərin və şeirlərin qeyri-səlis məntiqə nadir örnək olduğuna bəraət qazandırmıram. Əgər Rafiq müəllim bu məsələnin kökünə getsə və bütün örnəkləri geniş və bütöv mənzərə yaratsaydı orada B.Vahabzadə də R.Rövşən də adı çəkilməyən ünlü söz ustaları da öz yerini alardı. Əks təqdirdə poetikaca bir-birinə çox da yaxın olmayan iki şair qeyri-səlis məntiqlə yazıb yaradıb digər şairlər isə formal və ya riyazi məntiqlə yazıb kimi tərs məntiq ortaya çıxa bilər ki bu da doğru sayıla bilməz. Rafiq müəllim bunu öncədən məqsədli şəkildə düşünməsə belə.

60-70-ci illərdə akademik Kolmoqorovun rəhbərlik etdiyi bir qrup riyaziyyat və sənət adamı bu konseptdə çox ciddi araşdırmalar aparmışlar ki, onlar bu gün də əhəmiyyətlidir.

Və ya dünyanın məşhur memarlarının sənətdə çəkisizlik, “qızıl bölgü” və b. nəzəriyyələri dəqiq elmlərdən qida alan sənət konsepsiyaları kimi dəyərlidir.

Çağdaş kino və ümumiyyətlə, görüntü dibi qeyri-səlis məntiq üzərində qurulmuşdur ki, mən onlar haqqında geniş danışmaq istəmirəm. Sadəcə A.Tarkovskinin, A.Kurasavanın, S.Paracanovun... filmlərinə baxmaq kifayətdir.

Mən buna da inanıram ki, Rafiq müəllim türk musiqisinin, o cümlədən muğam sənətinin səs qanunlarının mükəmməl şəkildə sistemləşdirəcək və Üzeyir bəyin “Azərbaycan musiqisinin nəzəri əsasları” əsərinə yeni töhfələr gətirə biləcək əsər yarada bilər. Onun bu istiqamətdə yazdığı bəzi məqalələr bu  böyük kəşfin yetişdiyini göstərir.

Şönbergin, Şostakoviçin, Q.Qarayevin musiqisi qeyri səlis məntiq dili ilə yorumlana bilər. Pikasso rəsmləri və ümumi modern və postmodern rəssamlıq, heykəltaraşlıq da bu baxımdan örnəklərkə zəngindir.

Sürət, genişlik, ritm, məkan, zaman, harmoniya, xaos, kosmos kimi anlayışlar sənətdə təbiətdə olduğundan fərqli anlam daşıyır və xəyali - vertual dünyanın vahidləri, ölçüləri kimi ortaya çıxır.

Mexaniki yanaşmadan bütün qurğulamalarda bu vahidlər yeni anlam kəsb edir. Bu baxımdan sənət adamları alimlərdən daha çox azaddır.

Brext absurd teatrının məntiqi, Dyurkhaymın pyeslərinin qurğusu, Markes və Borxes nəsrində fantasmaqorik, mifopoetik nəsr axtarışları, çağdaş yapon, ispandilli ədəbiyyat və nəsr qeyri-səlis məntiqlə hörülmüşdür desək səhv etmərik. Postmodern ədəbiyyatda və fəlsəfədə qeyri-səlis məntiqin təzahürü olan örnəklər saysızdır. “Neçə min il öncə başlamış eşq bu gün sona yetdi” (Markes), “Ayı bu meşənin qaşı idi” (Folkner), “Hər şey keçib gedir”, “Və gün var ki, əsrdən uzundur” (Tövrat), “Qadın sizin tarlanızdır” (Qurani-Kərim) və s. kimi kəlamların məntiqini açmaq üçün böyük və ciddi hermenevtik əsərlərə ehtiyac var.

İnsanın böyüklüyü mikro və makro aləmin zənginliyini və sonsuzluğunu təfəkkürünə sığışdıra bilməsi, onu düşünməyi bacarmasıdır. Yoxsa insan bilmədikləri qarşısında nə bilir ki...

Söz də bu dünya, kainat kimi geniş və sonsuzdur. Bu dünyada ilk söz olduğu kimi, son söz də söz olacaqdır.

Bunu da unutmayaq ki, ədəbi cərəyan anlayışı nisbidir və sərhədlərlə ayrılmır. Ədəbi cərəyanlar bir-birinin içində yetişir və bir-birinin içində ölüb gedir. Yenidən dirilən ədəbi cərəyan yeni keyfiyyət daşıyır. Ədəbiyyat qanunları təbiət qanunları kimi deyil və onların sosial - estetik xüsusiyyətləri ayrı bir özəllik, xislət daşıyır.

Rafiq müəllimin yazısı ilə çox da razı olmasam da, bu istiqamətdə araşdırmalar var və bunda heç bir qəribəlik yoxdur. Nəinki bədii mətnlər, ilahi mətnlər də (Tövrat, Quran, Budda, Konfutsi...) əsasında da belə araşdırmalar və müşahidələr təbiidir.

Ancaq onu da qeyd edim ki, Şərq və Qərb poetikasının tarixi, ayrı-ayrı məktəblər üzrə mətn incələmələri konkret metodlarla gerçəkləşdirilir.

...Allah Bəxtiyar müəllimə və Xudu müəllimə qəni-qəni rəhmət eləsin.

Dostum Rafiq Əliyevə yeni yaradıcılıq uğurları arzulamaqla Azərbaycanımıza sağlam elmi mühit, yaradıcılıq atmosferi və ilham arzulayıram.

Allahın Azərbaycana yazığı gəlsin...

 

Kamil Vəli

 

Azadlıq.- 2013.- 6 sentyabr.- S.13.