18 sentyabr

 

Dünən Üzeyir bəyin doğum günü idi.

Üzeyir Hacıbəyovun. 

Nə demək olar? O elə parlaq simalardan biridir ki, zaman keçdikcə tariximizdəki rolu, mədəniyyətimiz qarşısında xidmətləri daha aydın görünür.

Məsələ burasındadır ki, Üzeyir bəy yalnız musiqi hadisəsi deyil.

Üzeyir bəy daha çox fikir hadisəsidir, düşüncə hadisəsidir. Azərbaycanda maarifçi ruhun yaranmasının, yaşamasının öncüllərindən biridir.

Eyni zamanda da bir fərdin bir millətin taleyində nə qədər müstəsna rol oynaya biləcəyinin, onun dünyagörüşünü, dünyadakı yerini nə qədər dəyişə biləcəyinin görsənişidir.

Izah edim.

Üzeyir bəy kimi mütərəqqi insanların sayəsində biz Azıx mağarasından gerçək mənada çıxdıq, cəngəlliklərdən uzun, incə bir yola düzəldik. Bu yol çətindir, məşəqqətlidir, son 100 ildə biz bu yolda bəlkə də çox az məsafə qət eləmişik.

Amma hər halda bu gün təfəkkürcə, mədəni, ictimai və siyasi nailiyyətlərinə görə bir Orta Asiya, bir ərəb ölkəsi deyilik. Buna görə də ön sıralarında Üzeyir bəyin dayandığı Azərbaycan maarifçilərinə bir ömür boyu borcluyuq.

Üzeyir bəyin və əqidədaşlarının, silahdaşlarının müdafiə etdiyi dəyərlər uğrunda dava bu gün də bitməyib Azərbaycanda.

Bu gün də Azərbaycanda yeniliklə könəliyin...

Çağdaşlıqla geriçiliyin...

Gələcəklə keçmişin...

Bəşəri dəyərlərlə milli buxovların...

Həqiqətlə yalanın...

Tərəqqi ilə tənəzzülün...

Aydınlıqla qaranlığın...

Xeyirlə Şərin...

Uyğarlıqla mentallığın davası davam edir. Bu davanı davam etdirənlər üçün Üzeyir bəy, Axundov, Mirzə Cəlil, Zərdabi kimi simalar güc və ilham mənbəyidir.

Onları hər zaman sevgi və sayğı ilə xatırlayarkən...

Azərbaycanın azad, mədəni, modern, dünyəvi bir dünya ölkəsi olmaq adına minbir zillətlə apardıqları mübarizəyə, bu mübarizə sonunda bizə qazandırdıqlarına görə sonsuz minnətdarlığımızı bildirərkən, eyni zamanda deməyə də bilmərik:

Aradan az qala yüz ilə yaxın bir zaman keçməsinə baxmayaraq, o dəyərli insanların açdığı yolda bu gün də eyni məşəqqətlə, eyni əzmlə yürüyənlərə...

Bu yolu mənzil başına bir addım da olsa yaxınlaşdırmaq istəyənlərə...

Bu yolu toz-torpağın, ot-alağın basmasına imkan verməyənlərə...

Azərbaycanda çağdaşlığın, dünyəviliyin, bəşəri dəyərlərin önünü kəsmək istəyən azadlıq, mədəniyyət, fikir düşmənlərindən təmizləyənlərə, təmizləmək istəyənlərə eşq olsun!

 

Anar Rzayev buna da həcv yazacaqmı?

 

Rusiyada yaşayan Süleyman Məmmədov imzalı bir yazıçının “Bizim yol”a müsahibəsini oxuyuram.

Prezident təqaüdü alması üçün adını Yazıçılar Birliyinin siyahısına saldırmaq səylərindən bəhs edir.

AYB-dəki hansısa gizli fonddan bəhs edir, ondan prezident təqaüdü almaq üçün həmin fonda pul köçürülməsinin istənildiyini, axırda bank vasitəsilə 400 dollar yolladığını, axırda da Əli aşından da, Vəli aşından da olduğunu anladır.

400 dollar da gedib işinin dalınca, prezident təqaüdü də.

Açığı bu oxuduqlarımda mənim üçün yeni heç nə yoxdur.

İllərdir Yazıçılar Birliyinin ədəbiyyat təşkilatı olmaqdan çıxıb maddiyyatçı, qarın davasının getdiyi bir quruma çevrildiyini yazmaqdan əlim, söyləməkdən dilim qabar olub.

Haqqında danışdığım müsahibədə deyilənlər də o yazılanların və söylənilənlərin çoxsayda isbatlarından olsa-olsa, biridir.

İndi məni maraqlandıran başqa şeydir.

Görəsən, özü və təşkilatı haqqında tənqidlərə, ifşalara dözməyib bəndənizə həcv həsr edən AYB-nin həşəmətli sədri, xalqsız xalq yazıçımız Anar Rzayev bir həcvi də bu 400 dollar məsələsinə həsr edəcəkmi?

 

Üzeyir bəy o felyetonunda nə yazmışdı?

 

Bir halda ki, bugünkü yazımıza Üzeyir bəylə başladıq, sonra da xalqsız xalq yazıçımızla davam etdik, o zaman böyük bəstəkar və publisistin “Çoban” adlı bir felyetonundan parça ilə də yazımıza nöqtə qoyaq.

Bu felyetonla həm Üzeyir bəyi bir daha anmış olarıq, həm də orada Anar Rzayev başda olmaqla, xalqsız xalq yazıçılarımız haqqında bu gün də aktuallığını itirməyən olduqca dəqiq və incə mesajlar var.

Beləliklə, Üzeyir bəy “Çoban” felyetonunda yazırdı:

“Biri yoxmuş, biri varmış, bir çoban varmış. Bu çoban bir dəfə qoyun otardığı yerdə azan səsi eşidir. Rəvayət edirlər ki, çoban azan nə olduğunu bilmirmiş, ona görə yoldan keçən kişidən təlaşla soruşur ki, bu nə oxumaqdır ki, səsi eşidilir?

Kişi cavab verir ki, bu, azandır. Çoban təkrar soruşur ki, bu azan oxumağının qoyunlara bir zərəri yoxdur ki? Kişi deyir ki, yoxdur. “Onda qoy nə qədər keyfi istəyir oxusun” - deyə çoban arxayın olur.

Qəzet çap olunub meydana çıxan kimi hirsli yazıçılarımız qəzetin üstünə atılıb, gözlərini bərəldib iti bir nəzərlə qəzeti başdan-ayağa gözdən keçirirlər. Əgər qəzetdə öz şəxslərinə toxunan bir şey görürlərsə, həman dəm qələmi ələ alıb, dişlərini qıçayıb, qızara-qızara, bozara-bozara götürüb, bir “cavab” yazırlar. Və yazıb da gözləyirlər ki, əgər “müddəi” dəxi “cavab” versə, haman dəm ikinci “cavabı” şarpalasınlar; yox, əgər qəzetdə onların nəfsinə toxunan bir şey yoxdursa, sakit olub, məqalələri arxayın-arxayın oxuyurlar və özləri də məhz bunun üçün oxuyurlar ki, görək filan adam nə tövr yazır, filanın qələmi nə tövrdür. Amma bunu unudurlar ki, görək filan adam nə demək istəyir, dediyi sözlər camaatdan ötrü nəfdir və ya zərərdir; xalqı haqqa hidayət eləyir və ya zəlalətə çağırır?!

Əgər haqqa hidayət edirsə, yazdığı camaatın xeyrinə, nəfinədirsə, onu haqlamaq və sözünə qüvvət vermək lazımdır və yox, dediyi söz mənafeyi-ümumiyə zidd və xilafdırsa, o surətdə doğru cavablar yazıb onu müzürr əqidəsindən, ziyanlı fikrindən daşındırmalıdır və qoymamalıdır ki, xalq o müzürr əqidəyə və ziyanlı fikrə uysun. Bir sözlə, intiqad (tənqid - E.A.) lazımdır. Yoxsa, intiqadsız yazılar ucundan yazıq oxucular qarıxıb, başlarını itirirlər və axırda da “çort znaet çto takoye” - deyib ah çəkirlər və yainki əsnəyirlər".

 

Elnur Astanbəyli

 

Azadlıq.- 2013.- 19 sentyabr.- S.10.