Ustad Sadıqcanın tarzən nəvəsi
Oskar Pitersonun
cazı onun yolunu dəyişdi
Adı Azərbaycan
musiqisinin mahir
ifaçıları sırasında tarixə yazılan ustad tarzən Sadıqcanı tanımayan yoxdur. Bənzərsiz ifası, bəstələri
və tara verdiyi yeni nəfəs onu təkcə
Azərbaycanda deyil, bütün
Qafqazda və başqa
qonşu ölkələrdə də məşhurlaşdırmışdı.
Sadıqcan tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə etmiş, simlərin sayını 5-dən 11-ə çatdırmışdı. Bundan başqa, o, əvvəllər bir qayda olaraq, diz üstə çalınan tarı ilk dəfə yeni tərzdə, ifa etməyə başlamışdı. Həqiqi mənada, məhz Sadıqcanın sayəsində XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq milli musiqimizin simvoluna çevrilmişdi.
Uzun illər sonra bu ustad sənətkarın ailəsində istedadlı bir musiqiçi parlayanda hamı sevinmişdi. Artıq çoxları onun mahir tar ustası olan babasının davamçısı olacağını düşünürdü. Bülbül adına musiqi məktəbində oxuyarkən bir çox mürəkkəb əsərləri yüksək səviyyədə ifa etməsi, musiqi qavrayışı və bacarığı hamının diqqətini çəkmişdi. Daha onun istedadlı bir musiqiçi olacağına şübhə qalmamışdı...
Bu istedadlı nəvə indi dünyanın bir çox ölkəsində məşhur olan caz ifaçısı Vaqif Sadıxov idi. O dövrdə Vaqifin məşhur həkim olan atası oğlunu mütləq anlamda babasının yolunu davam etdirəcəyini düşünsə də, belə olmadı. 1946-cı ildə Bakıda dünyaya gələn, gənclik illəri caz musiqisinə böyük maraq olduğu bir dövrə düşən Vaqif qəflətən başqa qərar verdi. Bir gün onun əmisi oğlu, caz həvəskarlarından birinin maqnitofon kasetini gətirdi. Bu musiqiyə qulaq asan Vaqifin fikrində hər şey alt-üst oldu. Bu, dünyaca məşhur caz ifaçısı Oskar Piterson idi. V.Sadıqov haqqında “Vikipedia”da yayılan məlumatda musiqiçinin öz adından bu sözlər təqdim olunur: “Mən onun musiqisini eşidəndə başım gicəlləndi və sonralar özümü onsuz təsəvvür etmirdim”.
Bu cazibə ilə o, nə zamansa 1968-ci ildə Çarlz Lloyd, Cak-Canet, Pol Qansales, B.Reyli, Mil Xilton, Zbiqnev Namıslovskiy və başqalarının proqramlarına gedib çıxacağını ağlına belə gətirməmişdi. Bu sənət yoluna bütün qəlbini verən Vaqif tezliklə Moskvada, Tallində, Finlandiyada, Almaniyada, Hindistanda və Kubada saysız-hesabsız nüfuzlu musiqi forumlarına qatılacaq və yenə də ən yaxşı ifaçı kimi tanınacaqdı...
“Qaya”
qrupu ilə uzaq
üfüqlərə....
Beləliklə, Vaqif məktəbdə simfo-caz təşkil edir və onunla bağlı başqa xəyallar quran atasını da məyus edir. Gənc Vaqif konservatoriyada oxuyarkən caz ifa edirdi. Musiqi biliciləri hesab edir ki, Vaqif haqqında “konservatoriyada oxuyarkən” ifadəsi o qədər də düzgün sayılmazdı, çünki nə ona qədər, nə ondan sonra belə tələbə olmamışdı. Hələ birinci kurs tələbəsi olarkən o, “Qaya” vokal qrupunun tərkibində çıxış edir və qrupla Moskvada keçirilən müsabiqəyə, yola düşür.
Azərbaycanlı gənc pianoçunun qaldığı M.Qorki küçəsində yerləşən “Molodyojnoye” kafesində onu sürpriz gözləyirdi. O vaxt caz musiqisinin qəlbi sayılan “Molodyojnoye” kafesinin K-M kvartetinin rəhbəri, məşhur saksofonçu V.Sermakaşov Vaqifi öz elitar qrupuna qəbul edir. O vaxtlar hələ adı heç kimə məlum olmayan 18 yaşlı bakılının tərəddüd edilmədən bura qəbul olunması görünməmiş iş idi. Artıq Vaqif vaxtı, yeməyi, istirahəti belə unudaraq ifa edirdi. O, axşamlar proqram çalır, səhər və gündüz isə elə buradaca kafedə məşq edirdi - kirayə etdiyi otaqda heç bir çalğı aləti yox idi.
Ailəsi və yaxınları isə Bakıda çaşqınlıq içərisində qalmışdılar. Axı mədəni bir ailədən çıxmış gənc azərbaycanlının gecə kafesində nə işi vardı? Amma ona dəstək olanlar da az deyildi. Qardaşı, konservatoriya müəllimləri, həmkar dostları Vaqifi irəli getməyə ruhlandırırdılar. O dövrdə yaşamış musiqi həvəskarlarının çoxuun yaddaşında bu gənc caz ifaçısıyla bağlı bir xoş xatirə var bəlkə də. Onlar təkcə musiqiçilər deyil, alimlər, həkimlər, müəllimlər, energetiklər və başqa sənət sahibləridir.
“Şübhəsiz ki onun istedadı valehedicidir: əvəzedilməz improvizəçı, yüksək ustalığa malik pianoçu” - Vaqifi belə adlandırmışlar və adlandırırlar. O, qısa zamanda elə bir səviyyəyə yüksəldi ki, öz istedadı və bacarığı ilə qısa bir vaxtda məşhur cazmenlərin diqqətini cəlb etdi. Onu Qolşteyn, Nosov, Kusman kimi korifeylər birgə konsert proqramlarında dəvət edirdilər. V.Sadıxov onlarla birgə “Sineya ptitsa” və “Peçora”da çıxış edirdi. Gənc musiqiçi daha Bakıya yalnız imtahanlar vaxtı gəlirdi. O, 20 gün əvvəl imtahan proqramına hazırlaşır və həmişəki kimi imtahanları “əla” qiymətlərlə başa vurub Moskvaya qayıdırdı. Vaqif caz ulduzu Cerri Maliqanla birlikdə konsertlər vermiş və bu konsertlər iki gün ardıcıl “Amerikanın səsi” radio dalğasında səsləndirilmişdir.
Böyük uğurlara imza...
V.Sadıxov peşəkar ifaçı kimi 1973-cü ildən O.Lundstremin orkestrində işləməyə başlayır. Beləliklə, pianoda solo ifa edən V.Sadıxovun aktiv səsyazma işlərinə qapı açılır. Tezliklə ümumittifaq səsyazma studiyası nəzdində “Melodiya” ansamblı və qastrollar ölkədən-ölkəyə davam edən qastrollar başlayır... Uzun zaman müddətləri ilə davam edən qastrol konsertlərinin fasilələri zamanı Vaqif özünün “Barometr” diskini və “Posvyaşeniye X.Xenkok” adlı kompozisiyasını yazır. Sonralar o, öz xüsusi “Sovremennaya cazovaya muzıka” (müasir caz musiqisi) adlı beşlik kvintetini yaradır. Bundan başqa, V.Sadıxov xalq mahnıları mövzusuna müraciət edərək bir çox əsərlər bəstələyir.
1988-ci ildə Vaqifin Azərbaycan xalq musiqisi koloritli “Nostalgiya” əsəri Moskvada keçirilən Ümumittifaq festivalında ilin ən yaxşı kompozisiyası adına layiq görülür. Onun rus xalq folkloru əsasında yazılmış “Vanka-Vstanka”sı Nyu-Yorkda Amerika musiqiçiləri tərəfindən diskə yazılmışdır.
Daha sonralar V.Sadıxov Ümumittifaq Dövlət Kinematoqrafiya simfonik orkestrində işləyərkən, kinofilmlərə musiqilər yazmış, aranjemanlar və çıxışlar etmişdir. Bundan başqa o, Amerika kvintetinə məşhur truba çalan V.Ponomaryovun konsertinə dəvət olunur. Kvintetlə Moskva ümumittifaq festivalında iştirak edir və sonra tam anşlaqlarla keçən həmin konsertlərin iştirakçıları ilə birlikdə Nyu-York və Konnektikutda konsertlər verir. Onun ardınca Vaqif Amerika saksofonçusu İqor Butmanın kvarteti ilə birlikdə çalır. “Vaqif yüksək səviyyədə musiqi alətinə toxunma tərzinə və taça malikdir, belə ancaq zəncilər ifa edirlər”- məşhur caz ustası onu bu sözlərlə ifadə etmişdi. Beləliklə, onlar, əksər hissəsi Vaqif Sadıxovun əsərlərindən ibarət olan proqramlarla, Avropa, ABŞ və Avstraliyada qastrollarda olurlar. Amma V.Sadıxov uzaq xaricdə daha çox tanınsa da, Bakının ruhu onu çəkir. Bakılı ifaçı solo konsertləri ilə caz həvəskarlarına öz virtuoz ifasından zövq almaq imkanı yaradır. Musiqiçi həm də vaxtaşırı burada keçirilən caz festivallarına qatılır və dünya səviyyəli bir sənətkar kimi Azərbaycan caz ifaçılığını təmsil edir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2013.- 14
sentyabr.- S.14.