“Difai”çi
Kərim bəyin inqilabçı oğlu
Mixail
Sankt-Peterburqun ən gənc
inqilabçısı
Ötən
mövzulardan birində Mehmandarovlar
soyunun görkəmli nümayəndələri
haqqında söz
açdığımız zaman Sankt-Peterburq Tibb Cərrahlıq
Akademiyasının məzunu, “Difai”
partiyasının Şuşa komitəsinin
sədri Kərim bəy Mehmandarovun xidmətlərndən
də bəhs etmişdik. O yazıda bəhs etdiyimiz kimi, Kərim bəy
Sankt-Peterburqda Aleksandra
Mixaylovna Dolqanova ilə
ailə qurmuş və bu
izdivacdan onların bir
oğlu olmuşdi. Kərim
bəy Azərbaycana döndükdən sonra
ikinci dəfə ailə qursa
da, sona kimi Sankt-Peterburqdakı oğlu
Mixaillə əlaqəsini kəsməmişdi.
1929-cu il noyabrın 17-də uzaq Şuşadan oğluna göndərdiyi məktubda, Əbdülkərim bəy Mehmandarov onun Leninqrad Tibb Institutuna kafedra müdiri seçilməsinə sevincək halda yazırdı: “Səni və xüsusilə, möhtərəm Aleksandra Mixaylovnanı ürəkdən təbrik edirəm... Sənin şöhrətin, ilk sovet alimləri sırasındakı gələcəyin onu mükafatlandıracaq, sakitləşdirəcək, qoca vaxtında ona sevinc və rahatlıq gətirəcək. Onunla fəxr edərək qarşısında baş əyirəm”.
Mixail Kərim bəy oğlu 24 yanvar 1882-ci ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu. Sonra Kərim bəydən ayrılan anası o 7 yaşında ikən Vergi və İçkilərin Dövlət Satışı Baş Idarəsində məmur işləyən Dmitri Aleksandroviç Tuşinski ilə ailə həyatı qurmuşdu. Dmitri Aleksandroviç Mixaili doğma oğlu kimi qəbul etmiş və ona öz familiyasını vermişdi. On yaşına çatanda valideynləri Mixaili Birinci Peterburq Gimnaziyasına qoymuş, o burada əlaçı şagird kimi tanınmış, klassik latın, yunan alman və fransız dillərini öyrənmişdi. Mixail yuxarı siniflərdə oxuyarkən şəhərdə gizli bir təşkilat yaradılmış və 1898-ci ildə Mixail də bu təşkilata üzv yazılmışdı. 1900-cü ildə gimnaziyada Mixail Tuşinski səkkizillik tam kursu bitirərək, universitetə, başqa ali təhsil müəssisələrinə imtahansız girmək hüququ qazanaraq Peterburq Hərbi Tibb Akademiyasına daxil oldu. Akademiyada Mixail Rusiya fiziologiya məktəbinin banisi olmuş İvan Petroviç Pavlov, məşhur nevropatoloq Vladimir Mixayloviç Bexterev və başqa görkəmli alimlərin və pedaqoqların mühazirələrini dinlədi, onlardan çox şeylər öyrəndi. Mixail eyni zamanda akademiyanın əsas binasında yerləşən kitabxananın idarə heyətinin üzvü idi. İnqilabi hərəkatın formalaşmasında əsas özəklərindən sayılan bu kitabxanaya tez-tez gənclər toplaşır, müxtəlif siyasi məsələləri müzakirə edirdilər. Onlar sosial-demokrat və başqa mütərəqqi inqilabi təşkilatlarla əlaqə saxlayır, müntəzəm olaraq tələbə çıxışları təşkil edirdilər. Mixail inqilabi ruhu ilə atasına çəkmişdi və bu çıxışların önündə gedənlərdən biri həmişə o idi.
“Vikipedia”da inqilabçı gəncin siyasi fəaliyyətini sona kimi davam etdirdiyi haqda maraqlı məlumatlar yazılır. 1902-ci ilin əvvəllərində Kiçik Teatrda fitnəkar, antisemit ruhlu “Qaçaqmalçı” pyesi tamaşaya qoyularkən universitet tələbələri buna etiraz etdilər və bu etiraz yığıncağının təşkilində fəallıq göstərdiyinə gərə, 1904-cü il dekabrın 3-də Mixail Tuşinski nazirin əmri ilə akademiyadan xaric edildi. Mixailin arxivində indiyə qədər həmin dövrə aid maraqlı bir fotoşəkil qorunub saxlanılır. Onunla birlikdə akademiyadan qovulmuş bir qrup tələbə böyük rus inqilabçı-demokratı və mütəfəkkiri Nikolay Qavriloviç Çernışevskinin portreti ətrafına toplaşıb, şəkil çəkdirmişdilər. Bu isə o dövr üçün çarizmin irticaçı siyasətinə, mütləqiyyətə qarşı açıq-aşkar nümayiş demək idi.
Keşməkeşli
akademiya illəri
Mixail Tuşinski bir müddət Novqorod və Samara yaxınlığındakı Pekovşinada feldşer məntəqələrində işlədi. Rus-yapon müharibəsinin qızğın çağında isə Mixail könüllü olaraq Uzaq Şərqə yollandı. Mancuriyanın döyüş meydanlarında Peterburq Qırmızı Xaç Cəmiyyətinin altıncı səyyar dəstəsinin tərkibində yaralılara ilk tibbi xidmət göstərdi, burda xeyli tibbi-praktik təcrübə topladı.
Rus-yapon müharibəsindən qayıtdıqdan sonra Mixail 1905-ci ildə yenidən akademiyaya bərpa edildi, yenə də inqilabi fəaliyyətini davam etdirdi.
1905-ci il ərzində akademiyanın tələbələrinin fəaliyyətini yoxlamaq üçün hərbi nazir tərəfindən istintaq komissiyası yaradıldı. Tələbələr, inqilabi çıxışların iştirakçıları istintaqa ifadə verməkdən imtina etdilər. Mixail Tuşinski başqa bir tələbə yoldaşı ilə birlikdə bərpa olunmamaq şərti ilə beşinci kursdan yenidən akademiyadan çıxarıldı. Müxtəlif fəhlə dərnəklərində təşviqat işləri aparmaqla məşğul olan Mixailə partiyanın rayon təşkilatı Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Peterburq Komitəsi yanında hərbi işə keçməyi təklif etdi. Novoçerkassk polkunda fəaliyyətə başlayan Mixaili çox keçmədən həbs etdilər və o, 3 ay yarım həbsxanada qaldı.
1907-ci ildə akademiyada dövlət imtahanlarını uğurla verib, fərqlənmə diplomu alan Mixail Peterburqun məşhur Obuxov xəstəxanasında fəaliyyətə başladı. Mixail burda əvvəlcə ekstern həkim, sonra ştatdankənar ordinator və bakterioloq, terapevt şöbəsinin assistenti və ordinatoru, çox-çox sonralar isə bu şöbənin müdiri vəzifəsində çalışdı.
1909-cu ilin yayında Berlin şəhərində görkəmli tibb mütəxəssisi, professor Albanın yanında təcrübə keçən Mixail Tuşinski məşhur alim Vassermanın müalicə üsullarını da mənimsədi. Salvarsanla bəzi yoluxucu xəstəliklərin müalicəsi, sonralar isə yeni salvarsanla ağ ciyər qanqrenalarının müalicəsi üzrə ilk tədqiqatlar apardı. Bu tədqiqatlar tibb elmini bir çox kəşfləri ilə zənginləşdirmiş görkəmli alman alimi, həkim, bioloq, patoloq Paul Erlixin rəhbərliyi ilə həyata keçirildi.
Tibb sahəsində görkəmli alim
Birinci Dünya müharibəsi başlananda Mixail Tuşinski də səfərbərliyə alındı və həkimlər ordusunun tərkibində cəbhəyə göndərildi. O, əvvəlcə II Kaufmansk hospitalının böyük ordinatoru oldu, 1916-cı ilin mayından isə Cənub-Qərb cəbhəsində Qırmızı Xaç Cəmiyyətinin birinci yoluxucu xəstəliklər hospitalında baş həkim vəzifəsində çalışdı. Müharibədən sonra Peterburqa qayıtdan Mixail Tuşinski Obuxov xəstəxanası bazasında yeni yaradılmış Tibbi Biliklər Dövlət Institutunun nəzdində daxili xəstəliklər diaqnostikası klinikasına ordinator vəzifəsinə dəvət olundu. 1921-ci ilin noyabrında təcrübəli həkim Marinsk Xəstəxanasında yerləşən Həkimləri Təkmilləşdirmə Klinik Institutunun nəzdindəki ikinci daxili xəstəliklər klinikasına böyük assistent vəzifəsinə keçirildi. Burda işlədiyi dövr ərzində gənc tibb mütəxəssisi səpgili yatalaq üzrə bir sıra mühüm tədqiqatlar apardı və onlarla elmi əsər yazdı. Bütün bunlar da onun “Səpgili yatalağa tutulmuş xəstələrin onurğa beyni mayesinin və qanının xassələri üzərində müşahidələr” adlı doktorluq dissertasiyasının mövzusu oldu.
Mixail Tuşinski 1921-ci ildə A.A.Neçayevin təşəbbüsü və iştirakı ilə P.Botkin adına Terapiya Cəmiyyətinin təsis edilməsi üçün yaradılmış təşkilat komitəsinin tərkibinə daxil edildi. 1922-ci ildə I Leninqrad Tibb Institutuna dəvət olunan Mixail Tuşinski burada privat-dosent və fakültə daxili xəstəliklər klinikasında şöbə müdiri, 1928-ci ildən ömrünün sonunadək isə daxili xəstəliklər propedevtikası kafedrasının müdiri vəzifəsində çalışdı.
1942-ci ilin sonlarında Mixail Tuşinskiyə Leninqrad Şəhər Səhiyyə Şöbəsi sistemində Baş Mütəxəssislər Institutu yaratmaq tapşırıldı və qısa müddət ərzində institut fəaliyyətə başladı. Bundan sonra Mixail Tuşinski Leninqrad şəhərinin baş terapevti vəzifəsinə irəli çəkildi. Geniş və çoxcəhətli elmi fəaliyyətlə məşğul olan görkəmli alim tədqiqatlarını əsasən, üç istiqamətdə - hematologiya, pulmonologiya və yoluxucu xəstəliklər sahəsində aparırdı. O, hələ sağlığında ölkənin ən məşhur və aparıcı hematologiya mütəxəssislərindən biri hesab olunurdu. Məhz tibb sahəsində qazandığı elmi nailiyyətlərə görə Mixail Dmitriyeviç Tuşinski 1945-ci ildə SSRI Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdi. Bu istedadlı alimin qələminin məhsulu olan neçə-neçə elmi məqalə, monoqrafiya, dərslikdən bu gün də ali və orta ixtisas tibb məktəblərində geniş istifadə olunur. Tibbi biliklərin gözəl təbliğatçısı olan Mixail Dmitriyeviç Tuşinski 1929-cu ildən - onun üçün o unudulmaz gündən ömrünün sonuna kimi müntəzəm olaraq Azərbaycana gəlmiş, yaxın qohumları ilə daim məktublaşmış, respublikamızın tibb ictimaiyyəti qarşısında təbabətin, yoluxucu xəstəliklərin, hematologiyanın, terapiyanın ən aktual məsələləri haqqında mühazirələr oxumuşdur.
Mixail Tuşinski
6 yanvar 1962-ci ildə vəfat edib.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 13 sentyabr.- S.14.