Rusların sadiq xidmətçisi Əliqulu xan Şahsevən

 

Azərbaycan uğrunda savaşın bir mərhələsi

 

Tarixdə Şahsevənlər kimi tanınan bir neçə məşhur şəxs var ki, onlardan biri də Əliqulu xan Şahsevəndir. Şahsevən elinin Sarıxanbəyli oymağından olan Əliqulu xan tarixdə sərt, ziddiyyətli xarakterə malik və bacarıqlı bir şəxsiyyət kimi qalmışdır.

 

Onun yaşadığı dövr də çox ziddiyyətli və qarışıq bir zamana təsadüf edirdi. Osmanlı Türkiyəsi rusların Azərbaycanda möhkəmlənməsini istəmir və bunun qarşısını almaq üçün planlar qururdular. Onlar rusların işğal etdikləri yerlərə hücum planı hazırlayırdılar. Amma Rusiya da bundan xəbərdar idi və öncədən əks tədbirlər görmək üçün çalışırdılar. Artıq bu dövrdə (1727-ci ildə) ruslar Astaranı və Lənkəranı işğal etmişdilər. 1724-cü il müqaviləsinə görə, Azərbaycanın Kür çayından cənubda rus işğal zonasına daxil olmuş Xəzəryanı əyalətlərin hakimlərinin çoxu anlayırdı ki, rus ordusunun üstün qüvvələrinə müqavimət qeyri-mümkündür. Ona görə də, çarəsiz halda öz hakimiyyətlərini saxlamaq üçün Muğanın mahal, nahiyə və el başçıları Dolqorukinin yanına gəldilər və rus təbəəliyini qəbul etməyə razı olduqlarını elan etdilər. Muğanlı Ramazan sultan, onun naibi Əliqulu bəy, Salyanlı Naib Əli bəy, eyni zamanda ətraf oba və kəndlərin kəndxudaları, yüzbaşıları və digər nümayəndələri Rusiya dövlətinə sədaqət andı içdilər.

Bu anlaşmadan sonra general-feldmarşal V. Dolqoruki Ucarud mahalına Şahsevən Məhəmmədcəfər sultanı, Məzariq nahiyəsinə Ramazan sultanı başçı təyin etmişdi. Ramazan sultanın Əliqulu bəy adlı naibi vardı. Ramazan sultan osmanlılara meyl edəndən sonra ruslar Əliqulu bəyi xan ünvanı ilə Muğana və Şahsevən elinə başçı təyin etdilər. Bu zaman da Əliqulu bəy ruslara məruzə etmişdi ki, Ramazan sultan draqunlara vəd etdiyi 200 atı vermək istəmir. Ona görə də onunla bizim yollarımız ayrılır.

Gözüaçıq Əliqulu bəy Ramazan sultanı izləmək üçün güdükçü də oymuşdu. Bu güdükçü tezliklə Ramazan sultanın məktubunu ələ keçirdi. Məktub ruslara verildi. Artıq əllərində dəlil olan rus zabitləri Ramazan sultanı həbs etdilər.

Şahsevənlər haqqında araşdırma aparan yazıçı, publisist  Ənvər Çingizoğlu Əliqulu xanın yaşadığı tarixi dövrü də təfərrüatı ilə araşdırmışdır. Onun araşdırmalarından hadisələrin sonrakı gedişi və Əliqulu xanın yüksəlişi üzə çıxır. Belə ki, o dövrdə Salyan naibi Gərdəli bəyin köhnə naib Məhəmmədhüseyn bəyə göndərdiyi məktub da ruslar tərəfindən ələ keçirildi. Yazışmalardan aydınlaşdı ki, artıq ruslara qarşı qiyam hazırlanır. 1727-ci ildə apreldən iyun ayınadək istintaq aparıldı. Ramazan sultanın və Gərdəli bəyin üsyan hazırlığında əli olduğu üzə çıxdı. Bundan sonra Əliqulu xan Muğanın hakimi təyin olundu. Şahsevən eli və Məzariq çölüona tabe idi. O, Salyan qəsəbəsində otururdu. Əliqulu xanın Musa xan adlı naibi vardı. Şil kəndinin kəndxudası Güləhməd isə Salyan naibi oldu.

 

Osmanlıya qarşı səfərbərlik 

 

Vikipedia” yazır ki, artıq məxfi Şuranın üzvü olmuş V. Dolqoruki 1729-cu il mayın 11-də Osmanlı qoşunlarının rus zonasına soxulması halında yerli əhalini onlara qarşı qaldırmaq üçün 3-4 yüz əsgəri, həmçinin muğanlı Əliqulu xanı öz döyüşçüləri ilə Qarabağa göndərməyi təklif edirdi. Dolqoruki belə plan qurmuşdu ki, bu, osmanlıların arxasında çaxnaşma törədər və onlar Gəncəni müdafiə etmək üçün qoşunlarını geri göndərməyə məcbur olar. Amma həmin təklif  Xəzəryanı bölgələrdə rus qoşunlarının komandanı general Rumyantsevin etirazına görə, Ali Məxfi Şurada qəbul olunmadı. Rumyantsev öz etirazını, birincisi, Qarabağa göndəriləcək rus dəstəsini ərzaqla təmin etməyin çətinliyi, ikincisi, münaqişə olarsa, Muğanı mümkün hücumlardan qorumaq üçün Əliqulu xanın Muğanda qalmasının zəruriliyi ilə əsaslandırırdı.

Əliqulu xanın qol-qanadı xeyli açılmışdı. 1730-cu ildə Şahsevən elininMuğan çölünün hakimi Əliqulu xan Rusiyaya iki məktub göndərdi. O,  Dəştivənd,  Ucarud,  Ərus, Əngərçilay, Kənari-Kür,  Qızılağac ÿbölgələrini istəyirdi. Bundan əlavə xahiş edirdi ki, onu Salyan xanı təyin etsinlər. Həmin məqamda Əliqulu xanın Salyan torpağında bircə rəqibi qalmışdı. O da naib Güləhməd idi. Əliqulu xan tezliklə Güləhmədin də məsələsini həll etdi. Dolqorukiyə məlumat verdi ki, Güləhməd keçmiş Salyan naibi Məhəmmədhüseyn bəylə yazışır, hətta bacısını ona ərə verib. Bu xəbərdən sonra da Güləhmədin əhalidən toplanan vergilərin miqdarını özbaşına artırıb, artığını mənimsədiyi məlum oldu. Salyan mahalının 16 kəndxudası Dolqorukiyə Güləhmədin “nəinki yoxsul təbəqəni soyduğunu, həm də dövlət gəlirlərini mənimsədiyini” xəbər verdilər. Onlar mahalın idarəsini Əliqulu xana verilməsini xahiş etdilər. Rus komandanlığı Salyanın idarəsini 1732-ci ildə Əliqulu xana tapşırdı

Bundan başqa, Əliqulu xan 1730-cu ildə Moskvaya göndərdiyi oğlu Məhəmmədnəbi bəy və qardaşı Nəcəfqulu bəy vasitəsilə ona Lənkəran və sair mahallar üzərində hakimiyyət verilməsini, oğlunun Salyan xanı, qardaşının isə naib təyin olunmasını xahiş etmişdi. Maraqlı burasıdır ki, o həm də  Muğan, Salyan və Şahsevən kəndxudaları ilə birlikdə Gərdəli bəyin və Ramazan sultanın azad olunmalarını istəmişdi. Moskvada Əliqulu xanın adamlarını çox mehriban qarşılamışdılar. Əliqulu xanın xahişi ilə əlaqədar Xarici işlər kollegiyası Rumyantsevə Salyanda Əliqulu xanın oğlunun xan təyin olunmasından oradakı əhalinin razı qalıb-qalmayacağını yazmağı tapşırmışdı. Rumyantsev sultan Ramazanın və Gərdəli bəyin azad olunub-olunmaması məsələsini də özü həll etməli və əgər bu arzuolunmaz sayılardısa, onda məxfi surətdə hər ikisini Həştərxana göndərməli idi.

 

Sonu Herata sürgün oldu...

 

Həmin dövrdə Rumyantsev Əliqulu xana Osmanlı tərəfinə keçməyə cəhd edən Qızılağac hakimi Becan sultanı tutub, edam etməyi əmr etmişdi. Rus komandirinin bu əmrini yerinə yetirən kapitan Kozlov və Əliqulu xan Becan sultanın yüz nəfərdən bir az çox olan dəstəsini darmadağın etmişdilər. Becan sultan isə qaçıb qurtarmış və meşədə gizlənmişdi.  Becan sultan şahzadə İsmayıl mirzəyə qoşulmuşdu. İsmayıl Mirzə iki min tərəfdarı ilə rus işğal zonasına daxil olmuşdu. Rumyantsev 600 əsgər və kazakdan ibarət olan qoşunla Əliqulu xana kömək etmiş, Əliqulu xan da bu qoşunla birləşmiş, şahzadəni məğlub etmişdi.

1730-cu ilin sentyabr ayında  Nadirqulu xan Qırxlı-Avşar Təbrizi osmanlılardan azad etdi. Sonra o, Ərdəbil və Muğan yürüşünə hazırlaşmağa başladı. Səfiqulu xan Şahsevən gəlib onlara qoşuldu. II Şah Təhmasib Muğandakı Şahsevən elinin oymaq başçılarına, Murtuzaqulu bəyə, naib Musa yüzbaşıya, İbrahim bəyə, Mirzəli bəyə, Bədirxan bəyə və İsfahan bəyə məktublar göndərib, yürüş haqqında bilgi verdi. Şah bəylərin onlara qoşulmalarını tövsiyə etdi. Bəzi oymaq başçıları elçiləri tutub, məktubu Əliqulu xana çatdırdılar. Əliqulu xan elçinin məktublarını general Rumyantsevə təqdim etdibildirdi ki, dustaqla necə rəftar etmək barədə onun göstərişini gözləyir.

1730-cu ildə Əliqulu xan, onun naibi Musa yüzbaşı və 47 ağsaqqal yenidən Rusiyaya sədaqət andı içdilər. Əliqulu xan sonadək ruslara sədaqətli qaldı. General Rumyantsev 1730-cu ildə Xarici işlər kollegiyasına Əliqulu xanı hərtərəfli yoxladığını, onda Rusiyaya münasibətdə qəti bir dəyişiklik hiss olmadığını yazırdı.

Bəzi mənbələrə görə, sonradan Nadirqulu xan Əliqulu xanı oymağı ilə bərabər Herata sürgün etdi. 1734-cü ildə Nadirqulu xan Əliqulu xanı Herata göndərəndən sonra Muğan və şahsevənləri idarə etmək üçün Məhəmməd xan adlı bir hakim təyin olundu.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 16 sentyabr.- S.14.