Muğamlarımıza
rəng verən ustad tarzən
Musiqi beşiyində böyüyən
ifaçı
1901-ci
ildə Şuşadakı “Xandəmirovun teatrı”nda böyük yazıçı Ə.Haqverdiyevin rəhbərliyi ilə “Şərq
konserti” keçirildi.
Bu konsertə Qarabağın ən
yaxşı musiqiçiləri - sazəndələri, xanəndələri
və aşıqları dəvət olunmuşdu.
Yazıçının şəxsi təşəbbüsü
ilə təşkil olunan bu
konsertin məqsədi yoxsul
azərbaycanlı tələbələrə maddi
yardım göstərmək məqsədi
daşıyırdı.
Həmin
gün təqdim olunan konsert proqramı Ə.Haqverdiyevin tərtib
etdiyi “Azərbaycan toyu” musiqili tamaşası ilə başa
çatmış, ölkədə böyük səs-səda
qazanmışdı. Bu uğurlu proqram sonradan Bakı, Moskva,
Peterburq, Tiflis şəhərlərində də təqdim
olunmuşdu. Bakıda ilk “Şərq konserti”ni də 1902-ci ildə
Ə.Haqverdiyev hazırlamış, burada Şuşadakı konsert
proqramı təkrar nümayiş etdirilmişdir.
İlk təqdimatı
Şuşada keçirilən həmin konsertdəki nüfuzlu
sənətkarlar arasında Cabbar Qaryağdı oğlu,
Keçəçioğlu Məhəmməd, Qasım
Abdullayev, Mirzə Sadıq Əsəd oğlu Sadıqcan ilə
birgə mahir tarzən Məşədi Zeynal da vardı...
Hələ
gənc yaşlarından Şuşa məclislərinin bəzəyi
olan Məşədi Zeynal tarzən Əli Əsgərdən
dərs almışdı. O, uzun illər boyunca xalq məclislərində
və “Şərq konsertləri”ndə Çəkməçi
Məhəmmədi, Əbdülbaqi Zülalovu, Məşədi
Məhəmməd Fərzəliyevi, Şahnaz Abbası, Segah İslamı,
Məcid Behbudovu, Seyid Şuşinskini və başqa görkəmli
sənətkarları müşayiət etmişdir.
Belə bir
mədəni mühitdə böyük yaradıcılıq
uğurları qazanan məşhur tarzən xeyriyyə tədbirlərinin
də fəal iştirakçısına çevrilir. 1907-ci
il yanvarın 20-də “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin
yoxsul müsəlmanların xeyrinə təşkil etdiyi gecənin
də əsas simalarından biri Məşədi Zeynal idi. Bu
konsertə “Kaspi” qəzeti xüsusi yer ayırmış və
Məşədi Zeynalın mahir ifası haqqında gözəl
sözlər yazmışdı.
1851-ci ildə
Şuşa qəzasının Kərkicahan kəndində
dünyaya göz açan Məşədi Zeynal Haqverdiyev
Şuşa Real məktəbində oxuyarkən Firudin bəy
Köçərli, Yusif bəy Məlikhaqnəzərov, Azad bəy
Əmirov, Kərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov,
Əbdürrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdı
oğlu kimi görkəmli şəxslərlə tanış
olmaq şansı qazanmışdır.
Məşədi
Zeynal Azərbaycan musiqi mədəniyyəti tarixində
Sadıqcandan sonra ilk solo çalan tarzənlərdən biri
hesab olunur. Musiqi biliciləri xanəndələr arasında
“Cahargah” muğamını Seyid Şuşinski kimi məharətlə
oxuyan, klassik tarzənlər arasında isə Məşədi
Zeynal kimi ustalıqla ifa edən sənətkar
olmadığını qeyd edirlər.
Böyük peşəkarlıqla
böyük səhnələrdə...
Bu dövrdə
mübaliğəsiz demək olar ki, Qafqazın, eləcə də
Şərqin heç bir şəhəri Şuşanın
musiqi istedadları kimi ifaçılar yetirməmişdi.
Görkəmli yazıçı Ə.B.Haqverdiyev
yazırdı ki, XIX əsrin ikinci yarısı və XX əsrin
əvvəlləri Qafqazın harasına getsəydin, orada
musiqiçinin - ifaçının, oxuyanın
qarabağlı olduğunu görərdin. Bakı, Şəki,
Şamaxı, Aşqabad, Tehran, hətta İstanbul şəhərlərinin
toy məclislərinə sazəndə dəstəsini
çox vaxt məhz Şuşadan dəvət edərdilər.
Qarabağ xanəndələri öz gözəl səsləri,
mahir sənətləri ilə İran, Türk müğənnilərini
həmişə kölgədə qoymuşlar. Qarabağ xanəndələri
Şamaxı, Bakı musiqi məclislərinin üzvləri
arasında da xüsusi bir hörmət və ehtirama sahib idilər.
Belə
ustad ifaçılardan biri olan Məşədi Zeynal da o
zamanlar Şuşada və Bakıda təşkil olunan xalq
şənliklərinin, konsertlərin və teatr
tamaşalarının uğurlu keçməsi
üçün böyük həvəslə
çalışırdı. Sənətkarın yüksək
peşəkarlıq bacarığını qiymətləndirən
Üzeyir Hacıbəyov opera tamaşalarında tar
ifaçılığını məmnuniyyətlə ona həvalə
edirdi. Bu faktı həmin illərdən qalan teatr
afişaları da sübuta yetirir. Paytaxt Bakının
küçələrinə 1911-ci ildə asılan “Leyli və
Məcnun” operasının afişalarından birində
yazılmışdı: “1911-ci il noyabrın 4-də Nikitin
qardaşlarının teatr binasında Ü.Hacıbəyovun
”Leyli və Məcnun" operası göstəriləcək,
operada xüsusi skripkaçı və məşhur tarzən
Zeynal Haqverdiyev çalacaqdır".
Məşədi
Zeynal ürək dostu olan tarın əsas incəliklərini
bir neçə sənətkardan öyrənmişdi. Onun ilk
ustadı Əli Əsgər, sonra isə Sadıqcan
olmuşdu. Özü ifaçılıq sənətinin sirlərini
korifeylərdən mənimsədiyinə görə,
müşayiət etdiyi xanəndələri də bu əsasla
seçirdi. Hər kəs cürət edib onunla səhnəyə
çıxa bilməzdi. O dövrün tanınmış xanəndələri
Bülbülcan, Zabul Qasım, Seyid Şuşinski, Segah İslam
səhnədə bir qayda olaraq onu tərəf-müqabil olaraq
seçirdilər.
Xaraktercə
çox mədəni, xoşxasiyyət bir şəxs olan sənətkar
xaric oxuyanlara güzəştə getmir, onlarla bir məclisə
düşəndə qəzəbini gizlətmirdi. Belə olan
halda Məşədi Zeynal nəinki ifasını saxlayar, eyni
zamanda həmin xanəndənin məclisdən
çıxmasını tələb edərdi. Ümumiyyətlə,
bu, o dövrdə peşəkar musiqiçilər arasında
yayılmış bir ənənə idi, belə “yarıtmaz”
ifaçı məclisdən qovular, ya da xəcalətindən
uzun zaman məclislərə ayaq basmazdı. “Bir gün də
bir məclisdə ”Şur" oxuyan xanəndə
ağzını açarkən Məşədi Zeynal ondan
soruşur:
- Gəda,
nə oxuyursan?
- “Şur”.
Məşədi
Zeynal tarı yığışdırıb məclisə
müraciət edir:
- “Camaat, bu
mərsiyəxana tarzən lazım deyil. Oxuduğu isə
”Şur" yox, şordu. Özü də talış
şoru: həm duzsuz, həm də yağsız"(Savalan Fərəcov).
Bütün zamanların sənət məktəbi
Məşədi
Zeynal ifaçılıq məharəti ilə yalnız, tarzənlər
üçün deyil, müşayiət etdiyi xanəndələr
üçün də bir məktəb idi. Musiqi biliciləri
onu xanəndələri oxutdurmağı bacaran ustad tarzən
olaraq səciyyələndirirlər. Onun tərəf-müqabil
olduğu məşhur xanəndələr də bu faktı
açıq şəkildə etiraf edirdilər. Xan
Şuşinski yaxından tanıdığı tarzən
haqqında deyirdi: “Məşədi Zeynal olan məclisdə hər
xanəndə cürət edib oxumazdı. Çünki rəhmətlik
tarı elə çalırdı ki, elə bil tar xanəndə
kimi dil açıb oxuyurdu. Bizim hamımız - Qasım,
Seyid, İslam, Musa, mən ”Zabul" oxumağı onun
çalğısından öyrənmişik. Mən
tarın nə olduğunu və tarı necə
çalmağın sirrini yalnız Məşədi
Zeynalın çalğısında hiss etmişəm.
Özü də bir layiqli insan kimi onun tayı-bərabəri
yox idi. Son dərəcə alicənab, ağır adam idi. O məclisə
daxil olanda hamı ayağa qalxardı. Çünki Məşədi
Zeynal həm yaxşı sənətkar, həm də
yaxşı insan idi"(Vikipedia).
Azərbaycan
ifaçılıq sənətini böyük dəyərlərlə
zənginləşdirmiş ustad tarzən Məşədi
Zeynal 1918-ci ildə Bakıda vəfat etmişdir.
Qeyd etmək
lazımdır ki, Azərbaycan xalq musiqisinin zənginləşməsində
və təbliğində önəmli rol oynayan bu peşəkar
musiqiçilər sonrakı ifaçılar nəsli
üçün böyük bir məktəb olmuşlar.
Muğamın bu sənətkarlar tərəfindən
böyük səhnələrdə, konsert salonlarında
ustalıqla səsləndirilməsi və sevdirilməsi Azərbaycanın
mədəni həyatında böyük hadisəyə
çevrilmişdir. Əsası xalq musiqi məclislərində
qoyulan, daha sonra “Şərq konsertləri” proqramları ilə
davam etdirilən bu ənənə uzun bir yol keçərək,
muğamlarımızın müasir günümüzdə də
elitar musiqi səviyyəsində yaşamasına stimul
vermişdir. Bu gün müntəzəm olaraq keçirilən
muğam konsertləri, muğam axşamları, muğam
müsabiqələri deyilənləri bir daha isbat edir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 11 yanvar.- S.14.