Azərbaycanın görkəmli neft mühəndisləri
Neft sənayesi tarixinə imza atmış Rüstəmbəyovlar
Azərbaycanda
Rüstəmbəyovlar nəslini təmsil edən görkəmli
simaların hər biri haqqında
ayrı-ayrılıqda söz açmağa dəyər. Bu
mövzuda oxuculara soyun bir neçə məşhur
nümayəndəsi barədə söhbət
açılacaq. Rüstəmbəyovlar nəslinin bir çox nümayəndəsi
tanınmış neft sənayesi mütəxəssisi
olduğundan, yazını iki
hissəyə ayırmağı qərara aldıq. Birinci
yazıda Azərbaycanın neft sənayesinin
inkişafında yaxından iştirak etmiş həmin mütəxəssislər, ikinci yazıda isə soyun
fərqli peşələri seçmiş,
həyatdan çox gənc ikən köçmüş iki
məşhur gənc nümayəndəsindən bəhs ediləcək.
Rüstəmbəyovlar nəslinin ulu babası Rüstəm bəy sayılır. O, Salyan mahalının Marışlı kəndində anadan olmuş, Fətəli xan Qubalıya xidmət etmişdi. Təhsilini əvvəlcə molla yanında alan Rüstəm bəy sonra Ərdəbil şəhərində mədrəsədə oxumuşdu. Dövrünün təhsilli şəxslərindən hesab olunduğuna görə, ona “mirzə” deyə müraciət edirdilər.
Bu nəslin tanınmış simalarından biri Fətulla bəy Rüstəmbəyov Bakıda neft sənayesinin məşhur mütəxəssislərindən sayılırdı. Fətulla Əsəd bəy oğlu Rüstəmbəyov 1867-ci ildə Cavad qəzasının Marışlı kəndində anadan olmuşdu.
Ailə sonradan Salyan şəhərinə köçmüşdü. Fətulla bəy burada ibtidai məktəbdə, sonra Bakıda gimnaziyada təhsil almışdı. O, 1893-cü ildə Sankt-Peterburq Dağ-Mədən İnstitutunu bitirmiş, mütəxəssis kimi Bakıda neft mədənlərində mühəndislikdən başlayıb idarə rəisi vəzifəsinə qədər yüksəlmişdi.
O, 1898-1920-ci illərdə Bakı milyonçusu Musa Nağıyevin neft müəssisələrini idarə etmişdir. Fətulla bəy Musa Nağıyevi həmişə şəhərdə uca, yaraşıqlı binalar tikdirməyə həvəsləndirmiş və binaların tikilməsində yaxından iştirak etmişdir.
Musa Nağıyevin işlər müdiri
O dövrdə hamı bilirdi ki, “İsmailiyyə” kimi əzəmətli binanın tikilişi Nağıyevin xəsisliyi ucbatından arada yarımçıq qalmışdı. Bunun səbəb o idi ki, “İsmailiyyə”nin tikilişi layihəsində M.Nağıyevi qorxuya salmamaq üçün smetada xərc az göstərilmişdi. Binanın birinci mərtəbəsi tikilib başa çatanda smetada göstərilmiş vəsait qurtarır. Nağıyev bunu eşitdikdə hirslə binanın gerisini tikdirməyəcəyini bildirir. F.Rüstəmbəyov onu nə qədər dilə tutursa, bir nəticə vermir. Axırda Rüstəmbəyov H.Z.Tağıyevə müraciət edir. Tağıyev Nağıyevi birtəhər razı salandan sonra binanın tikilişi davam etdirilir.
İndiki M.Nağıyev xəstəxanası binasının tikilməsində də F.Rüstəmbəyovun xüsusi təşəbbüskarlığı olmuşdur. Ümumiyyətlə, Musa Nağıyevin işlər müdiri işlədiyi müddətdə bir nəfər də ondan narazı qalmamışdı. Fətulla bəy hər zaman neft quyularının amansızlıqla istismar edilməsinin əleyhinə olmuşdur.
O, görkəmli mütəxəssis kimi, 1922-ci ildən 1935-ci ilədək “Azərneft” rəisinin birinci köməkçisi olmuş, sonralar “Azərneft”in Dəniz komitəsinə başçılıq etmişdi. Bu illərdə F.Rüstəmbəyovun rəhbərliyi ilə neftçıxarma və neft emalı texnikası təkmilləşdirilmiş, neft mədənlərində vurma qazması üsulundan rotorla qazma üsuluna keçilmişdir. Xəzər sualtı neft sahələrinin işlənməsinə aid yazdığı elmi məqalələri dəniz neft mədənlərinin genişlənməsinə böyük kömək etmişdir.
Bundan başqa, F.Rüstəmbəyov ali texniki məktəbdə müəllimliklə məşğul olmuşdur.
Görkəmli neft mütəxəssisi F.Rüstəmbəyov 1946-cı ildə vəfat edib.
O, Kərim bəy Mehmandarovun qızı Turan
xanımla ailə qurmuşdu. Əsəd bəy
adlı oğlu, Aliyə
xanım adlı qızı vardı.
Neftçi peşəsinin alim
davamçıları
Rüstəmbəyovlarun parlaq simaları arasında daha bir neft mühəndisi var ki, o da dövrünün tanınmış şəxslərindən və Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olmuşdur. Bu, Rüstəmbəyov Baxış Əsəd bəy oğludur.
Baxış bəy Rüstəmbəyov 1870-ci ildə Salyan şəhərində anadan olmuşdu.
O, Bakı şəhərində gimnaziyada oxumuş, sonra Sankt-Peterburq Dağ-Mədən Akademiyasına qəbul olmuşdu. Gənc azərbaycanlı akademiyanı tamamlayandan sonra neft mədənlərində mühəndis kimi çalışmışdı.
Baxış bəy Rüstəmbəyov 1945-ci ildə vəfat edib.
Rüstəmbəyov Şahbaz Əsəd bəy oğluÿda nəslin peşə ənənələrini pozmadan mühəndislik sənətinin davam etdirmişdir.
Şahbaz bəy 1879-cu ildə Cavad qəzasının Salyan qəsəbəsində anadan olmuş, 1890-cı ildə Bakı Real məktəbini tamamlamışdı. O, da Sankt-Peterburq Texnologiya İnstitutuna qəbul olmuş, 1909-cu ildə institutun mexanika fakültəsini bitirmişdi. Şahbaz bəy institutda Hacı Zeynalabdin Tağıyevin təqaüdü ilə təhsil almışdı. İnstitutu bitirdikdən sonra Bakıya dönmüş, neft sahəsində çalışmışdı. Sovet dönəmində “Azərneft” sistemində işləmiş, ali texniki məktəblərdə dərs demişdi.
Şahbaz bəy Nüşabə xanım Əbdülkərim bəy qızı Mehmandarova ilə ailə qurmuşdu. Nadir bəy adlı oğlu, Nailə xanım və Dilarə xanım adlı qızları vardı.
Ailənin daha bir neftçi mütəxəssisi Əsəd bəydir.
Əsəd bəy Fətulla bəy oğlu 2 sentyabr 1911-ci ildə Şuşada anadan olmuşdur. O, Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Dövrünün görkəmli alimlərindən olan Rüstəmbəyov dərin və çox dərin qazımanın texnologiya məsələlərinə dair tədqiqat işləri aparmışdır. O, eyni zamanda Azərbaycanda, Başqırdıstanda yüksək məhsuldar yeni yataqların kəşfində və işə salınmasında fəal iştirak etmişdir.
Neft və qaz quyularının qazıması sahəsində mütəxəssis olan Əsəd bəy Texnika elmləri namizədi (1972), Azərbaycan SSR əməkdar mühəndisi (1960), SSRİ-nin fəxri neftçisi (1971) olmuşdur.
Rüstəmbəyov Qazaxıstan, Özbəkistan, Qırğızıstan, həmçinin Azərbaycan rayonlarındakı mütəxəssislərinə yeni texnika və texnologiyanın tətbiqi işində kömək göstərmişdir. Görkəmli alim bir sıra elmi əsərlərin və ixtiraların müəllifidir.
Alim fəaliyyəti dövründə 8 orden və medalla təltif olunmuşdur.
Əsəd bəy Rüstəmbəyov 17 oktyabr 1982-ci ildə Bakıda vəfat etmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, Rüstəmbəyovlar nəslinin ənənəvi mühəndislik peşəsindən kənar sahənin yolçuları olmuş, həyatları yarıda qırılmış iki parlaq gənc də var. Həmin gənclər İkinci Dünya Müharibəsində partizan hərəkatının fəallarından olmuş həkim Aliyə Rüstəmbəyova və repressiya illərinin qurbanlarından olan cazmen Pərviz Rüstəmbəyovdur ki, onlar haqqında gələn yazıda söz açacağıq.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2013.- 7 sentyabr.- S.14.