Azərbaycan xalqının əsl
Qurtuluş Günü
Bu məqalə qəhrəman
Maştağa kəndinin timsalında bütün kəndlərimizə
ithaf olunur
«Yaxın tarixində
15 Sentyabr zəfəri kimi mücadilə günlərinə
malik olan Azərbaycan xalqı gələcək bu fürsəti
istifadəyə, şübhə etmirik ki, 1918-ci ildə
olduğundan da hazırdır»
M.Ə.Rəsulzadə
Adətən
işğallar, müharibələr zamanı şəhərlər
uğrunda amansız döyüşlər gedir, lakin şəhərləri
almaq asan olmur, onlar var gücü ilə müqavimət
göstərir, alınmaz bir qalaya çevrilirlər. Şəhərlərə
qədər isə kəndlər qılıncdan keçirilir, talan edilir və bir
anın içində işğalçıların
tapdağı altında qalırlar...
Lakin 1918-ci ilin martında Bakı şəhərində baş verən hadisələr göstərdi ki, başqa cür də olur: şəhər alınır, onun ətrafındakı kəndlər isə müqavimət göstərir... Bu məqalədə də Bakı uğrunda müharibədə onun ən böyük kəndi Maştağanın timsalında kəndlərimizin mücadiləsindən söhbət açılır. Bu qəhrəmanlıq tarixinə səyahətimizdə isə bələdçimiz elə “Maştağa” adlı ensiklopedik-məlumat kitabıdır (müəllifi fəlsəfə elmləri doktoru, professor Vəli Həbiboğludur).
“Heyf
torpağımızdan, heyf vətənimizdən!”
Bu yanıqlı sözlər də 1918-ci ilin martında Bakını işğal edən erməni-rus (daşnak-bolşevik) qüvvələrinə qarşı Maştağada cəbhə açmış yerli fədailərdən birinə - Qoçu Əzizə məxsusdur. Bəli, qoçu! Bakı şəhərinin özündə olduğu kimi, Maştağada da erməni daşnaklarının qarşısına ilk növbədə qoçular çıxmışdır. Şahid ifadələrində bildirilir ki, həmin dövrdə Bakı qoçuları olmasaydı, bəlkə də şəhərdə daha çox qırğın olardı. O zaman Maştağada da bir neçə qoçu var idi. Həmin qoçular ki, adi vaxtlar aralarında düşmənçilik olduğu halda, milli məsələdə isə bütün qüvvələrini qeyd-şərtsiz birləşdirmiş və düşmənə qarşı birgə mübarizə aparmışlar.
“Maştağa” kitabında bu barədə kənd ağsaqqallarının və 1918-ci ilin mart hadisələrinin şahidi olmuş şəxslərin yaxınlarının dilindən təbii bir şəkildə söhbət açılır. 1992-ci ildə 84 yaşlı Baba Rzayevin Qoçu Əziz barədə söylədikləri də çox maraqlıdır:
- 1918-ci
ilin mart ayı idi. Şəhərdə azərbaycanlıların
qırğını başlanmışdı. Qan su yerinə axırdı. Qiyamət
o yerə çatmışdı ki, Novruz bayramı-zad da
yaddan çıxmışdı. Hərə
öz başının hayındaydı.
Ermənilər şəhərdən Maştağaya tərəf
üz qoymuşdular. Top onlarda, tüfəng onlarda. Üstəlik, çar dövründə qulluq eləmiş
saldatları, ofiserləri də var idi. Bizim
yazıqlar hərbi qayda-qanun bilmədən berdankaynan, mauzerlə
çıxmışdılar qabaqlarına. Kənddəki atıb-vuran kişilərin bir hissəsi
Zabrat tərəfdə bənd üstündə səngərlərdə
vuruşur, qalanı isə Dərəqılınc
(Maştağa bağlarından biri - red.) tərəfdə
ermənilərin qabağını saxlayırdılar. Amma düşmən güclüydü, hücumun
qarşısını almaq olmurdu. O vaxt mən on
yaşındaydım. Atam əkin-biçinlə
məşğul olsa da, atıb-vurmaqda səriştəliydi.
Kəndin ağır günlərinin birində
xəbər gəldi ki, Qoçu Əziz onu yanına
çağırır. Atam məni də
götürüb getdi.
Əzizin evinə girəndə gördük
Maştağanın bütün qoçuları, silah gəzdirən
kişiləri bura yığışıblar. Hamı oturandan sonra Əziz
camaata üz tutub dedi: “Əvvəla, sözümə qulaq
asıb gəldiyivüzə görə çox sağ olun. Çünki mən burdakıların bəziləri
ilə qan düşməniyəm. Bir-birimizin
qohum-qardaşını öldürmüşük. Amma bu gün ayrı vaxta bənzəməz, bu
gün düşmənçilik bizə yaraşmaz. Bu
gün torpaq əldən gedir, Vətən əldən gedir,
namus əldən gedir! Siz bilirsiz ki, mən
baş kəsmişəm, amma namusdan keçməmişəm.
Gəlün hər şeyi yaddan
çıxardıb birləşək,
torpağımızı düşməndən qoruyaq. Öldük heç, şəhid olarıq,
qaldıq Vətəni xilas eləyək, genə ağa durub,
ağacan durub. Nə diyirsüz?”.
Beləliklə, daim bir-birini parçalamağa hazır
olan, Əzizin kölgəsini qılınclayan qoçular bir
ağızdan onun səsinə səs verirlər. Əhd edirlər
ki, ölənəcən bir yerdə vuruşsunlar. Ölsələr də, qalsalar da birlikdə olsunlar.
Qoçu
Əziz haqqında söhbətin davamı daha təsirlidir: “Vəziyyət
get-gedə ağırlaşırdı. Əzizin
evi hərbi qərargaha dönmüşdü. O, həm
göstərişlər verir, həm də öz puluna
aldığı patronları rabitəçi vasitəsilə
döyüş xəttinə göndərirdi.
Axırıncı dəfə rabitəçi sursat dalıyca
gələndə Əziz yeşiyi göstərib: ”Apar, bu axırıncı yeşikdir!" -
dedi. “Heyf torpağımızdan, heyf vətənimizdən!”. Əzizin gözlərindən
iki gilə yaş üzüaşağı axdı. Ömründə birinci dəfəydi ki, Əzizi
ağlayan görürdülər. Kimsəyə
rəhm etməyən, ürəyi yanmayan Qoçu Əziz əldən
gedən Vətən torpağı üçün
ağlayırdı. Otaqdakıların
hamısının ürəyi kövrəldi".
Lakin bütün bu üzüntülərin sonu sevinclə
başa çatır; yolunu həsrətlə gözlədiyimiz
“o qardaş millət gəlir, bizi düşmən əlindən
qurtarır”.
Bəli, bu əhvalatı söyləyən şəxsin
sözlərilə desək, iki-üç saatdan sonra türk
əsgərləri Ləhəc bağları tərəfdən
özlərini yetirib ac-susuz, yorğun olmalarına baxmayaraq, əvvəl
toplarla, dalıyca da süngüylə erməniləri
Abşeron boyu qovurlar. Bakı torpağı o vaxt dostun da,
düşmənin də pisliklərini unudub, birləşməyi
sayəsində sağ-salamat qalır, yadlara qismət olmur...
Bəli, o zaman ermənilərin qarşısı elə
Maştağanın yaxınlığında yerləşən
körpüdən bir qədər aşağıda, Zabrat yolu
üstündə alınmışdır.
Türkün türkdən
başqa dostu hanı?
1918-ci ilin mart hadisələrindən söhbət
açırıqsa, o zaman Türkiyənin qardaşlıq
köməyindən necə qürur duymayasan,
duyğulanmayasan?! Mən özüm də
ağsaqqallarımızın, ağbirçəklərimizin
mart hadisələrilə bağlı söhbətlərində
onların türk əsgərlərinin yardımı səhnələrində
necə kövrəldiklərinin, eyni zamanda, “sahibsiz milləti”
düşmən əlindən qurtaran Türk Ordusunun qəhrəmanlığı
ilə necə fəxr duyduqlarının şahidi olmuşam.
2011-ci ildə Bakı məclislərindən birində təsadüfən
həmsöhbət olduğum 71 yaşlı İsmayıl Həsənovun
söylədikləri indi də adamı
duyğulandırır. O, hələ sovet dövründə 1918-ci ilin mart
qırğınları barədə əmisi
maştağalı Güləhməd kişidən
eşitdiklərini belə xatırlayırdı:
- Əmim deyirdi ki, ermənilər 1918-ci ilin martında
Bakıdakı qırğınları şəhərin bir
çox kəndlərində davam etdirərək
Maştağaya qədər gəlib
çıxmışdılar. Həmin il
Güləhməd əmim 29 yaşında olub. O,
Maştağanın əli silah tuta bilən hər bir nəfəri
kimi kəndin müdafiəsinə qalxır və dəmiryol
vağzalı ətrafında - səngərdə keşik
çəkir. Gecə saat 4 radələrində
qəfil birisinin arxadan əlini onun çiyninə qoyduğunu
hiss edir və yerindəcə donub qalır; bunun erməni
olduğunu düşünür. Lakin
şirin bir ləhcə ilə “efendim, korkma” kəlməsini
eşidincə, dönüb arxasında bir türk zabitinin
olduğunu görür, sevinc və təəccüb hissilə
ona baxır. Demə, türk ordusu gecə
ikən dənizdən qonşu Nardaran kəndinə
çıxır, oradan da Maştağaya daxil olur. Güləhməd əmim türk əsgərlərinin
yanında topları görüncə, artıq kəndin
qurtulacağına şübhə etmir. Səhərə
yaxın həmin türk zabiti erməni tərəfin yerləşdiyi
istiqaməti dəqiqliklə ölçüb-biçir və
topçulardan birinə lazımi vəziyyəti alıb atəş
etmək əmrini verir. Əmim Güləhməd
və həmkəndliləri bir anın içində topun mərmisinin
düşdüyü yerdən - ermənilərin gecələdikləri
çadırlardan alt geyimindəcə çölə
qaçaraq, canlarını necə qurtarmağa
çalışdıqlarını keyflə seyr edirlər.
Türk zabiti topçuya atəş edilən yeri yenidən
topa tutmağı əmr edir... Bunun ardınca isə
türk əsgərləri və yerli qüvvələrin
hücumu başlayır və ermənilər məhv edilir.
“Maştağa” kitabında ağsaqqal Hacı Qulməhəmmədə
istinadən də göstərilir ki, türklər köməyə
gəldikdən sonra erməniləri topa tutmaq
üçün Maştağa və Buzovna arasındakı
Güləgər deyilən yerdə 6 top yerləşdirmişlər.
Türk Ordusu Maştağada olarkən kənd
camaatının tam qayğısı ilə əhatə
olunub. Kərbəlayı Mömin adlı şəxs 15
türk əsgərini öz evinə qonaq apardıqda, onun bu hərəkətini
görən Maştağa camaatı qalan türk əsgərlərini
də öz aralarında bölüşərək evlərində
yerləşdiriblər.
Kəndin tanınmış müsavatçısı
Yusif Babazadə isə türklərin böyük bir hissəsini
öz evində qonaq saxlayıb. O, Azərbaycan Xalq Cümhuriyyəti
hökumətilə yaxın əlaqədə olan şəxs
kimi, milli hökumətin silahla təmin edilməsində də
böyük rol oynayıb.
Türk komandiri Tofiq Paşanın da Maştağada Kərəməlinin
evində qaldığı söylənilir. Bəzi məlumatlara
görə, Tofiq Paşa Maştağada Kərbəlayı
Baladəmirin də qonağı olub. Ev
sahibi ona deyib ki, oğlu olsa, adını mütləq Tofiq
qoyacaq. Elə də edib.
Ümumiyyətlə, o zaman Maştağada
çoxları öz uşaqlarına Tofiq Paşanın
adını qoyub. Beləcə, kənddə “Tofiq” adı
geniş yayılıb, xalq öz xilaskarının
adını əbədiləşdirib.
Bakı kəndlərinin birliyi
“Maştağa”
kitabında xüsusi vurğulanır ki, 1918-ci ilin mart hadisələri
zamanı Bakının bir sıra kəndləri, o cümlədən,
Bilgəh, Kürdəxanı, Qala, Buzovna, Zabrat, Nardaran və
digərləri ermənilərlə savaşan
maştağalılara kömək ediblər. Məhz
Bakı kəndləri arasındakı bu birlik ermənilərə
qarşı mübarizədə öz bəhrəsini verib.
Maştağalı Məşədi Əhməd
atası Bəyəhmədin danışdıqlarına əsaslanaraq
söyləyib ki, o dövrdə qonşu Bilgəh kəndindən
Maştağaya xeyli cavan döyüşçü, bir
neçə araba silah-sursat göndərilib. O vaxtlar
torpaqlarında pambıq əkən bilgəhlilər
Maştağaya bu məhsuldan gətirər, dərzilər isə
həmin pambıqdan yerli döyüşçülər
üçün pal-paltar tikərmişlər. Bundan
başqa, Bilgəhdən göndərilən zəfəranı
satıb, əvəzinə tüfəng, patron
alarmışlar.
Bilgəhli Əlibəndənin vətəgəsi isə
həmin vaxtlarda Bakı kəndlərinə balıq və digər
ərzaq məhsullarını təmənnasız göndərərdi. Əlibəndənin
türkmənlərlə ticarət əlaqəsi olduğu
üçün onların dənizlə gətirdiyi silah və
patronu da alıb, kəndlərə paylayardı.
O zaman Bakının Novxanı, Corat, Fatmayı, Goradil və s. ətraf kəndləri ermənilərin mühasirəsində qalıb. Kürdəxanı tərəfdən isə ermənilər Maştağaya hücum edə bilərdilər. Bunun qarşısını almaq üçün kürdəxanılılarla əlaqə yaradılır və Kürdəxanıda nüfuz sahibi olan Məşədi Adilin başçılığı ilə müdafiə tədbirləri gücləndirilir. Ermənilərin Kürdəxanı tərəfdən Maştağaya girməsinin qarşısı alınır.
Məşədi Adilin rəhbərliyi altında kürdəxanılılar ermənilərə qarşı təkcə Maştağa yaxınlığında yox, Biləcəri-Xocahəsən istiqamətində də qəhrəmanlıqla vuruşmuşlar. Məşədi Adilin yaxın dostları - Xırdalandan Dadaş və Həbib, Hökməlidən Qubad və Pircan, Binəqədidən Azan, Suraxanıdan Şıx Əlbəndə oğlu, Novxanıdan Əli Hüseyn və Hacı Məşədi, Fatmayıdan Rəşid və bir çox başqaları ermənilərə qan uddurmuş, onların irəliləməsinin qarşısını almışlar. Beləcə, türk əsgərləri Bakıya gələnə kimi mübarizəni davam etdirmişlər.
Təsadüfi deyil ki, Türk Ordusunun komandanı Nuru Paşa kürdəxanılı Məşədi Adilin bu qəhrəmanlığını yüksək qiymətləndirib və ona Adil Paşa deyə müraciət edib. Eyni zamanda, hörmət əlaməti olaraq öz atını və papağını Məşədi Adilə bağışlayıb. Türklər Bakıdan gedərkən də Məşədi Adili özlərilə İstanbula aparıblar. O, dörd gün Istanbulda qonaq qaldıqdan sonra Bakıya qayıdıb.
Ardı gələn sayda
Azadlıq.- 2013.- 15 sentyabr.- S.13.