Teatr tarixini yaradan böyük insanlardan biri
Evin «səhnəsindən»
başlanan teatr
Böyük bir tarixi
dövrü əks etdirən Azərbaycan teatrının inkişafında
ötən əsrdə
yaşamış sənətsevər
ziyalı nəslinin mühüm xidmətləri
olmuşdur. Onlar çətin
şərtlər altında,
teatr binalarının,
peşəkar aktyorların,
uyğun səhnə əsərlərinin olmadığı
bir şəraitdə
milli teatr sənətinin formalaşması
üçün əllərindən
gələni etmiş,
bu yolda əsl fədakarlıq nümunəsi göstərmişlər.
Belə şəxslərdən biri
də milli teatr sənətinin
professional aktyorlarından sayılan
Cahangir Zeynalovdur.
Teatrşünaslar onu həm də realist aktyor məktəbinin banisi hesab edirlər.
Gənc yaşlarından Bakıda özfəaliyyət
teatrının üzvləri
ilə yaxın əlaqə yaradan C.Zeynalov həm bu tamaşalarda aktyor kimi çıxış
etmiş, həm də onlara maddi dəstək vermişdir. Böyük sənət fədaisi
o zaman indiki Şahmat klubunun yerində yerləşən
evinin böyük bir zalını məşq üçün
ayırmış, otağın
baş hissəsində
də səhnə düzəltdirmişdi. Tarixi mənbələrdə
bununla bağlı çoxlu maraqlı faktlar var. O dövrdə zəmanəsinin görkəmli
ziyalılarından olan
Həbib bəy Mahmudbəyov Cahangir Zeynalovla birgə M.F.Axundovun əsərlərindən
birini tamaşaya qoymaq istəyir. Onlar əsas heyəti müəyyənləşdirsələr də, epizodik rollarda oynamağa aktyor tapmırlar. Mahmud bəy epizodik
rollara öz şagirdlərini cəlb etmək qərarına gəlir. Bu şagirdlər
ilk məşqlərini Cahangir
Zeynalovun evində edirlər.
Bundan başqa, həmin evin məşq zalında Hacıağa Abbasov, Mirzağa Əliyev, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski kimi aktyorlar, Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli sənət
fədailəri neçə-neçə
tamaşalar hazırlamışlar.
Sənətkarın qızı, görkəmli
gülüş ustası
Nəsibə Zeynalova xatirələrində qeyd
edir ki, atası çox gənc yaşlarından teatrla bağlı olub. Onun Bakıda fəaliyyət
göstərən Lanskoy,
Şorşteyn, Aqriptseva
kimi aktyorların truppaları ilə yaxından əlaqəsi varmış, demək olar ki, şəhərə
gələn qastrolçuların
bir tamaşasını
da buraxmazmış.
O hətta evdən anasının paltarlarını
“oğurlayıb” tamaşalardakı
qadın rolları üçün aparırmış.
Məhəllə cavanları da
bu hərəkətinə
görə ona “anasının paltarını
geyinən Cahangir” deyə sataşırmışlar.
İlk dəfə qız rolunda
Təsadüfi deyil ki,
C.Zeynalov səhnəyə
ilk dəfə 1885-ci ildə
qız rolunda çıxıb. Bu uğurlu
addımdan sonra o, Həbib bəy Mahmudbəyovla Sultanməcid
Qənizadənin hazırladıqları
tamaşalarda oynayıb.
C.Zeynalovun sonrakı həyatı
teatrla daha sıx bağlı olub. XIX əsrin
sonlarında o, sənət
dostu Nəcəfqulu Vəliyevlə birgə əsərlər tamaşaya
qoyub. 1900-cü illərdə Müsəlman
dram artistləri şirkətinin
təşkilində Zeynalovun
müstəsna rolu olub. “Nicat”
(1906) və “Səfa”
(1912), “Nəşri-maarif” mədəni-maarif
cəmiyyətləri nəzdindəki
teatr truppalarında da C.Zeynalov aktyorluq
edər və tamaşalara quruluşlar verərdi.
Böyük ziyalı “Səfa”nın kitabxanasının təşkilinə
önəmli dəstək
vermiş, onun fonduna çoxlu kitab bağışlamışdı.
O zaman Bakının qabaqcıl elm ocaqlarından
sayılan “Səfa” məktəbində Səməd
Mənsur, Abbasmirzə
Şərifzadə, Cəfər
Bünyadzadə ilə
yanaşı, Cahangir Zeynalov da dərs
deyirdi. O dəfələrlə
“Səfa” teatr bölməsi idarə heyətinin rəhbərləri
sırasına seçilmişdi.
1914-cü ildə C.Zeynalov sədr vəzifəsini, Mehdi bəy Hacınski isə müavinlik vəzifəsini tutmuşlar.
C.Zeynalovun teatr tamaşaları
ilə bağlı rəylərini, sənət
haqqında fikirlərini
yazıya alması da, onun bu
sənətdə təsadüfi
adam olmadığını
sübut edir. “Teatro dəftərçəsi”
adlanan bu qeydlərini o, traktat şəklində yazıya
köçürüb saxlayıb.
Hazırda Azərbaycan Dövlət
Teatr Muzeyində saxlanılan o dəftərçənin
müəyyən vərəqləri
itsə də, sənəd teatrla bağlı maraqlı tarixi mənbə olaraq qalır.
Bakının imkanlı tacirlərindən olan Məşədi Rzanın
ailəsində böyüyən
C.Zeynalov özü də atasının sənətini davam etdirmişdir. O, şəxsi qazancı ilə teatra və teatr sənətçilərinə
böyük dəstək
vermişdir. Eyni zamanda, Mirzağa
Əliyev, Hacıağa
Abbasov, Məmmədəli
Vəlixanlı kimi aktyorların səhnəyə
gəlişində onun
böyük xidmətləri
olmuşdur.
“Vikipedia”nın yazdığına görə,
1910-cu ilin 30 noyabr tarixində “Nicat” cəmiyyəti tərəfindən
Tağıyev teatrında
təntənəli bir
yubiley tədbiri keçirilmişdir. Bu tədbir C.Zeynalovun səhnə fəaliyyətinin
25 illiyinə həsr olunmuşdur. Yubiley təntənəsində
həmçinin M.F.Axundzadənin
“Lənkəran xanının
vəziri” komediyası
oynanılmış, Mirzə
Həbib rolunu C.Zeynalov özü ifa etmişdir. Bir maraqlı faktı da qeyd etmək
yerinə düşər
ki, C.Zeynalov teatr ictimaiyyəti tərəfindən belə
möhtəşəm yubileyi
keçirilən ilk Azərbaycan
sənətçisi olub.
C.Zeynalovun nüfuzuna və
populyarlığına bir
əsaslı sübut
da Bakıda çıxan əsas mətbu orqanların onun yubiley tədbirinə
xüsusi yer ayırmasıdır. Belə
ki, həmin yubiley münasibəti ilə “Günəş”,
“Kaspi”, “Nicat”, “Səda”, “Bakı”, “Bürhani-Tərəqqi”, “Qafqazskaya
kopeyna”, “Səda”, “Tərcüman” qəzetləri,
“Yeni Fyüzat”, “Molla Nəsrəddin” məcmuələri məqalə
və təbriklər
vermişdi.
Böyük teatr fədaisindən
yadigar...
Kərbəla ziyarətindən sonra Kərbəlayı Cahangir deyə çağırılan böyük
ziyalının vəfatı
faciəli bir hadisə ilə bağlı olmuşdur. 1918-ci ilin 17 martında erməni cəlladlarının Bakıda
törətdikləri vəhşiliklər
zamanı C.Zeynalov həyat yoldaşı Hüsniyyə xanım və körpə qızı Nəsibə ilə İranın Ənzəli şəhərinə,
müvəqqəti orada
yaşayan qayınatası
Məşədi Əbdüldayan
Hüseynovun yanına
gedib. Oktyabrın əvvəllərində vəziyyət sakitləşəndə
o, ailəsi ilə birgə “Ardahan” gəmisinə minib Bakıya qayıdarkən dənizdə fırtına
qopub. Səkkiz gün dənizdə
qalan gəmidə yatalaq xəstəliyi yaranıb. Həmin xəstəliyə tutulan Kərbəlayı Cahangir Bakıya çatandan sonra yaxın dostlarından, qohumlarından xəbərsiz
dünyasını dəyişib.
Teatra qədəm qoyduğu ilk günlərdən
səhnədə qadın
aktrisaların olmaması
probleminin şəxsən
şahidi olan, bəzən o rolları özü ifa etmək məcburiyyətində
qalan böyük sənət fədaisi yeganə qızı Nəsibənin böyüyüb
Azərbaycanın ən
ünlü gülüş
ustası olacağını
bilsəydi... O vəfat
edəndə kiçik
Nəsibənin üç
yaşı vardı. Atasının arzularını
gerçəkləşdirmək üçün çox çətin yollardan keçdi, kirpiyiylə od götürdü,
illər boyu çalışıb-vuruşdu. Sonda fədakar atanın istedadlı övladı onun başlatdığı
yolun ən layiqli davamçılarından
biri kimi yetişdi. Azərbaycan
teatr səhnəsində
gülüşün simvoluna
çevrildi Nəsibə
Zeynalova...
C.Zeynalovun səhnədə oynadığı sonuncu rol “İsmailiyyə” zalında oynadığı
Hacı Qara obrazı olmuşdu. Amma onun yaratdığı
obrazlar qalereyası xeyli zəngin və rəngarəngdir.
Bu obrazlara Mirzə Fətəli Axundzadənin
“Hacı Qara”sında Hacı Qaranı, Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər”ində Hacı
Qəmbəri, Əbdürrəhim
bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsində Tavad Maqobeli, Nəriman Nərimanovun “Dilin bəlası”nda Şamdan bəy və Hacı İbrahimi, Süleyman Sani Axundovun “Tamahkar”ında Hacı Muradı, Şəmsəddin Saminin
“Dəmirçi Gavə”sində
Qubad və Fərhadı, Vano Mçedaşvilinin “Qaçaq
Kərəm”ində Çinovnik
və Xanın katibini və onlarla belə rolu misal göstərmək
olar.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 10 yanvar.- S.14.