“Təbabətin
filosofu və bəstəkarı”
Dünya elmində imzası olan
görkəmli alim
Azərbaycanın
elm adamları haqqında az
yazılır, az deyilir.
Bu bilgisizlik səbəbindəndir
ki, elmi kəşfləri
dünyada pasport
qazanmış bir çox
alimlərimizi belə tanımırıq. Təqdim edəcəyimiz
bu yazıda tibb
dünyasının görkəmli alimlərindən biri haqqında söz
açacağıq. Azərbaycan cərrahlıq elmi məktəbinin yaradıcılarından biri olan Mustafa
Topçubaşov... Onun
titullarını, elmi dərəcələrini,
səhiyyə sahəsindəki xidmətlərini sadalamaqla bitməz. Əvvəlcə onun dünya elminə bəxş
etdiyi kəşflərdən başlayaq...
Məşhur
tibb alimi M.Topçubaşov 1937-ci ildə öz kəşfi ilə dünya
səhiyyəsində bir ilkə imza atdı. O, anesteziologiya
elmi tarixində orijinal
keyitmə üsulunu - inyeksion
efir-yağ narkozunu - anelgeziya üsulunu kəşf
etdi. Tibb aləmində yenilik olan bu metod
sadəliyinə, hazırlanma və tətbiq
texnikasının asanlığına, inhalyasion
narkoz zamanı rast gəlinən
bir sıra mənfi halların aradan qaldırılmasına imkan
verdiyinə görə geniş tətbiq
edilməyə başlandı. Bu efir-yağ qarışığı
inyeksiyaları həm də öddaşı xəstəliyinin
sancıları, travmatik şok,
tetanus, qıcolma hallarında, müalicə
və doğuş zamanı
ağrısızlaşdırma vasitəsi kimi
istifadə olunurdu. Uğurla
sınaqdan keçirilən və gözəl nəticə
verən efir-yağ qarışığının
1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası Farmakologiya Komitəsinin iclasında “Analgezin” adı altında istehsal
edilməsinə icazə verildi.
70-ci
illərdə bu yeni üsulun “Nobel”
mükafatına layiq görüldüyü
barədə xəbərlər yayılmış, sovet ideologiyası bütün
gücünü işə salaraq həmin mükafatın verilməsini əngəlləmişdi.
“Böyük cərrahiyyə otağı...
Müəllimimiz bizə izah edir: ”Bu, Mustafa
bəy Topçubaşovun “Efir-yağ anesteziyası”dır (etil spirti, şaftalı
yağı və novakain). Dünyada
analoqu olmayan yeni üsuldur. Bu üsulun eksperimental elmi əsaslandırılmasında böyük fizioloq professor Q.Qəhrəmanovun böyük
zəhməti olmuşdur. İbrahim
Topçubaşovun da
bu üsulun tətbiqiylə
bağlı elmi araşdırmaları
dünyanın bir çox
nüfuzlu elmi dərgilərində
çap olunmuşdur.
Bu üsulla
anesteziyanın fəsadından ölüm
riski sıfırdır (“0"). Ən
ağır əməliyyatların gedişində xəstənin
huşu tam
aydındır, analgeziya davamlıdır.
İrəliyə
gedib onu da deyim ki,
o zamanlar heç kim bilmirdi ki, M.Topçubaşov
və Q.Qəhrəmanovun bu üsulu bir neçə il sonra 1977-ci ildə Nobel mükafatı komitəsinin təklifiylə
bu mükafata təqdim
olunacaq, 1978-ci ildə mükafatın təqdim
olunmasına bir neçə ay qalmış Sovet rejiminin (qaraguruhun) qara əlləriylə “Bakinski
raboçi” qəzetində dalbadal 4 nömrədə Alfred
Nobelin əleyhinə məqalələr dərc
olundu. Guya Nobel Azərbaycana zərər və fəlakətlər
gətirmişdir. Sovet rejimi
Nobeli “ifşa” edirdi. Rejim heç
vəchlə razı ola bilməzdi ki, müstəmləkələrindən birinin alimləri bu ada layiq
görülsünlər".
Q.Qəhrəmanovun
xatirələrindən: “1978-ci ilin oktyabr ayında əl radiosunu
götürüb bağa
getdik. Radioda ”Nobel" mükafatı laureatlarının
adları çəkilirdi. Bizim
adımız çəkilmədi. 1978-ci ildə tibbə və
fiziologiyaya nəzərdə tutulmuş mükafat heç kəsə verilmədi. Mustafa bəy mənə dedi:
“Qəhrəman, mən dünyanı görə-görə gəlmişəm.
Sənin başın çox
qovğalıdır. Mükafat səni hücumlardan qoruya bilərdi”
(Paşa Qəlbinur).
Alimin “Əsrin fonunda portret”i...
Öz dövründə tibb elminin nəhənglərindən
sayılan M.Topçubaşov
Azərbaycan Milli Elmlər Akademiyasının
sədr müavini,
SSRİ Elmlər Akademiyasının
həqiqi, Bolqarıstan
Elmlər Akademiyasının
müxbir üzvü,
SSRİ Ali Sovetinin deputatı
olub. O yuxarıda qeyd edilən böyük kəşfinə
1930-cu ildə “Malyariya
mənşəli splenomeqaliyanın
klinikası, patologiyası
və cərrahi müalicəsi” mövzusunda
doktorluq dissertasiyasını
müdafiə etdikdən
7 il sonra
imza atıb. Uğurlu dissertasiya işinin əhəmiyyətinə görə
isə Topçubaşova
professor adı verildi və o, Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının
müdiri seçildi.
1895-ci ildə qədim Azərbaycan torpağı
İrəvanda doğulan
Mustafa Topçubaşov böyük
bir nəslin nümayəndəsi idi. Onun doğulduğu Göykümbət
kəndi Topçubaşovların
ata-baba malikanəsi olub. Ailənin bundan başqa
İrəvan şəhərində
də mülkü vardı. Bu ailənin
ikinci oğlu olan Mustafa məşhur Mirzə Rza Qədimovun açdığı
ibtidai məktəbdə
təhsil alıb.
“Yaddaş” sənədli filmlər studiyasının
dövlət sifarişi
əsasında M.Topçubaşovla
bağlı çəkdiyi
film böyük elm xadiminin
həyat və fəaliyyətini tam mənzərəsi
ilə gözlər önündə canlandırır. Rejissor Yalçın Əfəndiyevin
çəkdiyi “Əsrin
fonunda portret” sənədli filmi şöhrətli alim haqqında çox maraqlı faktlar təqdim edir.
M.Topçubaşovun ali
təhsil aldığı
illər də çətin, qarmaqarışıq
bir dövrə təsadüf edir. 1914-cü ildə gimnaziyanı bitirən gənc Mustafa valideynlərinin
narahatlığına baxmayaraq,
Kiyevə gedir və burada universitetin tibb fakültəsinə qəbul
olunur. Tələbəlik dövründə gərgin siyasi mübarizələr kulminasiya
nöqtəsinə çatır.
O, üçüncü kursda
ikən dünyanın
mənzərəsini dəyişən
Oktyabr inqilabı baş verir. Bu qarışıqlıq ortasında təhlükəsizliyinə
əmin olmayan tələbələrin çoxu
doğma ölkələrinə
qayıdır. Təhsilini
başa vurmaqda qətiyyətli olan və israr edən
çox az
sayda tələbə
sırasında azərbaycanlı
Mustafa da vardı. Bu illərdə çətinliklərdən
qorxmayan gənc tələbə tibb universitetindən arzuladığı
diplomu alaraq doğma vətəninə
dönüb.
1919-cu ildə Azərbaycana gənc həkim kimi gələn Topçubaşov Naxçıvan
və Bakı xəstəxanalarında cərrahlıq
edib. 1920-1923-cü illərdə Azərbaycan Dövlət Universiteti tibb fakültəsinin cərrahiyyə
kafedrasında ordinator,
1923-1930-cu illərdə isə
assistent vəzifələrində
çalışıb.
Azərbaycan səhiyyəsində böyük xidmətləri
Mahir cərrah olan Topçubaşovun İkinci Dünya müharibəsi illərindəki
xidmətləri də
unudulmazdır. Böyük alim bu dövrdə SSRİ-nin
ilk evakuasiya hospitallarının
yaradılması təşəbbüsünü
irəli sürüb.
Onun bu təklifi hərbi cərrahlıq işinin təşkil olunmasında uğurla tətbiq olunub. Bu illərdə M.Topçubaşov
saysız-hesabsız ağır
cərrahiyyə əməliyyatları
aparıb və minlərlə döyüşçünü
ölümdən xilas
edib.
Müharibə başa çatdıqdan sonra görkəmli tibb xadimi Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsinə təyin
edilir. Böyük alim 1945-ci ildə
Azərbaycan EA-nın
həqiqi üzvü seçilir, 1947-1949-cu illərdə
isə Azərbaycan Respublikası Eksperimental Tibb İnstitutunda direktor vəzifəsində
çalışır.
Bütün fəaliyyəti dövründə
yorulmadan Azərbaycan səhiyyəsini öz elmi nailiyyətləri ilə irəli aparan alim 1954-cü ildə özü işlədiyi kafedrada operasion-auditoriya təşkil
edir. O, öz elmi araşdırmalarında
müasir cərrahlıq
problemləri - öd yolları xəstəliklərinin,
xərçəngin cərrahi
müalicəsi, travmatologiya
məsələləri, bərpa
cərrahlığı və
başqa xəstəliklər
üzrə daim axtarışlar aparıb,
yeni təkliflər irəli sürüb.
M.Topçubaşov dövrünün ən yüksək fəxri adlarını və mükafatlarını
qazanmış bir elm adamıdır. O, 1940-cı ildə Əməkdar
elm xadimi adını almış, 1960-cı ildə
SSRİ Tibb Elmləri
Akademiyasının akademiki
seçilmişdir. Bundan
başqa, alim
1953-cü ildə Stalin mükafatı
laureatı olmuş,
1975-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Topçubaşov geniş dünyagörüşü, hərtərəfli
biliyi və yüksək musiqi zövqü olan bir şəxs idi. Yüksək
musiqi marağı onu peşəkar musiqimizin banisi Üzeyir Hacıbəyovla
yaxınlaşdırmış və qısa zamanda onların arasında böyük bir dostluq əlaqəsi
yaranmışdı. Üzeyir bəy
istedadlı həkim dostunu “təbabətin filosofu və bəstəkarı” adlandırırdı.
İştirak etdikləri
məclislərin birində
dahi bəstəkar demişdi:
- Əgər təbabəti
musiqi kimi səsləndirmək mümkün
olsaydı, bizim Mustafa
bəy təbabət musiqisinin ən böyük bəstəkarlarından
biri olardı.
Akademik Heydər Hüseynov isə buna etiraz edib:
- Təbabətin filosofu adı Mustafa bəyə daha çox yaraşır.
Dünya şöhrətli alim M.Topçubaşov
1981-ci il noyabrın 20-də Bakı
şəhərində vəfat
etmişdir.
1995-ci ildə dövlət səviyyəsində böyük
alimin 100 illik yubileyi keçirilmişdir.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2013.- 9 yanvar.- S.14.