Bəstəkarlıq məktəbində unudulmaz ad
Gözəl əsərlər
müəllifi Səid Rüstəmov
Azərbaycan musiqisinin inkişafında böyük
xidmətləri olan görkəmli sənətkarlardan
biri də Səid Rüstəmovdur.
S.Rüstəmov musiqiyə tar çalan kimi gəlmişdir.
O, bu sənətin sirlərini Azərbaycan
musiqisinin banisi, böyük bəstəkarımız Üzeyir Hacıbəylidən öyrənmişdir.
S.Rüstəmov 30-cu illərdən başlayaraq,
əvvəl Bakı musiqi texnikumunda,
sonrakı isə Azərbaycan Dövlət Konservatoriyasında
tar ixtisası sinfi
üzrə müəllim işləmiş və bu sahədə ilk professor elmi dərəcəsini
almışdır.
Onun bir çox yetirmələri respublikamızın görkəmli tarzənləri, bəstəkarları və dirijorlarıdır. Səid Rüstəmov “Not savadı” dərsliyinin əsas tərtibçilərindən biri, ilk “Tar məktəbi” dərs vəsaitinin müəllifi, 1931-ci ildə respublikamızda notla çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur.
Səid Əli oğlu Rüstəmov 12 may 1907-ci ildə Irəvanda anadan olmuşdur. Uşaq ikən atasını itirən Səidin musiqi istedadı, musiqiyə olan marağı hələ İrəvanda ibtidai məktəbdə oxuduğu illərdən başlamışdır. 1918-ci ildə İrəvanda baş verən erməni vəhşiliyi zamanı Səidin ailəsi də şəhəri tərk etmək məcburiyyətində qalaraq Türkiyəyə sığınmışdı. Bir müddətdən sonra Irəvana qayıdan ailə evlərinin dağıldığını görərək, 1919-cu ildə Gəncəyə köçmüşlər. Səidin qardaşı Mirhüseyni burada ermənilər qətlə yetirirlər və buna görə də ailə buradan Ağdaşa köçməyə məcbur olur. Ailə Ağdaşa köçəndə Səidin 12 yaşı var idi. Həyatın əzab-əziyyətli günlərinə baxmayaraq Səidin musiqiyə marağı daha da artırdı. Tezliklə Səidin ailəsi Bakıya köçür və Səid müəllimlər seminariyasına daxil olur. Burada truba çalmağı öyrənən Səid, eyni zamanda rəsm məktəbində məşğələlərə də başlayır. Səidin musiqi istedadı diqqətini çəkən müəllimlərdən biri onu dahi Üzeyir Hacıbəylinin yanına aparır və bu görüş Səidin taleyində müstəsna rol oynayır. Beləliklə, Səid Rüstəmov 1924-cü ildə musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinə qəbul olunur.
1926-cı ildə Müəllimlər Seminariyasını bitirdikdən sonra Səid Rüstəmov Süleyman Sani Axundovun müəllimi olduğu 19 nömrəli birinci dərəcəli məktəbə müəllim təyin olunur. Səid Rüstəmov 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji Institutunu bitirir.
Bəstəkarlar
İttifaqının sədri
Səid Rüstəmovun pedaqoji təhsil alması, bu sahədə müəyyən təcrübə keçməsi onun musiqi təhsili sahəsində ustad pedaqoq kimi tanımasında mühüm rol oynamışdır.
S.Rüstəmovun pedaqoji fəaliyyətinin mühüm bir dövrü Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası ilə bağlı olmuşdur. O, burada xalq musiqisi kafedrasının yarandığı gündən fəaliyyət göstərmiş, Üzeyir Hacıbəylinin vəfatından sonra isə Azərbaycan Bəstəkarlar Ittifaqının sədri vəzifəsinə seçilmişdir.
S.Rüstəmov SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü kimi də fəaliyyət göstərmiş, dəfələrlə xalq çalğı alətləri ifaçıları üçün keçirilən Ümumdünya və Ümumittifaq festivallarında münsiflər heyətinin sədri və üzvü olmuşdur.
1931-ci ildə M.Maqomayevin təşəbbüsü ilə Ü.Hacıbəyli Azərbaycan Radio Komitəsinin notlu xalq çalğı alətləri orkestrini yaratdıqda S.Rüstəmov əvvəl kollektivin konsertmeysteri, üç il sonra isə bədii rəhbəri və baş dirijoru olmuşdur. O, 40 il bu kollektivə rəhbərlik etmiş, orkestrin repertuarını dünya musiqi klassikasının məşhur əsərləri ilə zənginləşdirmişdir.
Səid Rüstəmovun xalq musiqisini, eyni professional musiqini dərindən bilməsi onun oricinal əsərlər yazmasında mühüm rol oynamışdır. Təsadüfi deyil ki, Səid Rüstəmov iri həcmli əsərlərinə görə yox, məhz mahnılarına görə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
Səid Rüstəmov xeyli sayda lirik mahnıların da müəllifidir. Bu mahnılar saf məhəbbətə, doğma vətən torpağına həsr olunmuş və onların çoxu dillər əzbəri olmuşdur. “Bənövşə”, “Gəlmədi”, “Hardasan?”, “Həkim qız”, “Getmə, getmə”, “Qurban adına”, “Alagöz”, “Şeir deyilmi?” və onlarla başqa mahnıların adlarını çəkə bilərik.
Şərq musiqisi tarixində klassik populyar simfonik əsərləri xalq çalğı alətləri orkestri üçün orkestrləşdirib ifa etdirən ilk dəfə S.Rüstəmov olmuşdur.
S.Rüstəmov orkestrin repertuarını Azərbaycan bəstəkarlarının orijinal əsərləri hesabına da zənginləşdirməyi bacara bilmişdir. Ağabacı Rzayeva, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Qənbər Hüseynli, Adil Gəray, Xəlil Cəfərov, Arif Məlikov, Ramiz Mirişli, Dadaş Dadaşov, Azər Dadaşov və başqa bəstəkarlarımız istər iri həcmli, istərsə də kiçik həcmli əsərlər yazmışlar.
30-cu illərdə bəstəkarlığa başlayan S.Rüstəmovun ilk əsəri də xalq çalğı alətləri orkestri üçün idi. Bu, “Bayatı-kürd” muğamı əsasında fantaziya olmuşdur. Müharibə illərində bəstəkarın orkestr üçün yazdığı “Cəngi” və “Qəhrəmani” əsərləri əsgərlərimizi qələbəyə ruhlandırırdı. Bu əsərlərin partituralarına bəstəkar zurnanı və qoşa-nağaranı da əlavə etmişdi.
Musiqili komediya
janrında imzası
Bu əsərlərdən sonra S.Rüstəmov xalq çalğı alətləri orkestri üçün üç süita yazmışdır. Onların arasında daha populyar “Azərbaycan” süitasıdır ki, burada ölkəmizin füsunkar təbiəti, insanların əməksevərliyi maraqlı musiqi lövhələri ilə əks olunmuşdur.
S.Rüstəmov dram tamaşalarına da çoxlu musiqi yazmışdır. Azərbaycan Dövlət Akademik dram teatrında oynanılan “Hacı Qara”, “Vaqif”, “Almas”, “Bahar suları” və s. buna misal göstərmək olar. Bəzi mahnılar bu tamaşalardan ayrılaraq ikinci müstəqil həyata başlamışdır.
Azərbaycanda musiqili komediya janrının inkişafında da bəstəkarın mühüm xidmətləri olmuşdur. O, müasir mövzuda ilk musiqili komediyaların müəllifidir: “Beşmanatlıq gəlin”, “Durna”, “Rəisin arvadı”. Bu üç musiqili komediyanın əsas xüsusiyyəti odur ki, bunlarda mahnı aparıcı rol oynayır.
“Beşmanatlıq gəlin” (libretto M.S.Ordubadinindir) musiqili komediyası ilk tamaşasından sonra tez bir zamanda populyarlıq qazanmış, Orta Asiya respublikalarının səhnələrində dəfələrlə oynanılmışdır.
Süleyman Rüstəmin mətninə yazılmış “Durna” musiqili komediyası da bu janrda maraqlı əsərlərdəndir. Bu əsərdə müharibədən sonrakı dinc quruculuq dövründən söhbət açılır. “Durna” musiqili komediyası da bir neçə dəfə redaktə olunmuş, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, eyni zamanda respublikadan kənarda səhnəyə qoyulmuşdur.
S.Rüstəmovun üçüncü musiqili komediyası olan “Rəisin arvadı” isə M.Əlizadənin librettosuna yazılmışdır. Komediyanın süjeti xalq malının dağılmasına qarşı yönəldilmişdir.
Bəstəkar T. Quliyev məqalələrinin birində S.Rüstəmovun bəstəkar kimi uğurları barədə belə demişdir: “Məncə, onun səbəbini S.Rüstəmovun istedadının təbiiliyində, səmimiliyində, dərin xəlqiliyində, geniş milli koloritə malik olmasında axtarmaq lazımdır...”.
S.Rüstəmovun yaradıcılığının mühüm bir hissəsini də musiqi folklorçuluğu təşkil edir. Onun not yazısı ilə 30-cu illərdə “Aşıq mahnısı”, Cabbar Qaryağdıoğlunun ifasından nota köçürülmüş “50 Azərbaycan xalq mahnısı” nəşr olunmuş, 1954 və 1957-ci illərdə çap olunmuş iki cildlik “Azərbaycan xalq mahnıları” məcmuələrinə də S.Rüstəmovun nota yazdığı xalq mahnıları daxil edilmişdir.
Səid Rüstəmov 1983-cü ilin iyun ayında 76 yaşında vəfat etmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2013.- 9 sentyabr.- S.14.