Qədim türklərin yurdu
– Hamarkənd
Toponimlərin
söylədikləri...
Azərbaycan ərazisində
hər bölgənin özünəməxsus qədim tarixi, toponimləri və hekayətləri var. Belə yer
adlarından biri də Yardımlı ərazisindəki
Hamarkənd kəndidir. Mənbələrin
yazdığına görə, kəndin salınma tarixi Səfəvilər dövrünə təsadüf
edir. Burada yaşayan sakinlərin ulu
babalarının Nəminli olduğu bilinsə
də, Yəməndən gəldiklərini söyləyənlər
də var.
Hamarkənd kəndi üç tayfa əsasında formalaşmışdır: səfixanlı, mollalı və bəylərli; Azərbaycan ərazisində bir çox oykonimlər bu tayfanın adıyla bağlıdır. “Azərbaycan toponimlərinin ensklopedik lüğəti”ndə Hamarkənd oykonimi hamar (düzən) və kənd şəklində, yəni, “düzəndə yerləşən kənd” mənasında izah edilmişdir. Tarixi mənbələrə görə, Zenqaran kəndinin əsası da Hamarkəndin ailələri tərəfindən salınmışdır. Hamarkənd-Zenqaran kəndlərindəki mollalıların tarixi Şeyx Hüseynin adı ilə bağlıdır. O, Cənubi Azərbaycanın Alar kəndinə gəlmiş Alı xanın kürəkəni olmuşdur. Hamarkənd-Zenqaran kəndlərindəki mollalı tayfası Şahsevənlərin tərkibindəki məşhur muğanlı soyundan ayrılmadır. Kəndin ilk sakinləri vaxtilə “Əlli evlər” adlanan yerdə binə salmış, sonralar indiki Hamarkənd ərazisinə köçmüşlər. Hamarkəndin düzənliklə, hamar yerlə əlaqələndirməsi xalq etimologiyası kimi qəbul olunur. Tədqiqatçıların qənaətinə görə, toponimin tərkibindəki “hamar” sözü qədim “qamər”, “qəmər”, yaxud da “amar” sözünün fonetik variantıdır. “Amar” sözünün səs artımı nəticəsində hamar şəklinə düşməsi ehtimalı da mövcuddur. Bu söz qədim türk dillərində “çay” mənasında işlənmişdir. Xocavənd ərazisində bu sözlə yaranmış Amaras çayı mövcuddur. Həmin hidrotoponimin mənası “böyük çay qolu” (amar-"çay", as-"böyük çay qolu") anlamındadır. Amur çayının adı da bu anlama gəlir. Bu fikrə görə Hamarkənd sözü “çay yaxınlığında salınmış yaşayış məntəqəsi” mənasındadır. Tədqiqatçı alim Q.Kazımov şumer mənşəli Marduk allah adının da “amar” olduğunu qeyd edir.
Toponimin mənşəyi ilə bağlı başqa fikirlər də mövcuddur. “Vikipedia”nın yazdığına görə, dilimizin dialekt və şivələrində “qamər” sözünün müxtəlif variantları var ki, bunlar Füzuli, İmişli, Biləsuvar, Salyan, Qazax rayonlarında fərqli mənalarda işlənir. “Qəmər” sözü “qəməral” şəklində Yardımlı şivələrində “qəbilə, ailə başçısı”, “təsərrüfat” mənasında istifadə olunur. Toponimin izahında sözün Yardımlı şivələrində işlənən mənası həqiqətə daha yaxındır. Bu fakta əsaslansaq, sözün (hamar, qamər və kənd) qədim türk mənşəli olduğu aydın olur. “Qam//qəm” sözü qədim türk dilində müqəddəs, kahin, tanrı mənasındadır. Yəni, “Kahinlər yurdu”, yaxud “maqlar yaşayan ərazi”.
Kəndin ikinci adı-Baltabur
Tədqiqatçı alim F.Cəlilov “qam//kam” sözlərinin şamanla əlaqəsini göstərmişdir. Q.Kazımov da “qam” sözünün maqlarla bağlı olduğunu çox maraqlı faktlarla əsaslandırmışdır. “Hünar” sözü “Qədim türk lüğəti”ndə belə izah olunur: “hünar - masterstvo, iskusstvo, umenie - hünar birla davlat birikilmagı bulunmaz” (Drevnetyurkskiy slovar, “Nauka”, Leninqrad, 1969, s.198). Sözügedən ərazidə sənətkarlığın xüsusi inkişaf etməsinə dair çox faktlar var. Bu barədə XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid arxeoloji xəritədə Hamarkəndin də adı qeyd olunur...
Hamarkəndin əvvəlki adı bəzi mənbələrdə Baltabur şəklində də qeydə alınmışdır. Toponimin mənşəyi barədə fikirlər də müxtəlifdir: Baltabur//Bəltəbər//Paltabərə. Toponuim “palta” və “bərə” sözlərindən yaranmaqla iki komponentdən ibarətdir. Bərə sözü eyni mənada e.ə.834-cü ilə aid mənbələrdə və e.ə. 714-cü ildə “Aşşura məktub” yazısında “barra” şəkində qeydə alınmışdır.
Bara yer adı Manna vilayətlərindən Sanqqibutidə də qeydə alınmışdır. Söz Azərbaycan dilindəki bərə “qoyun saxlanılan yer” sözü ilə əlaqələndirilir. Tədqiqatşı alim Q.Qeybullayev Savalan dağının ətəyində hazırda Bari kəndi olduğunu göstərmişdir. Bərə sözü ilə bağlı Yardımlı ərazisində yer adları geniş yayılmışdır. Məsələn, Savalan dağı ilə üzbəüz qədim Şıxhüseyn kəndi yaxınlığında “Dori bərə” yer adı mövcuddur. Lakin yerli əhalinin fikrinə görə, bu ərazilər vaxtilə su ilə örtülü olmuş, “dori bərə” sözü də buradan yaranmışdır. Toponim “keçid yeri” mənasındadır. Yenə Savalan - Sarıbulaq yaxınlığında “Bərəncü dərəsi” adlanan yer mövcuddur. Göründüyü kimi, “bərəncü” sözü qədim dil elementlərini daha mükəmməl şəkildə qoruyub saxlamışdır. “Cü” “su” sözünün daha qədim formasıdır. Ümumiyyətlə, su sözünə Yardımlı toponimlərində cü//cu//cur və ur variantlarında rast gəlmək mümkündür.
Ölkə ərazisindəki
bənzər sözlər
Yardımlı şivələrində Palta sözü palıd sözünün metateza formasıdır. Hamarkənd şivəsində “paltagilə” (palıd qozası) sözü vardır. Bərə sözü isə dialekt və şivələrimizdə müxtəlif mənalarda işlənməkdədir. Onun birinci anlamı bağ və ya bostanların arasından gedən yoldur ki, daha çox Lənkəran və Kürdəmir rayonlarında işlənir. Sözün ikinci mənası kiçik arx, eləcə də əkin sahələrini suvarmaq mənasını verir ki, buna da Bakı, Füzuli, Göyçay, İmişli, Quba, Ucar zonalarında rast gəlinir. Sözün başqa anlamlarına da Qarakilsə, Qazax, Şəki, Tovuz bölgələrinə rast gəlmək mümkündür.
Bərə sözünün çəpərin keçid yeri və qoyunları sağmaq üçün düzəldilən yer, keçid mənaları da var ki, Hamarkənddə bu, toponimin “palıddan tikilmiş mal-heyvan bərəsi” mənasını göstərir. Burada yerli əhalinin də fikri belədir. “Bur” sözünün “qurd” mənasında qədim dilimizdəki böre//büre və pir sözünün fonetik variantı vardır. Bur söz həm də qədim türk dillərində “yüksəklik”, “təpə” mənasında işlənmişdir. Baltabər oykonimi hun-qıpçaq mənşəli tayfa adını da özündə əks etdirir. Q.Qeybullayev “müxtəlif türk etnonimlərilə bağlı etnotoponimlər”dən bəhs edərkən “balta” və “qurt” etnonimlərinin də adını qeyd edir. Bundan başqa, XIX əsrdə Şimali Qafqazda Balta, Bolta-Çokrak toponimlərinin işləndiyi qeyd olunur. Bu etnonim Özbəkistanda qıpçaqlar arasında “boltalı” və “maylı-balta” şəklində qeyd olunur. Baltaçı oykonimi Qazan xanlığı dövründə mövcud olmuşdur. Şəki ərazisindəki Baltalı oykonimi də balta etnonimi ilə əlaqədardır.
Bütün tarixçi alimlərin araşdırmalarından belə nəticə çıxır ki, Hamarkəndlə bağlı bütün toponimlər türk mənşəlidir və onun başqa heç bir izahı yoxdur. Bu da kəndin qədim türklərin yaşadığı ərazi olduğunu bir daha sübuta yetirir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2013.- 21 sentyabr.- S.14.