Rüstəmbəyovların iki gənc istedadı?

 

Partizan həkim Aliyə

 

Keçən mövzuda qeyd etdiyimiz kimi, bu dəfə Rüstəmbəyovlar nəslinin iki gənc nümayəndəsi haqqında söhbət açacağıq. Onlardan biri Ikinci Dünya Müharibəsində partizan hərəkatının fəallarından olan həkim Aliyə Rüstəmbəyovadır.

 

Aliyə Fətulla qızı Rüstəmbəyova 1907-ci ildə Şuşada dünyaya göz açmışdır. Bir müddət sonra valideynləri ilə Bakıya köçən gənc qız burada orta təhsilini 3 saylı orta məktəbdə almışdır. İllər onun həkim olmaq arzusu həyata keçdi. Azərbaycan Tibb İnstitutuna qəbul olsa da, tezliklə Birinci Leninqrad Tibb İnstitutuna köçürülmüş və buranı 1935-ci ildə birinci dərəcəli diplomla bitirmişdir. Daha sonra o, üç il Özbəkistanda “Çirkikstroyda xəstəxanalardan birində həkim işlədi. 1938-ci ildən isə Aliyə Moskvada Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışmışdır.

Lakin faşist Almaniyasının sovet Rusiyasına hücumu nəticəsində digər könüllülər kimi həkimlər də cəbhəyə yollandı. Onlar arasında Aliyə də vardı. Onu hərbi hissələrdən birində tibb sanitar batalyonuna təyin etdilər.

Gənc həkim müharibənin ilk günlərindən Moskva, sonra Smolensk yaxınlığında tibb-sanitar batalyonunda xidmət etmişdir. A. Rüstəmbəyova 1941-ci ildə əsir düşmüş, 1942 ilin əvvəllərində əsirlikdən qaçmışdır. O, Smolensk meşələrində fəaliyyət göstərən “Deduşkapartizan dəstəsinə qoşulmuşdur. Burada tibb-sanitar batalyonunun rəisi olmuşdur. Partizan həkim 1942-ci ildə gərgin döyüşlərin birində həlak olmuşdur.

Aliyənin ailəsinə yazdığı məktublar arxivdə indi də saxlanır. O, ilk belə məktubu anasına 1941-ci ilin iyunun 15-də yazmışdı:

“Əziz anam. Volokolamskdan yazıram. Bura Moskvadan iki saat uzaqlıqdadır. Böyük ehtimalla burda da qalacağam. İndi biz çay yaxınlığında meşədə düşərgədə qalırıq. Çadırlarda yaşayırıq, yorucu yoldan sonra istirahət edirik...”

 

Azərbaycanlı qızın sonrakı müəmmalı taleyi...

 

Gözəl şuşalı qızını “Deduşkapartizan hərəkatında “partizan həkimi” kimi tanıyırdılar. 1943-cü il martın 7-də “Bakinskiy raboçi” qəzetində Aliyənin həyat yolu barədə yazılmışdı:

“Düşmənin işğal etdiyi, ancaq ona tabe olmaq istəməyən meşədə faşist işğalçıları ilə Azərbaycan xalqının şanlı qızı partizan Aliyə də döyüşüb. O, döyüş dostları ilə partizan həyatının sərt məhrumiyyətləri və təhlükələrini bölüşürdü. hitlerçilərdən dinc əhaliyə törətdikləri qanlı vəhşiliklərə görə intiqam alırdı...

Döyüşlər getdikcə şiddətlənirdi, hitlerçilər 1941-ci ilin oktyabrında Smolenşinanı zəbt etdilər.

Aliyə həkim kimi Smolensk meşələrində 6 ay mübarizə aparan sovet əsgərlərinin qayğılarına qaldı, yaralılara ilk tibbi yardım göstərdi. Ancaq mübarizə getdikcə daha da ağırlaşırdı, Odur ki, 1942-ci ilin fevralında Aliyə bir qrup döyüşçü ilə birgə “Deduşkapartizan hərəkatına qoşuldu.

Yerli əhalinin dəstəyi ilə partizanların mübarizəsi sayəsində 1942-ci ilin fevral-mart aylarında Doroqobuj rayonu faşist qüvvələri tərəfindən azad edildi. Aliyənin bacarıq və qabiliyyətini nəzərə alaraq, tibb sanitar batalyonunun rəhbəri təyin edildi.

1942-ci ilin iyununda alman qüvvələri tank, minamyotvertolyotlarlaDeduşkapartizan dəstəsinin gizləndiyi meşəyə hücuma keçdilər. Göydən meşə üzərinə yağdırılan bombalar onların vəziyyətini çətinləşdirirdi. Ağır döyüşlərdə Aliyə yaralı əsgərlərə ilk yardım göstərir, bacardığı qədər onların həyatda qalmasına çalışırdı. Deyilənə görə bu döyüşlərdən birində Aliyə həyatını itirir. Partizan dəstə batalyonunun keçmiş komissarı Vasiliy Davudoviç Svyatçenkov memuarında 1942-ci il iyunun 3-da baş vermiş qanlı döyüşdə partizanların itkilərindən ətraflı bəhs edir: “Bu gecə digərlərindən fərqli olaraq, meşə boyu artilleriya atəşi açırdılar. Havadan bomba yağdırırdılar. Hava açılanda bombalanma dayandı, Snaryadlardan biri bir partizanın olduğu ağcaqayın ağacının altında partladı, Üç nəfər öldü, 4 nəfər yaralandı.”

İlk vaxtlarda belə hesab edilirdi ki, bu döyüşdə həyatını itirənlər arasında Aliyə də olub. Ancaq onun ölümü uzun müddət müəmma olaraq qalıb. Çox sonralar isə A.Rüstəmbəyovanın almanlar tərəfindən əsir götürüldüyü ortaya çıxıb. Azərbaycanlı partizan həkimin bundan sonrakı həyatından heç bir məlumat yoxdur.

 

“Amerikapərəst” cazmen Pərviz

 

Rüstəmbəyovlar nəslinin daha bir maraqlı və faciəli ömür yolu keçmiş nümayəndəsi cazmen Pərviz Rüstəmbəyovdur.  

Pərviz İsmayıl bəy oğlu  7 yanvar 1922-ci ildə Bakı  şəhərində anadan olmuşdu. O hələ çox kiçik yaşlarından musiqiyə maraq göstərirdi. Pərviz Pionerlər Evinin musiqi dərnəyinə gedir, klarnetin gözəl ifaçısı sayılırdı. Bu illərdə o, istedadlı musiqiçi kimi dərhal diqqəti cəlb etdi. Beləliklə də, 1940-cı ildə Tofiq Quliyev onu öz orkestrində görmək istədiyini bildirdi.

1944-cü ildə məşhur musiqiçi Eddi Rozner  Bakıda qastrolda olarkən bu istedadlı saksofonçunun ifası onu heyran qoydu. Rozner Pərvizi öz orkestrinə birinci saksofonçuklarnetçi kimi dəvət etdi. Eddi Rozner kimi dünya şöhrətli musiqiçi öz kollektivinə yalnız istedadlı ifaçıları götürürdü. 22-yaşlı azərbaycanlı saksofonçu da bu təkliflə yalnız qürurlana bilərdi və o, həmin təklifi məmnuniyyətlə qəbul etdi. Pərviz ölkədə iştirak etdiyi bütün konsertlərdə o qədər uğurla çıxış edirdi ki, buna görə onu hətta “sovet Benni Qudmeni” adlandırmağa başlamışdılar. Pərviz bir müddət Moskvada yaşamış, iki il sonra, artıq məşhur musiqiçi olduğu zaman Bakıya köçmüşdü. Burada o, əvvəlcə “Krasnıy Vostok” (indiki “Azərbaycan”) kinoteatrında, sonralar isə “Nizami” kinoteatrında öz orkestrini yaratdı. Amma bu sevinc uzun sürmədi. 1949-cu ilin yanvarında onu “Qərbə pərəstişkarlıq”da təqsirləndirərək işdən azad etdilər. Pərviz Rüstəmbəyov “pozucu qərb incəsənətinə” pərəstiş edən “ünsürkimi xüsusi xidmət orqanlarının nəzarətinə alındı.

Beləliklə, 1949-cu il may ayının 20-də Pərviz Rüstəmbəyov Azərbaycan SSR üzrə DIN qoşunlarının hərbi prokurorunun səlahiyyətlərini icra edən ədliyyə mayoru Ayriyanın sanksiyası ilə həbs edildi. Bu barədə qərarda qeyd edilmişdi ki, “Rüstəmbəyov antisovet və amerikapərəst əhval-ruhiyyəli şəxsdir”. Heç nədə günahı olmayan, heç bir - nə ağır, nə də yüngül cinayət törətməyən 27 yaşlı caz musiqiçisi Pərviz Rüstəmbəyov o dövrün sovet qanunlarına görə 15 il müddətində həbs cəzasına məhkum edildi. O dövrün işgəncə rejiminin cəza maşını da belə işləyirdi.

1949-cu il dekabrın 29-da Pərviz Rüstəmbəyovun ölüm xəbəri yayıldı. Onun “cinayət əməllərinə” həsr olunmuşxüsusi müşavirənin” iclasına bir neçə saat qalmış qara xəbər yayıldı.  Gənc istedad Pərviz Rüstəmbəyov Azərbaycan DTN-in daxili həbsxanasında çox müəmmalı bir şəraitdə dünyasını dəyişmişdi.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 Azadlıq.- 2013.- 8 sentyabr.- S.14.