Əmircanın iki
yaşıd abidəsi
XIV əsrin şahidi Əmirhac türbəsi
Azərbaycanın
böyük tarixi dəyərli
abidələrlə zəngin olan bölgələri
arasında Abşeron xüsusi
yer tutur. Ölkəmizin
bu qədim bölgəsində onlarla ölkə və dünya
əhəmiyyətli tarixi abidələr
qeydə alınıb.
Belə abidələrdən bir neçəsi
də Abşeron yarımadasının cənub-qərbində
yerləşən Əmircan kəndinin payına düşüb. Bu kəndin
başqa bir tarixi adının da Xilə
olduğu söylənir. Bu
adın VII əsrdə kənddə Xilə adlı qəbilənin
məskunlaşması ilə əlaqəli olduğu
güman edilir. Bundan başqa, Əmircan
adının Əmirhac sözünün
təhrif olunmuş formasından
yarandığını deyən tədqiqatçılar da var.
Bu qədim kəndin ən maraqlı abidələrindən biri Əmirhac türbəsidir. Türbə üzərində daş kitabə olmadığından, onun hansı əsrə aid olduğu barədə yazılı məlumat yoxdur. Amma abidə haqqında uzun illər əvvəl yazılmış bir elmi məqalədə qeyd olunmuşdu ki, türbənin qapısının sağ və sol tərəfindən eyni formada 2 daş buta, yəni gülşəkilli naxış var. Bu naxışlar kənddəki başqa bir abidə, Nizaməddin məscidinin qapısı üzərindəki buta ilə oxşar olsa da, burada 2 buta arasında digər butanın təsviri də həkk olunub. Söylənilənlərə görə, ötən əsrlərdə Əmirhac türbəsinin ətrafında qəbiristanlıq da olmuş, sonradan həmin qəbiristanlıq dağılmışdır. Bununla bağlı tarixçi alim Sima Kərimzadə yazırdı: Keçmişdə Əmircan kəndində Əmir və Şərif adlı 2 qardaş yaşayırmış. Guya kəndin binasını da onlar qoymuşlar. Uzun müddət Əmircanda yaşamış bu qardaşlardan biri olan Əmirin Cahanbanu adlı arvadı varmış... Köhnə məscidin (yəni Nizaməddin məscidinin) üzərində XIV əsrə aid kitabələrin birində Əmir Hacın, o birində Şərafəddinin adı çəkilir. Əmir həmin Əmir Hac, Şərif həmin Şərafəddin, Cahanşah da Əmir Hacın arvadıdır. Yəqin ki, kəndin adı da Əmir Hacla əlaqədardır. Yazılı mənbələrdə bu kəndin adının Əmir Hacan", Amir-adcan, Amir Xandcan şəklində yazılması buna sübutdur".
Beləliklə, Əmirhac türbəsində dəfn olunan qəbirlərin başdaşındakı yazılara görə, ötən əsrlərdə tədqiqatçılar abidəni XIV əsrə aid etmişlər. Daha sonradan həmin başdaşının bölünməsi nəticəsində yalnız 3 sətirlik ərəb dilindəki yazıda Bu qəbir Cahanbanunun sözləri oxuna bilmişdir. Buradakı ikinci qəbrin isə Cahanbanunun əri Əmir Hacın olduğu ehtimal edilir. Bununla türbədə dəfn olunanların Əmir Hac və Cahanbanuya məxsusluğu aşkar olunur.
Tarixi dəyişən
yeni faktlar
Tarix üçün çox böyük əhəmiyyəti olan bu abidənin adı Mədəniyyət və Turizm Nazirliyinin qorunan tarixi abidələr siyahısına daxil edilib. Amma türbə uzun illər baxımsız qalıb. Onun mühafizə olunan abidə olduğunu nişan verən kiçik elementlər belə unudulub. Yerli sakinlərin dediyinə görə, neçə illər öncə türbənin yaxınlığında şəxsi həyətyanı sahədə tikinti zamanı qədim qəbir aşkar edilib. Burada qazıntı aparan şəxslər saxsı küpün içərisindən insan sümükləri və üzərində ərəb dilində yazısı olan başdaşı tapıblar. Tapılan başdaşı sonradan türbədə dəfn olunan 2 qəbirin yanına qoyulub. Bununla, bir vaxtlar alimlərin ilkin elmi araşdırmaları nəticəsində XIX əsrə aid etdiyi türbə ilə bağlı daha bir dəlil ortaya çıxıb. Sakinlər bu abidəyə elmə məlum olmayan yeni bir tapıntı əlavə ediblər. Ancaq üçüncü başdaşı nisbətən böyük olması ilə o birilərdən fərqlənir. Neçə illərdir ki, türbə ətrafda yaşayan sakinlərin ümidinə qalıb. Bir vaxtlar ziyarətçilər hətta türbədə kiçik abadlıq işləri də aparıblar. Qeyd edək ki, nəcib xeyirxahlıqla yanaşı, həm də çox acınacaqlı bir vəziyyət yaranıb. Bakının və qədim Əmircan kəndinin keçmişini yaşadan XIV əsr türbəsindəki məzarların başdaşları üzərinə təmizlik adı altında mavi rəngli boya çəkilib. Alimlərin türbədəki başdaşılarda böyük zəhmət hesabına tədqiq etdiyi qədim yazılar isə çəkilən rəngli boyanın altında görünməz olmuşdur. XIV əsr memarlıq abidəsi Əmirhac türbəsinin Azərbaycan Milli Elmlər Akademiyasının alimləri tərəfindən yenidən bərpa edilməsi öncə burada dəfn olunan müqəddəs insanların ruhlarını şad etməklə, gələcək nəsillərə yurdumuzun tarixinin qorunmasına da töhfə olar(Təranə Cəbiyeva, tarixçi).
Nizaməddin məscidi
Kənddəki ikinci tarixi əhəmiyyətli abidə XIV əsrə
aid edilən Nizaməddin məscididir. Məscid
yonulmuş əhəngdaşından tikilib. Kəndin xüsusi
tikililərindən biri olan
bu abidəni Əmir Nizaməddin Kəsrani
hələ Şirvanşahlar dövlətinin
hakimiyyəti dövründə inşa etdirib. Məscidin qapısı
üzərində fars dilində
yazılan beytdə Dünya bir əyləncə, dəbdəbə,
şan-şöhrət və iztirabdan başqa bir şey deyildir
yazılıb. Ərəb dilində yazılan daş
kitabənin 2-ci sətrində isə Bu Allah evinin tikilməsini əzəmətli
Fəxrəddin oğlu Əmir Nizaməddin
Əmirhac əmr etdi. Hicri-qəməri tarix
730-cu il, miladi tarix 1329-1330-cu il yazılıb. Tarixi mənbələrdən məlum
olduğuna görə,
Əmir Nizaməddin Şirvanşahlar sarayının
nüfuzlu şəxslərindən
biri olub. Onun əmir titulu daşıması, bütöv kəndi və ya Abşeronun
hansısa ərazisini
idarə etdiyi ehtimalını doğurur:
məscidin cənub tərəfindəki qapının
üzərində ərəb
dilində Bu imarətin
tikilməsini Nəsrəddin
Qutluqşah oğlu Şeyx Mahmudun oğlu Şərifəddin
əmr etmişdir. Hicri-qəməri 786-cı il, miladi tarix 1384-1385-ci il yazılıb. Bu kitabəyə
istinadən, 1384-1385-ci illərdə
Nizaməddin məscidinin
Şərifəddin adlı
şəxs tərəfindən
tikdirilməsi aydın
olur. Bundan başqa, məscidin qapı yerinin yuxarısında olan yazıda tikilinin usta Süleyman tərəfindən təmir
olunması da göstərilir. Tarixi abidənin hicri-qəməri
1283-cü ildə(miladi tarix
1866-67 və 1876-cı illər)
təmir olunması haqqında məlumat tikili üzərindəki daş kitabədə belə göstərilib: Həqiqətən bu məscidi (yəni əlavə edilən hissəni) Hacı Rəsul qızı Fatma xanım tikdirmişdir. Kitabəni Məhəmməd Nağı yazmışdır.
Hicri-qəməri 1293-cü il, miladi
tarix 1876-cı il.
Hazırda istifadə olunmadan qorunan tarixi abidə ötən əsrin əvvəllərində
də təmir olunmuşdur. Aydın görünür ki, burada inşaat
işləri aparılarkən
məscidin qərb eyvanının mərkəzində
olan qapının qarşısında dörd
sütundan ibarət giriş yeri xüsusi ustalıqla Şərq memarlığı
formasında inşa edilib. Əmircan kəndinin tarixi
keçmişinə işıq
tutan hər iki əhəmiyyətli abidəyə xüsusi diqqət ayırmaq, onların təmir ehtiyaclarını nəzarətdə
saxlamaq və ölkəmizə gələn
turistlərin üzünə
açmaq çox faydalı olardı.
Azadlıqın
Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 19 sentyabr.- S.14.