Qarabağ tarixinin yorulmaz tədqiqatçısı

 

Alban abidələrinin həqiqi qiymətini verən alim...

 

O, arxeologiya elminə böyük töhfələr vermiş alimlərimizdən biridir. Azərbaycan tarixini arxeoloji mənbələrdə bütün incəliklərilə araşdıran və öyrənən görkəmli alimimiz Rəşid Göyüşovun irsi arxeologiya elmi üçün dəyərli bir xəzinədir.

Arxeoloq alimin tədqiqat işlərinin önəmli hissəsi Qarabağ tarixilə bağlı olduğuna görə, erməniləri hər zaman narahat etmişdir.

Bir faktı qeyd etmək yerinə düşər. R. Göyüşov 70-ci illərdə o dövr üçün çox dəyərli bir tədqiqat işinə imza atmışdı. O, alban memarlığının incisi sayılan Xəznədağ (Qanzasar) məbədində apardığı tədqiqatlar nəticəsində “Qanzasar məbədinin dini, etnik mənsubiyyətinə dair” adlı məqalə yazıb nəşr etdirmişdi. Bu məqalə Qanzasarı erməni abidəsi hesab edən, hətta onu erməni memarlığının incisi adlandıran erməni və ermənipərəst alimlər arasında böyük hay-küyə səbəb olmuşdu. Buna görə də o, həmin dövrdə erməni elmi ədəbiyyatında ciddi tənqidlərə məruz qalmışdı. Amma alim  heçruhdan düşmədi. Əksinə, bu mövzunu davam etdirərək, zəngin arxeoloji, epiqrafik materiallar və yazılı mənbələr əsasında 1986-cı ildə rus dilində “Qanzasar alban abidəsidir” adlı kitabçasını çapdan buraxır.

R.Göyüşov 1976-cı ildə “Qafqaz Albaniyasında xristianlıq” adlı doktorluq işini başa çatdırmış və onu 1979-cu ildə Gürcüstan Elmlər Akademiyası Tarix institutu nəzdindəki İxtisaslaşdırılmış Elmi Şurada müvəffəqiyyətlə müdafiə etmişdir. Müdafiə zamanı erməni alimlərinin ciddi və böhtançı çıxışlarına baxmayaraq, uzun müzakirələrdən sonra azərbaycanlı alimin elmi işi yüksək qiymətini almışdır. Bundan sonra alim öz dissertasiya işini bir qədər də təkmilləşdirərək, 1985-ci ildə onu monoqrafiya kimi rus dilində (Azərbaycan və ingilis dillərində xülasə ilə) nəşr etdirmişdir.

1986-cı ildə R.Göyüşov özünün “Azərbaycan arxeologiyası” adlı dərs vəsaiti kimi nəzərdə tutulmuş ümumiləşdirici əsərini nəşr etdirir. Bu vəsait Azərbaycanda arxeologiya elminin sürətli inkişafı və ali məktəblərdə həmin sahənin tədris edilməsində böyük ehtiyac nəzərə alınaraq yazılmışdı.

Rəşid Bahadur oğlu Göyüşov 1930-cu il dekabrın 5-dəÿ Ağdam rayonunun  Boyəhmədli  kəndində anadan olmuşdur. Orta təhsilini öz doğma kəndlərində aldıqdan sonra 949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1953-cü ildə oranı müvəffəqiyyətlə başa vurmuşdur.

 

Qarabağlı müəllimin arxeologiya marağı

 

Ali təhsilini başa vuran gənc təyinatla Salyan, Ağdam və Ağcabədi rayonlarında müəllim, tədris hissə müdiriorta məktəb direktoru vəzifələrində çalışmışdır. Amma bir müddət sonra arxeologiya elminə olan maraq onu başqa istiqamətə yönəldir. Beləliklə, o, 1959-cu ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutuna qəbul imtahanı verir  arxeologiya ixtisası üzrə institutun aspiranturasına qəbul olunur. R. Göyüşov öz elmi fəaliyyətinə görkəmli alim Saleh Qazıyevin rəhbərliyilə başlayır. Bu yol Azərbaycanın qədim paytaxtı Qəbələ şəhərindən başlanır. Gənc arxeoloq ona təklif olunmuş “Qəbələ şəhərinin dulus məmulatı (I-X əsrlər)” adlı dissertasiyasını vaxtında başa çatdırır və 1962-ci ildə Tarix institutunun elmi şurasında müvəffəqiyyətlə müdafiə edir. Onun rəsmi opponentləri akademik Ə.Ə.Əlizadə, G.Ə.Əbilova və hətta görkəmli Qafqazşünas alim K.V.Trever onun əsərinə çox yüksək qiymət verirlər.

Ümumiyyətlə, 1960-cı illərin sonlarından R.GöyüşovQafqaz Albaniyasında xristianlıq” mövzusunda tədqiqatlar aparmağa başlayır və bu məqsədlə o, ilk Alban rahibinin dəfn olunduğuilk orta əsr Alban memarlığının ən böyük abidələrindən Ağoğlan məbədinin yerləşdiyi Amaras şəhər yerində fasiləsiz olaraq arxeoloji qazıntı işləri aparır.

Məlum olduğu kimi, erməni alimləri Amarası Şərqi Ermənistan ərazisində yerləşən erməni şəhəri kimi qələmə almışlar. Hətta R.Göyüşov onlardan bir qrupunun qeyri-qanuni qazıntı işləri apararaq ilk Alban rahibi Qriqorisin qəbrini dağıtdıqlarını müəyyən etmişdir. Azərbaycanlı arxeoloq alim 10 ilə yaxın Amarasda apardığı qazıntılar zamanı şəhərin tarixinə, onun iqtisadisosial həyatına dair xeyli maddi mədəniyyət qalıqları aşkara çıxarmışdır. Sonra o, həmin qazıntı materialları və yazılı mənbələr əsasında 1975-ci ildə “Amaras-Ağoğlan” adlı monoqrafiyasını nəşr etdirmişdir. Bu əsərə görə də erməni müəllifləri onu tarixi saxtalaşdırmaqda ittiham etmişlər.

 

Tarixçi alimin keçdiyi böyük yol

 

Amma öz maraqlı tədqiqat işlərindən zövq alan alim yoluna davam edir. 1976-cı ilin sentyabrında o, SSRİ Elmlər Akademiyası Dağıstan filialının Q. Dadasi adına tarix, dil və ədəbiyyat institutu tərəfindən Cənubi Dağıstan arxeoloji ekspedisiyasına dəvət olunur. Burada o, 2 ay müddətində Dərbənd, Məhərrəmkənd, Qasımkənd və Axtı rayonları ərazilərində xristian abidələrilə tanış olurbu barədə öz geniş hesabatını yazır.

R.Göyüşov 1980-ci ildə Azərbaycan Elmlər Akademiyası Rəyasət heyətinin qərarı ilə yaradılan “Yeni tikinti sahələrinin arxeoloci tədqiqi” üzrə xüsusi şöbənin rəhbəri seçilir.  Alim bu ideyanı hələ 1970-ci ilin ikinci yarısından irəli sürmüşdü. Naxçıvanda Araz su qovşağı tikintisi zonasının, Xudafərin və Qızqalası su qovşaqlarının, Yenikənd və Şamxor Su Elektrik Stansiyalarının, Mozdok-Qazıməmməd qaz kəməri çəkilişi zonası və digər böyük tikinti zonalarının arxeoloji abidələri məhz onun rəhbərliyilə öyrənilmişdir.

R.Göyüşov 1964-cü ildən başlayaraq, respublikamızda (Bakı, Dəvəçi, Yevlax, Göyçay, Biləsuvar, Şəki, Qazax, İsmayıllı) və keçmiş İttifaqın şəhərlərində (Moskva, Leninqrad, Səmərqənd, Alma-ata, Tbilisi, Yerevan, Novosibirisks.) çağırılan sessiya, konfranssimpoziumlarda müntəzəm çıxışlar etmişdir. Alim bununla apardığı tədqiqatların nəticələrini elmi ictimaiyyətə təqdim etmiş, dəvət olunduğu ali məktəblərdə (Kemerovo, Moskva, Tbilisi, Daşkənd, Təbriz şəhərlərində) mühazirələr oxumuşdur. Bu dövrdə ali məktəblərlə olan əlaqəsi onda SSRİ arxeologiyası dərsliyində Azərbaycanın da lazımi dərəcədə əks olunması fikrini doğurur. Bu şərəfli işi yerinə yetirmək üçün akademik A.İ.Martınovla əməkdaşlıq edir. 1989-cu ildə onların şərikli yazdıqları “SSRİ arxeologiyası” dərsliyi nəşr olunur. R.Göyüşov bu kitabda türkdilli xalqların arxeologiyasına daha geniş yer verilməsinə səy göstərmiş və buna nail olmuşdur.

R.Göyüşovu, Qarabağ abidələrinin tədqiqatçısı kimi, ömrünün son illərində erməni tarixçilərinin saxtakarlıq hərəkətləri daha çox narahat edirdi. Buna görə də alim onlara cavab olaraqQarabağ abidələrini geniş kütlə arasında təbliğ etmək məqsədilə 1993-cü ildə “Qarabağın keçmişinə səyahət” adlı elmi-kütləvi kitabçasını nəşr etdirmişdir. Eyni zamanda, o, Azərbaycan mətbuatında və xarici ədəbiyyatda yüksək elmi səviyyədə 100-dən çox məqalə ilə çıxış etmiş, Qarabağ abidələrinin dağıdılmasına qarşı etiraz səsini ucaltmışdır. R.Göyüşov Azərbaycan abidələrinin qorunması, saxlanması və təbliği işinə böyük töhfə verən alimlərimizdən biri idi. Onun elmi irsi neçə-neçə nəsillər üçün tariximizin qaranlıq səhifələrinin açılmasına bələdçilik edəcək.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 22 sentyabr.- S.14.